İstanbulda Hüseyn Cavidin “İblis” əsəri səhnələşdirilir

İstanbulda görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulur. Tamaşa İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanır.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

Məlahət Abbasova müsahibəsində Hüseyn Cavid kimi dahi bir yazıçını türk tamaşaçısına tanıtmağı özünə borc bildiyini deyib: “Bu əsəri səhnələşdirmək mənim 28 illik arzum idi və mən bu istəyimə nail oldum. Hədəfimiz tamaşanın uğurlu alınması ilə yanaşı, Hüseyn Cavidi türk tamaşaçısına layiqincə çatdırmaqdır. Mənim fikrimcə, “İblis” Cavid dramaturgiyasının şah əsəridir. Əsərin 1918-ci ildə yazılmasına baxmayaraq, mövzu bu gün də öz aktuallığını qoruyur və çox təəssüf ki, müasir həyatımızda davam edən qarşıdurmaları özündə əks etdirir”.

Səhnə əsərinin hazırlanmasında İstanbul Şəhər Teatrlarının direktoru Sedat Çakır tərəfindən böyük mənəvi dəstəyin verildiyini bildirən Məlahət Abbasova tamaşanın uğurlu alınacağına inandığını deyib.

Tamaşada baş rollarda Türkiyənin tanınmış aktyorlarından olan Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyık iştirak edirlər.

Səhnə əsərinin musiqisi xüsusi olaraq bu tamaşa üçün Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə tərəfindən bəstələnib.

Bu tamaşada ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə ediləcək. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu qurğunun tamaşaya xüsusi görkəm verəcəyi gözlənilir.

Hazırda məşqləri davam edən səhnə əsərinin mart ayında tamaşaçılara təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, Məlahət Abbasova bir neçə gün əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal tərəfindən İstanbul Teatrları üzrə idarə heyətinin altı üzvündən biri seçilib. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!