Nağıl-roman - Tehran Əlişanoğlu

Uğurlu bir yaradıcılıq cəhdi barəsində uğursuz düşüncələr

Novruz Nəcəfoğlu. Nağıl adam. Bioqrafik roman. Bakı. "ATV", 2016

Novruz Nəcəfoğlunun ədəbiyyatda stajı çox olmasa da, imza yaratmağı bacarmış yazardır. Son əsəri - "Nağıl-adam"ı da uğurlu bir roman cəhdi kimi qiymətləndirmək olar. Əvvəla, hekayədə ustalaşmış yazıçının bu ilk romanıdır; "ilk"in özü cürət istəyir. Üstəlik, "bioqrafik roman"ın nəsrimizdə elə bir təcrübəsi yoxdur...

Bizdə bədii bioqrafik janrın təcrübə azlığını vurğularkən, heç də məşhurlar haqqında romanları unutmuram. Yadımızdasa, bu - adətən klassiklər haqqında, həm də əksərən tarixi roman ülgüsündə yazılanlardır. Nizami Gəncəvi və Atabəylərdən M.Ə.Sabirə, C.Məmmədquluzadəyə və N.Nərimanovacan, diqqət yetirsək, həmin romanların predmet sərhədi sovet dövrünəcəndir. Lap elə yaxınlarda Sabir Rüstəmxanlının böyük bir əzmlə Cavad xan ("Ölüm zirvəsi"), Əhməd bəy Ağaoğlu ("Difai fədailəri") və Məhəmməd Hadi ("Şair və şər") haqqında romanlarını xatırlamaq olar. Bizdə tarixin "bioqrafiyası" (və ya: bioqrafik janrın "tarix" missiyası) sovet dönəminəcəndir; sonrası tarixləşməmiş səhifələr, başqa sözlə: "yaxın tarix" gəlir. Bu isə təbii ki, xatirə-memuar janrının predmet sahəsidir; yaşadıqlarımızı xatırlayır, xatırladıqlarımızı vərəqə köçürürük. Həssas olsanız, heç sovet repressiya maşınının qurbanları da bizdə bədii-bioqrafik dərkini tapmayıb;  yalnız memuarlarda qələmə gəlir. Bu ki, hələ də nəyisə deyib, nəyisə xatırlamağı qorxuruq...

Novruz Nəcəfoğlunun uğurlu bioqrafik cəhdindən söz açarkən, Vaqif Yusifli də son zamanların məhz xatirə-memuar tipli əsərlərinin adını çəkməli olur: S.Əhmədlinin "Yazılmayan yazı", V.Babanlının "Gizlinlər", S.Səxavətin "Qaçaqaç"ı... ("525-ci qəzet", 9 may 2016) Sıraya mən də nəsə artıra bilərəm: A.Qaradərəlinin "Əllidən bir kəm", Əlabbasın "Dağların duman çağı", Əli Əmirlinin "Ağdamda nəyim qaldı" və s. son illərin yaxşı mənada dəb halını almış "həyatımdan səhifələr"idir... Yazar uzağa qaçmayıb, ötən zamanları öz yaradıcılıq bioqrafiyası zəminində çözələməyə, həzm eləməyə başlayır; necə deyərlər, avtobioqrafik janra meyl edir... N.Nəcəfoğlu da roman təcrübəsini sanki bu yerdən başlamağı qərarlaşdırmış; amma mətndəki bütün avtobioqrafik ağırlıqlara baxmayaraq, hər halda bioqrafik janra üstünlük vermişdir. Görünməmiş bir iş, zəmanəmizin faktik-sənədli ədəbiyyat və ədəbiyyat-ətrafı mühiti, ədəbiyyat sərgüzəştlərini bir yazıçı özünün deyil, yazıçı-dostunun - bir başqa yazıçının boyuna biçərək romanlaşdırmağa cəhd etmişdir. Bu, romanı bu halda vərdiş olunmuş paradiqmadan çıxarır; yeni "təcrübələr" üçün meydan açır. Bəlkə də "nağıl roman"ın başlıca maraq spektrini elə bu xətt uğurlayır...

