Çoxmetodlu ədəbiyyatda detektiv və sənədli nəsr xətti

 

İsa HƏBİBBƏYLİ,

akademik

Elnarə QARAGÖZOVA,

filologiya üzrə fəlsəfə doktoru

 

Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatında davamlı bir proses kimi ədəbiyyatımızın yeni imzalar və fərqli mövzularla zənginləşdirilməsi xətti uğurla inkişaf etməkdədir. Görməmək mümkün deyildir ki, artıq yeni tarixi epoxanın doğurduğu ədəbi cərəyanlar, müstəqillik dövrünün çoxüslublu rəngarəng ədəbiyyatı, bu ədəbiyytın fərqli yaradıcı simaları və mövzuları yaranıb formalaşmışdır. Bizə görə, dövrümüzün yeni ədəbiyyatını yaradanların sıralarında yazıçı Əlibala Məhərrəmzadənin də özünəməxsus yeri vardır.

İqtisad elmləri doktoru, professor, Rəsul Rza mükafatı laureatı, Ukraynanın Müqəddəs Georgi Ordeninə və Rusiyanın Fyodor Dostoyevski medalına layiq görülmüş,  müstəqillik dövrü Azərbaycan ədəbiyyatının diqqətçəkən imzalarından biri kimi oxuculara yaxşı tanış olan Əlibala Məhərrəmzadə yalnız yazıçı kimi deyil, bir alim kimi də tanınır. "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası" kitabı Əlibala Məhərrəmzadənin müstəqil Azərbaycan dövlətinin mahiyyətinə dərindən bələd olduğunu və müasir dövrün dövlətçilik ideallarına xidmət etməyin mühüm vətəndaşlıq missiyasına çevrilməsini həyat fəlsəfəsi hesab etdiyini aydın surətdə diqqətə çatdırır. "Xocalı soyqırımı" (Azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətinin xronologiyası), "Azərbaycanda biznes planın tədqiqi nəzəriyyəsi", Sabir Hüseynovla birgə yazdığı "Müqəddəsliyə aparan yol" (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında) kimi kitabların da müəllifi olan alimin ictimai baxışı,  vətəndaşlıq mövqeyi onun ədəbiyyatımızdakı mövqeyinin mükəmməl əsaslara malik olduğunu göstərir. Eyni zamanda Əlibala Məhərrəmzadənin qələmindən çıxmış "Ev tapşırığı: Uğur düsturunu tapmalı" kitabı onun insanların ali məqsədlərinə çatmaq üçün həyata keçirmələri zəruri olan addımları atma sahəsində dünya təcrübəsinə də dərindən bələd olduğunu göstərməklə bərabər, həm də müəllifin geniş dünyagörüşündən də xəbər verir. Bu amillər Əlibala Məhərrəmzadənin müasir dövrün yazıçısı üçün hava və su qədər vacib və əhəmiyyətli olan meyarlara malik olduğunu nümayiş etdirir.

