Abid Tahirlinin yeni kitabı işıq üzü gördü

 

Edebiyyatqazeti.az xəbər verir ki, tanınmış tədqiqatçı alim,  yazıçı-publisist,  filologiya elmləri doktoru  Abid Tahirlinin 8 pərdəli iki hissədən ibarət  yeni əsəri bu günlərdə çapdan çıxmışdır ( Bakı, “Elm və təhsil” nəşriyyatı, 2019).

Müəllif bu dəfə dram janrında qələmə aldığı  “Generalın qayıdışı” pyesi ilə  oxucuların görüşünə gəlmişdir.

Əsərdə   böyük tarixi şəxsiyyət olan  İsmayıl bəy Qutqaşınlının (1809-1861) Ordudan tərxis olunduqdan sonrakı həyat və fəaliyyətindən bəhs edilir. Abid Tahirli  fransız dilində  yazılan  və  Polşada nəşr olunan ilk yeni məzmunlu, yeni formalı “Rəşid bəy və Səadət xanım” povesti ilə çağdaş bədii nəsrimizin, eləcə də doğma dildə yazdığı   “Səyahətnamə”  əsəri ilə publisistikanın səyahət oçerki janrının əsasını qoyan, yeni tipli məktəb qurucusu,  Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin ilk həqiqi üzvü,  ilk Azərbaycanlı general İsmayıl bəy Qutqaşınlının doğma  Vətənə qayıtdıqdan sonrakı maraqlı, zəngin, eyni zamanda kədərli həyatının diqqətçəkən epizodlarını dramaturji konfliktin mərkəzinə çəkməyə nail olmuşdur.