Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunub

 

Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçirilib.

Edebiyyatqazeti.az Azərtac-a istinadən  xəbər verir ki, əvvəlcə TÜRKSOY-un fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Daha sonra Cəfər Cabbarlının yaradıcılığı barədə ümumi məlumat veriləndən sonra böyük dramaturqun həyat və fəaliyyətinə həsr olunan film göstərilib.

TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsi çərçivəsində gerçəkləşən tədbirdə elm və mədəniyyət adamları, poeziyasevərlər, türk dünyası ədəbiyyatının tanınmış simaları iştirak ediblər.

Əvvəlcə TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsinin əhəmiyyətindən və Cəfər Cabbarlı yaradıcılığının xüsusiyyətlərindən danışıb.

Sonra professor İsrafil İsrafilovun Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunan məruzəsi dinlənilib. Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlı yaradıcılığının özünəməxsus yeri və rolu olduğunu qeyd edən məruzəçi bildirib ki, gənc nəslin tərbiyəsində onun əsərləri böyük təsirə malikdir. Ümummilli lider Heydər Əliyevin Cəfər Cabbarlı yaradıcılığına hər zaman böyük ehtiram göstərdiyini diqqətə çatdıran İsrafil İsrafilov böyük dramaturqun adının əbədiləşdirilməsi və əsərlərinin geniş yayılması istiqamətində görülən işlər barədə məlumat verib.

Çıxışlardan sonra yubilyarın yaradıcılığını əhatə edən geniş bədii proqram olub. Əvvəlcə Dilbər Sadıqova və Göksən Ulukuş şairin şeirlərindən nümunələr oxuyublar. “Hazar” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin musiqi qrupunun maraqlı ifası olub.

Sonra Ankara dövlət operasının solisti Güner Erkan Cəfər Cabbarlının şeirlərinə bəstələnən “Ölkəm”, “Azad bir quşdum” və “Tellər oynadı” mahnılarını ifa edib. Solisti pianoda Yadigar Hacıyeva müşayiət edib.