***

Nağıl adam - Aydın Tağıyevdir; bu o kəsdir ki, romanın əvvəlində səlahiyyət sahibi dostunun (təhkiyəçi-qəhrəmanın) yanına gəlib, şəhərətrafı, yol kənarı uçmaqda olan qədim qəbiristan hasarlarını sahmana salmağı üz vurur; həm o da bəlli olur ki, bir yox, dəfələrlə... Bu - roman mətninin əsasında duran patriotik xəttə, necə deyərlər, giriş cəhdidir. Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Romanın əvvəlində ani daxil edilən bu başlanğıc daha da sonrakı hissələrdə davam etdiriləcək; oxucunun "qayım-qədim Şabran" (Dəvəçi) torpağına eksklüziv səyahəti zamanı. Dostu əslən və nəslən bu torpaqdan olan Aydın Tağıyevlə birgə bu ulu yurdu - dağlarını, uca qayalarını, qalalarını, ziyarətgahlarını, bumbuz bulaqlarını, məhsuldar biçənəklərini, əkin yerlərini, Çıraqqalanı, Dubrar dağını, Xaraba Zaratı, Çuxurazəmini, Gilgilçayı, Qızıl çayı, Dəhnəni, Araka gərmonu (İsti suyu) çox gəzib-dolaşmışdır. Elə səlahiyyət sahibi kimi ayrıca, ayrılıqda da, insanları ilə görüşmüş, ünsiyyət kəsmiş, dərd bölüşmüş və dərdlərə çarə aramış, bir sözlə: el yanında, əski yurdun çağdaş sakinləri ilə qabaq-qənşər, ürək-ürəyə olmağa çalışmışdır. Romanın finalına doğru təhkiyəçi-qəhrəmanla qəhrəmanının belə bir axar-baxarlı dağlara ekskursiyasının dadını-duzunu, tamını-ləzzətini təfərrüatlı, əyani olaraq biz oxucular da duyur-yaşayır, feyziyab oluruq. Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Qələm onun əlindədir, səlahiyyət sahibidir və Vətən sevgisini bizimlə, oxucularla bölüşmək üçün açdığı fürsətdən niyə də yararlanmasın! Hətta mətndə patriotik-romantik xəttin referensiyasına daha da önəm verərək, təhkiyəçi-qəhrəman sentimental səyahətin coğrafiyasını bəzən daha da genişləndirir, ani pasajlarla doğulub-yüksəldiyi Lerik meşələri, Talış dağlarına, Kömürgöyə, Zövnəyə, Çayruda, Oranda... xəyal qanadlarında Savalana, Ərdəbilə, Nəninə, İpək yolu boyu bütün Azərbaycana baş vurur, analogiyalar yaradır. Və üstəlik, deyilməlidir ki, bütün bunlar faktdır, sənədlidir, bioqrafikdir. Aydın Tağıyevin həmin dağlar arxasında iki dost barəsində ayrıca "Ömrümüzə yazılan gün" adlı əsəri də var. Bunu da bizə roman xəbər verir...   

***

Aydın Tağıyev yazıçıdır. Etnoqrafik və xarakter hekayələri ilə müasir Azərbaycan ədəbiyyatında ufacıq da olsa yerini qazanıb. Həm də necə: daim əyalətdə olub, əyalətdə yaşayıb ölkə miqyasında (oxu: paytaxt səviyyəsində!) durmadan qələm işlətməsi ilə. Bir zamanlar Lənkəranda Məmmədhüseyn Əliyev kimi, yaxud Şəkər Aslan kimi, ya Buynuzu qutsallaşdırmış Musa Yaqub kimi, Neftçalanı ədəbiyyat-əbədiyyət duracağına çevirmiş İmamverdi Əbilov kimi, Şəkini Bakıya dəyişməyən Vaqif Aslan kimi və bu sıradan bir çox dəyərli imza sahibləri kimi. Bu ki, Aydın Tağıyev həm də romançının dostudur; haqqında geniş mətbu resenziyası var: "Aydın özü və sözü"; və elə romanın bismillahındaca sırf elmi-publisist dəyərləndirmə üslubunda resenzədən başlamağı uyğun bilir. Məntiqi də aşkar, sağlam. Gör ki, onun dostu kimdir, ədəbiyyatda hansı hünərləri var və gör ki, roman kimin haqqındadır. Dünənə qədər bəlkə bir dar ədəbiyyat dairəsinin bilib, amma hətta haqqında iki-üç kəlmə danışmağa belə ərindiyi yazıçı dostu barəsində indi bu nağıl-roman bir dastan açsın ki, geniş auditoriyalar da öz payını götürsün... Sözsüz ki, mətndə (birinci xətlə bəhsləşmədə) başlıcalığa iddia edən məhz həmin bu ikinci - nağıl-adam xəttidir; birincidən tamam fərqli üslubi müəyyənləşmə istəyir və romançı da bunun fərqindədir...

