“Ədəbiyyat qəzeti” Bədii Tərcümə Mərkəzi ilə “Əməkdaşlıq Memorandumu” imzaladı

 

Dekabrın 18-də “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzini ziyarət edib, Mərkəzin sədri Səlim Babullaoğlu ilə “Çağdaş ədəbi mühit və tərcümə məsələləri” mövzusunda müzakirələr aparıb, fikir mübadiləsi ediblər.

Daha sonra Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi  ilə “Ədəbiyyat qəzeti” arasında  əməkdaşlıq barədə Memorandum imzalanııb. Memorandumun mətnində deyilir: “ Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə “Ədəbiyyat qəzeti” arasında imzalanan bu Memorandum klassik və müasir dünya ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsi və nəşri işində imkanların birləşdirilməsi, birgə xüsusi buraxılışlar və ya kitablar, antоlogiyaların hazırlanması, festival, konfrans, görüş, yaradıcılıq emalatxanaları,ustad dərsləri və ədəbiyyat gecələrinin təşkili, bu kimi nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün resursların axtarılması işinin koordinasiyasını,  uzlaşdırılmasını, peşəkar  əməkdaşlığı,  bu əməkdaşılığın mütəmadi xarakter almasını nəzərdə tutur...”

Mərkəzin sədri Səlim Babulaoğlu “Edebiyyatqazeti.az” saytına eksklüziv açıqlamasında bildirib: “ Bu gün “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın Mərkəzə gəlməsi və “Çağdaş ədəbi mühit və tərcümə məsələləri” mövzusunda müzakirələrdə iştirakı, bizim bu istiqamətdə konkret işgüzar fikir mübadiləmiz baş tutdu. İnanıram ki, bugünkü görüşün ədəbi mühimiz üçün pozitiv nəticələri olacaq. Belə bir sənədin yenilənmiş, daha oxunaqlı və maraqlı-məzmunlu mündəricə ilə çap olunan “Ədəbiyyat qəzeti” ilə  imzalanması isə Azərbaycan Yazıçılar Birliyinin  müvafiq strukturları kimi onsuz da əməkdaşlıq edən iki qurumun bütövlükdə fəaliyyətinə daha böyük sistemlilik və konsepturallıq gətirəcək...”

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan da öz açıqlamasında imzanalan Memorandumun vacibliyini qeyd edərək birgə əməkdaşlığın həm qəzetin, həm də Mərkəzin işində ciddi nəticələri olacağı qənaətindədir: “Biz Mərkəzlə indiyəqədər də əməkdaşlıq etmişik. Amma bu gündən etibarən əməkdaşlığımız daha sistemli səciyyə daşıyacaq. Bizim ortaq və ədəbiyyatımız üçün faydalı layihələrimiz olacaq ki, bu istiqamətdə biz güclərimizi birləşdirəcəyik...”

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!