Hümbət Quliyevin "Kəpənək xoşbəxtliyi" və "Aforizmlər" kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, “Statusman” təxəllüslü Doktor Hümbət Quliyevin daha iki kitabı işıq üzü görüb. "Kəpənək xoşbəxtliyi" və "Aforizmlər" kitabı Qanun Nəşriyyatı tərəfindən nəşr edilib. 

"Kəpənək xoşbəxtliyi" kitabında müəllifin esseləri, hekayə və oçerkləri, "Aforizmlər" kitabında isə müdrik sözlər cəmlənib. Kitabın redaktoru Birlik Təşkilatının sədri, Şərqşünas Vüsal Hətəmovdur.

Qeyd edək ki, kitabda toplanmış hekayə və oçerklər oxuculara pozitiv ruh aşılayır. Mətnlərlə tanış olan oxucu müəllifin həyata, insana, ictimai münasibətlərə güclü  pozitiv-optimist yanaşmanı müşahidə edə biləcək. Yazılarda bol-bol həyat sevgisi, optimizm, gündəlik həyatın ən xırda elementlərindən böyük estetik zövq alma həvəsi sezilir. Müəllif yazılarında estetika, pedaqogika, etika, dilçilik, sosiologiya, psixologiya, fəlsəfə, təbabət, ekologiya, ailə dəyərləri və sair bu kimi vacib mövzulara toxunur. Vətənpərvərlik, xalqsevərlik, azərbaycançılıq hisslərinə köklənmiş yazılar isə kitaba xüsusi dəyər bəxş edir.

Məlumat üçün qeyd edək ki, ixtisasca göz həkimi olan Quliyev Hümbət Həsən oğlu Moskva vilayəti, Noqinsk şəhəri, Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında həkim, baş həkim, Leninqrad Hərbi-tibbi Akademiyasının göz xəstəlikləri kafedrasında həkim, Almaniyanın Toypits şəhərində, Sovet Hərbi Hospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan ikinci ixtisas kimi Berlin biznes məktəbini bitirən Doktor Hümbət Quliyev uzun illər Sumqayıt Biznes Mərkəzinin təsisçisi və prezidenti olub. Hümbət Quliyev Türkiyə, İspaniya, ABŞ, Braziliya, Rusiya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir. Hər iki kitabın redaktor heyəti  Vüsal Hətəmov, Ağalar İdrisov, Şəfa Fərhadqızı, Bəhruz Slamanovdur.

Kitabları "Əli və Nino" kitab şəbəkələrindən əldə etmək mümkündür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!