Yazıçı Aydın Tağıyevin bioqrafik obrazını yaratmaq üçün romançı mətndə bir neçə variasiya arasında reverans edir. Əvvəla, dünyada nə qədər fərd varsa, o qədər də tərcümeyi-halı mövcuddur, təbii. "Bioqrafiyan yoxdur, bala? Danış da..." Romanda bir xətt Aydın Tağıyevi bütöv bioqrafiyasından, ömür yolunun süjetindən, təfərrüat və faktlarından danışdırmaq səmtini tutur. Və xeyli uğurla bu əsnada uşaqlıq illəri, tələbəlik addımlarından yan ötüb, diqqəti cəmləyir yetkin düşüncəli "kənd müəllimi" modeli üzərində. Bu, əlverişlidir, səmərəlidir və qəhrəmanının, təhkiyəçi-qəhrəmanın özünün yaşadığı epoxa üçün, elə hamılıqda bizim üçün, o dövrdən keçib gələnlər üçün xeyli ümumiləşmiş həqiqətləri ortaya qoymağa imkanlar açır. Ali məktəbdən sonra üç illik təyinat, ucqar rayonlar, idillik kənd həyatı və macal - öz-özünlə uzun-uzun görüş saatları... E-heyy, Aydın Tağıyev, e-heyy Novruz Nəcəfoğlu, e-heyy cavandaşlarım, hansımızın həyatında sonrakı bütün taleyimizə kosmodrom olmuş o acılı-şirinli enerji çağları-çağlamaları yaddır ki?! Bunu bəs bu günün oxucusuna nə deyib, necə anladasan? Romançı, məsələn, götürüb bunu müqayisə edir Sinqapur qanunvericiliyi ilə; "hətta xarici ölkələrdən gəlib bu ölkənin ali məktəblərində təhsil alanlar da iki il Sinqapurda, lap fəhləlik olsa belə, məcburi işləməlidirlər". Və üstəlik qayıdıb patriotik xəttə, bu gün də könüllülük əsasında mövcud "kənd təyinatı" məsələsini bir az da məzənnəyə mindirir; hərçənd bu sadəcə bir nostaljidir...

Amma axı bu yerdə qəhrəmanımız, deyən, patriotik-romantik xəttə çox da uyarmayır, hardasa "vətən daşı" olmağa hünəri çatmır?.. Bu barədə roman özü bizə xəbər verir. Bəs APİ Axundovu rus dili müəllimi ixtisası üzrə bitirən Aydın Tağıyev ucqar Lerikə təyinat alır (söhbət 1970-ci illərdən gedir), amma üç il əvəzinə cəmi üç ay dözəsi olur. Fərarilikmi? Yox, mətndən belə görünür ki, qəhrəmanımızın üç aylıq füsunkar Lerik sevgisi əbədilikdir; məsələn, sonradan 1990-cı illərdə Dəvəçi rayon qəzeti təsis edilərkən, elə ki bəlli olur sovetdənqalma lazımi mətbəə dəstgahı məhz Lerikdə var, bir qanad əvəzinə beşini də borc alıb uça-uça özünü sevgili diyara yetirir. Hələ Aydın Tağıyevin Lerikdə tapdığı adaşı aptekçi-şair Aydın Tağıyevlə uzun-uzadı məktublaşmaları özgə bir aləmdir (dövrün bioqrafik sənədləri kimi romançı ələ keçirdiyi üç sözlü-şeirli, duzlu-məzəli məktubu mətnə daxil etməyi vacib bilir); lap Kramer Kramerə qarşı sayaq - o zamanın özlüyündə-düzlüyündə ömür verib ömür alan ədəbiyyat çəkişmələri barəsində nələr söyləmir!

Bu ki, qəhrəmanımızı ucqar Lerikdən yaxın Dəvəçiyə (Şabrana) ölkənin cənub qütbündən şimal nöqtəsinə qovub-qaçmağa vadar edən tamam ayrı səbəbdir. Ana xiffəti-narahatlığı, ata qayğısı-himayəsi. Özünüz düşünün: ortada hələ nə müharibə var, nə Qarabağ hadisələri, heç əfqan savaşının xofu da hələ görünmür. Masazır haradır ki, budey bura. Azərbaycan analarının ürəyi lap yuxa kimidir. Bəs mənim balam orda neylər?! Ata ürəyi dözmür; hər şey istəyə bağlı, tanış da tapılır, "qohumları, o vaxtlar Ali Məhkəmənin sədri işləyən Abdulla İbrahimovun qardaşı, respublika Daxili İşlər Nazirliyində idarə rəisi olan milis polkovniki Davud İbrahimov"un vasitəçiliyi ilə Astara rayon milis idarəsinin rəisi Abdulhüseyn Abdullayev təpər göstərir, üstəlik qəhrəmanımız da təzyiq xəstəliyini ustalıqla simulyasiya edir. Və budur, əlvida Lerik sevgisi!, cənub qışının soyuğu şimal küləyinin istiləri ilə əvəzlənir...  

