Şahmar Əkbərzadə mükafatı sahiblərinə təqdim olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda  VEKTOR Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə tanınmış qələm adamları, ötənilki və yeni mükafatçılar, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin katibi  Rəşad Məcid mükafatın Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Şahmar Əkbərzadənin adına təsis olunmasının önəmini vurğulayıb. Daha sonra mükafat haqqında "Vektor" nəşrlər evinin prezidenti, şair Elçin İsgəndərzadə məlumat verərək Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatının artıq 19 ildir ki, bu sahədə il ərzində uğurlu fəaliyyət göstərmiş qələm adamlarına verilməsindən söz açıb.

Daha sonra diplomlar sahiblərinə təqdim  olunub. Bu il Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatına Ramiz Qusarçaylı, Rüstəm Behrudi, İbrahim İlyaslı, Nazim Əhmədli, Rafiq Hacıyev, Vaqif İsaqoğlu və Fərid Hüseyn layiq görülüblər.

Tədbirin sonunda ötən ilki mükafatçıların kitabları qonaqlara hədiyyə edilib.

Daha sonra çıxış edənlərdən Flora Xəlilzadə, Vüsal Nuru, Giya Paçxataşvili, Kənan Hacı, Fərqanə Mehdiyeva, Oqtay Rza və başqaları Şahmar Əkbərzadənin yaradıcılığından söz açıb, mükafatçıları təbrik ediblər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!