İllər nə tez gəlib keçdi... - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

Nurəddin Ədiloğlunun yaradıcılığından öncə, onun 60 illik ömrünün mənə məlum bəzi səhifələrindən söz açmaq istəyirəm.

Doxsanıncı illərin əvvəlləriydi,  Nurəddin Masallı rayonunda nəşr olunan qəzetin redaktoru idi və bu qəzet  o zaman nəinki Cənub bölgəsində, hətta respublika mətbuatında seçilən qəzetlərdən biri idi. O qəzetdə bir azad ruh, söz azadlığı hökm sürürdü və Nurəddin müstəqillik dövrünün  bir cəsarətli yazarı kimi tanınırdı. 2004-cü ilə qədər Nurəddin Ədiloğlu Masallıda bir çox vəzifələrdə çalışdı, rayonun ictimai həyatına qaynayıb-qarışdı, sonra Bakıya köçdü, yenə  iş yerləri qəzetlər, jurnallar oldu: "Millət", "Avrasiya", "Hürriyyət", "Qarabağa aparan yol", "Mars"…

Amma Nurəddini mən bir istedadlı nasir  kimi də tanıyıram və onun bu müddət ərzində iyirmiyə yaxın nəsr və publisistika kitabları  işıq üzü görüb.  Onun nəsri ilə publisistikası arasında  sıx bir bağlılıq var və mən elə bilirəm, Nurəddinin  hekayə və povestlərinə publisistikanın təsiri hiss edilsə də, bu onun özünəməxsus üslubu kimi nəzərə çarpır. Onun sırf publisistik janrda yazdığı "Əsrin sönməz şamları", "Ruhani dünyası", "Sarəng zirvəsi","Seyid Sadıq", "Bizim ağamız", "Sonuncu monoloq", "Masallı Mamed", "Cənub şikəstəsi" publisistik əsərlərində  bədii nəsr ünsürləri olduğu kimi, nəsr əsərlərində də publisistik şərhlər az deyil və deyərdim ki, bunlar qətiyyən bir-birinə mane olmur, çünki müəllifin yazı tərzi belədir.

Nurəddin Ədiloğlu ədəbiyyata kiçik hekayələrlə gəlsə də, onu bir yazıçı kimi tanıdan "Azərnur" povest-pritçası oldu. "Dədə Qorqud" dastanlarının təsiri hiss olunan bu əsərdə Nurəddin qədim Muğanın mifoloji dünyasına "səyahət" edir, igidliyi, müdrikliyi, torpaq, Vətən sevgisini canlandırırdı. Sonralar Nurəddin müasir həyatın, gerçəkliyin müxtəlif problemlərinə, hadisə və olaylarına üz tutdu, xüsusilə, Qarabağ mövzusu onun bir çox nəsr əsərlərinin əsas mövzusuna çevrildi.

Müharibədən yazmaq ilk növbədə müharibə dövrünün psixologiyasına dərindən bələd olmağı tələb edir. Adi bir əsgərin də, yüksək rütbəli bir hərbiçinin də, müharibədə iştirak etməsə də, müharibəni içində yaşadan insanların da duyğu və düşüncələrini bədii sözdə reallaşdırmaq yazıçıdan dərin müşahidə tələb edir. Nurəddin Ədiloğlunun "Qara sarmaşıq" romanını oxuyandan sonra hiss etdim ki, müharibə hələ də davam edir. Romanda əsl müharibə əhval-ruhiyyəsi gördüm...

Janrını "kino-roman" kimi müəyyənləşdirdiyi bu əsərdə müəllif Nasir adlı bir döyüşçünün taleyini izləyir.  Biz onu gah döyüş meydanında, gah Bakıda-hərbi qospitalda, gah da müxtəlif adamların əhatəsində görürük. Özümüzü doxsanıncı illərin o qovğalı, xaos içində çapalayan bir ölkədə hiss edirik. Təsvir edilən mənzərələr bizə tanışdır. Həmin o ekstremal şəraiti çoxumuz yaşadıq. Bir tərəfdən müharibə gedir,igidlərimizin qanı tökülür, o biri tərəfdən daxili çaşqınlıq və xaos hökm sürür.  Bir tərəfdən, sosial-mənəvi birlikdən, qüvvələri səfərbər etməkdən danışılır, o biri tərəfdən qırx partiya, altı yüzə yaxın qəzet milli-mənəvi birliyi parçalamaqla məşğuldur. Bir tərəfdən xalq əziyyət içində çapalayır, qaçqınlıq, köçkünlük və bunların yaratdığı sosial bəlalarla üzləşirik, o biri tərəfdən vəzifə və kreslo uğrunda ölüm-dirim mübarizələri gedir. Bax, doxsanıncı illərin əvvəllərinin siyasi-ictimai mənzərəsi, mənəvi-əxlaqi görünüşü belə idi. Biz o günləri yaşadıq. Nurəddin Ədiloğlunun "Qara sarmaşıq" romanında da həmin illərin heç bir zaman unudulmayan mənzərələri ilə qarşılaşdıq.

