Mirmehdi Ağaoğlu - "Görüş"ü danışdırır

Öz əsərini danışdır - LAYİHƏ

 

- Mirmehdi bəy, niyə "Görüş"?  Niyə bu romandan danışmağımızı istədiniz?

-"Görüş" mənim ilk kitabım və ilk irihəcmli əsərimdir. Təəssüf ki, bu kitaba indiyə qədər lazımi diqqət görməmişəm. Əvvəl özümə  də  elə gəlirdi ki, zəif əsərdir. Ona görə  heç üstünü vurmurdum. Amma bir dəfə təsadüfən kitabı götürüb varaqlayanda heyrətləndim. Çox yaxşı yazıbmışam. Roman üçün nə lazımdırsa, hamısını eləmişəm, ola bilsin, "əla" qiymətlik deyil, amma yüz faiz "yaxşı" vermək olar.

- Necə başladınız bu romanı yazmağa? Fikri hardan doğdu, ideyası nədən yarandı? 

- Qan Turalı məndən müsahibə alasıydı. Müsahibədən qabaq yeyib-içmişdik. Belə bir sual verdi ki, nə yazırsan? Mən də Elçinin "Bir görüşün tarixçəsi" əsərini dekonstruksiya etdiyimi deyib əlavə etdim: Elçinin həmin povestində səhərə qədər dəniz kənarında qalan qızla-oğlanın arasında heç nə yaşanmır. Həyatda belə şey ola bilməz. Nəsə, bu müsahibə çıxdı. İnandırım sizi, müsahibəni verəndə Elçinin "Bir görüşün tarixçəsi" əsərini hələ oxumamışdım. Elə bil üzə düşdüm. Öz-özümə dedim ki, əgər müsahibədə yazacam demisənsə, yazmalısan. Bundan sonra əsəri tapıb oxudum və başladım "Görüş"ü yazmağa.

- Maraqlıdır, o suala o cür cavab hardan doğdu? Oxumadığınız əsər bir anda hardan yada düşdü?

- Hər bir əsərdə nöqsan axtaran, başısoyuq, açıq-saçıqlığa, epotaja meyil edən vaxtlarımız idi. O vaxtkı hekayələrimdə açıq-saçıqlığa meyilli idim, bu əlbəttə, yaşla bağlıydı. Və məncə, çox təbiidir. Həmin vaxtda dostlarımızdan biri "Bir görüşün tarixçəsini" mənə danışıb demişdi ki, sən yazsan o qızla o  oğlanı dəniz kənarında qovuşdurardın, sənin qəhrəmanın belə "fərsiz" olmazdı. Mən də həmin fikirləri müsahibədə səsləndirmişdim. Belə bir məsuliyyətsizlik.

- Sizdən müsahibə götürürdülərsə, sözsüz, bu sadəcə, dostluq üçün deyildi, ortada bir iş də vardı.

- Əlbəttə, o vaxta kimi mənim ona yaxın hekayəm çap olunmuşdu, sadəcə, irihəcmli əsər yazmamışdım.

- Bəs ümumi təəssürat  necəydi? Roman təəssüratı hansı səmtə dəyişdi?

- Bilmirəm bu barədə mənim danışmağım nə dərəcədə doğrudur, amma bir şeyi deyim ki, o vaxt  Əsəd Cahangir "Cadugizlədən" hekayəm haqqında yüksək fikirlər səsləndirmişdi. Necə deyərlər, "istedadlı və ümidverici" olduğumu vurğulamışdı.

- Köhnə Bakının sökülüb yenidən qurulması... Əsərin qəhrəmanı köhnə məhəllədən köçüb gedib, indi bir gecədə bütün xatirələri yenidən canlandıracaq...

Əsərin süjeti ümumidən xüsusiyə doğru gedir. Əvvəl Bakının köhnə məhəllələri, onların sökülməsi və sökülmə ilə doğan problemlər - məhəllə sakinlərinin bütöv bir şəhərə dağılıb yadlaşması - göstərilib, sonra həmin məhəllənin bir neçə sakinlərnin taleləri göstərilib, ən nəhayət isə, "kamera" baş qəhrəman Məmmədin üzərndə fokuslanıb.

