AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ DƏYİRMİ MASA

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ DƏYİRMİ MASA: “DƏLİ KÜR” ƏSƏRİ VƏ ÇAĞDAŞ AZƏRBAYCAN ROMANI: MÜQAYİSƏLƏR, MÜLAHİZƏLƏR”

 

Edebiyyatqazeti.az xəbər verir ki, mayın 20-də Azərbaycan Dillər Universitetində (ADU-da) Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “İsmayıl Şıxlının “Dəli Kür” əsəri və çağdaş Azərbaycan romanı: müqayisələr, mülahizələr” mövzusunda dəyirmi masa keçirildi.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri,  akademik Muxtar İmanov tədbirin əhəmiyyətindən danışdı. O bildirdi ki, Xalq yazıçısı İsmayıl Şıxlı müasir Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirən ən parlaq ədəbi şəxsiyyətlərdən biridir. Zəngin ədəbi ənənələrimizə, folklor yaddaşımıza min bir tellə bağlı olması, nəsr poetikasının incəliklərinə yüksək tərzdə yiyələnməsi, əsərlərində özünəməxsus bədiiyyatın təcəssümünü verə bilməsi ona ədəbiyyatımızda ədəbiyaşarlıq qazandırıb.

“Dəli Kür” romanını ədəbiyyatımızın ruhuna bütövlüklə hopdurmuş ədəbi möcüzə kimi xarakterizə edən Muxtar İmanov qeyd etdi ki,  “Dəli Kür” romanının monumentallığı xalqın taleyüklü problemlərinin kommunist ideologiyasının şüurlara hakim kəsildiyi imperiya mühitində daha önəmli mövzu kimi götürülməsi ilə yanaşı, özünəqədərki ədəbiyyatda rast gəlinməyən obrazlar silsiləsinin yaradılması ilə də bağlı idi.

Filologiya elmləri doktoru, ədəbiyyatşünas, tənqidçi Elnarə Akimova “Dəli Kür” romanının Azərbaycan ədəbiyyatındakı yerindən danışaraq onu yeni nəsrə keçidi hazırlayan, romançılıq ənənəsinə yeni forma və məzmun qazandıran əsər kimi qiymətləndirdi. Elnarə Akimova “Dağlar səslənir”, “Ayrılan yollar” kimi sosrealizm ruhunda yazılan əsərlərdən sonra on il ərzində üzərində çalışdığı “Dəli Kür” kimi roman meydan qoymasını İsmayıl Şıxlının öz yaradıcılığı üçün də ciddi hadisə olduğunu vurğuladı.

Elnarə Akimova əsərdəki bəy-insan obrazına, maarifçi xəttin qabarıqlığına, patriarxal qanunların deqradasiya məsələsinə toxundu, “Dəli Kür” romanını bəyliyin çöküşünü addımbaaddım göstərən əsər olduğunu diqqətə çatdırdı, romanda qadının iç dünyasının həssas bir duyumla təsvirə çəkildiyini nümunələr əsasında təhlil etdi.

Daha sonra İsmayıl Şıxlının “Dəli Kür” əsərinin çağdaş romanlarla müqayisə-müzakirəsi başlandı. Elnarə Akimova çağdaş nəsrdə ənənəvi roman texnologiyasının yeniləri ilə əvəzlənməsi məsələsinə diqqət çəkdi,  “Dəli Kür”lə Elçinin “Baş”, Məmməd Orucun “Qara güzgü”, Şərif Ağayarın “Haramı”, Sabir Rüstəmxanlının “Şair və şər”, Nəriman Əbdürrəhmanlının “Qurban” əsərləri arasında, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərli İsmayıl Şıxlının “Dəli Kür” və Kamal Abdullanın “Yarımçıq əlyazma” əsərləri arasında olan oxşarlıqlardan bəhs etdi. Akademik Muxtar İmanov çağdaş romançılıqda Kamal Abdulla əsərlərinin rolundan, Elnarə Akimova tarixi yaddaş, mifologiya və zamansızlıq amilindən danışdılar.   

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova mövzu ilə bağlı fikirlərini bildirdi. O qeyd etdi ki, “Dəli Kür” romanı həm bəşəri, həm də milli romandır. Bəşəri dəyərlərin milli dəyərlərlə vəhdətini romanın əsas qayəsini təşkil etdiyini vurğalayan natiq əsəri yüksək bədii zövqlə yazıldığını, onun oxucular arasında böyük rəğbət qazandığını söylədi.

Müzakirə tələbələrin sualları ətrafında davam etdi. Müzakirədə nəsrdə ənənə və novatorluq, dünya ədəbiyyatı ilə milli nəsrimizi düşündürən ortaq məsələlər, yeni romanlarda mifologiyə meyil, roman içində roman texnologiyasından istifadədən  ətraflı bəhs edildi.