Nurəddin Ədiloğlunun yaradıcılığı ədəbi tənqidin nəzərindən uzaq düşməyib. Nizaməddin Şəmsizadə, Rahid Ulusel, İsmayıl Vəliyev kimi tənqidçi-ədəbiyyatşünaslar onun hekayə və povestləri haqqında maraqlı mülahizələr söyləyiblər. Məsələn, professor Nizaməddin Şəmsizadə yazır ki: "Nurəddini bir yazıçı kimi fərqləndirən onun yüksək müşahidə qabiliyyətinə malik olmasıdır. Onun əsərləri fərdi müşahidələrin psixoloji bir silsiləsidir… Nurəddin ətraf mühitə də, ictimai proseslərə də diqqətli və həssasdır. O, insanın çox adi əlamətlərindən onun daxili aləminə enməyi bacarır". Tamamilə doğru…

Nurəddin Ədiloğlu 60 illiyi ərəfəsində "Yaralı qu quşları" nəsr kitabı ilə oxucuların görüşünə gəlir və elə bilirəm, bu kitabda toplanan yazıları oxucuların, ədəbi ictimaiyyətin diqqətini cəlb edəcək. Mən bu fikri inamla söyləyirəm, çünki Nurəddinin bu kitabda toplanan nəsr əsərləri onun artıq yetkin bir yazıçı kimi formalaşdığını sübut edir.

Çağdaş yazıçı üçün mövzu seçmək deyərdim ki, heç bir problem doğurmur, çətinlik yaratmır, çünki yaşadığımız bu həyat, gerçəklik hər hansı bir yazıçıya bir-birindən maraqlı və zəngin mövzular bəxş edir. Zəmanəmiz mürəkkəb və ziddiyyətlidir, həyatda bol-bol sevinclər olduğu kimi, çox-çox kədərli, qüssəli, təzadlı hadisələr də çevrəmizdə cərəyan edir.Yazıçı lap keçmişə də, nağıl və mifoloji dünyaya da müraciət edə bilər, bu günün həqiqətlərindən də söz aça bilər, təki onun əsəri müasirliklə aşılansın.

Nurəddin Ədiloğlu "Nuhun günahı" hekayə-pritçası ilə "Azərnur"da olduğu kimi yenə mifoloji dünyaya üz tutur. "Nuh peyğəmbər ömrünün doqquz yüz qırx doqquzuncu baharına yenicə qədəm qoymuşdu… Bir gün Allahdan ona vəhy gəldi: "Ya Nuh, ömrünün uzunluğu və əcəlin mənim müəyyən etdiyim vaxtdır. Öz zürriyyətindən dünyaya gələn imanlı övladlarınla halallaşmaq üçün sənə bir il möhlət verirəm. Öyrənmək istədiyin sirri-Xudadan bu zaman agah olacaqsan". Nuh peyğəmbər bu niyyətlə eldən-elə, obadan-obaya gəzib-dolaşır. Onun övladlarından olan törəmələrinin bəzisi onu görüb sevinir, bəziləri isə sayğısızlıq göstərirlər. Amma Nuh peyğəmbər yolunu azmışlara Allahın var olduğunu xatırladır. Əlbəttə, məlum rəvayəti N.Ədiloğlu müasirləşdirmək fikrinə düşmür, sadəcə, dünyada insanlığın mənəvi meyarlara, halallığa üz çevirdiyinin faciələrə gətirib çıxaracağına işarə edir.