Yazıçının 2010-cu ildə qələmə aldığı və rus dilində yayımlanaraq Rusiya və Ukraynada rəğbətlə qarşılanan "Bakı üçbucağı" romanı 2019-cu ildə Azərbaycan dilində çap olunub. Romanın süjetinin əsasını məşhur Bakı zadəganlarının nəslindən olan Elvira Mirzəbəyovanın qətl hadisəsi  təşkil edir. Roman üçün maraqlı mövzu seçən müəllif bu süjet vasitəsilə XX əsrin əvvəllərinə ekskurs edərək, tarixi hadisələrə də nəzər salmaq imkanı yaradır. XX əsrin sonunda öz müstəqilliyinə qovuşan Azərbaycanda sovetləşmədən öncəki dövrdəki hadisələr, həmin dövrdə yenicə formalaşmağa başlayan milli əsilzadələrin  və onlarda  qalan mirasın  sonrakı taleyi aktual və maraq doğuran bir mövzudur. Həmin dövrlə və həmin dövrdə yaşamış insanlarla bağlı bir sıra faktların uzun illər qadağan və sirr pərdəsi altında qalması müasir dövrdə o tarixi mərhələ ilə əlaqədar yazılan əsərlərin oxucular üçün cəlbedici olmasını təmin edir. Əlibala Məhərrəmzadənin məhz bu faktoru yazıçı intuisiyası ilə hiss edərək mövzunu  bədii müstəvidə canlandırması "Bakı üçbucağı"  romanının uğurunu təmin etmişdir. Nəticədə müstəqillik dövrü Azərbaycan ədəbiyyatında artıq özünəməxsus ənənəsi olan detektiv ədəbiyyatın fərqli və əhəmiyyətli bir nümunəsi meydana çıxmışdır. "Bakı üçbucağı" yeni dövr Azərbaycan detektiv ədəbiyyatının orijinal bir ədəbi nümunəsidir. Mövzusu baxımından yeni olan "Bakı üçbucağı" romanında Əlibala Məhərrəmzadənin yaratdığı Raya Mirzəbəyova, Asif Mirzəbəyov, Elvira Mirzəbəyova, Lalə İbrahimova, Elik-Elşən, Dünyamin, Aida, Səlim Orucov, Vəkil Tofiq kimi obrazların da  hər biri özünün fərdi siması ilə diqqəti cəlb edir. Maraqlı cəhətdir ki,  eyni dolğunluğu əsərin epizodik surətlərində də müşahidə edirik. Romanın "Bakı üçbucağı" adlandırılması bu milyonlar şəhərində yaşamış Mirzəbəyovların xəzinəsi və bu xəzinənin əsas atrubutu olan üzük, qolbaq və xəncərdən ibarət ziqiymət dəstlə bağlı əhvalatların diqqət mərkəzinə çəkilməsi ilə əlaqədardır. Əsərdə obrazların hamısının iç üzü, daxili dünyası, ağrıları və həyat qayəsi bu xəzinəni əldə etmək prosesinin təsviri vasitəsilə açılır. Romanın stixiyası olduqca rəvan və axıcı olmaqla yanaşı, həm də müəllifin geniş dünyagörüşünün və ensiklopedik biliyinin təzahürü kimi də maraqlıdır. Əlibala Məhərrəmzadə "Bakı üçbucağı" romanında yazıçı-ensiklopedist kimi çıxış edir.

Müəllifin romanda çatdırmaq istədiyi əsas məqam məhz irs, gen və gələcək məsələsidir. Keçmişdən gələn izlər, gendən daxil olan məqamlar və gələcəyə yönələn bugünkü əməllərin müsbət və mənfi təzahürləri həyatda olduğu kimi, romanda da təsvir edilən hadisələrin istiqamətini müəyyən edir. Bunların sintezi fonunda müasir insana ünvanlanan bir sual yaranır: keçmişdən qalanların arxasınca getməklə bərabər, bugünün aktual dəyərlərini formalaşdıra bilirikmi? Əsərdə həmin suala cavab tapmaq üçün Dünyamin və Elşadın gətirdiyi, dəstəklədiyi dəyərlər, Rayanın (Sürrəyanın) simvollaşdırdığı yeni qadın obrazı Tofiq və Aidənin təmsil etdiyi saf aləmə qarşı qoyulur. Müəllif ideyasının təcəssümü olaraq, əsərdə Tofiq və Aidənin münasibətləri məhz bu sualın əyani cavabı kimi, süjet xəttinin mərkəzində dayanır. Təsadüfi deyil ki, romanın bu iki təmiz ruhlu gəncin ittifaqı ilə bitməsi yazıçının gələcəyin təməlində saf genlərin, mənəvi təmizliyin və mental dəyərlərin dayanması ideyasına  inamının təsdiqi kimi səslənir.

