“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri müəyyənləşib

 

Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri müəyyənləşib.

Nazirlikdən bildirilib ki, müsabiqə komissiyasının 9 üzvü tərəfindən müsabiqəyə təqdim olunan 29 pyesin mövzu, bədii və teatral baxımından dəyərləndirilməsi aparılıb və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlərə hər bir üzv tərəfindən 10 ballıq sistem əsasında qiymət verilib.

“Birpərdəli pyeslər” müsabiqəsinin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə müvafiq olaraq Firuz Mustafanın “Payız meşəsində vals” pyesi I yer, Cavid Zeynallının “Ölümə gedən” pyesi II yer, Sevinc Nuruqızının “Al çobanyastığı ləçəkləri” pyesi isə III yerə layiq görülüb.

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qaliblərin mükafatlandırılması mərasimi aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil ediləcək.

Pyeslərin cari il ərzində xalq teatrları tərəfindən səhnələşdirilməsi nəzərdə tutulur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!