Fərid Hüseyn Moldovada “Avropa Şairləri Baharı” festivalında

 

Şair Fərid Hüseyn Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində bu il XI dəfə keçirilən "Avropa Şairləri Baharı” adlı poeziya festivalında (7-9 may) iştirak edir. Festivalda yeddi ölkədən şairlər qatılıblar: Endi Fierens (Belçika), Linda Mariya Baros və Yekta (Fransa) Kristian V.Şenk (Almaniya), Luba Feldşer (İsrail), Yevgeni Stepanov (Rusiya) Maqda Karnesi, Eugen Suciu, Daniel Corbu, Stere Bucavola, Valeriu Stancu, Mircea Dan Duta, Gerorgi Terziu (Rumuniya).

Festivalın zəngin gündəliyi – tədbirlər planı var. Belə ki, Moldova Milli İncəsənət Muzeyində açılış mərasimi keçirilən festival üç gün ərzində müxtəlif tədbirlərlə öz işini davam etdirəcək. Festival çərçivəsində mədəniyyət və ədəbiyyat ocaqlarında şairlərlə görüşlər keçiriləcək, həmçinin poeziya axşamı baş tutacaq.

Festivalın rumın dilində nəşr edilən almanaxında Fərid Hüseynin "Təntənəli məyusluq”, "Şairlər”, "Sevmədiyin qadınla”, "Sənsizlik” adlı şeirləri yer alıb. Şeirləri rumın dilinə mütərcim Genedia Postalaki  tərcümə edib.

Festivalın açılış mərasimində şair F.Hüseyn Azərbaycan poeziyası barədə çıxış edib. Həmçinin gənc şair Azərbaycan – Moldova ədəbi əlaqələrindən söz açaraq qeyd edib ki, ötən il Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xüsusi nəşri olan "Dünya ədəbiyyatı” jurnalının bir sayının bütünlüklə Moldova ədəbiyyatına həsr etməsi, eləcə də həmin Mərkəzin məşhur şairlər Arkadi Suçevianunun "Qağayı ilə göndərilən məktub”,  Leo Butnauronun "Çətir götürməyi unutmayın” adlı şeir kitablarını nəşr etməsi, bununla yanaşı, Moldovada "Atama məktub” adlı Azərbaycan nasirlərinin hekayələrindən ibarət toplunun işıq üzü görməsi iki ölkənin ədəbi-mədəni həyatında baş verən dəyərli və praktik əhəmiyyətli ədəbiyyat hadisələridir.

F.Hüseyn ötən il 1-3 may tarixlərində Bakıda "Moldova Ədəbiyyat Günləri”nin, 1-5 noyabr tarixlərində isə Kişinyovda "Azərbaycan Ədəbiyyatı Günləri”nin keçirilməsini yada salaraq bu tipli tədbirlərin hər iki ölkənin ədəbi-mədəni həyatına müsbət təsirlərindən də bəhs edib. Gənc şair  çıxışında Azərbaycan-Moldova ədəbi-mədəni əlaqələrin indiki həddə və dinamikada inkişafında Bədii Tərcümə və Ədəbi Əlaqələrin Mərkəzinin, xüsusən isə şair, tərcüməçi və adı çəkilən Mərkəzin sədri Səlim Babullaoğlunun müstəsna rolunu vurğulayıb. Həmçinin F.Hüseyn "Kaspi” qəzetinin Ədəbiyyat Əlavəsinin və Artkaspi.az mədəniyyət və ədəbiyyatı saytının zamana-zaman Moldova ədəbiyyatı ilə bağlı təhlil, araşdırma məqalələri, eləcə də Moldova ədiblərinin şeir və hekayələrini dilimizə çevirərək yayımlamasını da xatırladıb. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!