“QARANLIĞIN FOTOSU” BAKI AVRASİYA UNİVERSİTETİNDƏ

 

Edebiyyatqazeti.az xəbər verir ki, aprelin 17-də Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə AYB-nin üzvü, gənc şair Ümid Nəccarinin "Qaranlığın fotosu" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimatda Universitetin müəllim və tələbə heyəti ilə birgə bir sıra ədəbiyyat nümayəndəsi də iştirak edib.

Öncə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin kafedra müdiri Elmira Məmmədova tədbiri açıq elan edərək qonaqları və iştirakçıları salamladı, müəllifin yaradıcılığı haqqında məlumat verdi. Elmira Məmmədova bildirdi ki, Ümid Nəccari Universitetin istedadlı, böyük nüfuza malik tələbələrindəndir. Onun yaradıcılığı müəllim və tələbələrin daim diqqət mərkəzindədir. Ümid Nəccarinin fərqli poetik yaşamı var, peşəkar tərcüməçi kimi tanınır.

Sonra söz qonaqlara verildi. "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimova, professor Rüstəm Kamal çıxış edərək Ümid Nəccari poeziyasının özəlliklərindən bəhs etdilər. Cənub ədəbiyyatı və ordakı əsas təmayüllər, dünya mədəniyyətini sarmış dekadans çalarlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Ümidin XXI əsr dünya mədəniyyətinin əsas təzahürlərini özündə daşıması kimi xüsusiyyətlər, şairin şeirlərindəki poetik baxışın rakurs mütəhərrikliyi, ritm və intonasiya yeknəsəkliyindən, şablonlardan qaçınma halları bu poeziyanın məziyyəti kimi vurğulandı.

Tədbir Universitet müəllimlərinin çıxışı və tələbələrin ifasında Ümid Nəccarinin şeirlərinin səsləndirilməsi ilə başa çatdı.