Adilə Nəzərin "Topla məni, İlahi" şeirlər kitabının təqdimat mərasimi keçirilib

Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə  “Kitab Evi” İctimai Birliyi Kitabevim.az mağazalar şəbəkəsinin 28 may filialında Adilə Nəzərin "Topla məni, İlahi" şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Yazıçı Səfər Alışarlı tədbiri açaraq Adilə Nəzərin bədii yaradıcılığı ilə yanaşı, elmi və ictimai fəaliyyətini qeyd edib və kitabın ön söz müəllifi olaraq Adilə Nəzərin yetkin poeziyasının canlı və cansız aləmi əks etdirən mahiyyətin təsviri olduğunu, onun hər bir şeirində ifadə orijinallığı və fəlsəfi təfəkkür dərinliyinin oxucunu heyrətləndirdiyini bildirib.

Əjdər Ol, Vaqif Nəsib, Əsəd Cahangir, Ramiz Qusarçaylı, İbrahim İlyaslı, İnqilab Orxan, Aləm Kəngərli, Qəşəm Nəcəfzadə, Kəmaləddin Qədim, Ayaz Arabaçı, Fərqanə Mehdiyeva, Mübariz Məsimoğlu, Rəfiqə Abbasova, İlqar Türkoğlu, Arzu Nehrəmli, Rəbiqə Nazimqızı, Narıngül Nadir və başqaları şairin yaradıcılığı haqqında dəyərli fikirlər səsləndirıblər.Onlar Adilə Nəzərin şair olaraq nəfəs diapazonunun genişliyindən bəhs edərək onun poetik ilhamının təbiət təsvirlərində, vətənpərvərlik mövzularında və lirik şeirlərdə məhdudiyyət tanımadığını vurğulayıblar.

Müəllifin şeirləri şairin özü və tədbir iştirakçıları tərəfindən oxunub, nəğməyə çevrilən şeirlərindən birini müğənni-bəstəkar Çilənay Hüseynova ifa edib.

İştirakçılar müəllifin öz səsindən və bədii qiraətcilər tərəfindən şeirlər dinləyib və Adilə Nəzəri yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıblar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!