"Qapısı gecə döyülən qadın" kitabı işıq üzü gördü

             

Edebiyyatqazeti.az xəbər verir ki, Meyxoş Abdullahın "Qapısı gecə döyülən qadın" hekayələr toplusu işıq üzü görüb. Kitabda yazıçının son illərdə qələmə aldığı  hekayələri və “Dəlixanadan gələn sevgi məktubları” adlı romanı yer almışdır.

Meyxoş Abdullah yazdığı hər hansı kiçik hekayəsində  belə dərin insan psixologiyasını xarakterizə edən, cəmiyyətin müəyyən təbəqələrində baş verən hadisələrə öz yazıçı təfəkkürü ilə yanaşan və həmin hadisələri yazıçı həssaslığı ilə qələmə almağı bacaran bir nasirdir. Onun əsərlərinin mövzusu hər addımbaşı rastlaşdığımız, bəlkə də yanından laqeydliklə ötüb keçdiyimiz həyat hadisələrindən ibarətdir. O hadisələr ki yazıçı onu öz qələmiylə cilalayaraq, rəngləyərək və qəlbinin süzgəcindən keçirərək oxucusuna bədii formada təqdim edir. Öz dəst-xətti olan və müasir Azərbaycan ədəbiyyatının nəsr janrında bir çox uğurlara imza atan yazıçının əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmışdır.

 Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü  Meyxoş Abdullahın “Doktor Qəzənfər”, “Didərgin ruhlar”, “Alagöz”, “Şeytan gülüşü”, “Anakonda ovu”, “Əsir qadın”   kitablarından sonra oxuculara təqdim olunan “Qapısı gecə döyülən qadın”  kitabı müəllifin sayca yeddinci kitabıdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!