Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetində "Azərbaycanşünaslıq" mərkəzinin yaradılması haqqında müqavilə imzalanıb

Hindistan görüşləri

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur.

Azərbaycan Respublikasının Hindistandakı səfiri Əşrəf Şıxəliyevlə görüşlərdə Azərbaycan-Hindistan əlaqələrinin aktual məsələləri müzakirə edilmişdir.

Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetinin vitse-kansleri, professor M.Caqadeş ilə görüş zamanı bu elmi-tədqiqat və ali təhsil qurumu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrə dair əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilədə Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetində Azərbaycanşünaslıq, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə Hindistanşünaslıq mərkəzlərinin yaradılması, Cəvahirləl Nehru Universitetində yeni açılmış “Türk dili və ədəbiyyatı” ixtisasında “Azərbaycan dili və ədəbiyyatı” fənninin proqrama daxil edilməsi və tədrisi, birgə elmi konfransların keçirilməsi, elmi jurnalların mübadiləsi və sair məsələlər nəzərdə tutulur. Cəvahirləl Nehru Universitetinin rektoru, professor Çintamani Mahapata və Beynəlxalq Münasibətlər İnstitutunun Baş direktoru, professor Çita Bamezai ilə keçirilmiş görüşlərdə isə ikitərəfli elmi əməkdaşlığın həyata keçirilməsi haqqında müzakirələr aparılmışdır.

Akademik İsa Həbibbəyli Cəvahirləl Nehru Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda “Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələri” mövzusunda mühazirə oxumuşdur. O, eyni zamanda “Türk dili və ədəbiyyatı” ixtisasının professor-müəllim heyəti və tələbə kollektivi qarşısında “Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri və əsas yaradıcıları” mövzusunda dərs keçmişdir. Cəvahirləl Nehru Universitetində təşkil olunmuş Novruz konfransında da akademik İsa Həbibbəylinin çıxışı maraqla qarşılanmışdır.

Cəvahirləl Nehru Universitetinin vitse-kansleri, professor M. Caqadeş Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna dəvət olunmuşdur.

Hindistan Mədəniyyət Fondunun əməkdaşı Doqra və Cəvahirləl Nehru Universitetinin “Türk dili və ədəbiyyatı” kafedrasının müdiri, professor Gous Mashkoor Khan səfərin təşkilində yaxından iştirak etmişlər.

Səfər çərçivəsində akademik İsa Həbibbəyli görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin Hindistanda ən böyük davamçısı, hind ədəbiyyatının klassiki Əmir Xosrov Dəhləvinin məzarını və məşhur Tac Mahal məbədgahı kompleksini ziyarət etmişdir.