Tofiq Məlikli-80: Bir dahinin tənhalığı - Vaqif YUSİFLİ

Görkəmli türkoloq Tofiq Məliklinin 80 yaşı tamam olur

Vaqif YUSİFLİ

 

"Fazil Hüsnü Dağlarca anadan şair doğulmuşdu, onun istedadı Allah vergisiydi. Orijinal düşüncə tərzi, dünyaya baxışı, özünə məxsus üslubu onu fövqəladə dərəcədə yeni, fərqli bir ədəbi dünya yaratmış unikal şəxsiyyət və sənətkar kimi formalaşdırmışdı".

Bu sətirlər məşhur türkoloq, filologiya elmləri doktoru, professor Tofiq Məliklinin "Dahinin tənhalığı. Fazil Hüsnü Dağlarca" roman araşdırmasından götürülüb və biz bu kitabı bütün elmi fəaliyyətini türk xalqlarının ədəbiyyatına, dilinə, mədəniyyətinə həsr edən bir alimin uğurlarından biri kimi qiymətləndiririk. Doğrudan da, Moskvada yaşayan həmyerlimiz klassik və müasir türk ədəbiyyatının ən mötəbər araşdırıcılarından biridir. Uzun illər Tofiq müəllim Moskvada - SSRİ EA Şərqşünaslıq İnstitutunda, Dünya Ədəbiyyatı İnstitutunda, Moskva Dövlət Linqvistika Universitetində, bir müddət isə Türkiyədə, İstanbul Universitetində professor kimi çalışmışdır. Yüz əllidən çox elmi məqalənin müəllifi olan Tofiq Məlikli "Yeni türk şeiri: təşəkkülü və inkişafı", "Nazim Hikmət və Türkiyənin yeni şeiri", "Türk ədəbiyyatı: Köklər və budaqlar" "60-cı illərin əvvəli, 70-ci illərin sonunda türk poeziyası", "Türkoloji problemlər", "Türkiyə ədəbiyyatı tarixi" və başqa sanballı monoqrafiyalar da nəşr etdirmişdir. Tofiq Məliklinin əsərləri dünyanın bir çox dillərinə (ən çox Türkiyə türkcəsinə) tərcümə olunmuş və sevindirici haldır ki, dünya türkologiyasında da onu qəbul və etiraf edirlər. Və bu sırada onun tərcüməçilik fəaliyyətini də qeyd etsək, həmyerlimizin titanik fəaliyyəti bizi heyrətləndirməyə bilməz. Yeri gəlmişkən qeyd edim ki, bu il avqustun 31-də Tofiq müəllimin 80 yaşı tamam olur. Həyatı və elmi fəaliyyəti Bakı, Moskva və Türkiyədə davam edən Tofiq Məlikli - dünya türkologiyasında etiraf olunan bu görkəmli alim harada yaşayır-yaşasın, bütün varlığı ilə Azərbycana, Bakıya bağlıdır.

Tofiq müəllimin XX əsr türk poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Fazil Hüsnü Dağlarca haqqında əsər yazması da təsadüfi deyil. O, bu böyük şairlə qırx il dostluq əlaqələri saxlamış və təkcə onun yaradıcılığını araşdırmaqla kifayətlənməmiş, həm də canlı söhbətlərini dinləmişdir.

Fazil Hüsnü Dağlarca hərbçi ailəsində dünyaya gəlmişdi, amma bu ailədə ədəbiyyata xüsusi həvəs, maraq var idi. Atası istəmirdi ki, o, Ədəbiyyat fakültəsində oxusun, Fazil də elə bu səbəbdən hərbi məktəbdə oxudu. Şeir, poeziya isə onun canındaydı, "qılınc və qələm" mübarizəsində mənəvi qələbəni qələm qazandı və Tofiq müəllim çiyinlərində türk ordusunun ulduzlarını gəzdirən, amma ürəyi poeziya eşqi ilə döyünən Fazilin ədəbiyyat sevgisini əsl romançı kimi qələmə alır. Təbii ki, onun bu poeziya sevgisinin alovlanmasında bir çox türk şairlərinin böyük rolu oldu. Tanınmış şair Yusif Ziya Ortac onun şeirlərini bəyənib "Cümhuriyet" qəzetində bu şeirlər haqqında məqələ ilə çıxış etdi. Türk şeirinin böhran keçirdiyi bir vaxtda belə bir istedadlı gəncin poeziyada nəsə yenilik yaratmağa cəhdi Yusif Ziyanı çox sevindirir və o yazırdı ki: "Bu gün Fazil Hüsnüdən danışmaq istəyirəm. Onun adı hələ ki bir məktəbin hüdudlarından kənarda tanınmır... Bu yaxınlarda Fazil Hüsnü mənə qara üzlü bir dəftər verdi. Bu qara üzlü dəftər də, bu gənc şair də sanki xəbər verir: "Daş heykəlin gözləri görməyə, dili açılmağa başlayır... Fazilin sayəsində türk poeziyası böhrandan çıxa bilər". Beləliklə, Fazil Hüsnü Dağlarca keçən əsrin otuzuncu illərində istedadlı bir şair kimi məşhurlaşmağa başlayır və ilk şeirlər kitabı da ("Havaya sızılan dünya") 21 yaşı olanda işıq üzü görür. Tofiq Məlikli yazır: "Havaya sızılan dünya" kitabındakı şeirlər yeni obrazlar, bənzətmələr, müqayisələrlə çox zəngindir. Bu şeir toplusu gənc şairin poetik hissiyyatını, geniş təxəyyülünü nümayiş etdirirdi. Onun obrazları güclü daxili enerji ilə yüklənmişdi və bu enerji üzə çıxmağa can atırdı. Misal gətirir müəllif:

