Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan ekspozisiyasının açılışı olub

Beynəlxalq sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Qara Qarayevə həsr olunmuş kitabın təqdimatı keçirilib.

Oktyabrın 10-da Almaniyanın Frankfurt şəhərində Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan ekspozisiyasının açılışı olub. Ekspozisiyanın açılışında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun da iştirak edib. Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan nümayəndə heyəti və Azərbaycan ekspozisiyası ilə Haluk Dursunu tanış edib və ona “Qara Qarayev”, “Azərbaycan Xalq Cümhuriyyəti 100” və “Milli Kitabxana. Fotoalbom” kitablarını bağışlayıb.

Milli Kitabxanadan bildirilib ki, Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabının təqdimat mərasimi keçirilib.

Üç dildə nəşr edilən bu kitabda dahi bəstəkarın həyat və yaradıcılığı haqqında məlumatlar, eləcə də onun dünyaca məşhur əsərləri barədə materiallar yer alıb.

Tədbiri Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev açaraq beynəlxalq sərginin əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu tarixi missiyasından, eləcə də anadan olmasının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilən böyük bəstəkar Qara Qarayevin bənzərsiz sənət dünyasından söhbət açıb.

Təqdimat mərasimində Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun çıxış ediblər.

Sonra Haluk Dursun Mövlana haqqında kitabı Vaqif Əliyevə təqdim edib.

Təqdimat mərasimində Milli Kitabxana tərəfindən nəşr edilmiş “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabı və kitabxananın hazırladığı dahi bəstəkarın bütün əsərlərini əhatə edən 5 disk tədbir iştirakçılarına paylanılıb.

Almaniyadakı diaspora təşkilatının sədri Samirə Patzer-İsmayılova da tədbirdə çıxış edərək Qara Qarayevin not əsərlərindən ibarət toplunu iştirakçılara verib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “dəyirmi masa” arxasında müzakirələrlə davam etdirilən təqdimat mərasimində Almaniyada yaşayan Alman-Azərbaycan ədəbiyyatını geniş təbliğ edən naşirlər, yazıçılar və ədəbiyyatşünas alimlərin çıxışları dinlənilib. Onlar özlərinin hazırladığı alman dilində olan Azərbaycan müntəxəbatı antologiyasını tədbir iştirakçılarına təqdim ediblər.

/Azərtac/

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!