“Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib

 

Mayın 30-da AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunan “Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib.

AMEA-nın əsas binasında baş tutan tədbiri giriş nitqi ilə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb. O, ölkə başçısının Sərəncamına əsasən respublikamızda, o cümlədən AMEA-da görkəmli yazıçının yaradıcılığına həsr olunan silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, bu tədbirlər Cəlil Məmmədquluzadənin dərin humanist məzmuna malik dram və nəsr əsərlərini, bədii publisistikasını özündə ehtiva edən irsini xalqa tanıtmaq baxımından olduqca əhəmiyyətlidir.

Görkəmli yazıçının zəngin ədəbi-bədii irsindən danışan akademik M.İmanov XX əsrin əvvəllərində Azərbaycan ictimai fikrinin ideya-estetik cəhətdən yeni inkişaf yoluna çıxarılmasında məşhur satirik publisistika məktəbinin banisi Cəlil Məmmədquluzadənin müstəsna rolu olduğunu söyləyib. Vurğulayıb ki, "Molla Nəsrəddin" jurnalı C.Məmmədquluzadənin XX əsrin əvvəllərində Azərbaycan ədəbi-estetik fikrində yaratdığı ən möhtəşəm abidə idi.

“Cəlil Məmmədquluzadənin xalq yaradıcılığına, xalq mədəniyyətinə və xalq gülüşünə münasibəti folklorun öz fəlsəfəsindən irəli gələn münasibətdir” – deyən institut direktoru yazılı ədəbiyyatda Molla Nəsrəddin məktəbini təmsil edən və M.F.Axundzadə ilə başlayan gülüş mədəniyyətinin xalq ədəbiyyatından götürülən fəlsəfənin davamı olduğunu deyib. Onun sözlərinə görə, C.Məmmədquluzadə yaradıcılığındakı bədii gülüş çox mənalı və məzmunludur. Böyük sənətkar nəsr və dramaturji yaradıcılığında ədəbi dili xalq dili əsasında inkişaf etdirib. O, cəsarətlə canlı danışıq dilini yazıya, hətta bədii əsərə gətirib.

Qeyd olunub ki, böyük söz ustadı Cəlil Məmmədquluzadə cəmiyyətdəki və mənəviyyatdakı nöqsanlara qarşı satiradan ən kəskin bir silah kimi istifadə edirdi. Yazıçının əsərləri özündən sonrakı ədəbi prosesə, eləcə də müasirlərimizin yaradıcılığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

Sonra çıxış edən Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Cəlil Məmmədquluzadənin öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynadığını deyib. Bildirib ki, bu, təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai həyatımızda da böyük xidmətdir.

“Molla Nəsrəddin” jurnalının fəaliyyətindən və şərəfli tarixindən də söz açan akademik T.Kərimli qeyd edib ki, dahi yazıçı bu jurnalın nəşri ilə Azərbaycanda tənqidi realizmin, satirik jurnalistikanın və karikatura sənətinin əsasını qoyub. Burada əsasən dövrün sosial-siyasi problemləri sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib.

Bildirilib ki, Mirzə Cəlil ictimai həyatdakı haqsızlıqları öz gözləri ilə görmüş, bütün acı həqiqətlərin şahidi olmuş, o dövrün fakt və hadisələrini həyat həqiqətlərinə uyğun şəkildə təsvir etmiş və bir sıra yaddaqalan canlı surətlər yaratmışdır. Ədib öz qəhrəmanlarının zahiri görkəmlərini elə təsvir etmişdir ki, oxucu həmin surəti öz təxəyyülündə asanlıqla təsəvvür edə bilir.

Tədbirdə professor Allahverdi Məmmədlinin “Jurnalistika janrlarında “Molla Nəsrəddin” gülüşü”, filologiya üzrə fəlsəfə doktorları Ağaverdi Xəlilovun “Mirzə Cəlil yaradıcılığında tipikləşdirmə və bədii gülüş”, Atif İslamzadənin “Mirzə Cəlil gülüşünün paremioloji kontekstləri”, Səadət Vahabovanın “Cəlil Məmmədquluzadə nəsrində folklor elementləri”, Elçin Qaliboğlunun “Molla Nəsrəddin” karikaturalarında folklor elementləri”, Ramiz Qasımovun “Molla Nəsrəddin”də xalq yumoru” və Mehriban Mövlamovanın “Cəlil Məmmədquluzadə nəsrində xalq gülüşünün funksional mövqeyi” mövzularında məruzələri dinlənilib.

Çıxışlarda qeyd olunub ki, Cəlil Məmmədquluzadə çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biridir. Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır. Ədibin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında Vətən sevgisi, xalqına, onun dilinə böyük məhəbbət dayanır.