- Siz özünüz bakılı deyilsiniz, amma hadisələr çox inandırıcıdır. Nə qədər qaynayıb-qarışmışdınız köhnə bakılılara?

- Mən altı yaşımdan Bakıda yaşayıram. Təqribən otuz il edir. Buna görə də mən özümü bakılı hesab edirəm. Bakını da çox sevirəm. Bakının köhnə məhəllələri məni həmişə özünə çəkib. Xüsusən yaz-yay aylarında Bakı kəndlərini gəzməyi, oranın insanları ilə ünsiyyətdə olmağı çox sevirəm.

- Zatən oxuyarkən duyulur ki, bütün bu məhlə içi hadisələri nabələd başla yazmaq olmazdı. Axtarmısınız, aramısınız, yəqin dostluq etdiyiniz adamlar, dinlədiyiniz əhvalatlar olub.

- Bakının İstanbul kimi bir obrazının yaranmamasına təəssüf edirəm. "Görüş"də çalışmışam hardasa Bakının da obrazı olsun və yəqin ki, gələcək əsərlərimdə buna yenə cəhd edəcəm.

- Mirmehdi bəy, “Görüş” üzərində proses necə getdi?

- Əsəri Neftçalada yazmağa başlamışam, orda da bitirmişəm. 2007-2009-cu illərdə Neftçalada işləmişəm. Sıfırdan süjet yazmaq daha asandır, nəinki dekonstruksiya etmək. Həm də nəzərə almaq lazımdır ki, dekonstruksiya gərək təkcə süjet qatında deyil, ideya qatında da olsun. Ona görə çox şeyləri yazmaq mənə çətindi. Əsərin sonu isə belə alındı: Nə öz axarına buraxmışdım, nə də tərsi. Çalışırdım sona yönləndirim, amma nəsə alınmırdı. Sona yaxın "Humay quşu" elementi mənə çox kömək elədi və bu cür sonluq əmələ gəldi.

- Roman bitdi, yəni ilkin əlyazma. Nə etdiniz?

- Mən adətən belə edirəm: əsəri bitirəndən sonra, təkrar-təkrar oxuyuram, redkatələr, düzəlişlər edirəm. Yorucudur, amma bunsuz alınmır məndə. "Görüş"ü təmiz bitirəndə dostlarıma göndərdim, oxuyub fikirlərini desinlər. "Qanun" nəşriyyatı "Mənim birinci kitabım" adlı seriya edirdi. Göndərdim, o seriyadan  çap olunan ilk kitab da "Görüş" oldu.

- Öz əsəriniz üçün nə düşünürdünüz?

- Öz qənəatim belə idi ki, əsər alınıb. Zatən bəyənməsəydim, çap etməzdim.

- Ad məsələsi bir az qarışıq olub deyəsən?

- Əsərin ilk adı "Bir gecəlik məhəbbət" idi. Sonra mən Kustruitsanın "Titanik kafesi" filminə baxdım. Orda da hadisələr kafedə cərəyan edirdi. Düşündüm ki, mən də əsərin adını "Görüş kafesi" qoyum. Bəs niyə "Görüş"? Çünki bizdə əksər kafelərin adı "Görüş"dür. Məmmədin işlədəcəyi kafe də ənənəvi Azərbaycan kafesidir. Sonra naşir "Görüş" adını daha məqsədəuyğun bildi, o cür də çap olundu.

- Həm qadınla kişi görüşüb ayrılacaqlar. Ad bir az da simvolikdir, eləmi, axı kişiylə qadının birgecəlik görüşü baş tutacaq, əsər ora döğru gəlir və bitir.

