Yeni imzalar - sizin yeni Tanrınız, yaxud bədii mətn şərh kimi - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Həyat, ölüm və... nələr, nələr.... 

Son zamanlar gənclərin yaradıcılığında dünya və gerçəkliyin dərki, fanilik... kimi mövzular geniş yer tutur. Şübhəsiz ki, bu mövzuda uğurlu və uğursuz qələm təcrübələri də var. Oxşar mövzuda həm orta yaşlı nəslin, həm də çox cavan nasirlərin qələmini sınaması, bizcə, təsadüfi sayılmamalıdır. Gerçəklik, gerçək hadisələrin yaratdığı sarsıntı, ədalət hissinin sadəcə butaforiya yerinə keçməsi və bunun doğurduğu yara-zədələr insan ruhunda əks olunur, sınır, içinə düşdüyü qəlbin, sardığı ruhun "şəklini" həyatın bütün divarlarında əks etdirir, qayıdıb yenidən ordaca sınır. Dalğaların bu şəkildə sınması həm illüziya yaradır (təsəvvür edin: bütün küçə və meydanlarına gül-çiçək döşənmiş həyat, yaşam, sevincdən şaqqanaq çəkən gerçəklik...), həm də gerçəkliyin acısını qəlbdən necə süzüb yox etməyin mümkünsüz olduğunu sərgiləyir. Yəni bu mövzudan qaçmaq mümkün deyildir.

Bir qayda olaraq yaradıcılığında fantastik elementlərə üstünlük verən Sənan İsmayılovun hekayələrində təhkiyənin axarını bu fantastik nəsnələr deyil, məhz həyatın verdiyi ağrılar, qəlbin lap dibinə çökmüş zədələr təyin edir. İnsanın ömrün sonuna münasibəti nələrlə bağlıdır? Uşaqlıq xatirələriyləmi? Ya bəlkə uşaqlıqda arzulayıb yaşlaşanda çata bilmədiyin xəyallarla. Hər halda yüz faiz bilirik ki, "xəyal" deyilən nəsnənin arxasında, əgər bu sözdürsə, onun lap dibində çəkilməyən ağrılar durur. Tərpətsən, hər şey yerlə bir olar.

İlk qələm təcrübəsini bölüşən Xalid Xancanlının "Sizin yeni tanrınız" hekayəsinin təhkiyəsi aşırı ümidsizliyin sevinc donuna bürünməsi və bu psixoloji sarsıntının doğurduğu qüssəylə müəyyənləşir. Hekayədə Səidə İmanova ölüb dünyadan tezliklə üzülmək şansını sevinclə qarşılayır və qəribə deyil ki, çox dramatik bir ortamda ölməyi arzulayır. Niyə? Oğlu Cəfər (çay, irmaq...) spirtli içkiyə qurşanıb, 38 yaşı var və evlənmək istəmir. Məqamında deyilən söz çox güclü təsir edir, - Səidə xanım belə düşünür, ona məhz belə bir dramatik ortamda ölmək sərf eləyir. Ancaq məsələ bu da deyildir. Məsələ heç Səidə xanımın xərçəngdən sağalmaması ehtimalı da deyildir.  Bu qədər yaşadın, mənası nə? Başqa bir dünya varmı, daha dinc, daha ağrısız, daha ədalətli? Yoxdu... Ancaq buna əyani şəkildə əmin olmaq lazımdı. İnanmasan belə, əlini, barmağını toxundurub çəkmək arzusu...

Sənan İsmayılovun "Cənab beyin" hekayəsində (hər ikisi kulis.az saytında dərc edilib) təbii orqanlardan imtina, hər şeyin dəmir və mexanizmlərlə əvəz olunması elə ölümdən, ağrıdan, həyatın dözülməz sarsıntılarından yan keçmək xülyasıdır. Hiss edib, ağrını içindən keçirib yaşamaq cəhənnəm əzabıdır.

