“Ulduz” jurnalının xüsusi buraxılışı təqdim olundu

Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalının aprel nömrəsi çapdan çıxıb.

Edebiyyatqazeti.az xəbər verir ki, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı olaraq jurnalın bu nömrəsi xüsusi buraxılış kimi dahi şair və mütəfəkkirə həsr olunub. Jurnal digər saylarından tərtibat baxımından fərqlənir, bütünlüklə rəngli çap olunub. Burada oxuculara Prezidentin Sərəncamı, o cümlədən son illər böyük Azərbaycan şairi ilə bağlı ölkəmizdə görülən işlərin fotoreportajı da təqdim olunur.

Nəşrdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Şairin hünəri”, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatı Humanitar və sosial məsələlər şöbəsinin müdiri, professor Musa Ələkbərovun “Ədəbi-mədəni irsə, milli sərvətə böyük məhəbbətin parlaq nümunəsi”, tədqiqatçı alim, yazıçı-publisist, filologiya elmləri doktoru Abid Tahirlinin “Nəsimi Azərbaycan mühacirət mətbuatında”, professor Gülşən Əliyeva-Kəngərlinin “Poetik fəlsəfənin Nəsimi mərhələsi”, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin “Nəsimi yaradıcılığında folklorizmlər” və digər elm xadimlərinin, ziyalıların şair haqqında məqalələri dərc olunub.

Yazıçı Anar, Abid Tahirli, Paşa Əlioğlu, Qüdsiyyə Qəmbərova və başqaları jurnalın təqdimatı ilə bağlı tədbirdə çıxış edərək Nəsiminin Azərbaycan və dünya ədəbiyyatında tutduğu yerdən, dövlət başçısı İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamının vacibliyindən danışıblar.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə də şairin irsinin dərindən araşdırılması və təbliği aktual olub. Böyük mütəfəkkirin 600 illiyinin UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunduğu dövrdən etibarən Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparılıb. Qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb.

Sonda Nəsimiyə həsr olunmuş şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!