Savaş sözdən başlayır - Şair dostum Elxan Zalın ad gününə - Əsəd CAHANGİR

Əsəd CAHANGİR

 

Təxminən 20 il öncə Elxan Zal Qaraxanlının "Savaş ayələri" kitabında toplanmış şeirləri ilə ilk dəfə tanış olanda öz türkçü məzmunu, mistik-tarixi ruhu, özünəməxsus dil-üslubu ilə seçilən bu şeirlər məni sözün yaxşı mənasında təəccübləndirmişdi. Ona görə yox ki, onlar mənim üçün gözlənilməz idi, əksinə, əski türk daş bitiklərini az qala əzbər bilən biri və Mahmud Kaşqarlı "Divan"ı haqqında Azərbaycanda ilk monoqrafiyanın müəllifi kimi mən bu şeirləri gözləyirdim. Amma bu tezliklə yox, 10-15 ildən sonra və məni təəccübləndirən də şairin gözləntilərimi qabaqlayaraq, belə qəfil peyda olması idi. Təəccüblənmişdim ki, Azərbaycan şeirinin minillik inkişaf məntiqindən doğmayan, nəinki Nizaminin epik, Füzulinin lirik poeziyası, Cavidin türkçü şeirləri, Səməd Vurğunun xalq şeiri ənənələri üstündə köklənməyən, hətta Rəsul Rzanın modernist poeziyasından da gəlməyən bu şair kimdir, hardan belə peyda oldu?  O, Ərgənəkondan çıxıb bütün dünyanı bürüyən türklər kimi birdən-birə yerin təkindənmi çıxıb, yoxsa Boz qurd kimi qəfil göydənmi düşüb?

Çünki mən onda Elxanı nəinki hələ yaxşı tanımır, ümumən, tanımırdım və bilmirdim ki, o bu şeirlərə doğru onillərlə yol gəlib və bu şeirlər 40 yaşın hüdudunda ona  nənələrimizin diliylə desək, bir vergi kimi verilib, yaxud Yunqun psixoanalitik təlimi üzrə desək, daxili yaradıcılıq enerjisi olan libidonun sözə sublimasiyası şəklində üzə çıxıb. Bilmirdim ki, Elxanın şeirlərində Nizamiyə məxsus epizm də, Füzuliyə məxsus lirizm də var, o öz türkçülüyü ilə Cavidin, xəlqiliyi ilə Vurğunun, modernizmi ilə Rəsul Rzanın, bir sözlə, "min beş yüz illik Oğuz şeiri"nin  varisidir!  Diqqət edin - təkrarçısı yox, məhz varisi, davamçısı! Biz gəlişmədən ibarət olan ənənəni çox zaman təkrarçılıqla qarışdırırıq, elə buna görə də Elxanın şeirləri bizə bu qədər gözlənilməz gəlirdi! Sonralar gördüm ki, Elxan Zal öz gözlənilməz gəlişi ilə təkcə məni yox, çoxlarını heyrətləndirib. Gözlənilməzlik heyrətləndirmək, heyrətləndirmək isə qalib gəlmək deməkdir! Elxan Zal qalib gəlmişdi! Amma bu, 40 yaşlı şairin "tam qələbə"siydi, o özünün "qəti qələbə"sinə mənəvi sıxıntılar, maddi məhrumiyyətlərdən keçərək hələ daha 20 il yol getməli, 60-ı aşırmalıydı! Eynən bu qələbəyə doğru əzabla, ümidlə, həsrətlə  dolu  20 illik yolu olan Azərbaycanımız kimi! Nə mutlu sənə, şair, taleyin xalqın taleyi ilə üst-üstə düşürdü!

Bizdə uzun əsrlər boyu "türkçülük" sözü olmayıb, türkçülüyün özü olub, daha dəqiq desək, türk poeziyası olub. Füzuli "türkçü bir poema" yox,  "Leyli və Məcnun"u türk dilində dastan kimi yazıb. Xətainin, Vaqifin poeziyası "türkçü poeziya" yox, türk poeziyası idi. Ərəb-islam  fütuhatı türklüyü nəinki "türkçülüklə" əvəzləmədi, bizi özümüzə yadlaşdırmadı, əksinə, doğmalaşdırdı. Türkün bir qövm olaraq özünüdərki islamla qovuşandan sonra başa çatdı. Çünki İslamın "cihad" və türkün "savaş" anlayışları doğma idi, İslam türkü, türk islamı qoruyurdu, müəyyən zahiri fərqlərə baxmayaraq, mentalitet eyni idi - səhra da çöl, çöl də səhra kimiydi! Elxanın "Qurdar uluşan gecə" kitabından sonra ikinci kitabına məhz "Savaş ayələri" adı verməsi təsadüfi olmayıb, şairin aydın dərk olmuş, məqsədyönlü türkçü-islamçı konsepsiyasından xəbər verirdi. Savaş burda türklüyü, ayələr isə islamı təmsil edirdi. 

