"Kitab oxusu ən mənalı məşğuliyyətdir" devizi altında - Sumqayıt Dövlət Texniki Kollecində "Oxu günü" keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin kitabxanasında Ümumdünya Kitab və Müəllif  Hüquqları Günü ilə əlaqədar “Kitab oxusu ən mənalı məşğuliyyətdir” devizi altında “Oxu günü” keçirilib. Tədbirdə Kollecin tələbələri iştirak ediblər.

Kitab oxusunun ən dəyərli məşğuliyyət olduğunu vurğulayan Kollecin Kitabxana müdiri, pedaqoq, yazıçı Günel Eyvazlı tələbələrə məhsuldar və faydalı kitab oxusunun vacibliyindən söz açıb. Gün ərzində mütaliəyə sərf olunmuş zamanın vaxt itkisi olmamasından, mütaliə vərdişlərinə necə yiyələnməkdən, kitabların yaş kateqoriyasına görə, şəxsin psixoloji durumuna uyğun olaraq tənzimlənməsinin vacibliyindən danışıb. Kitablar, ən əsası düzgün seçilmiş kitabların mütaliəsinin insana verdiyi faydasından, oxu zövqünün, dərrakənin formalaşdırılmasından söz açıb. Tələbələri sosial şəbəkələrdə boşuna vaxt sərf etməkdənsə, zamanı kitab oxusuna xərcləməyə səsləyib.

Sonra tədbir debat, sual-cavab formatında davam edib. Tələbələr ən çox sevdikləri kitablardan, bədii əsər qəhrəmanlarından danışaraq oxuduqları kitablardan sitatlar gətiriblər.

Qeyd edək ki, Təhsil Naziri Ceyhun Bayramovun verdiyi əmrə əsasən hər il aprel ayının 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək.

Xatırladaq ki, 1996-cı il aprelin 23-dən dünyada, 1997-ci ildən isə Azərbaycanda Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd olunur. Bu barədə qərar 1995-ci ildə Parisdə, UNESCO-nun baş konfransında qəbul edilib.