 

Yalqızlıq, səhərlərin

            yaşadığı yalqızlıq

Suların içindəki işıqlar qədər ilıq.

Hüzün, o dodaqlarda qalan hüzün

Günorta vaxtlarında

            aydınlığı gündüzün.

Yuxular, ilk gəncliyin

            gündüz kimi yuxusu,

Vücudun balıq olub içində üzdüyü su.

Səssizlik, gecə vaxtı kimsəsiz yollarda

Sükut dağlarının ortasındakı ada.

Dodaqların xəbərsiz söylədiyi mahnılar

Vücudun ağaclardan öncə

            duyduğu bahar.

 

Otuzuncu illəri türk ədəbiyyatının ən mürəkkəb dövrü, həm də dönüş çağı adlandıran müəllif yazır ki, bu illərdə türk poeziyasında iki əsas cərəyan vardı: Yeni şeir və milli poeziya. Milli poeziya nümayəndələrinin yaradıcılığında müəyyən durğunluq hiss olunurdu, odur ki, yeni şeirin təsiri daha artıq hiss olunurdu. Tofiq müəllim sanki bu hadisələrin içindəymiş kimi əsl bir tədqiqatçı ehtirası ilə türk şeirində 30-cu illərin mənzərəsini canlandırır. Xüsusilə, Nazim Hikmətin ədəbi kəşflərinin yeni şeirin başlıca faktoruna çevrilməsini, onun ardıcıllarının sayının artmasını və beləliklə, türk şeirində bir sıçrayış yarandığını nəzərə çarpdırır. Fazil Hüsnü "yeni poeziyanın prinsiplərinə şərik olmaqla yanaşı, onun bütün cərəyan və məktəblərindən kənar olmağı çalışır", öz fərqli poeziyasını yaradırdı. Onun "Uşaq və Allah" ikinci şeirlər kitabı da bu fərqli poeziyanı ortaya qoydu. Müəllif Allah, uşaq, ölüm, tənhalıq, ölüm qorxusu mövzularına daha çox müraciət edir, ancaq məsələ heç də bu mövzularda deyildi, əsas o idi ki, Dağlarcanın şeirlərində orijinal obrazlar, metaforalar, ritm diqqəti cəlb edirdi. Məsələn, ölüm haqqında bu misralara diqqət edin:

 

Kim adlamış bu qədər insanı,

Ki heç kim aldırmır ölümə.

Ölüm, ey göylərdən böyük,

Sığdıra bilmirəm səni könlümə.

Necə həyatı tərk edək, necə,

Bir məmləkətmi bu, bir əlbisəmi?

Mən necə ölə bilərəm, anlamıram,

Dünya yox olur bəlkə.

 

