Marsel Prust - Azər Qismət

Marsel Prust anasından savayı heç bir qadını sevmədi

Azər QİSMƏT

"Longtemps, je me suis couchy de bonne heure". Böyük yazıçı Marsel Prustun "İtirilmiş zamanın axtarışında" əsərinin birinci cümləsi belə başlanır. Tərcüməsi belədir: "Çoxdan erkən yatmağa öyrəncəliyəm". Qəribə müəllifin qəribə romanı. Şotlandiyanın müasir yazıçısı Endryü Krumi "Mister Mi" əsərində yazır ki, Prust yuxusuzluqdan və astmadan əziyyət çəkib. Kitabın sonunda tələbələrə məsləhət görür ki, "İtirilmiş zamanın axtarışında" romanındakı Berqotun ölümünü diqqətlə oxusunlar və nəticə çıxarsınlar. Onun fikrincə, həmin əsər yeni yazarlar üçün ideal öyrədici mənbə rolunu oynaya bilər.

Azərbaycan oxucuları Marsel Prustun yaradıcılığı ilə ilk dəfə rus dilində tanış olublar. Kitabın rəflərdə toz basmadığı həmin illərdə yazıçının əsərləri milyon tirajlarla dərc edilib. Hər bir evdəki kitab guşələrində klassik yazıçıların cərgəsində onun da əsərlərini görmək olardı. Prust tarixi əsərlər yazar, çoxmilyonlu oxucuların nəzərindən düşməz, rəğbət dolu ürəklərdə yaşayardı. O, elə indi də oxunur.

Marsel Prust 1871-ci ildə Paris ətrafındakı qəsəbədə doğulub. Valideynləri Paris kommunasının əlindən qaçaraq adıçəkilən qəsəbəyə sığınıblar. Atası məşhur həkim olub, anası Janna Veyl varlı yəhudi maliyyəçilərinin nəslindən çıxıb. Prust ana tərəfdən Karl Marksın qohumu sayılıb.

Marsel uşaq vaxtı heç də yaxşı oxumayıb. Düzdür, ədəbi əsərləri çox mütaliə etsə də, məktəbdə həmişə danlaq yeyərmiş. Marsel universitetin hüquq fakültəsinə meyil göstərib. Təhsilini yarımçıq saxlamasının yaxşı mənada günahı filosof Anri Berqsonun mühazirələrində olub. O, hüquq fakültəsində oxuyarkən tez-tez Berqsonun mühazirələrinə qulaq asmağa tələsərmiş. Özünə iş axtarması isə uzun çəkib. İlk iş yerini kitabxanada tapıb. Və tez də xəstəliyinə görə uzunmüddətli bülleten açdıraraq yeni iş yerindən uzaqlaşıb, şəhərdə gəzib, günlərini ədəbiyyat adamlarının arasında keçirib. Sual oluna bilər ki, bəs Marsel necə dolanıb? Onun üçün bu problem deyildi. Ailəsi varlı olduğundan yazıçı kitabxana məvacibinə qalmamışdı. Onun üçün əsas mənəviyyatını zənginləşdirmək idi.

Marsel Prust daim filosofların mühazirələrinə qatılar, böyük yazıçılarla görüşə can atar, yeni dərc edilən kitabları alıb yanğı ilə oxuyar, hər detal üzərində saatlarla düşünərmiş. Məhz bu səbəbdən Prustun əsərlərində detallara çox varılır. Ancaq zəhlətökən detallar yox, hadisələrin inkişafında vacib sayılası xırdalıqlar. Bu cəhəti onu oxucuya daha da sevdirib.

İlk yazılarını oçerk və novellalar təşkil edir, 1896-cı ildə hekayə və esselərdən ibarət kitabı dərc olunub. Sonra tərcümə işinə girişib. Daha sonra siyasətə qoşulub. Varlı ailənin oğlu bilmirdi nə ilə məşğul olsun ki içinin boşluğu dolsun. Getdikcə irihəcmli əsərlər yazmağa özündə baza tapıb. Hiss edib ki, bildikləri romanlar yazmasına əsas verir. Ancaq ağır-ağır yazıb. Çünki hələ 9 yaşında astma xəstəliyinin ilk əzabını duyub. Və həmin yaşdan etibarən bütün ömrü boyu həmin xəstəlikdən əzab çəkib.

1903-cü ildə yazıçının atası, iki il keçməmiş anası vəfat etdi. Əzablı günləri şiddətləndi. Heç olmasa valideynləri sağ ikən astmadan əzabları başlananda yardım edərdilər. Əlbəttə, varlı Prust həkim və tibb bacılarını evə çağırıb lazımi tibbi məsləhətləri yerinə yetirər, həblərini atardı. Ancaq valideynləri ona mənəvi dəstək olardılar. Prust mənəvi istiliyi həkimlərdən ala bilmirdi. Digər əzabverici məqam anasının arzusunu yerinə yetirməməsi ilə bağlı idi. Anası həmişə onu böyük yazıçı kimi görmək istəyirdi. Öləndə oğlunu hələ də hekayə və esseler yazan ortabab yazıçı kimi gördü. Məhz bu səbəbdən Marsel Prust özünü bağışlaya bilmirdi. Ancaq özündə güc tapdı. Söz verdi ki, böyük yazıçı olmaqla anasının ruhunu sevindirəcək. Veyil-veyil gəzməyinə ara verdi, mühazirələrə qatılmadı, eləcə masa arxasına keçib gecə-gündüz yazdı. Həmin günlərdə yazıçı barədə qəribə söz-söhbət gəzirdi. Fransada danışırdılar ki, xəstə yazıçı Osman bulvarında iki otağı kirayəyə götürüb. Divarları palıd ağacından olan bu otaqları ona görə seçib ki, çöldəki səs içəri girməsin, rahat yazsın. Pəncərənin pərdəsi isə heç vaxt açıq olmaz, günəşin şəfəqi düşməzmiş. Günortalar yatar, gecələr yazarmış, sobada kartof qaynadıb yeyər, hər tərəfi bağlı avtomobillə şəhərə gedərək müşahidələr apararmış. Bəlkə də belə rəvayətlərdə həqiqət izi varmış, bəlkə də yox.