- Aha o  simvoliklik də var. Çünki Məmməd ilə Məsmə üçün bu həyatlarının görüşü olur. Onlar həmin gecə tamam ayrı kişiyə, tamam ayrı qadına çevrilirlər. Bu qadınla kişi tipik Azərbyacan kişi və qadınından  fərqlənir. Məsələ burasındadır ki, onlar səhər yenə köhnə vəziyyətlərinə qayıdacaqlar. Onların metamorfozu yalnız birgecəlikdir. Nə Məmməd özündə cəsarət tapıb Məsməyə qovuşa bilir, nə də Məsmə əyyaş ərindən ayrıla bilir.

- Mənsə əksini düşünürəm, bunlar tipik həmyerlilərimizdir. Zatən Məmməd bunu heç istəmir də, ümumiyyətlə, Məmməd əsərdə tamam başqa tip kimi görünür. Qadınsa başı bəlalı, bir az çoxbilmiş, bir az cahil.

- Təbii ki, qəhrəmanlarım tipik azərbycanlılardır. Mən sadəcə, onları bir gecəlik, daha doğrusu, bir neçə saatlıq öz ənənəvi qılaflarından sıyırıb çıxarmışam. Orda bir səhnə var, axşam düşəndə Məmməd dənizə girib çimir. Bu çimmə həm də təmizlənmədir. Paklanmadır. Mənim gözümdə dəniz paklıq rəmzidir və bu əsərdə dənizə sevgimi gösətərmək istəmişəm.

- Bir qadının və kişinin təsadüfi görüşü...  Minlərlə əhvalat... Sanki əsər yaranması üçün başqa nəyəsə də ehtiyac olmalıdır. Nədir o? Harda görürsünüz özünüz o ehtiyacı? Yəni bu təkcə Elçinin əsərinin "bir də bu yanı var" deyərək əks etməsidirmi?

- Əlbəttə. Mən "Amerika kəşf etməmişəm". Bu cür görüşlər olur və belə görüşlər haqqında filmlər çəkilib, əsərlər yazılıb. Mən sadəcə, iki insanı  bir gecəlik nağıllar aləminə aparmaq istəmişdim. Gəlin qəbul edək ki, uşaqlığımız  elə bizim nağıl dünyamızdır. O gecə də Məsmə ilə Məmməd həm uşaqlıqlarını xatırlayırlar, həm də mistik bir auraya düşürlər. Bilmirəm, nə dərəcədə alınıb, mənim məqsədim o  maqik, sehrli mühiti yaratmaq olub. Əvvəl "Elçinin əsərinin bir də bu yanı olsun"u düşünürdüm, sonradan obrazlar mənə doğmalaşdı, əsərin keçdiyi o məkan mənə doğmalaşdı və əsəri öz içimdən keçirib ərsəyə gətirdim.

- Nə gizlədim, əsərin qadın-kişi qarşılaşmasına gəlib çıxacağını gözləmirdim oxuyanda.  Sonda düşündüm ki, niyə belə bitdi?

- Birinci hissə şəhər, ikinci hissə onun insanlıarı barədədir. Qadın-kişi qarşılaşması qənaətbəxş deyil, ya necə?

- Elə bil aura tamam dəyişir, sərt dönüş təsiri bağışlayır, oxuyarkən düşünürsən ki, bu qarşılaşmanın əsərin ümumi axışına təsiri var, nəyəsə aparıb çıxaracaq. Lakin əsər bitir.

- Mən sadəcə çevrəni böyük götürüb əvvəl şəhərə "quş uçuşu" məsafəsindən fokuslanmışam. Sonra obyektivi daha da böyüdüb-böyüdüb gəlib axırda dəniz kənarında iki  nəfərin  üzərində dayanmışam.

- Əsəri haqda dostlar nə düşünürdü?

- Açığını deyim ki, yadımda qalmayıb. O kitabdan  dərhal  sonra "Küləyi dişləyən" çıxdı deyə, "Görüş" kölgədə qaldı.

- Yəni, bir mənada özünüz də soyuq yanaşmısınız. Çapdan sonra da davam edib eyni münasibət. Əsər haqqında demək olar heç nə yazılmayıb. Deyəsən Cəlil Cavanşir yazıb, o yazı da sizi qane etməyib, müsahibənizdə duyulur.

