Nərgiz Cabbarlının müəllifi olduğu və tərcümə etdiyi 20 kitabın təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində ədəbi tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının müəllifi olduğu və tərcümə etdiyi 20 kitabın təqdimat mərasimi keçirilib.

Mərasimdə millət vəkili Nizami Cəfərov, yazıçı-şairlər Qulu Ağsəs, İlqar Fəhmi, Şəmil Sadiq, Varis Yolçuyev, Rəşad Məcid, tənqidçi Vaqif Yusifli və başqaları iştirak ediblər.

Təqdimatda çıxış edən Nizami Cəfərov N.Cabbarlının ədəbi fəaliyyəti barədə danışaraq Nərgiz Cabbarlının sözü eşidilən ədəbiyyatçı olduğunu, sanballı əsərlər müəllifi olduğunu dilə gətirib.  “Onun bir cümləsindən bilmək olur ki, bunu Nərgiz Cabbarlı yazıb. N.Cabbarlı ilk növbədə ədəbiyyat tənqidçisidir. Bununla yanaşı, tərcümələrinin dili çox yaxşıdır. Adətən ədəbiyyatşünasların bədii əsərlərinin tərcüməsində bəzi problemlər olur, amma Nərgiz xanım yazıçının üslubunu mənimsəyə bilir. Bundan əlavə, onun uşaqlar üçün hazırladığı kitablar da çox əhəmiyyətlidir”.

Vaqif Bəhmənli isə bildirib ki, N.Cabbarlının üzərində çalışdığı 20 kitabın hər biri dəyərlidir: “Bu kitablar Azərbaycan ədəbiyyatı üçün çox faydalı nümunələrdir. Nərgiz xanım başqa tənqidçilərdən fərqli olaraq yazıçıya xeyli yaxındır. Həmişə onun yazılarında müəlliflə birgə özünü də duyuram. Nərgiz xanım ədəbiyyatımızı ev kimi göstərmək istəyən biridir. Yazılarında o səliqə-sahmanı həmişə qoruyur”.

N.Cabbarlı çıxışında bu təqdimatın hesabat xarakteri daşıdığını bildirib:

“Bu gün təqdim olunan 20 kitabdan 9-u müəllifi olduğum, 11-i isə tərcümə etdiyim kitabdır. Əvvəllər yaradıcılıqla məşğul olsam da, ilk kitabım 2006-cı ildə dərc olunub. Belə bir qərara gəldim ki, kitabların hamısının birgə təqdimatını keçirim. Bu, bir az da hesabat xarakteri daşıyır. İndiyə qədər nə yazmışam, nə işlər görmüşəmsə, bununla bağlı ədəbi ictimaiyyətə hesabat vermək istədim. Tərcümə etdiyim və müəllifi olduğum kitablarla yanaşı, redaktoru olduğum və tərtib etdiyim uşaq kitabları da burada sərgilənir. Bununla insanların diqqətini bu istiqamətə də yönəltmək istəyirəm. Çünki bizdə uşaq əsərlərinə, uşaqlarla bağlı nəşrlərə böyük ehtiyac var”.

Tədbirdə digər iştirakçılar da çıxış edərək, Nərgiz Cabbarlının yaradıcılığı haqqında fikirlər səsləndiriblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!