Yazıçı-publisist Zemfira Məhərrəmlinin Qarabağ mövzusunda kitablarının motivləri əsasında çəkilmiş "Döyüşə qızlar gedir" filminin təqdimatı keçirilib

 

"Azərkitab" Kitab Təbliğatı Mərkəzində yazıçı-publisist Zemfira Məhərrəmlinin Qarabağ mövzusunda kitablarının motivləri əsasında çəkilmiş "Döyüşə qızlar gedir" filminin təqdimatı keçirilib.

"Aranfilm" Yaradıcılıq Mərkəzinin istehsalı olan bu sənədli filmin ssenari müəllifi Zemfira Məhərrəmli, bədii rəhbəri, rejissor Tahir Əliyev, rejissor-operatoru Əminə Həsənli, prodüseri Qənirə Qurbanlıdır.

Filmin qəhrəmanları - Qarabağ müharibəsinin odundan-alovundan keçmiş Xanımzər Həsənova, Aliyə Piriyeva, Kəmalə Qəhrəmanovadır.

Sənədli filmdə qəhrəmanların tarixən Azərbaycan qadınına xas olan məziyyətləri - cəsurluq, ismətlilik, yenilməzlik və Vətənə sədaqət öz əksini tapıb.

“Döyüşə qızlar gedir" filmində qızların ürəklərində qalan arzularından, dodaqlarında donan sevinclərindən, düşmən gülləsinə hədəf olan xəyallarından bəhs olunur. Qadını əsgərə çevirən Qarabağ müharibəsinin acı həqiqətləri, dəhşətləri göstərilir.

Təqdimatda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin hərbi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu diqqətə çatdırıb ki, hər bir xalqın tarixində onun qan yaddaşına çevrilən dərdləri, yaraları olur. Qarabağ xalqımızın qan yaddaşıdır: “Biz imkan verməməliyik ki, gələcək nəsillərimiz bunu unutsunlar. Qarabağ dərdimizin gənclərimizə çatdırılmasında yazarların, publisistlərin, rejissorların, ümumilikdə yaradıcı insanların üzərinə böyük məsuliyyət düşür. Mən inanıram ki, qəhrəman qızlarımızın təbliğ olunmasında təqdimatını etdiyimiz bu film önəmli rol oynayacaq”.

Milli Məclisin deputatı Qənirə Paşayeva belə filmlərin çəkilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Bildirdi ki, biz qəhrəman, qazi oğullarımızı təbliğ edirik, bu, belə də olmalıdır. Ancaq unutmamalıyıq ki, Vətən darda olanda istər arxa, istərsə də ön cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşən qızlarımız da vardı.

Deputat qeyd etdi ki, hələ Qarabağ yaramız sağalmayıb, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi oğullarımızla yanaşı, qızlarımızın da qəhrəmanlıqları təbliğ olunmalıdır.

Filmin ideya və ssenari müəllifi Zemfira Məhərrəmli filmin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür edib. O, savaş meydanında odun-alovun caynağından dirigözlü keçmiş, cəbhə bölgələrində neçə-neçə Vətən övladına arxa-dayaq olmuş, əsgərlərin həyatını xilas etmiş döyüşçü qızlarımızın ən yüksək hörmətə, ehtirama layiq olduğunu vurğulayıb. Zemfira Məhərrəmli yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətlə keçdiyini, bu mövzunun onun üçün xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!