Bayramınız mübarək olsun

 

Novruz təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını, yazın gəlişini özündə təcəssüm etdirən bayramdır. Novruz türkün təbiətə bağlılığından gələn və ona duyulan sevgidən təşəkkül tapan ulu bir bayramdır. Türk millətinin öz həyat fəlsəfəsindən, təbiət düşüncəsindən doğmuş yaz bayramının hər gəlişi olduqca böyük coşqu ilə qarşılanıb. Çünki təbiətdəki dəyişiklik tarix boyu eləcə etnosun həyatında da bir dönüş və təzələnmə nöqtəsi olaraq düşünülüb. Əski türk imperatorluqlar çağında ilk bahar və son bahar bayramlarının rəsmi dövlət bayramları olduqları haqda bilgilərə Çin qaynaqlarında rast gəlirik. 
Mahmud Kaşğarinin “Divani-lüğətit-türk” adlı ilk ensiklopedik lüğətində baharın gəlişi “sellərin-sulların çağlaması, qarın əriyib dağ zirvələrinin görünməyə başlanması, dünyanın nəfəsinin isinməsi, rəngarəng çiçəklərin açılması, yer üzünə yamyaşıl ipək qumaşın sərilməsi, heyvanların balalaması” şəklində təsvir olunur. Baharın gəlişi, Yeni ilin qarşılanması mərasimi mifopoetik düşüncə hadisəsi kimi xaosdan kosmosa keçidi simvolizə edir. Çoxlu ayin və mərasimlərin keçirildiyi müqəddəs Novruz  gecəsi bir anlığa suların dayanması xaosdan kosmosa əbədi keçişin bir anının rəmzidir. Yəni köhnədən, köhnə ildən və ona bağlı olan nə varsa simvolik olaraq yaddaşlardan silinir. 

Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.

Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.

Axır çərşənbə gecəsi nəhs danışmaq, içki içmək, nalayiq işlər tutmaq olmaz. Novruz bayramı axşamı yandırılan tonqaldan xeyir-bərəkət istənilir.  

Bahar yenilikdir, ruhun təzələnməsi deməkdir. 

Bayramınız mübarək olsun.