-Haqqında başqa yazanlar da olmuşdu. Sadəcə, dediyim kimi, özüm də əvvəl əyləncə kimi yanaşmışdım deyə, kitab çıxanda da bu təsir sezildi. Lakin təkrar oxuyanda gördüm ki, əsərdə ciddi roman stixiyası var. Düzdür, indi yazsaydım, daha mükəmməl yazardım. Çünki o mövzuda hələ deyəcəyim fikirlər qalıb. Yəqin o vaxt səriştəsiz olmuşam, bunları hiss etməmişəm.

- Əlahəzrət tənqidin münasibəti necə oldu?

- Susdular. Həm də onda çox gənc idim.

- Yeri gəlmişkən, tənqidlə aranız necədir?

- Çox yaxşı.

- Cəlil Cavanşirin fikri sizə toxunmuşdumu? Çünki o əsəri həm də tənqid etmişdi. Sonra sizdən  bu barədə soruşulanda demişdiniz ki, hə, gördüm nəsə, elə də diqqətlə oxumadım... Razılaşaq ki, əsərimiz barədə bir cümlə də yazılıbsa, dörd gözlə oxuyuruq, bunun üçün soruşuram, niyə elə yanaşmışdınız?

- Cəlilin onda yazdığı da, mənim cavabım da yadımdan çıxıb. Yəqin Cəlilin yazısını oxuyub qəsdən elə demişəm. Sizin sözünüz olmasın, kim özü haqqında yazılanları oxumur ki? Yəqin ki, özümü təşəxxüslü adamlar kimi göstərməyə çalışmışam. Guya Cəlilin yazdığı mənim üçün önəmli deyil. Yazıçıların tənqid barədə istifadə etdikləri bu ənənəvi fəndi mən də işlətmişdim. Gəlin özümü tənqid edim: Əvvəla, dilində bəzi qüsurlar vardı. Ya təzədən işləməliydim, ya da yaxşı redaktə olunmalı idi. İkincisi, həcmi bir az da genişləndirmək olardı. Mən hadisələri çox sıxmışam. Və bir də erotik qata azca əl  gəzdirərdim

- Yüngülləşdirərdiniz, daha estetik yazardınız, ya pərdələyərdiniz?

- Həm estetik yazardım, həm  də pərdələyərdim. Məmməd ilə  Məsmənin görüşündə mənim məqsədim maqik aura yaratmaq idi. O hissəni daha da dərinləşdirərdim...

- Gəlin qəhrəmanlara qayıdaq.  Kimdir onlar? Yəni, ümumi baxaq əvvəl - onlar kimdirlər? Hardan gəlirlər, hara gedirlər? Bu romanda nə gəzirlər?

- Məmməd mənim hər gün gördüyüm insanlardandır, dostlarımdandır. Onlar da aşağı-yuxarı - eynən Məmməd kimi bir tale yaşayırlar və elə arzuları da Məmmədin  arzularından  bir o qədər fərqlənmir. Məmməd obrazında özüm  də  varammı? Yəqin ki. Amma mən daha çox Məmməd yaşda insanların ümumiləşmiş obrazını yaratmaq istəmişəm, onların dünya, həyat haqqında düşüncələrini Məmmədə köçürmüşəm. Məsmə isə... Məsmə də bizim qadınların taleyini yaşamırmı?

- Müəyyən hissəsinin.