"Cənab beyin" hekayəsində hər şey uşaqlıq xatirələrindən, daha doğrusu, bu xatirələrin şüuraltında qurduğu yuvanın sirrindən aydınlanır, daha doğrusu, həm də qatı bilinməzliyə bürünür. Bu xatirələrdə hər bir rəng, hər bir çeşnə, işıqla qaranlığın birləşmək üçün yanaşması, rəng və səslərin bir-birinə nüfuzu...sanki kadr arxasından izlənilir, yəni hər ikisi - uşaq və ixtiyar hələ bu həyatdadır, nəfəs alırlar, ixtiyar kişinin varlığı o uşağın dilinin altında yatan sözlərə bağlıdır, o sözlər tələffüz edildimi, hər ikisi gedəcək... Bu qəribə sirr hekayənin təhkiyə axarını müəyyənləşdirir. "Yaşadıqları qədim ev Şərq üslubunda idi, uzun eyvanlarındakı aynabənd isə "şəbəkə" tərzində, yəni mismar işlənmədən (bəlkə də mismar işlənmişdi, ancaq özünün bütün ciddi-cəhdinə rəğmən, oğlan onlardan heç birini görə bilməmişdi), şüşə və taxta parçalarından yığılmışdı. Çoxsaylı şüşələrdən ibarət bu aynabənd Şərq səmtə baxırdı və saat ondan sonrakı bir neçə saat ərzində eyvan günəş şüalarına qərq olurdu. Şəbəkədəki incə arakəsmələrin kölgələri hesabına döşəmədə saysız-hesabsız, xırda romblar zühur edirdi".

Sənanın bu hekayəsi Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" povestinə oxşasa da, ondan kardinal şəkildə fərqlənir. Ölümü sinirməyən, ondan qorxan adam, Oltukun qardaşı nə yolla olur-olsun, ömrünü uzatmaq istəyir. Ölümdən qaçış elə ömürdən, həyatdan qaçış ilə bir məqamda eyniləşir, üst-üstə düşür və çıxıb gedirsən.

Bu uzun hekayədə həmin məqamı anladan epizodlar var. "Nədənsə, həmin an o, bir məqamı xatırladı: uşaq vaxtı bir gecə hansısa səbəbdən yuxudan hövlnak oyanmışdı - indi xatırlamırdı: bu, səs-küylə bağlı idi, yoxsa susamışdı. Yatdığı otağın qapısı nisbətən kiçik olan qonşu otağa açılırdı. Ora daxil olduğu zaman bir neçə kişi xeylağının divar boyu düzülən stullarda əyləşdiyini görmüşdü. Bir neçə qadın isə döşəmədəki xalının üstündə oturmuşdu. Otağın ortasındakı qədim Qarabağ xalçasının üzərinə iri ölçülü, uzunsov bir şey qoyulmuşdu, onun üstünə salınan nazik, amma sıx toxunuşlu, qəhvəyi rəngli adyal isə bozumtul xətlərdən ibarət, seyrək naxışlarla bəzənmişdi. Həmin vaxt ora yığışan insanların üzünü o, sonradan heç cür xatirinə gətirə bilməyəcəkdi, həm də anlamayacaqdı ki, ata-anası da onların arasında idi, ya yox. Onun bütün diqqəti məhz o qəhvəyi adyala cəmlənmişdi, çünki gecənin bir aləmi bu insanları buraya yığan da adyalın altında yatan sirr idi".

Bir-birini sevən, uzun ömür yaşamış iki qardaşın küsüb-barışması kimi digər hərəkətləri də ömürdən möhlət payıdır. Oltuk uşaqlığı ilə bağlı hadisə və insanlardan çox, onlarla əlaqəli ağrıları, sarsıntı və həyəcanları xatırlayır. Babasının üzü, üz cizgiləri yox, vəfat edərkən üstünə sərilən adyalın naxışları yada düşür. Hekayənin təhkiyəsi də məhz bu ağrılar, bu sarsıntılar üstündə qurulur.

Kiçik qardaş adyalın nahamar naxışlarını sığallayır, bu kələ-kötürlük onu ölümlə barışdırır, gözlərini açır, ruhunda daha çox susub müşahidə etmək xassəsi yaradır.

Təhkiyənin bu şəkildə qurulması və davam etməsi bugünün sosial-mənəvi problemləri ilə bağlı mesajlar verir. Bu mesajlar təhkiyənin sakit ritmindən yavaşca, amma qarşısıalınmaz şəkildə mətndən kənara axışır. Şüşəbəndlə bağlı epizod. Şüşəbəndin kiçik arakəsmələri arasından düşən gün işığı, kölgə və işığın döşəmədə yaratdığı romblar... Hər şey həm real, həm də realla irreal dünyanın sərhədindədir. Bir də qardaşının təkidi ilə hansısa şəhərdə keçiriləcək "Həyatın səmərələşdirilməsi" adlı tədbirə qatılmalıykən yatıb əsl tədbiri yuxuda seyr etməsi... Ömrün bitməsi, yaşamaq şansının tükənməsi irreal olanı gerçəkləşdirməyi tələb edir. Hekayənin strukturunda (arxitektonika və kompozisiya həlli - !) bu vaqeələr "paralel" detallarla tükənir, sonuna çatır və geriyə dönüb zənginləşir. Kiçik qardaş oteli tərk edərkən bilmədən qapıçının ayağına toxunur. Fikrimizcə, təkcə bu detal kifayət etmir. Nisbətən həcmli mətndə bəlkə, başqa, daha incə detallara ehtiyac vardı?