Müəllif yazır ki: ""Uşaq və Allah" kitabı Türkiyənin ədəbi aləmində əsl sensasiya oldu. Fazil Hüsnü dağlarcadan hər yerdə danışır, onu axtarırdılar. Türk tənqidi də kitabı diqqətdən kənarda qoymadı". Qırxıncı illərdə isə Fazil Hüsnünü şöhrətinin və ədəbi uğurlarının sayı artır. Yeni şeir kitabları işıq üzü görür. Amma ən əsası Türk şeirində Fazil Hüsnü Dağlarca yeni bir liderə çevrilir. Onun poeziyasında ictimai motivlər getdikcə artır, şeirlərinin auditoriyası genişlənir. "Fazil Hüsnü bu şeirlərilə ictimai ədalətsizlik zəncirlərini qırmağa çalışan doğma xalqın həyatını, əzilmiş, təhqir olunmuş insanların azadlıq və xoşbəxtlik arzularını dilə gətirirdi". "Ana torpaq" şeirlər toplusu türk kəndlisinin həyat və məişətini, ağrılarını, iztirablarını əks etdirən nümunələrlə diqqəti cəlb edirdi. Əllinci-altmışıncı illərdə Fazil Hüsnünün poeziyasında fəlsəfi motivlər aparıcı xəttə çevrilir. "Asu" kitabında şair dünyada baş verən ictimai-siyasi proseslər, Türkiyədə baş verən hadisələr fonunda İnsanın mürəkkəb, daxili ziddiyyətlərini əks etdirirdi. T.Məlikli Fazil Hüsnü Dağlarcanın şeirlərində dil məsələlərinə toxunur. Yazır ki, F.H.Dağlarca 1959-cu ildə on ədəbi və ictimai-siyasi jurnalında "Türk dili səviyyəsində yaşamaq" adlı şeir-manifestini çap etdirir və həmin şeirdə şairləri arı türkcədə, yəni yad sözlərdən təmizlənmiş türk dilində yazmağa səsləyirdi:

 

Hara getsəm tapar məni arınmış sözlər.

Bir çağ ki axar ötələrə.

Bir tək...ki uca atalar,

            bir al...ki ulu oğullar,

Türkcəm, mənim səs bayrağım.

 

Və bu niyyətlə Fazil Hüsnü 1960-cı ildə "Türkçe" adlı aylıq dərgi buraxmağa başlayır, bir sıra tanınmış yazıçı və alimləri öz ətrafında birləşdirir, şeirdə təmiz türkcənin varlığını sübut edir bu ziyalılar. Ümumiyyətlə, Dağlarcanın şeirləri türk dilinin zərifliyini, gözəlliyini əks etdirir, desək azdır, bu şeirlərin əksəriyyəti türk düşüncənin necə saf, təmiz olduğunu isbatlayır. Tofiq müəllim onun şeirlərinin bir çoxunu azəriləşdirib, amma o fərqi elə də hiss etmirik. Baxın:

 

Məndən sənə nə qala bilər.

Düşüncələrim deyil,

O, ağılın.

Çiçəklərim deyil,

O, təbiətin.

Əsərlərim deyil,

O, insanlığın.

Nəfəslərim deyil,

O, azadlığın.

Məndən sənə

Sevgim qala bilər.

O, heç kəsin deyil

O, ancaq sənin.

 

T.Məliklinin kitabında Fazil Hüsnü Dağlarcanın təkcə Türkiyədə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da məşhur bir şair, həm də son dərəcə müasir bir şair kimi tanınmasından da söz açılır. Məlum olur ki, 1967-ci ildə Amerikanın Pitsburq şəhərində keçirilən beynəlxalq poeziya forumu ən məşhur və nəhəng türk şairi adı uğrunda müsabiqə elan etmişdi. Müsabiqənin şərtlərinə görə, münsiflər heyətinə ən mötəbər türk alim, tənqidçi və ədəbiyyatşünasları daxil idilər. Onlar yekdilliklə bu beynəlxalq mükafatı Fazil Hüsnü Dağlarcaya verməyi qərara alırlar.

Fazil Hüsnü Azərbaycanda da olub (1969-cu ildə). O, bizdə olarkən Rəsul Rza və Tofiq Məlikliylə birlikdə Şamaxı, Gəncə, Göyçay və Göygöldə olmuşdur. Sonralar o, "Azərbaycan silsiləsi"ndən gözəl şeirlər yazmışdır. Söhbətimi həmin şeirdən bu misralarla bitirmək istəyirəm. Və professor Tofiq Məlikliyə təşəkkür edirəm ki, görkəmli bir türk şairinin dünyası ilə bizi tanış edir.

 

Türkcə səslər gəlir yollardan.

Qaranlığı yox edir türkcə işığı.

Bir az İzmirə bənzər,

Bir az İstanbula.

Səslənir radiodan mahnılar

Bir budaqdan axar dilin.

Qovaqlarla, çinarlarla, ardıclarla,

Təbiətin eşiyinə

Daşar yaşılın.

Ta içindəki bir yarpaq

Bakıda oyanmaq.

 

Son söz: Tofiq Məlikli insan kimi son dərəcə səmimi və istiqanlıdır. Cəmi bir neçə dəfə görüşüb söhbət etmişik. Onun gülər üzü, mehriban baxışı var.  Son görüşümüz bu il iyul ayında Şuşada - Vaqif Poeziya Günlərində oldu. Onun gözlərindəki hədsiz sevincin şahidi oldum - bu, qələbə sevinci idi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!