Moris Torez adına Moskva Dövlət Dilçilik institutunda görüş keçirilib

Edebiyyatqazeti.az xəbər verir ki, aprelin 11-də Moskva Dövlət Dilçilik Universiteti nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, Mahmud Kaşqari və Şahmar Əkbərzadə mükafatları laureatı, tanınmış şair-tərcüməçi İbrahim İlyaslı və AYB üzvü, “Qılınc və Qələm” mükafatı laureatı şair, nasir Süleyman Hüseynovla görüş keçirildi.

Filologiya elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Əlaqələr institutunun professoru, AYB Moskva bölməsinin sədri Abuzər Bağırovun, Azərbaycan, Rusiya və Avrasiya yazarlar birliklərinin üzvü həkim, şair-tərcüməçi Afaq Şıxlının, Şəhriyar ƏMC-nin üzvü, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru,  şair Abbas Ağdabanlının, MDB Üzvü Olan Ölkələrin Dillər Və Mədəniyyətlər Üzrə Baza Təşkilatı administrisayasının direktoru Vladimir Konevin, RTEA-nın akademiki, professor, MDLU-nun Humanitar və Tətbiqi Elmlər İnstitutunun direktoru Çeslav Daletskinin, Yaxın Xaric və MDB üzvü olan ölkələrin dillər və mədəniyyətləri kafedrasının müdiri, Qırğız Dili və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Jenişqul Xulxaçıyevanın, Qazax Dili və Mədəniyyəti Mərkəzinin direktoru Kamşat Şaxatovanın, Rumın Dili və Mədəniyyəti Mərkəzinin direktoru Laba Dumitritsanın, Tacik Dili və Mədəniyyəti Mərkəzinin direktoru Safarqul Xalimovanın iştirakı ilə keçirilən görüşü BSU-nun professoru, Moskva Dövlət Dilçilik Universiteti Nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Zenfira Rüstəmova açaraq, Azərbaycandan gəlmiş qonaqlar haqda ətraflı məlumat verdi və  görüşün məqsədi və məramı ilə tədbir iştirakçılarını tanış etdi.

Sonra şair İbrahim İlyaslı “Azərbaycan-Rusiya ədəbi əlaqələrinə yeni baxış” adlı məruzə ilə çıxış etdi və görüş iştirakçılarının – tələbələrin və alimlərin məruzə ilə bağlı suallarını cavablandırdı, azərbaycan və rus dillərində şeirlərindən nümunələr söylədi, yeni nəşr olunmuş kitabını Mərkəzin kitabxanasına bağışladı. Daha sonra söz şair, nasir Süleyman Hüseynova verildi. O, tədbir iştirakçıları üçün rus dilində nəşr olunmuş şeir kitablarından bir neçə şeir oxudu və həmin kitablarını, eyni zamanda “Klyatva” romanını Mərkəzin kitabxanasına hədiyyə etdi. Tərcümə və ədəbi əlaqələr üzrə peşəkar mütəxəssislərin çıxışları və səmimi dialoqlar ilə müşaiyət olunan görüş milli çay süfrəsi arxasında davam etdi. Sonda İbrahim İlyaslı və Süleyman Hüseynov görüşün yüksək səviyyədə təşkilində əməyi keçən hər kəsə və görüş iştirakçılarına dərin minnətdarlıqlarını bildirdilər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!