“Bizdən sizə qalan sözdü” adlı almanaxın təqdimat mərasimi keçirilib

 

Ötən həftə Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda yenicə işiq üzü görən “Bizdən sizə qalan sözdü” adlı almanaxın təqdimat mərasimi keçirilib.

Edebiyyatqazeti.az xəbər verir ki, AYB-nin Sumqayıt bölməsi tərəfindən tərtib edilərək çap olunan kitabda Sumqayıtda yaşayan üzvlərin yaradıcılığından nümunələr toplanıb. Almanaxda 46 şairin şeirləri yer alıb.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi söz işığına toplaşanları salamlayaraq, bu ənənənin çağdaş ədəbiyyata verdiyi töhfədən və AYB Sumqayıt bölməsinin son illərdə gördüyü işlərdən danışıb. Zamanında Sumqayıtda yaşayan AYB üzvlərinin şeirlərini toplu şəklində çap etmək təşəbbüsünü gerçəkləşdirən mərhum şair Sabir Sarvanın ideyalarının bu gün yeni sədr Gülnarə Cəmaləddin tərəfindən layiqincə davam etdirildiyini vurğulayan AYB-nin katibi almanaxın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Çıxışına böyük mütəfəkkir, dahi şair İmadəddin Nəsiminin “Mərhəba, kamili-insan, canımın cananəsi, Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?!” misraları ilə başlayan AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin iştirakçıları salamlayaraq, 2019- cu ilin ədəbiyyat ili, söz ili olduğunu vurğulayıb.

Bölmənin yaranmasında Xalq yazıçısı Anarın, Xalq şairi Fikrət Qocanın, mərhum ədəbiyyatşünas alim Arif Əmrahoğlunun dəstəyindən danışan G.Cəmaləddin ideya müəllifi Sabir Sarvana məxsus  olan bu layihənin bundan sonra da davam etdiriləcəyini bildirib. O, hazırda bölmədə görülən işlərdən də ətraflı söz açıb.

Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, “Dünya Gənc Türk Yazarlar” birliyinin rəhbəri Əkbər Qoşalı, “Ulduz” jurnalının redaktoru Qulu Ağsəs, Azərtacın müxbiri, Əməkdar mədəniyyət işçisi Ətrabə Rzayeva, həmçinin Sumqayıtın qələm adamları çıxış edərək, almanaxda yer alan şeirlərdən parçalar söyləyiblər.

Çıxışlarda bildirilib ki, 2019-cu il noyabr ayının 22–də Sumqayıta şəhər statusu verilməsinin 70 ili tamam olur. Artıq şəhərdə yubileyə ciddi hazırlıq işləri gedir. “Bizdən sizə qalan sözdü” adlı almanax da şəhərin 70 illik yubileyinə AYB Sumqayıt bölməsinin ilk töhfəsidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!