Burda axı deyəsən "vətən daşı"nın tərəzisi yenə də əyildi? Bəs dost-tanış-tapş filan; Vətən necə olsun?! Amma roman sözünə nə qınaq. Novruz Nəcəfoğlu illüziyalı yazmır, sadəcə komplekssiz yazır; qələmində sərbəstdir, hiyləsizdir və zamanların dialoqunu faktın sükutundan, bunu fiksə edən bədii sözün təsdiqindən çıxarır. Diqqət edin: Astarada Abdulhüseyn əminin evində Aydın Tağıyev balaca dəcəl bir oğlanla da tanış olur - Rövşən Abdullayev. "Ancaq mən sonralar biləcəkdim ki, həmin gözüaçıq, diribaş oğlan böyüyüb Ali Hərbi məktəbdə oxuyacaq, zabit olacaq, doğma Azərbaycan torpaqlarının bütövlüyü uğrunda erməni qəsbkarları ilə müharibədə qəhrəmanlıqla döyüşüb şəhid olaraq ən yüksək təltifə - Azərbaycan Milli Qəhrəmanı adına layiq görüləcək, Lənkəran şəhərində büstü ucaldılacaqmış..." Patriotizm yerini aldımı? Bu cür faktlar nağıl-romanda çoxdur; məsələn, o zamanın aciz-salim komsomol övladları bu gün yüksək vəzifə sahibi, məmurlar, "vətən daş"ları, icra başçılarıdır və s. Və vicdanla, geniş ürəklə Vətənə xidmətlərini davam etdirirlər. Olmasınmı? Olur və qəhrəmanına birbaşa dəxli olmasa da, dolayısı təhkiyəçi-qəhrəmanın öz ömürlüyündən gələn həmin impulslar mətndə bioqrafizmi gücləndirir, roman atmosferini dolğunlaşdırır.

Nağıl dili yüyrək olar - deyirlər. Aydın Tağıyevin kənd epopeyası bu dəfə Dəvəçi ucqarları marşrutu ilə - Pirəbədil, Əmirxanlı, Surra - kənd-kənd paytaxt Şabrana yaxınlaşır. Qəhrəmanımız əməlli-başlı kənd müəllimi imici qazanır; şimal küləklərini əbəs xatırlatmadıq, "beləcə qəhrəmanımız mehrini kəndə salıb cidd-cəhdlə uşaqlara "beynəlmiləl dil" öyrədir..." Amma hər zaman yazı-pozusu da qələminin ucunda: "Surra kənd məktəbində də dəyərli yazıçımız Sadıq Elcanlının qonum-qonşusunun, qohum-əqrəbasının uşaqlarına rus dilini "əməllicə" öyrədəndən sonra müəllimliyin, necə deyərlər, daşını atıb, dönür öz sevimli yazı-pozu işinə. Mətbuat və televiziyada jurnalistik fəaliyyəti ilə məşğul olmağa başlayır. Əgər o minvalla getsəydi, müəllimlik sənətindən əl çəkməsəydi, yəqin, hələ Şabranın irili-xırdalı bütün kəndlərini gəzib "fəth edəcəkdi" və "Şəms-Pərəndə" kimi Aydına da bir künyə qoşacaqdılar. O da ola surralılar...".

Mətnə həssas olsaq, romançı Aydın Tağıyevin tam sənədli bioqrafiyasına bir az da lətifə-nağıl təhkiyəsi qatmaq istəyir; axı söhbət nağıl-adamdan gedir. Çox vaxt əlavə cidd-cəhdə heç hacət də olmur; çünki həyatın oyunları elə reallıqda da Aydın Tağıyevin başından əskik olmur. Məsələn, Əmirxanlı məktəbinin bitişik otaqlarında məskən salmış kənd müəllimi günlərin bir günü gözünü açıb qızıl ilanla bir yerdə yaşadığının həyəcanını yaşamalı olur; başqa bir məqamda "Əmirxanlıdan Şabranacan 7-8 kilometrlik yolu həftənin 6 günü, hər səhər-axşam çox əziyyətlə qət edib", Dəvəçidə yerləşən evi ilə iş arasında yol ölçməli olur və s.  

