"Qarabağlar və qarabağlarlılar" kitabının təqdimat mərasimi keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə Zahid Rza, Cabir Hacıbəyli və Binyamin Mənsimzadənin qələmə aldıqları "Qarabağlar və qarabağlarlılar"  kitabının təqdimat mərasimi keçirilib.

Mərasim vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsini yad etməklə başlayıb. Təqdimatda kitabın redaktoru və ön söz müəllifi Aləm Kəngərli çıxış edərək 3 il müddətində yazılıb başa çatan kitabın məziyyətlərindən, orada yer alan tarixi faktlardan, qarabağlarlıların keçmişdən bugünə qədər gəldikləri şərəfli yolundan söhbət açıb.

Qeyd olunub ki, müəlliflər çox qədim köklərə malik olan Qarabağların tarixi salnaməsi, o dövrdə baş verən olaylar və o diyardan çıxan tanınmış insanlar barədə sanballı bir kitab ərsəyə gətirməyə nail ola biliblər.

Qarabağlar kəndinin yetirmələrindən texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının və Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü Əbülfəz Babayev, biologiya elmlər doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Eldar Novruzov, sənətşünüslıq elmləri doktoru, professor Sabirə Dünyamalıyeva və b. çıxış edərək kitabın bugünkü və gələcək əhəmiyyətindən, müəlliflərin önəmli bir işi yerinə yetirdiklərindən söz açıblar.

Sonda müəlliflər çıxış edərək tədbiri təşkil edənlərə və xoş sözlərə görə iştirakçılara öz dərin minnətdarlıqlarını bildirdilər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!