- Düzdür, orda Məsmənin başına gələnlərin bəzisi real  həyat hadisələridir, amma mətnə köçürəndə bunun nə əhəmiyyəti var ki... Bizə mətnin reallığı lazımdır. Bununla belə əsərdə yer alan gerçək faktlardan birini  deyim  sizə: Məsmənin kassir anasının vağzal kassasında elədkləri olmuş hadisədir. Bunu mənə bir nəfər danışmışdı. Mən də əsərə saldım. Başqa bir nüasnı  deyim: Molla Mario bölməsində baş verən hadisə, qara parçanın məscidə gətirilməsi və orda yaşanan insident, bunlar hamısı həyatdan  götürülmüş detallardır. Yadıma düşüb, birini də deyim - Akan adlı adamı həyatda tanıyırdım. Ümumiyyətlə, bu əsərdə təxəyyül məhsulu obrazlarla yanaşı həyatdan  götürdüyüm, zaman-zaman mənim yaddaşımı məşğul edən, həyatımda iz salmış adamlar da var.

- Qəribədir ki, özünüzü Məmməddə görürsünüz, az da olsa? 

- Mən gördüyüm, yaşadığım, şahidi olduğum hadisələri təzədən əsərdə öz istədiyim ardıcıllıq və formada vermişəm. Məmməddə mənim yeniyetmə vaxtlarımın xəyalpərəstliyi var. Mən dəniz kənarını çox sevirəm. Onun yerinə o  gecə dəniz kənarında məmnuniyyətlə özüm olardım.

- Roman qısa olsa da, bir çox zərif nöqtələrə toxunulub. Məhlə içi münasibətlər, siyasi hadisələr, dindar kəsim, cayıllıq, köçürülmə, əxlaq, ailə, gizlədilən çirkinliklər-insanın ən gizli üzü..

- Hədiyyə xanım, "Görüş"dəki hadisələr məni narahat edən, içimdə daşıdığım  yük idi. O əsəri yazana qədər ordakı bir çox hadisələr hekayə kimi beynmdə yığılıb qalmışdı, mən onları bir romanda topladım.   Pis-yaxşı alınmasından asılı olmayaraq mənə elə gəlir ki, öz öhdəliyimi tamamladım. Bax, buna görə də "Görüş" mənə doğmadır. Çünki qəlbimdən süzülüb  gəlib, mənə doğma olan  hisslərlə  yoğrulub.

- Bu barədə üst-üstə düşən fikrimiz var, roman həqiqətən sanki yazılması gərəkən hekayələri bir yerə yığıb və onlar ana xətlə - Məmmədlə birləşdirilib. Məmməd əsas fiqurdur.

- Məmməd həm yaxşı adamdır, xəyalpərəstdir, bir az ədalət hissi var, bir az pis adamdır, sovetlərdə necə deyərdilər - məişət pozğunudur, qazanc üçün əxlaqsızlıq yuvası açıb, gəl ki, içində mühafizəkar, sanki gizlində inanclı biri də var... Məsmə... Bir az cahildir, internatda böyüyüb, anasının əliylə təcavüzə uğrayıb, özünün də canında  az yoxdur. Biliyi, məlumatı, dünyaya baxışı, gah mühazirə oxuyur, gah mənasızlaşır...

- Məmməd süni görünürsə o zaman biz hamımız süniyik. Hər birimizin içində xeyir və şər çarpışmırmı? Məmmədin daxilində də bu toqquşma var və bəzən biri digərini üstələyir. Sadəcə, insanın içndəki xeyirin üzə çıxması üçün münasib şərait laızmdır. Həmin münasib şərait də o  gecə olur. O  gecə Məmmədlə yanaşı, Məsməni də arındırır, duruldur.

- Yox, mən bunu demirəm. İş burasındadır ki, xarakterlər hamısı özlüyündə tam, dolğundur, amma bir adamda cəmləşiblər, sanki onları yerləşdirməyə başqa bədən tapılmayıb.

- Biz bu həyatı gah yaxşı adam kimi gah da pis adam  kimi yaşayırıq. Hətta Səfər belə hardasa yaxşı adamdır. Rüşvətin, korrupsiyanın içində boğulsa belə, xaraktercə də miskin olsa da onda da işıqlı tərəflər var.

- Bu fikirlə razıyam ki, hətta bu fikirdəyəm ki, hər kəsin içində mütləq yaxşılıq var. Lakin xarakter müxtəlifliyi, daha doğrusu, dəyişkənliyi, qarışmışlığı sezilir.

