Rüstəm Kamalın yaradıcılıq mühiti və filoloji esseləri - Xalq şairi Nəriman Həsənzadə yazır

 

"Görkəmli ədəbiyyatşünas, filoloji esselər müəllifi, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru və Sosial Elmlər Akademiyasının həqiqi üzvü" Rüstəm Kamalın "Güzgü günü" kitabı qarşımdadı. Yuxarıdakı cümləni də kitabdan götürmüşəm.

Qələm dostumuzun 60 yaşı tamam olur.

Mübarək olsun!

Belə yaş sahiblərini, adətən müəyyən əmək fəaliyyətinin yekununa görə, halal haqqı kimi qeyd edirlər. Rüstəm müəllimin də halalı olsun!

Ancaq bəzən düşünürəm, İnsan dediyimiz bu Tanrı varlığının yeganə ölçü vahidi yaşıdımı?! Bəlkə də buna görə böyük türk şairi Nazim Hikmət deyirdi ki, insan hər yaşda gəncdir.

Ustad şairin bu fikrini yaradıcı kimsələrin həyatına tədbiq edəndə görürük ki, həqiqətin özü belə nisbidir, mütləq deyil. Rüstəm Kamal gümrahdı. Əslində mən bunu demək istəyirdim.

Tanışlığımız yaxşı yadıma gəlmir. Maşınla hansı görüşdənsə qayıdırdıq, yanımda əyləşənlərdən biri Rüstəm müəllim, o biri də hər ikimizin dostu ədəbiyyatşünas alim, professor Məti Osmanoğluydu. Rüstəmin təbiətindəki istedadın qeyri-adiliyini (adətən özünəməxsusluğu da deyirlər) o vaxt daha yaxından müşahidə etmişdim. O danışmağa, ya da söhbətə başlamazdan qabaq, sanki musiqi aləti kimi istədiyi bir havaya köklənir. Maraqlı, ilhamlı çağları başlayır. Bəlkə də ürəyindəki esselərdən birini şifahi danışıb bitirir. Yanındakının sözünü, sualını belə "eşitmir". Bu, yəqin, onun zahiri, görünən tərəfidir. Rüstəmdə olan mədəni səviyyə, onun ziyalılığı isə qibtəediləcək dərəcədə yüksəkdir.

Şifahi söhbətləri zamanı poetik fikirlərini, obrazlı deyimlərini, bir növ, Qərb-Şərq çaları olan zərb-məsələlərini səpələyir sağa-sola. O məqamlarda demişəm ki, Rüstəm, danışma, Rüstəm, yaz! Şifahi deyilənlər itə bilər.

Sonralar inandım ki, onun stixiyasıdır. Şifahi danışıqları - yaradıcılıq axtarışları imiş. "İtirdiyi" bənzətmələrin əksəriyyətini yazdığı filoloji esselərdə tapmaq olurmuş.

Anadan şair doğulduğuna da şübhə yerim qalmır, çünki yazılarındakı poetik tutum, təbii sinə havası bunu deməyə əsas verir.

Hörmətli professor Məti Osmanoğlu bu maraqlı (təkcə maraqlımı!) qələm sahibinin əsərlərini "Güzgü günü" (2017) kitabına yazdığı ön sözlə geniş təhlil edir, qiymətli fikirlər söyləyir.

O yazır ki: "Xosse Orteqa Qasset sənət əsərlərinə baxışı fizikioptik hadisə ilə müqayisə edərək yazırdı: "Oxucu təsəvvür eləsin ki, biz hazırkı an pəncərə şüşəsinin arxasından bağçaya baxırıq, bizim gözümüz özünü o şəkildə hazırlamalıdır ki, görmə şüası şüşədə dayanmadan onu keçsin, güllərdə və yarpaqlarda qərar tutsun"".

Burada məşhur ispan filosofu X.O.Qassetin (1883-1955) Avropa mədəniyyəti qarşısında qoyduğu estetik prinsiplərdən söhbət gedir və R.Kamalın filoloji esselərinin təhlili yer alır.