Özündə müəyyən yadlıq, ögeylik daşıyan "türkçülük" anlayışı Türkiyədə fransızların mənəvi, Qafqazda, Rusiyada və Türküstanda  rusların həm də hərbi işğalından sonra başladı. Türkçülüyə münasibətin ən neqativ forması sovetlərin repressiya dönəmində "pantürküzm" damğasında meydana çıxdı. 60-cı illərdən sonra B.Vahabzadə, Ş.Əkbərzadə, S.Rüstəmxanlı kimi şairlərin, böyük fikir mücahidlərinin yaradıcılığında baş qaldıran özünəqayıdışın fərqinə varılmadan "türkçülük" adı altında təqdimi  də məhz bu proseslərin məntiqi davamı idi. Elxan Zal Qaraxanlı poeziyasında biz artıq türkçülük yox, ülküçülükdən danışa bilərik.  Bu, millətin özünüdərkinin, özünəqayıdışının inkişafında yeni mərhələnin başlanğıcı, Elxan Zal isə bu mərhələnin poeziyada ilk qaranquşu idi.

Millətin özünüdərki, eləcə də bədii özünüdərkinin paradoksal bir cəhəti var - özümüzdən, sözümüzdən uzaqlaşdıqca ona yaxınlaşırıq (İnkişaf düz xətt yox, dairə modeli üzrə gedir). Məhz buna görə Səməd Vurğunun şair idealı Vaqif,  Ramiz Rövşəninki Füzuli, Murad Köhnəqalanınkı Yunis Əmrə, Həmid Herisçininki  Mövlana idi. Bəzən bu ümumi qayıdış çevrəsini qabaqlayan sıçrayışlar da olurdu - Vaqif Bayatlı Odərin Dədə Qorqud poeziyasına dönüşü kimi. Amma ən genəldə bədii-tarixi yaddaşımızın daha dərin qatlarına zamanla ardıcıl eniş qanunauyğunluğu pozulmurdu. Elxan Zalın poeziyası  bu qayıdışın yeni mərhələsi - Mahmud Kaşqarlı   "Divan"ındakı savaş şeirlərinə dönüş idi. Ordu günü - 26 iyunda doğulan bir şairin savaş şeirləri yazmasından məntiqi nə ola bilər ki?

Bu dönüş prosesi təkcə şeir yox, nəsrdə də gedirdi, məsələn, Anarın "Dədə Qorqud"a qayıdışı kimi. Anarla Elxan Zalı birləşdirən məqam - birincinin  Beynəlxalq Mahmud Kaşqarlı Fondunun sədri, ikincinin isə onun müavini olması da, görünür, təsadüfi olmayıb, sənətdəki prosesin sənədləşməsi demək idi.

Amma Mahmud Kaşqarlı məsələsinin tam izahı janr və coğrafi baxımdan daha geniş - ümumtürk alanına çıxmağı tələb edir.  Elxan Zal Qaraxanlının şeirlərinin əski ruhu istənilən Azərbaycan şairi və yazıçısından daha çox, Türkiyə şairi Mustafa Necati Yıldırımın poeziyası və türk nasiri, ünlü "Bozqurdlar" romanının müəllifi Hüseyn Nihal Adsızın nəsri ilə daha yaxından səsləşir. Bu amil onu ümumtürk dünyası şairinə çevirir. Heç kəs öz yurdunda peyğəmbər olmur. Bəlkə, elə buna görə Elxan Qazaxıstanda Azərbaycanda olduğundan daha məşhurdur. Məhz buna görə onun haqqında "Hər zamanın öz Elxanı doğulur" adlı ilk və hələ ki son monoqrafiyanı Azərbaycan yox, Tatarıstan ədəbiyyatşünası Çolpan xanım Zərif hələ neçə illər öncə yazıb. Məhz buna görə Elxanın səsi gah bu, gah digər türk respublikasında keçirilən beynəlxalq əhəmiyyətli tədbirdən gəlir, şeirləri müxtəlif türk xalqlarınn dillərində yayımlanır.  Amma Elxan Zal da bu diqqətə, güvənə borclu qalmır, türk-islam  dünyasının ünlü ədəbi və siyasi təmsilçilərindən Oljas Süleymenov, Ataol Bəhramoğlu, Çingiz Bektaş, Məhəmməd İqbal, Abay Kunanbayev və digərlərinin əsərlərini dilimizə çevirərək xalqlarımız arasında ədəbi-mədəni yollar çəkir, körpülər salır. Şairlərinki ipək yolu yox, ürək yolu salmaqdır. İnanıram ki, bu gün hər hansı türk respublikasına Elxan Zalın saldığı ürək yoluyla getsən, səni ən doğma adam kimi qarşılar, ən sayqılı şəxs kimi ağırlarlar. Öz qələm dostlarını tez-tez belə səfərlərə aparan Elxan insafən bir neçə dəfə mənə də yol yoldaşı olmağı təklif edib, vaxt məhdudiyyətindən gedə bilməmişəm, amma bir də belə təklif olsa, şansımı qaçırmaq, imtina eləmək fikrim yoxdur. Elxan qələm əhli arasında bir ölkədən digərinə birlikdə gedə biləcəyim yəqin ki, yeganə adamdır. 