Mənim obrazlarım yaxşı və pisə ayrılmayıb. Situasiyadan asılı olaraq içlərində xeyir və ya şər baş qaldırır. Əxlaqsız Qara belə Dudu öləndə kədərlənir.

- Sizcə, əsərdə xarakter situasiyaya görə dəyişməlidir, ya istənilən vəziyyətdə qorunmalıdır? Əsərdə yəni, yazıçı obrazlarının xarakterini qorumalıdır, ya onları başlı-başına buraxmalıdır.

- Mən dəyişməkmi dedim? Qətiyyən. Fikrim budur ki, insanın içindəki yaxşının üzə çıxması üçün münasib şərait olmalıdır. Ona imkan verilməlidir ki, yaxşılıq edə bilsin, içindəki xeyiri oyatsın. Mən o gecə Məmmədlə Məsməyə dəyişmək, başqa insan olmaq şansı  tanımışam. Görürsüzmü, Məmməd kimi mühafizəkar biri o gecə dəyişib  tamam  başqa bir adam olur. Son  səhnədə bığını qırxması isə köhnəliklə, keçmişlə vidalaşmağa işarədir. Bığ burda mühafizəkarlığın  rəmzidir

- Mənə elə gəlir siz o şansı Qaraya da, Məsmənin anasına da, polisə də tanımısınız.

- Ola bilər.

- Amma Məmməd o gecə dəyişməyəcək, bığını qırxacaq, amma daxildə Məmməd köhnə Məmməddir. Yay uzunu əxlaqsızlıq yuvası saxlayacaq, pullanacaq. Sonunda toy edəcək o pulla. Həmin axşamın səhəri şəhərə nə üçün getdiyini xatırlayaq, bir gün əvvəl nəyi planlayıbsa, oun üçün gedir. Dəyişən nə var?

- Əsas odur içində zəlzələ olub və  o daşları tərpədib.Gəlin etiraf edək ki, dəyişiklik bir anda baş versə, əsər hind filminə dönərdi.

- Ümumiyyətlə, "Görüş" bədbəxt adanmların romanıdır. Bütün bədbəxtlər eyni deyil, təbii ki. O gecənin ən yaxşı sözünü Məsmə deyir - "səhər sən də mənim üçün eyni şeyi fikirləşəcəksən".

- Hədiyyə xanım,  mənə görə Məmməd o görüşdən sonrakı  həyatını necə yaşamağından asılı olmayaraq, o  gecəni  heç vaxt unutmayacaq. Sizə bir şey də deyim. Bilmirəm əvvəldən bu fikir məndə yəqinləşmişdi, ya yox, amma yazdıqca hiss elədim ki, Qara xəstədir, insan kimi yazıq adamdır. Əslində, onun sevgisi, arzusu Dudu olub. Onu bədbəxt edən də Dudunun ölümüdür. Və bir də Qaranın çıxdığı  mühafizəkar cəmiyyətdə heç kəs onu olduğu kimi qəbul etməz. Hətta o özü də bununla barışmaz. Buna görə də şüuraltı yaşadığı iztiharblar onu bu qədər eybəcərləşdirir.

- Bunu mən də düşündüm, amma yadıma saldım ki, adam kafeyə başqa məqsədlə gəlmişdi...

- Dediyim kimi, bunlar Qaranın təhtəlşüurunda baş verir, o özü də natural kişi olmadığını qəbul edə bilmir.

- Bütün bunlara  görə deyirəm ki, sanki hər qəhrəmanın bədənində fərqli bir neçə ruh var. Əslində maraqlıdır, roman zatən sıxılmış romandır. Bir də hər obraza sığışdırılmış bir neçə obraz. Bəlkə də buna heç fikir də verməmisiniz, amma maraqlıdır.