İspan filosofu deyirdi: "Modern əsərlər xüsusi qabiliyyəti olan və maariflənmiş azlıq üçündür, bu da təbiidir ki, kütləni, əksəriyyəti qıcıqlandırır... Müasir mədəniyyətin mühüm ziddiyyətli problemi çoxluq ilə elitar mədəniyyət arasındakı ziddiyyətdir".

Hələ Z.Freyd isə: "məlumdur ki, yaradıcılığın mahiyyəti ümumiyyətlə dərkolunmazdır" - deyirdi.

Rüstəmin taleyi elə gətirmişdir ki, gənc yaşlarından Avropanın mərkəzi yerlərindən birində - Şərqi Prussiyanın Köniqsberq şəhərində, İ.Kant adına Universitetin Filologiya fakültəsində təhsil almış, o mühitdə də gənc yazıçının yaradıcılıq profili formalaşmışdır.

Müəllif özü də sonralar yazırdı: "...yaşa dolduqca mənim üçün süjetlər elə bir önəm daşımır, dilin təhkiyədə "rəqs etməsi", oxuması maraqlıdır".

Əsərlərində "tale instinkti", "mistik təsadüf", "epik müdriklik" kimi tərkiblərilə o, insan xarakterlərini müəyyənləşdirir, tənhalığın gücünü nişan verir; sistemliliyin isə - metodoloji prinsip kimi "Şuşanın inşasını, Vaqif poeziyasını, "Koroğlu" dastanını, ədəbi dilin frazeoloji qatını "bir hadisənin üfüqündə" görməyə imkan verir, - deyə yazır.

Akademik Nizami Cəfərovun ədəbi portretini yaradarkən, onun təbiətindəki türkçülüyü xüsusi nəzərə çarpdırır: "Onun üçün Nizami Gəncəvinin türk mütəfəkkiri olmasının bir vacib sübutu da "Xəmsə"də türk epos məntiqinin və təhkiyə modellərinin işlədilməsidir". Müəllif Nizaminin epos potensialını onun siyasi fəaliyyətinin əsası kimi göstərir, eyni zamanda xarakterik xüsusiyyət kimi o, siyasi liderlərin (söhbət Atatürkdən və Heydər Əliyevdən gedir) dövlətçilik ideallarını eposdan gələn yaddaşla bağlayır" ("Nizami Cəfərovun dastanı").

R.Kamal adilikdə qeyri-adiliyi axtarır və tapır: mətnin və sözün o biri üzündəki gerçəkliyi - sənət adlanan möcüzəni kəşf edir (M.Osmanoğlu), həyatın, dünyanın, insanın özünün belə möcüzə olduğu bir mühitdə yaşadığımızı xatırladır.

Vaxtilə qədim Yunanıstanda hələ Sokratın suallarından biri bu idi ki, özünü dərk et! Bu, bəlkə də böyük filosofun insanı təbiətlə, yaşadığı ictimai mühitin özüylə dialoqa çağırışıydı!

Təsadüfi deyildi ki, o, sonralar daha konkret tələblər irəli sürür: "...dünyaya təbiətin verdiyi gözlə yox, öz şüurunun, öz mədəniyyətinin gözüylə" baxmağı təklif edirdi.

R.Kamalın bədii yaradıcılığından və onun müəllif bəyanatından da gördük ki, bədii yaradıcılığa başladığı ilk gündən, Avropa mədəniyyətinin güclü təsirini yaşamış, həyata, insana baxışları məhz bu istiqamətdə cilalanmış, "mifoloji inancların" köməyilə "mistik obrazlar" qalereyasını yaratmışdır.

Bu illər ərzində onun çoxlu oxucusu yetişmiş, filoloji esseləri barədə fikir söyləyib qiymət verən ədəbi tənqidin nüfuzlu nümayəndələri dəfələrlə çıxış etmişlər.

"Səslənmə "içi çölə tökən" məqamıdır" - deyən R.Kamal iki Xalq şairi - M.Dilbazinin və N.Rəfibəylinin Məhsəti yaradıcılığına müraciətini müqayisə edərək belə bir qərara gəlir ki: "...əgər Dilbazi ovqatını epik sözə çevirirdisə, N.Rəfibəyli isə lirik sözdə gerçəkləşdirir. M.Dilbazi dərdi danışır, N.Rəfibəyli kədəri oxuyur".

