Modernist estetikaların iqlim qurşağı - "Rənglər" - Azər Turan - Azər TURAN

..."Rənglər"də Rəsul Rza özü özünü belə ötüb keçmişdi.

Azər TURAN

Rəsul Rza 1958-ci ildə yazdığı "İnsan" şeirilə Azərbaycan poeziyasının üzünə modernizm estetikasının qapılarını taybatay açdı. Elə həmin il Nəcib Fazil Qısakürəyin "Otel Odalarında" şeirini də Azərbaycan oxucusuna təqdim etdi. İki il sonra isə "Rənglər"i yazdı. Yevtuşenkonun "Babi-Yar"ı hələ yaranmamışdı. Xruşşovla Yevtuşenko abstraksionizm məsələsi ilə bağlı hələ dartışmamışdılar. Xruşşovun abstraksionizmə, formalizmə, modernizmə meydan oxuyan ölkəsində poeziyanın poeziya naminə qaldırılmış üsyan bayrağı ilk dəfə Bakıda dalğalandı. "Rənglər" kommunist partiyası səviyyəsində hədəfə alındı: "Bizim aydın, axıcı və ahəngdar sovet poeziyamızın ənənələri harda qalmışdır ki, belə... mücərrədlik şeirimizə yol tapır?" Rəsul Rza partiyanın sualını cavabsız qoymadı: "Rənglər"  üzərində əl gəzdirmək istəyinizə etiraz etmirəm, şeirləri yenidən oxuyaram, əgər inansam ki, qurum ağdır, süd qaradır, qum yeməlidir - o zaman misralar üzərində əl gəzdirərəm..." 1965-ci ildə isə Yazıçıların IV Qurultayında ədəbi tənqid haqqındakı məruzədə belə bir fikir səsləndi: "Tənqid bəzən Rəsul Rzanın ardınca... gedən ayrı-ayrı gənclərin hərdənbir modernizm dumanında azdığını hiss edir"...

***

Andre Breton "Müəyyən dərəcədə gözlənilməz olan iki sözün yaxınlaşmasından xüsusi işıq saçılır - obrazın işığı" -  deyir. Davamlı şəkildə obraz(lar)ın işığını doğuran "Rənglər" silsiləsində daha çox impressionizmin işıqları sayrışır. "Rənglər"in valyorunu yaradan poetik təfəkkür impressionist, yaxud postimpressionistdir. Sezan, Edqar Deqa, Van Qoq, Qogen… Cazibədar olan budur ki, sosrealizm ənənəsinin şairi Rəsul Rza "Rənglər" silsiləsində estetik baxımdan realizmin deyil, modernizm dalğasının gəlişdirdiyi cərəyanlara və rəssamlara yönəlir.
Baharlı düzlər, dağlar.
Üstünə işıq süzülən dalğalar…
Sezanın "Mənzərələr"i...


Dalğasız dəniz
İztirabsız məhəbbət
Səmanın dərinliyi
Deqanın "Rəqqasələr"i.
Körpə bir rəssamın çəkdiyi günəş...


Ömürlük dustağın qısa yuxusu.
Aylı gecədə buludların köbəsi.
Torpağın səxavəti.
Van Qoqun "Günəbaxanlar"ı...


Yanmış ürək
Sönmüş kürələr.
Taiti adasında Qogenin ləpirləri.
Sonuncu gətirdiyim örnək "Tünd qəhvəyi" şeirindəndir. Şeirdəki "yanmış ürəy"i mücərəddçilikdə ittiham edən, "düşüncələr axını", "daxili monoloq", "assosiativ bədii təfəkkür" məsələlərinə tamamilə etinasız qalan o illərin ədəbi tənqidi unudurdu ki, Qogenin qəhvəyi rəngə yansıyan ləpirləri dünya incəsənətində çoxdandır ki, yeni üfüqlər doğurub. Taitidə çarmıxdakı Sarı  Məsih kimi, çarmıxdan endirilən Yaşıl Məsih kimi taitili qəhvəyi əndamlı Həvva da Parisi çoxdan ram edib... Tünd qəhvəyi rəng sənətdə dekadans ovqatın çalarıdır. Dekadansın məmləkətində səmanın rəngi qəhvəyidir.  "Bir rəng ki, tərifə gəlməz: Bir əski qəbiristan qədər uçuq, örtülü".

Yaxud "Mavi"dəki körpə rəssam. Körpə rəssamın çəkdiyi günəş... sürreal təsvirdir. Amma kifayət qədər əsaslandırılmış bir estetikadan çıxış edir. Axı sürrealistlər "uşaq rəsmlərinin qəribəliyi"ndə də bir sehr və cazibə görürdülər. "Rənglər"də obrazın işığı bütün ədəbi təmayüllərin, bütün izmlərin üzərinə eyni vüsətlə saçılırdı.