- Bəli, əsərin həcminə görə hadisələr qədərindən artıqdır. Sizinlə danışdıqca yadıma "Lizanın əhvalatı" düşdü. Niyə o vaxt o  bölümü də əsərə salmışdım? Cavabım budur: sanki "Görüş"ü yazanda içimdə deyiləsi çox sözüm  vardı və hamısını  bir əsərdə  deyib bitirmək istəyirdim.

- Dediniz ki, romanın  tamamlanmasına Humay quşu kömək edib.

- Dəqiq xatırlamıram, deyəsən Elçinin əsərində də o detal kimi var idi, mən onu daha da genişləndirdim.Çünki sonluğun sehrli, maqik ortamda bitməsini istədim. Axı Məsmənin ora gəlişi də nağılvari olmuşdu: özünü pəncərənin toruna çırpan  kəpənək  qəfildən qıza çevrilmişdi. Məsmə elə o  cür də yox olur.

- "Yel baba"... əfsanəni hardan götürmüsünüz? Ya uydurmusunuz?

- Uydurmuşam . "Yel baba" adının müqəddəs olduğunu bilirdim. Məşhur deyim var: "Yel baba, yel baba, əlçimimi ver baba". Uşaqlar arasında çox işlənən başqa bir deyim də var: "keçəl qızın hörükləri". Mənə maraqlı idi ki, görəsən bu fikir hardan yaranıb. Qərara aldım ki, "keçəl qızın hörükləri"nin əfsanəsini özüm yaradım. Bütün bunlar da ona görə idi ki, Məmmədlə Məsmənin Yanardağdakı görüşlərinin ritual xarkaterli olmasını istəyirdim

- Yel baba dağ başında, ağac olur adətən. Üstünə çoxlu  parça, lent bağlanır.  Övlad arzulayanlar gedər, bir də niyyət edib yerinə yetənlər gedib yaylıq bağlarlar. Sizin də romanın davam edən bir doğulacaq uşaq əhvalatı var...

- Bax, "Yel baba" ilə bağlı bu dediklərinizi bilmirdim. Bəlkə də romanı yazanda araşdırmışdım, sadəcə, indi xatırlaya bilmirəm

- Yəqin ki, dəniz kənarındakı ayin də uydurmadır?

- Əlbəttə. Mən özüm xəyalpərəstəm, uydurmağa meyilliyəm. Deyəsən qəhərmanlar da bunun uydurma olduğunu anlayırlar, sadəcə, rola giriblər və roldan çıxmaq istəmirlər. Çünki onlara da gecəni maraqlı keçirmək laızmdır. O qəribə görüşün bitməsini heç biri istəmir.

- Bəzi icmalar var, qadına sitayiş olunur.

- Hə, bunlar barədə məlumatım var. Bəzi qədm toplumlarda ilahələrə sitayiş olunurdu. Məsələn, Şumerdə ilahə İştara sitayiş edirdilər. Ümumən götürdükdə qadına sitayişlə bağlı, qədim miflər barədə oxumuşdum, sadəcə burda onları bir qədər dəyişdim və öz əlavələrimi də buna qatdım. Məmməd kimi kişilər adətən qadına gərəksiz bir varlıq kimi yanaşırlar, Məsmə də kiçik bir ayin vasitəsilə özünü ilahiləşdirməklə Məmməddən qadınların qisasını almış olur. Bu məsələlərdə mən özüm də müəllif kimi Məsmənin yanında idim, Məmmədin yanında yox.

- Ümumən, maraqlıdır, sizcə yazıçı əsərində gələcək üçün ictimai, sosial, siyasi duruma işarələr, kodlar qoymalıdırmı?

- Əgər müəllif istəyirsə bunu yazmaqdan çəkinməməlidir. Məmməd özü polis Səfəri bəyənmir, çünki Səfər vətəni qoyub qaçıb, gəlib Məmmədə böyüklük edir. Məmməd isə şəhid oğludur. Buna görə də onda istər-istəməz Səfərə qarşı neqativ münasibət var.

- Bu nifrətdirmi?