***

Daha sonra Aydın Tağıyevin sərbəst yazıçı həyatı başlayır və romançı da bunu artıq başqa modeldə, şərtən desək, "baməzə adam" tipajında görür və təqdim edir. Həyatın bütün gözlənilməzliklərinə rəğmən öz ritmində yaşayan, saf-təmiz ruhu, sabit xarakteri, hiyləsiz (yaxud da hiylə adına hiyləsiz) mərd davranışları ilə hər cür situasiyalara qalib gələn bu tip simalar ədəbi mühitdə həmişə olmuş və məhz  təbii "ədəbiyyat adamı" statusu ilə həmişə də şərəflənmişlər. Badəsi, badə dostları və romanda deyildiyi kimi "barxanası" (süfrəsi) daimi olan həmin kateqoriya ədəbi aləmdə həm də "hal əhli" adı ilə tanınır. Əjdər Olun "Lətifələr" kitabında bu məşhur və qeyri-məşhur insanların bir xeylisinin canlı obrazı yazıya alınmışdır. Bunlar içərisində xaraktercə gur olanı da var (Əlisəmid kimi), kədərlisi də (Namiq Abdullayev kimi), intellektual-əzabkeş olanı da (Mehdi Bəyazid kimi), əhlikefi də (Tofiq Mahmudov kimi)... Hətta vaxtilə ədəbi kluar həqiqətlərini açıb-tökən Hüseyn Arif, Qabil, Məmməd Cəfər, Məmməd Əkbər və b. ədiblər haqqında da belə mənalı əhvalatlar yaranmış və maraqlıdır ki, bəzən folklorlaşaraq eyni bir lətifənin variasiyaları meydana çıxmışdır. Bunun izləri "Nağıl adam"da da var. 

Roman-nağılda təhkiyəçi-qəhrəman qəhrəmanını "ciddi adam" statusunda təqdim edir; qəhrəmanımız hər hansı addımlarında məxsusi məzə yaratmır, hər yerdə məzə özü gəlib onu tapır... Belə ki, ciddi "baməzə adam"ın paytaxt Bakıya qonorar yürüşləri də, hər il "Şıx" sanatoriyasına gec gedib tez bitən yaradıcılıq ezamiyyətləri də və bu növ növbənöv sərgüzəştləri də bir qayda olaraq lətifələrlə nəticələnir və fürsəti fotə verməyib romançı bütün bunları əsərin "Ədavət olub ee, ədavət", "Yol əhvalatları", "Aydını kim qoruyur", "Huyy" sədasının məlhəmi" və s. fəsillərində paylaşır. Məzə öz yerində, romançı üçün "hal əhli" olan baməzə adamın huşyar işləri daha önəmlidir. O əmindir ki, qəhrəmanı "yaxşı ədəbi nümunələr olan, rus dilinə də tərcümə edilmiş "Yuxuda qətl" povestini, "Yay gününün uzun gecəsi", "Çiçəkli gölün sarı gülü", "Danüzü ölən adam", "Bir bazar günü" və neçə-neçə digər maraqlı hekayəsini" elə sanatoriya sərgüzəştləri arası qələmə almışdır. N.Nəcəfoğlu həmçinin bu sırada Aydın Tağıyevin Şabranda nüfuzlu ədəbi sima kimi çəkisini, ağır oturub batman gəlməsini, Şabran ədəbi məclisinə təpər verməsini sayğıyla vurğulayır. Ciddi adamın ailə başçısı missiyasını unutmayıb, gənc savadlı nəsli təmsil edən övladları barəsində xoş sözləri də bioqrafik cizgi qismində daxil edir. Azərbaycan kişisi üçün bu vacibdir...

