Azərbaycan kitabı Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində

 

Son illər Azərbaycanın beynəlxalq kitab sərgilərində iştirakı ənənə halını alıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyətini, tarixini özündə əks etdirən, yüksək poliqrafik göstəricilərə malik, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti, qədim tarixi, ölkəmizdə gedən inkişaf prosesləri, faktlarla zəngin Qarabağ həqiqətləri haqqında kitab, jurnal və bukletlər Frankfurt, İstanbul, London, Moskva, Budapeşt, Praqa, Minsk, Turin və s. şəhərlərdə keçirilən beynəlxalq kitab sərgilərində mütəmadi olaraq nümayiş etdirilib.

Beynəlxalq sərgilərdə iştirak, həmçinin nəşriyyat və poliqrafiya sahəsində böyük nailiyyətlər qazanmış ölkələrlə təcrübə mübadiləsinə yeni imkanlar yaradıb. Sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər keçirilir və gələcək əməkdaşlıq imkanları müzakirə olunur. Eyni zamanda, sərgilərdə Azərbaycanın həmin ölkələrdə olan səfirlikləri vasitəsi ilə diasporlarımızın nümayəndələri və yerli ziyalılarla görüşlərin təşkili, fikir mübadilələrinin aparılması və onların lazımi ədəbiyyatlarla təmin olunması peşəkar diaspor fəaliyyətinə və ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərir.

Bu fəaliyyətin davamı olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İtaliyadakı səfirliyimizin dəstəyi ilə Azərbaycan ilk dəfə aprelin 1-4-dək Bolonya şəhərində keçirilən, 55 illik tarixə və beynəlxalq nüfuza malik Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur.

Nazirlikdən bildirilib ki, cari ildə Bolonya sərgisində 80 ölkədən uşaq ədəbiyyatı sahəsi üzrə naşirlər, kitab evləri, kitab yayıcıları, yazarlar və digər müvafiq qurumlardan ibarət 1400-ə yaxın iştirakçı qatılıb, ümumilikdə sərgiyə 28 mindən artıq ziyarətçi axını gözlənilir.

Yerli nəşriyyatlarımız – “Şərq-Qərb”, “Qələm”, “Altun kitab” və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının da iştirak etdiyi sərgi zamanı xüsusi dizaynda hazırlanmış Azərbaycan stendində 4 gün boyunca Azərbaycan mədəniyyəti, kitab sənəti, xüsusi ilə Azərbaycan uşaq ədəbiyyatının tanıdılması, nümayişi və kitab təqdimatlarının təşkili, nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması nəzərdə tutulur.

Sərgi çərçivəsində milli stenddə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin təqdimatı keçirilir və sərgi ziyarətçilərinə layihə haqqında geniş məlumat verilir. Layihə Azərbaycan ədəbiyyatı nümunələrinin müxtəlif dillərə çevirilməsi, çap olunması və xarici oxuculara təqdim olunmasını özündə ehtiva edir.

Sərgidə iştirak edən müxtəlif ölkələrin nəşriyyatlarını təmsil edən nümayəndələrinə Bakı şəhərində iki ildən bir beynəlxalq nüfuza malik Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqında məlumat verilir və onlar sərgidə iştiraka dəvət edilir.

Qeyd edirik ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 2019-cu il sentyabrın 27-29-da keçiriləcək. /Azərtac/

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!