Notre-Dame de Paris: - Yanğından sonra Viktor Hüqonun eyniadlı romanı satış rekordu vurub

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, BFM TV-nin araşdırmasına görə Notr-Dam de Pari Kilsəsində baş verən yanğın hadisəsinin üçüncü günü dahi fransız klassiki Viktor Hüqonun eyniadlı romanının Amazon saytında satış həddi piki aşıb.

Mənbənin verdiyi məlumata görə romanın müxtəlif zamanlarda çapa getmiş nüsxələrinə, həmçinin tarixi abidənin qotik memarlıq üslubuna həsr olunmuş turistik bələdçi kitablarına belə tələbat artıb.

Qeyd edək ki, tənqidçilərin söylədiyinə görə dahi fransız yazıçısının eyniadlı romanı qələmə almasına səbəb o zamanlar bu sənət abidəsinə qarşı olan laqeyd münasibəti idi. Hüqo dövründə tamamən unudulmuş, diqqətdən kənarda qalmış  Notr-Dam de Pari kilsəsinə diqqəti çəkmək üçün unudulmaz romanı qələmə almışdır. Beləki, ətrafında gedən yenidənqurma və tikinti işləri səbəbindən tarixi abidənin vəziyyəti olduqca pis idi. Roman işıq üzü gördükdən sonra oxucular arasında böyük populyarlıq qazanmış, məhz bu romanın təsiri altında Fransa hakim dairələri unudulan, diqqətdən kənar qalan tarixi abidənin yenidən bərpası üçün maliyyə ayırmış, restovrasiya işlərinə start vermişdi.

Xəbəri tərcümə etdi: Günel Eyvazlı