- Mənim nifrətimmi? Deməzdim. Müəllif kimi mən obrazlarımla subordinasiyanı qorumağa çalışmışam. Amma Məmmədin nifrəti var, Qaranın nifrəti var, bəli.

- Çox incə məqamdır, həqiqətən mitinqlərdə camaatın pulunu, telefonunu oğurlamağa gedənlər olur?

- Mən belə şeyləri çox görmüşəm ona görə çəkinmədən göstərmək istədim, malalamağın nə mənası.

- Mirmehdi bəy, "Görüş" doğma mətn adlana bilərmi?

- Əlbəttə. Mən elə buna görə sizə təklif etdim ki, "Görüş"dən danışaq. Çünki mənim üçün çox əziz əsərdir.

- Ondan sonra iki roman yazmısınız, hekayələr yazmısınız. Yazmaqda davam edəcəksiniz...

- Ola bilsin ki, orda bəhs etdiyim mövzulara sonralar bir daha qayıdım. Bununla belə "Görüş"ə sevgim dəyişməyəcək. "Görüş" mənim  üçün ilk irihəcmli əsər təcrübəsi idi. Bəlkə növbəti nəşr üçün bəzi düzəlişlər etmək olar. Amma ciddi dəyişiklik etmərəm.

- Mirmehdi bəy, bir neçə cümləylə ifadə etməli olsaq, siz bu romanla cəmiyyətə hansı mesajı ötürmək istəmisiniz? Bu nəyin romanıdır, sevginin, təsadüflərin, zəruruyyətin, yaşanmış keçmişin? Ya eləcə güzgüdür?

- Məncə, bu əsər güzgüdür. Mən sadəcə, cəmiyyətimizi göstərmək istəmişəm. Qoy, hərə öz istədiyi nəticəyə gəlsin. Məncə, müəllif nəyisə deməkdən, təlqin  etməkdən çox göstərməlidir, özü hökm  verməməli, bu işi  oxucunun ixtiyarına buraxmalıdır. Mən insan talelərinin üstünə fokuslanıb onların kollajını yaratmışam. Qoy oxucu ordan özü üçün nəticə çıxarsın.

- Bunu bir başqa əsərin alt qatını çevirərək etmisiniz, bu, həm də hər şeyin ağ-qara göstərilməsinə  etirazdırmı? Ara rənglər də var-deyə.

- Elçinin əsərində qəhrəmanlar məsumdurlar, mənim əsərimin qəhrəmanlarını cəmiyyət daha çox çirkləndirib, hərəsi bir günah  yiyəsidir.

- Bəlkə bu zamanlar arası toqquşmadır?

- Yəqin ki, elədir. Elçin öz dövrünü göstərib, mən öz dövrümü.  Şair demiş, "hansımız daha adilik", qoy buna oxucular qərar versin.

- Maraqlıdır, müəllif əsərindəki zavallı insanlardan hansını daha çox sevir?

- Duduya çox yazığım gəldi, ona kömək edə bilmədim.

- Qəribə bir peşmanlıq duydum mən oxuyanda.. Amma hansı birini xilas edəsən? Siz isə heç kimi xilas etmirsiniz, daha bir zavallı doğulacaq üstəlik.

- Burası da var ki, Məsmə o gecədən sonra dəyişir. Axı özü deyir ki, kimin üstünə Humay quşunun kölgəsi düşürsə, o  xoşbəxt olur. Güman edək ki, Məsmə, ya da övladı xoşbəxt olacaq...

- Mirmehdi bəy, "Görüş"ün  işığı  hardadır? O varmı?

- İnsan  belədir də, ən pis məqamda belə göylərdən ümidini kəsmir, ən adi işlərini belə bir şəkildə qeyri-adiləşdirməyə, müqəddəsləşdirməyə çalışır. Bununla təsəlli tapır. Yəqin qəhrəmanlarımız da eyni biz insanların  taleyini yaşayır, onlar da bir şəkildə göylərə bağlanır, ordan kömək gözləyirlər.

 

Söhbətləşdi:

Hədiyyə Şəfaqət


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!