Bədii yaradıcılığa detektiv xətlə başlayan Əlibala Məhərrəmzadənin 2018-ci ildə çap olunan "Çovdar çörəyi" romanında müəllifin əsas məqsədinin texnogen dövrün tələbləri, problemləri və yenilikləri fonunda insanın dəyişməsi, yaranan yeni tarixin insanının iç dünyasının mahiyyətinin açılmasına səbəb olması əsərin adından da bəllidir. Romanın "Çovdar çörəyi" adlanması yalnız baş qəhrəmanın - Dadaşın oğlu Cəlilin şəkər xəstəsi olan anasına çovdar çörəyi almaq adı ilə evdən çıxıb qəzada həyatını itirməsilə bağlı deyildir. Fikrimizcə, müəllif çovdar çörəyini həm də bir simvol kimi əsərə daxil etmişdir. Çünki çovdar çörəyi həm də ilkinliyi, köklərə bağlılığı, sadəliyi simvolizə edir. Dadaşın ailəsinin faciəsi məhz bu təmizlikdən, ilkinlikdən, köklərdən aralı düşməsi ilə bağlıdır. Digər tərəfdən, çovdar çörəyi həm də mənəvi paklığın rəmzidir. Dadaşın ailəsinin faciəsinə əsas səbəb də məhz nəfsdir. Əsərdə təsvir olunur ki, nəfsinə uyan ailənin üzvləri pərən-pərən düşür və nəticədə ailə bağları qopur. Müəllifin də təəssüflə qeyd etdiyi kimi, bəzi insanlar yaxındakı, yaxud əlindəki əsl xoşbəxtliyi görməyib, nəfsin zahiri parıltısının dalınca gedirlər: "Bəzən xoşbəxtlik insanın əlində olur. Onu həm cismən, həm ruhən bürüyür, onu oxşayır, əzizləyir. Amma insan bunu duymur, xoşbəxtliyi hiss eləmir, xoşhal olmaq, rahatlanmaq, xumarlanmaq əvəzinə yeni-yeni nəsnələr axtarır, hansı ölçüdə, hansı rəngdə olduğundan bixəbər halda mifik xoşbəxtliyin axtarışını davam etdirir". Yazıçının çıxardığı bu əxlaqi-didaktik nəticəni təsvir edilən canlı hadisələr bir daha əyani şəkildə açır və təsdiq edir.

Müəllif göstərir ki, həyatını işləməyə, qazanmağa sərf edən Dadaş uşaqlarını, həyat yoldaşını maddi cəhətdən təmin etsə də, mənəvi cəhətdən onları yoxsul bir həyatla üzbəüz qoyur. Hər şeyi pulla, güclə, nüfuzla həll etməyə nail olan, buna inanan Dadaş və ailəsi həyat yolunda ağrılı bir itki ilə - evin böyük oğlu Cəlilin qəfil ölümü ilə qarşılaşdıqda əslində nə qədər gücsüz və çarəsiz olduqlarını dərindən dərk edirlər. Bu ailənin maddi qazancı ilə cəmiyyətdəki uğursuzluqlarını müqayisəli şəkildə təsvir etmək yazıçının özünün əxlaqi-mənəvi kredosunu önə çəkməsinə əsas verir. 

Romanı üçün epiqraf olaraq Mövlana Cəlaləddin Ruminin "Kimdən qaçırıq, özümüzdənmi? Nə boş zəhmət!" kəlamını seçən Əlibala Məhərrəmzadə əsər boyu diqqəti insanın iç dünyasına yönəltməyə çalışır. Oğlunun ölümünün səbəbini araşdıran, onun qatilini axtaran ata hər addımda əslində özünü və ailəsini başqa yönlərdən tanımağa başlayır. Bu vaxta qədər qürrələndiyi ailəsi, övladları haqqında heç nə bilmədiyini, illərlə onları sadəcə status artıran varlıq, rəmz kimi gördüyünün fərqinə varan Dadaş özünü də nə zaman, hansı məqamda itirdiyini xatırlaya bilmir. Falçı Sona onun oğlunun qatilinin çox yaxın adam olduğunu dedikdə gümanı min bir yerə gedən ata sonunda əslində bu qatilin məntiqi mənada özü olduğunun fərqinə varır. Yazıçı göstərir ki, o, övladının mənəvi qatili idi və bu  mənəvi qətl realda maşın qəzası şəklində təzahür etmişdir. Fikrimizcə, bu motiv Azərbaycan ədəbiyyatında yeni olub, ədəbiyyat üçün zəruri hesab edilən katarsisi-mənəvi təmizlənməni fərqli bir mövqedən əks etdirməyə xidmət edir.