Hər iki hekayədə "həyat bezdiricidir, bitib-tükənib o, indi xəyal etdiyini həyata qaytarmaq lazımdır" ideyası daxili sarsıntıların cərgəsindən keçir.

 

***

Bəlkə hər gün insan düşüncəsindən qısa, ancaq sürətli işıq dalğası kimi keçən fikirlər var: o biri dünya, cəhənnəm əzabı, və həmişə də bir xoşlamadığı, ürəyindən gəlməyən hərəkət, yaxud əməli etdikdən sonra. "Bu həyatı rahatlıqla başa vurmaq...". İnsan yaşayıır, sevinir, ardını gözləyir, bu sevinc dalğaları ya yarı yolda qırılır, gəlib çıxmır. Ya da heç gəlmir, naqil yüklənmir ki yüklənmir... İnsan ölümə, onun üçün intihara yürüyür, bu həyatdan bezmək adi, hər gün beynə, ürəyə dolub-boşalan fikirdi. Ancaq ən güclü, ən şiddətli ağrı belə bir gün kəsir, ən qüssəli həyatda belə işıq ulduzu tapılır, bəzən gerçəkdən, bəzən uydurularaq...

Hekayə sakit tonda, şərti-metaforik üslubda qələmə alınıb, müəllifi Xalid Xancanlıdır. "Heç olmasa insanlar indi biləcəklər ki, duaları heyif olmur...".

Bu hekayənin fakturasının arxasında çox şeylər var, hekayənin bir yerində, diqqət edin, SYT-nin (Sizin Yeni Tanrınız) işçiləri darısqal bir məhəlləyə gəlib çatanda ikimərtəbəli binanı tetrisə bənzədirlər, - zənnimizcə, bu, müəyyən mənada hekayənin mənalarını ifadə edə biləcək detaldır, - bu aspektdən yanaşdıqda həmin "çox şey" hissə-hissə açılır. Hekayənin süjetinin mahiyyətində belə deyək, zaman irəlilədikcə bir-birinin içindən boylanıb çıxan dünyalar, mikro-dünyalar göz önünə gəlir. Bəzi hekayələrdə həyat, gerçəklik, necə deyək, elə ona nüfuz etməklə, onun içinə varmaqla təhlilə, şərhə çəkilir, bu tipli hekayələrdə isə əsas olan həyat və gerçəkliyə paralel müstəvidə "şərh yazmaqdır". Əslində, hər bir hekayə həyata, insan ömrünə, tanrı və üfüqlərə şərhdən başqa bir şey deyildir. "Onlar darısqal bir məhəlləyə gəlib çıxdılar. Evlər bir-birinə elə yaxın idi ki, sanki qucaqlaşmaqçün bünövrələrindən qopmağa can atırdılar. İki mərtəbədən ibarət bu bina evləri tetris oyununu xatırladırdı. Bir-birinə uyğun gəlməyən fiqurlar və sonradan səliqəsiz artırılmış bir neçə otaq". Bədii mətn, hekayə xüsusən yaşadığımız, əzab çəkdiyimiz, sevindiyimiz həyata şərhdir, kimi bunu sakit tərzdə yazır, kimi qanıyla, kimi də yazmağa belə macal tapmır. Uzun bir ömür yaşasa da...

Tetris oyununda həmin disharmoniyanı, qarmaqarışıqlığı düzüb-qoşan, bütün rəng və fiqurları uyarınca birləşdirən zəka onsuz, əvvəl-axır tapılır. Bu hekayədəki "ölüm oyunu" insan xarakterinə əsrlər boyunca hopmuş "ömürdən qaçış" aspektini göstərir, "tamaşaya qoyur". Bu oyunda artıq düzələcək heç nə yoxdur. Maşın getdikdə və dayandıqda tər damcılarının təsvirləri də bu oyunun içindədir. Bu cümləyə də diqqət edin: "Heç bir ölüm ölən tərəfindən belə təmtəraq və sevinclə qarşılanmamışdı". Biz həyatın dadsız-duzsuz olmasından, insanı boğaza yığıb bezdirməsindən danışmırıq. Çünki hekayədə də məsələ təkcə bu deyil.

Bəs o yeni tanrı kimdir, daha doğrusu nədir? Bircə şey istənilir. Bunu isə biz yox, O istəyir. Dua. Yalnız ona dua etməyinizi istəyir. Göründüyü kimi, O daha acınacaqlı vəziyyətdədir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!