"Rənglər"in musiqisi də impressionistdir. Burda partiturası rənglərin fəlsəfəsi ilə zəngin olan impressionist (və həm də simvolist) Debyüssidən başqa bəstəkar yoxdur. "Kürən saçlar"dan başqa musiqi sədası eşidilmir.  "Təbiətlə xəyal gücü arasında sirli irtibatlar quran" Debyüssinin noktrünü "Sarı" rənglə bu şəkildə assosiasiya verirdi:

... Həyatdan ayrılmış xəyal.

Simlərin fəryadı.

Yol çəkən gözlər.

Qüdrətli nərgizlər.

Debyüssinin "Kürən saçları".

"Rənglər"in yazıldığı dönəmdə qəribədir ki, Azərbaycan ədəbi tənqidi fransız simvolistlərini xatırladı. İllər boyu yada düşməyən və "səslər, rənglər və ətirlərin vasitəsilə yaranan yarımçıq, dumanlı, mücərrəd təşbehlərə, məcazlara üstünlük verən forma oyunbazları" - Bodler, Mallarme, Artur Rembo yenidən qınaq hədəfinə çevrildi. Bu sətirləri yazdıqca onu da düşünürəm ki, "Kürən saçlar"ın özəyində də fransız simvolist poeziyasının yaratdığı intibalar dayanır. Debyüssinin daha çox təsirləndiyi şair Bodlerdir, Verlendir, Artur Rembodur. Və bu da düşündürücüdür ki, Rəsul Rza da "Rənglər"i məhz fransız simvolizminin və modernizm estetikasının iqlim qurşağında yaratmışdı. Bu barədə mübahisə belə etməyə lüzum yoxdur. Hətta buna inanmaq üçün "Rənglər"i Mallarme poetikasının cizgisində oxumaq bəs edər: "Şeyin özünü deyil, yaratdığı təsiri əks etdirmək" (Mallarme).

Rəsul Rzanın söz palitrasındakı "Yaşıl" Artur Rembonun U saitini yansıdır, yaxud Rəsul Rzanın "Mavi"si Rembonun O saiti ilə səsləşir və s. Remboya görə, A həm qaradır, həm də  milçək vızıltısıdır. E ağdır, həm  bəyaz çadırdır, həm də buxardır... Rembonun bu ədəbi kəşfinin, hisslər şeiri yaratmaq iddiasının, yaxud özü demişkən, söz kimyagərliyinin mahiyyətinə vara bilmək üçün dünya poeziyası 150 ildir ki, onun keçdiyi yaradıcılıq yolunun izindən getməkdədir. Yaxud... Rembonun "İlluminations" əsəri dünya modern ədəbiyyatının ilk mükəmməl mətnlərindən biri kimi bu gün də diqqət mərkəzindədir. Anlaşılmasa belə, diqqət mərkəzindədir. Fransız semiotiki Todorovun dediyi kimi, "İnsan söylənəni anlayır, amma nədən söz edildiyini bilmir". 

Artur Rembo sözlərlə davranışında hallusinasiya halındadır. Gözlərinin optik xassəsi fərqlidir. Rembonun nəzərləri həyatda fabrik kimi gördüyünü misrada məscid şəklində yansıdır. Rəsul Rza isə al-qırmızıda "daxmalı, qazmalı kəndin minarəli məscidi"ni görür.

"Rənglər"dəki impressionizm Bodlerin də, Verlenin də, Rembonun da, yasəmən rəngli vaxtın obrazını türk poetik düşüncəsinə gətirən Cənab Şəhabəddinin də, "şeirlər var ki, axşamla rənglənir və ağaclar kimi mehtabla kölgələnir, günəşin ziyasında isə bu eyni şeirlər tənəffüs edilməz bir buxar olur" deyən Əhməd Haşimin də impressionizmi deyildi, Bodler də, Verlen, Rembo, Cənab da, Haşim də rənglərdən şeirə yönəlir, "Sezanın, Van Qoqun, Deqanın pərəstişkarı olan Rəsul Rzanın "Rənglər"ini isə... rəsmdən fəlsəfəyə doğru hərəkət birləşdirirdi...

Bu rəng əlvanlığı boyaları hərflərdə görən Artur Rembonun zənginliyini belə, kölgədə qoydu" (İlya Selvinski). Elədir. Amma məsələ bundaydı ki, Nazim Hikmətin təbirincə desək, "Rənglər"də Rəsul Rza özü özünü belə ötüb keçmişdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!