Özünəməxsus həyat təcrübəsinə malik olan Əlibala Məhərrəmzadə əsərdə övlad ağrısını yaşayan atanın duyğularını, yaşantılarını, təəssüfünü, peşmançılığını, qəzəbini, mənəvi gərginliyini məharətlə təsvir etməyə nail olmuşdur. Belə məqamlarda yazıçının mənəvi-psixoloji vəziyyətlərin təsviri vasitəsilə obrazın fərdi xarakterini üzə çıxarmaq bacarığı diqqəti cəlb edir. Eyni zamanda Əlibala Məhərrəmzadənin dərin və iti müşahidə qabiliyyətinin həyat hadisələri ilə yanaşı, obrazların mənəvi dünyasındakı dəyişiklikləri də dərindən əks etdirməsini şərtləndirmişdir. Romanda təqdim edilən obrazlar yalnız əməlləri ilə deyil, fərqli xarakterləri ilə də səciyyələnirlər. Bu isə Əlibala Məhərrəmzadənin bədii əsərdə xarakterlər yaratmaq istedadını nümayiş etdirir. Bu cəhət yazıçının digər əsərləri üçün də xarakterikdir.

Romanda diqqətçəkən məqamlardan biri də müasir dövrün gerçəkliklərinin, atribusiya və koloritinin dəqiqlik və incəliklə işlənməsidir. Əlibala Məhərrəmzadə bu romanı ilə detektiv süjeti fəlsəfi məqamlar, şüur seli kimi fərqli elementlərlə zənginləşdirərək, orijinal bir əsər yaratmağa nail olmuşdur. Detektiv ədəbiyyatı üçün zəruri olan mövzuya ictimai yanaşma və gələcəyə baxış "Çovdar çörəyi" romanında hadisələrin və obrazların dəyərləndirilməsində başlıca meyara çevrilmişdir. Bütün bunlara görə "Çovdar çörəyi" romanı Azərbaycan detektiv ədəbiyyatının dəyərli nümunəsidir.

Detektiv əsərləri ilə tanıdığımız Əlibala Məhərrəmzadənin 2021-ci ildə  işıq üzü görən  "Kənar adamın söylədikləri" əsəri sənədli roman janrındadır. Əsərin əsas süjet xəttini 44 günlük Qarabağ müharibəsi ilə bağlı reportaj hazırlayan fransız yazarla vətənpərvər azərbaycanlı professorun qarşılaşması və bu qarşılaşmadan sonra baş verən təzadlı hadisələr təşkil edir. Əlibala Məhərrəmzadənin "Kənar adamın söylədikləri" romanı, adından da göründüyü kimi, 44 günlük Vətən müharibəsinə kənardan baxışın bədii həllinin verilməsi baxımından maraqlı addımdır və ədəbiyyatımızda, eləcə də beynəlxalq ədəbi aləmdə real gerçəkliklərin təbliğ edilməsi üçün mühüm əhəmiyyət kəsb edən bir əsərdir. Bu günədək Vətən müharibəsi mövzusunda yazılan əsərlərin əsas qəhrəmanları bu savaşın içində olan, onun ağrısını və ya zəfərin dadını yaxından duyan soydaşlarımız idi. Bu, İkinci Qarabağ savaşına daxildən olan baxışın bədii inikası kimi önəmli olsa da, xaricən həmin taleyüklü hadisəyə münasibətin bədii müstəvidə əks etdirilməsinə ciddi ehtiyac duyulurdu. Əlibala Məhərrəmzadənin "Kənar adamın söylədikləri" romanında məhz bu xətt məharətlə işlənmiş, 44 günlük Vətən müharibəsi ilə bağlı hadisələr fransalı yazar və jurnalist Mişel Leqranın gündəlikləri şəklində oxucuya təqdim edilmişdir. Bu bədii priyomla yazıçı iki əsas məsələnin həllinə nail olmuşdur. Birincisi, Vətən müharibəsinə kənardan, xarici ölkədən baxışın təqdim edilməsi üçün fransız yazıçı obrazı seçilmişdir. Bu motiv həm Fransanın Qarabağ savaşındakı mövqeyini oxucuya daha canlı şəkildə çatdırmaq, həm də Azərbaycan ədəbiyyatına Mirzə Fətəli Axundzadənin gətirdiyi Müsyö Jordan obrazı ilə maraqlı və ibrətamiz  tipoloji müqayisələr aparmaq baxımından müəllifə geniş imkan yaratmışdır. Əsərdə fransız yazıçısı Dümanın kulturoloji simvol kimi irəli sürülməsi yazıçının dərhal Xurşidbanu Natəvan və Şuşa kulturoloji rəmzlərini bədii gündəmə gətirməsinə səbəb olmuşdur. İkinci tərəfdən, yazıçı professor Kərimzadə obrazı ilə Azərbaycanın haqq səsinin məhz elm adamları tərəfindən bəyan edilməsinin, yayılmasının vacibliyinə diqqəti çəkir. Müəllifin təqdimatında məhz professor Kərimzadə ilə tanışlıq Mişel Leqranın Qubaya səfərinə, memorial komplekslə tanışlığına və erməni şovinizminin köklərinə işıq salınmasına səbəb olmuşdur. Əlibala Məhərrəmzadənin apardığı müqayisələrin və paralellərin deklorativ təqdimatdan uzaq olub, bədii əsər üçün səciyyəvi olan təbii və inandırıcı hadisələrin təsviri vasitəsilə canlandırması romanda bədiilik faktoruna yaradıcılıqla əməl olunması ilə nəticələnmişdir. Bədii mətndə bəzi məqamlarda nəzərə çarpan publisistika əlamətləri heç də hər yerdə bədiiliyə üstün gələ bilməmişdir. Əsərdəki publisistik təsvirlər bir tərəfdən mövzunun dövrümüz üçün olan mühüm bir problemə həsr edilməsindən, digər tərəfdən isə romanın baş qəhrəmanlarından birinin fransalı jurnalisti olmasından irəli gəlir. Sənədli roman janrı da əsərdə bədii publisistikanın meydanını genişləndirmişdir. Qeyd edilənlər "Kənar adamın söylədikləri" əsərinin janr baxımından publisist sənədli roman kimi dəyərləndirilməsinə əsas verir.

