Tiflisdə “Şərq-Qərb şairlərinin dostluğu” adlı ədəbi-bədii tədbir keçirilib

 

Tiflisdə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli Azərbaycan şairi, maarifçi və pedaqoqu Mirzə Şəfi Vazehin anadan olmasının 225-ci və alman şairi, tərcüməçi Fridrix fon Bodenştedtin 200-cü ildönümünə həsr edilmiş tədbir təşkil olunub.

“Şərq-Qərb şairlərinin dostluğu” adlı tədbir M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə Alman-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Muzeyin direktoru Leyla Əliyeva çıxış edərək M.Ş.Vazehin həyat və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, uzun illər Tiflisdə yaşayıb-yaradan M.Ş.Vazeh Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, şairi və mütəfəkkiri M.F.Axundzadənin müəllimi olub. Tbilisidə M.Ş.Vazehin adına küçə olduğu qeyd edilib.

Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev M.Ş.Vazehin yubileyinə həsr edilmiş tədbirin onun şagirdi olmuş M.F.Axundzadənin adını daşıyan mərkəzdə keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, “Şərq-Qərb şairlərinin dostluğu” mövzusunda elmi-yaradıcı məclis ilk olaraq Gəncə şəhərində keçirilib. Bu gün belə bir tədbirin Tiflisdə keçirilməsi ikitərəfli mədəni əlaqələrimizin inkişafına da müsbət təsirini göstərəcək.

Ç.Abdullayev bu mövzuda silsilə tədbirlərin Tiflis və Bakı ilə yanaşı, Bodenştedtin doğma Payne şəhərində də keçiriləcəyini qeyd edib.

Gürcü politoloq Tengiz Txilava bildirib ki, Bodenştedt və M.Ş.Vazeh 200 il bundan əvvəl Avropa və Qafqaz arasında mədəni əlaqələri inkişaf etdiriblər. O, M.Ş.Vazehin yaradıcılığına Gürcüstanda böyük qiymət verildiyini və dahi şairin xatirəsinə ehtiramla yanaşıldığını vurğulayıb.

Tədbirdə “Mirzə Şəfi Vazeh alman ədəbiyyatşünaslığında” mövzusunda elmi məruzə dinlənilib.

Məclisdə Gürcüstan Teatr Cəmiyyətinin sədri Giorgi Gegeçkori, Alman-Gürcüstan Cəmiyyətinin üzvləri, elm adamları, incəsənət xadimləri iştirak ediblər. /Azərtac/