Londonda “Ağı” kitabının təqdimatı keçirilib

 

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, Azərbaycan Qadınlar Assosiasiyası (AWA) və Bakı Kitab Mərkəzinin dəstəyi ilə Londonda “Ağı” (“Cry”) kitabının təqdimatı keçirilib.

Kitaba yazıçı Günel Anarqızının “Qarabağ hekayələri” və şairə Leyla Bəyimin “Qarabağ şikəstəsi” adlı poeması daxildir.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Ağı” kitabında bəhs olunan Qarabağ mövzusunun əhəmiyyəti və aktuallığında danışaraq kitabı ərsəyə gətirən müəlliflərə və nəşr edən Bakı Kitab Mərkəzinə təşəkkürünü bildirib.

Daha sonra Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyasının yaradıcısı və rəhbəri Ülviyyə Tağızadə tədbir iştirakçılarını salamlayaraq layihənin gerçəkləşməsinin assosiasiya üçün önəmli hadisə olduğunu vurğulayıb.

Kitabın müəlliflərindən şairə Leyla Bəyim layihənin özəyində bütün dünya azərbaycanlılarının birləşməsi və ən əsası analarımızın haqq-ədalət səsinin hər yerdə duyulması ideyasının dayandığını vurğulayıb.

Bakı Kitab Mərkəzinin direktoru yazıçı Günel Anarqızı isə çıxışında kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonda BP şirkətinin London ofisinin Qlobal Biznes Xidmətlərində insan resursları üzrə direktoru Leyla Novruzova və Londondakı TEAS nəşriyyat evinin redaktoru Nil Vatson əsərdən parçalar səsləndiriblər. /Azərtac/