Beləliklə, sanki o, dərdin siqlətini, kədərin isə poetikasını üz-üzə qoymuş olur. O yazır: "...şair natürmort poetikası ilə ona metoforik məna verir. Nigar Rəfibəylinin avtoportreti payızda göyərən zoğlar, "sarı qumlu sahillərdə çırpınan gümüş telli ləpələr", "dənizdə batan günəş"dir.

Bu avtoportret ruhun obrazıdır ("Gəncə - ayrılıq şəhəri").

İnsani hisslərin bu sehrkar müşahidəçisi R.Kamal bu dəfə özünü Xalq şairi Səməd Vurğunun üzündəki gülüşlərə çevirir.

Yazıçı dostları ilə olan zarafatları, "Vaqif" mənzum pyesindən gətirdiyi yumoru, gülüş doğuran misraları, arvadı Xavər xanıma yazdığı məktublardakı ailə-məişət ərköyünlüyünü, yaşamaq eşqini və s. misal gətirir.

Lakin müəllif o üzlərdə gördüyü "daimi" gülüşlərin yerində dünyanın o biri üzünü də nişan verir.

Bütün bu gülüşlərin sirrini anlamaq üçün, ömür - insana verilən bir imkandır, - deyir. Tərəddüd etmədən deyir. Həyatın fəlsəfi tərəfini, görünməyən üzünü bizə göstərir.

Tələbəlik illərində, Tartu Universitetinin tarix muzeyində böyük alman filosofu İmmanuil Kantın ölüm maskasını görmüşdüm. Köniqsberqli müdrikin üzündəki sarkazm kinayəli gülüşü hələ də yadımdadır.

Səməd Vurğun da dünya ilə vidalaşanda üzündə gülüş donmuşdu ("Vurğun gülüşü").

Avropa mədəni irsinin yaradıcı təsirilə, bir Şərqli ürəyilə qələmə aldığı fəlsəfi esseləri Şərqlə Qərbin nəfəs qovuşağı (nəfəs qohumluğu da demək istərdim) kimi də qəbul etmək mümkündür. Axı, "İnsan təkcə cəmiyyətin üzvü deyil, həm də ümumbəşər nəslinin nümayəndəsidir" (Erix Fromm).

Bu baxımdan, məşhur ingilis yazıçısı R.Kiplinqin Asiya qarışıq "Qərb-Qərbdir, Şərq-Şərq. Onlar bir yerdə yaşaya bilməzlər" deməsi siyasi-fəlsəfi proqnoz kimi ola bilsin ki, müəyyən ictimai quruluşun, yaxud siyasi-iqtisadi dayaqlara söykənən təbəqələrin dayaqlarını təmsil etsin, ancaq mədəniyyətlərin özünəməxsusluğu onları bir-birindən təcrid etmir, əksinə, yaxınlaşdırır, tamamlayır, bəşər mədəniyyəti xəzinəsinə əvəzsiz töhfə kimi qiymətləndirilir.

Mədəniyyətlərin fərdi xüsusiyyətlərinə gəldikdə, buna mühafizəkarlıq kimi yox, milli dünyagörüşün reallıq forması kimi baxmaq və qəbul etmək düzgün olardı.

Bu da məlumdur ki, Avropa mədəniyyəti və fəlsəfi cərəyanları intibaha can atır, əslində qədim Yunan mədəniyyətini dirçəltmək məqsədi güdürdü.

Hələ vaxtilə Aristotel yazırdı: "...sənət gerçəklik sahəsinə deyil, yaradıcılıq sahəsinə daxildir". "Hər bir sənətin vəzifəsi - təbiətdən çatışmayan şeyləri tamamlamaqdan ibarətdir".

M.Osmanoğlu R.Kamalın ədəbi axtarışları zamanı bu "çatışmayan şeylərin", "sənət möcüzəsi" olduğunu bəyan edir və müəllifin "ədəbi kəşfi" kimi qiymətləndirir.

Mən inanıram ki, 60 yaşını qeyd etdiyimiz qələm dostumuz nəinki təkcə "filoloji esselər" ortaya qoyacaq, hələ "tarixi", "coğrafi", "əxlaqi", bəlkə "riyazi" esselər də yazacaq, yeni "ədəbi kəşflərini" edəcəkdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!