Nurəddinin yeni hekayələrində təsvir olunan zaman və məkan məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bir-iki hekayə istisna edilərsə, Nurəddin yeni dövrün, artıq vaxtilə lənət oxuduğumuz, indi isə artıq öyrəşməyə başladığımız, qanun-qaydalarını, mənəvi-əxlaqi kodekslərini qəbul etdiyimiz kapitalizmin - keçid dövründən üzü bəri zamanın hadisələrini qələmə alır. Məkan isə tez-tez dəyişir - Azərbaycan və ondan çox-çox uzaqlarda olan ölkələr, şəhərlər. Bəs insanlar necə? Nurəddin tanıdığı, müşahidə etdiyi müasirlərini, öz doğulduğu kəndin sakinlərindən tutmuş geniş ziyalı mühitinə qədər bir çox obrazlar onun təsvirində canlandırılır. Həm də bu obrazlar hadisələrin, onların həyatında mühüm rol oynayan olayların içindən keçirlər. Bu baxımdan Nurəddinin kino-povest kimi qələmə aldığı "Adəm və Həvva" əsəri onun maraq doğuran nəsr əsəridir. O, Adəm, Həvva, Musa, Mələk, Məhəmməd və b. məlum adlarla yaşayan qəhrəmanlarını son illərin hadisələr burulğanından keçirir. Adəm - düzlüyün, halallığın, kişiliyin, əsl məhəbbətin rəmzi olan bir obrazdır. Sevgisinə sadiqdir, qadın gözəlliyinə biganə deyil, lakin bu gözəlliyin əks qütbünə-əxlaqsızlığa uymur, öz kişi qürurunu, mənliyini itirmir. Adəm yurdu-yuvası dağılmış, ermənilərin işğalına məruz qalmış Cənnətməkan kəndindəndir. İşğaldan sonra o da yurddaşları kimi həyatın ağır yükü altında əzab çəkir, amma sınmır, əyilmir, öz ağlı, iradəsi ilə nümunəvi bir insana çevrilir. Povestin sonunda ümid "akkordları" səslənir.  "Narın-narın yağan yağışın səsində Aşıq Sultanın ruhunun pıçıltısını eşitdi. "Sən nə savab iş görmüsən ki, yerin o dünyada  Cənnət olsun, Adəm? Ən böyük savab  bu dünyadakı Cənnətməkanımızı düşmən işğalından azad etməkdi".

Nurəddinin hekayələri təsvirlərin dəqiqliyi və dəqiq olduğu qədər də emosionallığı ilə diqqəti cəlb edir. Onun hekayələrində hüzn də var, kədər də, baş tutmayan arzulardan doğan nigarançılıq da. Ancaq hamısında nikbinlik çalarları, işığa meyil duyulur. "Dəniz gözəli"nin qəhrəmanı qoca rəssam insan gözəlliyinin vurğunudur. Günəş, Dəniz, Gözəl Qız bu qoca rəssamın sənət idealına çevrilir. "Ruhumun həmdəmi"ndə isə "İnsan insanı sözlə, qəlbindəki sevgi duyğuları ilə sağalda bilər" fikri hekayədə başlıca leytmotivə çevrilir. Nurəddin bu günün "internet qəzaları"na bigənə qalmır. Əsl sevginin deyil, təsadüfi "eşq-məhəbbət" oyunlarının qurbanı olan insanların faciələrini canlandırır, bu günün mənəvi-əxlaqi kataklizmlərini bir yazıçı görümü ilə təsvir edir.

Bu yazının əvvəlində mən Nurəddin Ədiloğlunun Qarabağ müharibəsindən söz açan "Qara sarmaşıq" romanını xatırlatmışdım. Nurəddin "Şəhidlər anası" pyesində yenə o mövzuya qayıdır (Yeri gəlmişkən qeyd edim ki, bu pyes Akademik Teatrın səhnəsində də oynanılıb, əlbəttə, professional aktyorlar çıxış etməsə də, pyes maraqla qarşılanıb).  "Şəhidlər anası" göstərir ki, Nurəddin Ədiloğlu bir dramaturq kimi yetişir. Çünki həmin pyesdə dram əsərlərinə xas olan konflikt, obrazların gərgin, mürəkkəb münasibətləri, xüsusilə, erməniliyin ifşası öz əksini tapır.

Nurəddin Ədiloğlu… 60 yaş… İllər nə tez gəlib keçdi. Bir yazıçı-publisist ömrü… Hər halda, mənalı bir ömürdü. Sözlə dolu bir ömür.