Ancaq bircə o məlum oldu ki, Prust "İtirilmiş zamanın axtarışında" romanının ilk cildini yazıb. 1913-cü ildə onun əsərini dərc edəcək nəşriyyat tapılmadı. Daha doğrusu, nəşriyyatlar belə əsərə pul ayırmağa risk etmədilər. Yazıçı öz hesabına ilk kitabını nəşr etdirdi. Ancaq tənqidçilər çox da əhəmiyyət verməyib əsərə laqeyd yanaşdılar. Sanki belə bir kitab, belə bir əsər ərsəyə gəlməmişdi. 1919-cu ildə Marsel Prustun romanının ikinci cildi işıq üzü gördü və həmin əsər Honkurov mükafatına layiq görüldü. Tənqidçilər anladılar ki, Prusta qarşı haqsızlığa yol veriblər. Brilyant palçığa batdı, lakin parlaqlığını itirmədi.

Prusta böyük şöhrət gəlmişdi. Lakin 3 il sonra o, ağ ciyər sətəlcəmindən vəfat etdi: ağrı və əzablar içində. Ancaq ölməzdən əvvəl kitablarında müəyyən dəyişikliklər etməyi bacardı. Marsel Prust ölərkən yaxınlıqda heç bir qadın olmayıb. Çünki o, anasından savayı heç bir qadını sevmirmiş.

Prustun əsərlərində XIX əsr Fransasının bütün yazıçılarının ənənəsi duyulub. Balzakın illüziyaları, Floberin gerçəkliyi, Stendalın daim qabartdığı psixoloji məqamları - Prust bütün bunları əsərlərində cəmləməyi bacarmışdı. Yazıçının çox oxunmasına səbəb də bu idi: İllüziya, gerçəklik və psixoloji məqamlar. Prustun fəlsəfəsi yalnız ardıcıl subyektizmlə məhdudlaşmırdı, həm də içində ardıcıl idealizm də hökm sürürdü: "Həqiqət, gözəllik, xoşbəxtlik yalnız daxilimizdədir" anlamı. Biz sevgini özümüzdə daşıyırıq, bu, ürəyin tələbatıdır. Sevimli qadın isə - sadəcə təsadüfdür. Prustun üslubunu mikroskopik üslub adlandırıblar: sanki insan əşyanın içinə girir. O, Avropanın modernizm duetini - Coys və Kafkanın sırasını zənginləşdirib trio yaratdı: Coys-Kafka-Prust triosu.   

Yeni əsrin başlanğıcında baş verən hadisələr əsərlərinə təsirsiz ötüşdü. Əsərlərindəki əsas məqamlar XIX əsrlə bağlı oldu. Əsasən, Fransa-Prussiya müharibəsinin təsirləri kitablarında nəzərə çarpdı. Bəlkə də, 1922-ci ildə vəfat etməsəydi, Ümumdünya maliyyə böhranını, İkinci Dünya müharibəsini, ölüm düşərgələrindəki vəhşətlər də əsərlərinə nüfuz edərdi. Və bu onun təqdimatında çox möhtəşəm alınardı.

Kommunanın tüfənglərinin əlindən qurtulan Prust ailəsində doğulan Marsel sağlığında orduda xidmətə göndərilmədi, astma xəstəliyi bu arzusunu ürəyində qoydu. Heç hündürlüyü də hərbə uyğun gəlmədi: 1. 68 santimetr. Həyatının ikinci hissəsini astma xəstəliyinin əzabları içində yaşayan yazıçı tezliklə öləcəyini duyurdu. Məhz bu səbəbdən "İtirilmiş zamanın axtarışında" əsərinin cildlərini yazıb nəşriyyatlara təhvil verirdi. Həmin əsər 15 cild oldu. Antuan Ekzüperi hesab edirdi ki, "bu, Prustun avtobioqrafiyasıdır". Əksər yazıçılar onunla razılaşmırdılar: "Prust elə də çox yaşamayıb ki, 15 cildə yerləşsin". Hər halda bu məsələ hələ də çözülməyib. Yazıçının bioqrafı Alen de Botton yazırdı ki, Marsel Prustun əsərlərində ənənəvi fəslsəfi problemlər mövcud olmayıb. O, yalnız həyatdakı vacib suallara cavab tapmağa çalışıb. İnsanlara ən çətin anlarında nəyi necə etməyin yollarını obrazların dili ilə çatdırmağı bacarıb. Anladıb ki, hər çətinlikdən çıxmaq mümkündür. Budur, onun əsərlərinin insanlara faydası. Xəstəliyi isə obrazlarının faciəsini mükəmməl şəkildə əks etdirməsinə imkan yaradıb. Dahi yazıçılar düşünür ki, Prust xəstəlikdən əziyyət çəkməsəydi də, faciəvi taleli insanların daxili dünyasını əsərlərində təsvirini verə biləcəkdi. Çünki o, hər yazıçıya məxsus olmayan xüsusi istedadla doğulmuşdu.