Elxan Zal Qarabağ zəfərinə qədər türk döyüş poeziyasına dönüşün  milli şeirimizdə, sadəcə, ilk nümayəndəsi yox, həm də son təmsilçisi olaraq qalırdı.  Nədən ki, qaranquş gəlmişdi, amma hələ də düçüncəmizin baharı gəlməmişdi, hələ qardələnlər qar altındaydı, hələ də İlhan Mansızın Koreyanın qapısından keçirdiyi topun önəmi, Alparslanın boynuna kəfən dolayıb Malazgirtdə döyüşə girməsindən bizim üçün daha önəmliydi! Nədən ki, döyüş  ruhumuz, milli-tarixi yaddaşımız hələ də uyqudaydı. Elxan Zal öz həyəcan təbili ilə bizi bu uyqudan oyadır, nə qədər paradoksal səslənsə də, bu dəfə artıq Sabirin varisi kimi çıxış edirdi:

 

Cəngin zamanı gəldi,

Tonqalı yandır!.. daram!

Daram, daram, dam, daram!

Yuxlamış ruhumuzu

Titrət oyandır... daram!

Daram, daram, dam, daram!

 

Cəngin zamanı gəldi! Ali Baş Komandanımız cənab İlham Əliyev bu əmri vermək üçün 20 ilə yaxınıydı ki, əlverişli fürsət gözləyirdi! Bu, məntiqiydi! Ov bərəyə gəlməliydi! Şair isə tələsir, heç bir diplomatik, iqtisadi sorunun çözümünü gözləmədən öz bədii əmrini  20 il öncə verirdi! Bu da məntiqiydi! Çünki əmr öncə sözdə, ədəbiyyatda, sonra döyüş meydanlarında verilir! Çünki hər şey kimi, savaş da sözlə başlayır və sözdən başlayır!

Savaş şairi Elxan Zalın bütün həyatı döyüş içində keçib. O, Birinci Qarabağ müharibəsində özüylə, İkinci Qarabağ müharibəsində isə şeiri, sözüylə iştirak edib. O, kirayə evlərdə keçirdiyi bu ömür savaşında gəncliyini, sağlamlığını, həyata keçməyən arzularını, 60 illik ömrünü verib və qarşılığında heç nə istəməyib - nə layiq olduğu fəxri adı, nə uğurla daşıyacağı vəzifəni, nə qürurla gəzdirəcəyi orden-medalları. Amma başının üstündə türk əcdadları kimi bir planetlik səma olan şairin ayağının altında 60-70 kvadrat metrlik bir olacaq olmalı deyilmi? Axı, bu dünyada hər şey kimi insan da ağac metaforasına bənzəyir - budaqları ilə göylərə baş vursa da, kökləri ilə yerə bağlıdır. Elxanın neçə ildən bəri Baş redaktorluq elədiyi "Ulu çinar" jurnalının əsas ideya qaynaqlarından biri olan Rəsul Rzanın ünlü "Ulu çinar" şeirində dediyi kimi:

 

Belə məğrur dayanmağa haqlıyam,

Öz kökümlə bu torpağa bağlıyam!

           

Bütün dünya bədii fikri min illərdir ki, iki mövzunun ətrafında fırlanıb - qəhrəmanlıq və məhəbbət! Bunlardan biri sözün "in", o biri "yan" başlanğıcı, biri sözün xəncəri, o biri qızılgülüdür. Elxan Zal bu iki zidd anlayışı belə özünəməxsus şəkildə qafiyələndirərək, öz yaradıcılığını "savaş" və "seviş" şeirləri deyə iki yerə bölür. "Qurdlar ulaşan gecə", "Savaş ayələri" kitablarında şairin savaş, "Torqovı peyzajı" şeirlərində isə seviş şeirləri toplanıb. Bu kitablar üçü bir yerdə  isə Azərbaycan deməkdir.  Nədən ki, birinci kitab dövlət bayrağımızdakı göy, ikincisi yaşıl, üçüncüsü qırmızı rəngə uyğun gəlir.  Elxanın təkcə "Azərbaycan dastanı" poeması yox, əslində bütün yazdıqları Azərbaycana həsr olunub:

 

Qazilər qan tökdülər

Ölümə can dedilər!

Bölünmüş torpaqlara

Azərbaycan dedilər.

 

Əziz Elxan! Arzu edirəm gün o gün olsun ki, Qarabağ zəfəri İrəvan, Zəngəzur, Dərbənd, Təbrizdə də təkrar olsun və sən bundan sonra ancaq seviş şeirləri yazasan!

Ad günün qutlu olsun!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!