Ədəbi mühitin sözü gedəndə təhkiyəçi-qəhrəmanın sanki sarı simə toxunması və  qəhrəmanını bəhanə edib Şabranda ədəbiyyat, ədəbiyyata sevgi və qayğı barəsində ürək dolusu söz açması, bu torpağın yetirdiyi ədiblərin hər biri barəsində yerli-yataqlı fikir söyləməsi onun öz obrazına da ayna salır. Bir görün, Nağıl adam haqqında danışırkən nə qədər adlar irəli gəlir, necə ədəbiyyat məsələləri aktuallaşır... Əsərdə bu adlar-imzalar bolluğu birə iki, birə üç qat çoxdur: Mansur Vəkilov, Səyavuş Məmmədzadə, Qabil, İsa İsmayılzadə, İntiqam Qasımzadə, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Natiq Səfərov, Kəramət, Sahib Əliyev, Həmzə Vəliməmmədov, Elçin Hüseynbəyli, Əjdər Ol, Ağalar Mirzə, Sadıq Elcanlı, Tofiq Nurəli, Aybəniz Əliyar, Məzahir Zeynal, Bayram Novuz və b. Odur ki, əsəri ədəbi mühit haqqında roman hesab edənlər də yanılmırlar.

***

Başqa fikirlər də var. Kitaba önsöz yazmış görkəmli tənqidçi, nəzəriyyəçi, "525-ci qəzet"in ədəbiyyat üzrə baş mütəxəssisi (senzoru da demək olar!) Seyfəddin Hüseynli əsəri "çağdaş bir dostluq dastanı" adlandırır. Haqlıdır, mətndə bu xətt də əlahiddəliyə iddialıdır. Həm də təkcə "dost bioqrafiyası haqqında roman" qismində yox, əsərin elə yerləri var ki, vaxt var ikən təhkiyəçi-qəhrəman öz bioqrafiyasından da dostluq necə olar kimi parlaq lövhələri illüstrə edir. "Sevdiyim insanlara - dost dediklərimə və məni özünə dost bilənlərə..." - axı romanın ithaf vurğusu da belədir. Babaların dostluğu, ataların dostluğu, övladların dostluğu, nəvələrə nümunə kimi yeri düşdükcə mətnə ötürülən mental intensiyalar isə ümumən Novruz Nəcəfoğlu yaradıcılığına xas ümdəliklərdəndir. 

*** 

Belə. Gəlin, indi romandan vərəqlədiklərimizi hesaba salaq. Seyfəddin Hüseynli "Nağıl adam"ın janr təsnifatına həsr etdiyi ön sözündə belə də edir: "N.Nəcəfoğlunun "Nağıl adam"ını (müəllif özü portret kimi işarələsə də) "portretlər romanı" da adlandırmaq olar, "sənədli roman" da, "roman-xatirat" da..."    Hər birisinin bəh-bəhinə birgə valeh olandan və hələ nələrsə də artırandan sonra (hazırkı yazını nəzərdə tuturam), kitabın redaktoru hər halda "bioqrafik roman" versiyası üzərində dayanmağı lazım bilir. Amma nəşrin ATV-yaddaş seriyasından işıq üzü görməsi, görünür, heç "roman-xatirat" versiyasının da bəd olmadığına işarədir. Elə də olar, belə də, üçüncüsü də... İstəsən olar, niyə olmur. Üstəlik, tez-tez "müasir roman belə olur" deyib-dururuqsa... Amma olmur; ona görə ki, janr məsələsi köhnə məsələdir; düzgün fəhm olunması az qala əsərin taleyini (mükəmməlliyini) təyin edir. Macəra roman ("baməzə adam") bir xronotop istəyir, xatirə-yaddaş (avtobioqrafizm) başqasını, bioqrafizm (sənədlilik) - üçüncüsünü, nağıl-roman ("uydurma") da hakəza... Yox, əsla, başlanğıcdan da əsərin "bioqrafik roman" təyinatına etirazım yox. Əksinə, redaktorun bioqrafik səylərini tamam qiymətləndirirəm. Görünür ki, romançı həyat materialının geniş səxavətindən keçə bilməyib: "Gəlin sizə dostum Aydın Tağıyev və bir çox başqa mətləblərdən danışım..." - deyə qələminə təpər vermiş və bədii səriştəsini hansı səmtə istəyirsə çapdırmışdır. Nəticədə "Nağıl adam"ı bizə təqdim edən, "danışan" bu və ya digər mükəmməlliyə malik roman tipi (xronotopu) yox, publisist diskursa sığınan, müxtəlif başlanğıclar arasında reverans etməyə çalışan təhkiyəçi-qəhrəmanın özüdür. Meydan onun meydanıdır, roman da həmçinin. Şəksiz ki, Novruz Nəcəfoğlu dəyərli ədəbiyyat adamıdır. Nağıl-roman da məhz bunu bizə xəbər verir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!