“Sabir poeziya günləri” çərçivəsində növbəti tədbir

 

Mayın 31-də Rəşid Behbudov adına Mahnı Teatrında “Sabir poeziya günləri” çərçivəsində poeziya axşamı təşkil edilib.

Şair və yazıçıları iştirak etdiyi gecədə Mirzə Ələkbər Sabir poeziyasının bənzərsizliyindən söhbət açılıb.

Bildirilib ki, “Sabir poeziya günləri”nə mayın 30-da Azərbaycanın görkəmli yazıçıları və şairlərin iştirakı ilə Şamaxıda, Sabirin yurdunda start verilib.

Tədbirdə çıxış edən tənqidçi alim Əsəd Cahangir şairin şeirlərini təhlil edərək onun əsərlərinin hələ sağlığında Rusiya, İran, Türkiyə və Orta Asiyada yayıldığını diqqətə çatdırıb. Tənqidçi deyib: “Müxtəlif dövrlərin ədibləri həqiqət axtarışında olublar. Misal olaraq Nizami həqiqəti elmdə, Nəsimi onu insanın simasında, Fizuli eşqdə, Cavid isə gözəllikdə görüb. Amma bütün bunlar Sabirin yaradıcılığında cəm formada öz əksini tapır”.

XX əsrin əvvəlini Azərbaycanda intibah dövrü kimi xarakterizə edən Xalq şairi Ramiz Rövşən bildirib ki, Sabir “Molla Nəsrəddin” jurnalında beş il çıxış etməsinə baxmayaraq öz imzasını gizlədərək xalqın qəlbinə yol tapa bilib. “Sabir şeirlərində əruz vəznini içəridən dəyişməyi bacarıb. Onun poeziyasının musiqisi bir möcüzədir. Sabirin bütün Azərbaycan şairlərindən fərqi ondadır ki, o, Azərbaycanda teatr estetikasını poeziyaya gətirən ilk şairdir”,- deyə R.Rövşən vurğulayıb.

Bildirilib ki, ənənəvi olaraq “Sabir poeziya günləri” Şamaxıda və Bakıda təşkil olunur. Bu tədbir 1962-ci ildən keçirilir. Tədbirin təşkilat komitəsinə vaxtilə bir çox görkəmli söz adamı rəhbərlik edib. Bu ənənə bu gün də davam edir.

Sonra konsert proqramı təqdim olunub.

“Sabir poeziya günləri” Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında reallaşıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!