Haqqında danışdığımız bədii əsərlərin hamısında Əlibala Məhərrəmzadə janrından asılı olmayaraq bədii yanaşmalarında həyat həqiqətlərinə sədaqəti ilə diqqəti cəlb edir. Realizm haqqında klassik təsnifatda deyildiyi kimi, o, bədii əsərlərində "tipik şəraitdə tipik obrazlar yaratmaq" vəzifəsinin öhdəsindən bacarıqla gəlir. Əlibala Məhərrəmzadənin romanları Azərbaycan ədəbiyyatında realizmin orijinal təzahürlərindən yoğrulmuş bənzərsiz əsərlərdir. Onun yazıçı fantaziyasının əsasında həyatı müşahidələr və gerçəkliyin bədii ümumiləşdirilməsi faktoru dayanır. Bütün bunlara görə Əlibala Məhərrəmzadə müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatında yeni realizmin - neorealizmin istedadlı nümayəndələrindən biri kimi əsərləri ilə ədəbiyyatımızın bu xəttinin daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə uğurla xidmət edir.

"Kənar adamın söylədikləri" romanının janrı və toxunduğu məqamlar Əlibala Məhərrəmzadənin həm aktual mövzulara həssas münasibətini, həm də yaradıcılığında yeni bədii formalara müraciət etməkdə maraqlı olduğunu nəzərə çarpdırır. Romanda bədii mətnlə sənədli-faktiki material məharətlə sintez edilərək, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeni mərhələsinin sənədli nəsr xəttinin  əhəmiyyətli nümunələrindən birinin yaradılması ilə nəticələnmişdir.

Əlibala Məhərrəmzadənin yaradıcılığının ümumi səciyyəsinə nəzər saldıqda onun potensialının daha fərqli əsərlər meydana qoymaq üçün imkan verdiyinin şahidi oluruq. Detektiv əsərlərində fəlsəfi-psixoloji məqamların məharətlə təsvir edilməsi yazıçının ədəbiyyatın bu istiqamətində yazıb-yaratmaqda davam edərək, fərqli əsərlər yazacağına dərin inam yaradır. Eyni zamanda "Kənar adamın söylədikləri" romanındakı həyatilik, sənədlilik, tarixilik və bədiilik Əlibala Məhərrəmzadənin yaradıcılıq imkanlarının geniş miqyasına və gələcək perspektivlərinə işıq salır. İnanırıq ki, Əlibala Məhərrəmzadənin təqdimatında Azərbaycan oxucusu bundan sonra da müstəqillik dövrü Azərbaycan ədəbiyyatının orijinal bədii nümunələri ilə tanış olacaqlar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!