Əyyub Qiyasın yeni kitabı - "Qara işıq" fonunda düşüncələr - Aygün CƏFƏROVA

 

Əyyub Qiyasın növbəti dəfə nəşr olunan "Qara işıq" romanını oxudum. Roman ilk dəfə 2003-cü ildə nəşr olunub, 2004-cü ildə "İlin romanı" ədəbi kulturoloji mükafatına layiq görülüb. Artıq öz dəyərini Arif Əmrahoğlu kimi böyük ədəbiyyatşünaslar tərəfindən almış, müəllifinə uğur gətirmiş, mükafat qazandırmış əsər haqqında fikir söyləməyə ehtiyac olub-olmasa da, təəssüratımı qələmə almaq istədim.

"Qara işıq" ağır, psixoloji romandır. Əsəbləri zəif olanlara bir az da ağır olar bu əsəri oxumaq. Ağ və qara dünyanın qaranlıq tərəflərində oluruq "Qara işıq"da. Yazıçının üslubu ilə artıq illər öncə tanış olsam da ("Sonuncu büt", "İtvuran"), məncə, bu əsər Əyyub Qiyasın ən ağır psixoloji təsirə, mürəkkəb süjetə malik əsəridir. Bunu roman janrının yazıçıya verdiyi sərhədsizlik imkanı ilə də əlaqələndirə bilərik. Yazıçı təxəyyül imkanlarını məhdudlaşdırmaq məcburiyyətinin olmamasından səmərəli istifadə edib. Əsərdəki fantastik, mistik epizodlar, obrazların psixoloji yaşantılarının təsviri, məhz insan olaraq zəif və həmişə problemli - nəfsani suallarını masaya - səhifəyə çıxarması yazıçının oxucunu kitab içindəki fərqli dünyaya çəkib apara bilməsinə səbəb olur. Əsas qəhrəman - Rüfətin kabinetinə qar yağdığını, evinə yağış yağdığını təsviri, kağızdan düzəltdiyi quşun qanadlanması, yenicə doğulmuş iki dişli körpənin təsvirləri, yuxular - qara işığın göründüyü hər epizod çox təsirlidir. İfadə tərzinin sadəliyinə görə də oxu prosesinin axıcılığı oxucuda məmnuniyyət yaradır. Mütaliə zamanı gərəksiz sözlər dığırlanmır "ayağımızın" altına - sətirlər səhifənin, səhifələr kitabın axırına gedib çıxmağımıza çətinlik yaratmır.

İşıqdan danışmaq gözəl və həzzverici olduğu qədər qaranlıqdan danışmaq ağrılı və yorucudur, düşünürəm. Hələ-hələ o qaranlıqda qalmağa və oraları gəzməyə məcburiyyətimiz yoxkən. Amma bu kitabı oxumağa başlayan və sona qədər gedib çıxa bilən hər kəs əslində içindəki qaranlıqla üzləşir. Və görmək, bilmək, haqqında düşünmək belə istəmədiyi, görməzdən gəldiyi qara işıqla nəhayət, qarşılaşmağı başqa vaxta saxlamır.

"...işıq yoxdu dünyada. Ancaq rəng var, işıq da rəngdir... Yer də, Göy də..."

- bu qənaət dünya gözü ilə bütün rənglərini itirmiş işığını itirmiş adama məxsusdur.

Yazıçının "Qara işıq" romanındakı Rüfət, Leyla, Könül, Tükəz, Gülalı, Cəbrayıl, Süleyman, Əziz, Zümrüd, Hasan, Gülsüm, körpə kimi obrazları ilə yanaşı, bir müstəvi obrazı da var düşünürəm. Hər bir müstəvi Rüfət üçün qapı və ya pəncərə rolunu oynayır. Baxdığı tablo, açdığı pəncərə, xəstə olarkən yatdığı palatanın tavanı belə Rüfət üçün qara işığın iç üzünü göstərən müstəvidir: gerçəklər müstəvisi, əxlaq güzgüsü.

Rüfət obrazı yazıçının "Sonuncu büt" əsərində də var. Bu, həmin obrazla yazıçının sanki "dost"luğa sədaqəti, obrazın aqibətini düşünməsi, onun sonrakı taleyini yazmaq istəyi kimi də qəbul oluna bilər. Hər halda maraqlı faktdır. Rüfətin onun yaradıcısı - yazıçısı ilə "münasibəti"ndən başqa, əsərdəki digər obrazlarla münasibəti də maraqlıdır. Anasını "Qocalar evi"nə göndərməsi içində boğulan xoşbəxt ola bilmək arzusunun qisası kimi anlaşılır. Amma qisas da insanı xoşbəxt edə bilməzdi: anadan qisas almaq ağıl qoyarmı adamda?! Atdığı hər bir yanlış addımla o, dünyasının işığını söndürə-söndürə yalnız qaranlığın işığı ilə həyatına davam etmək məcburiyyətində qalır. Zamandan-zamana, bədəndən-bədənə, adamdan-adama dəyişən reallıqların iki tərəfi var: xeyir və şər, ağ və qara, işıq və zülmət. Rüfətlərin ulu babalarının nəfs davası, xeyir-şər mübarizəsi, dünyəvi gözləntiləri, illər sonra heç bir mahiyyət dəyişikliyi olmadan yenidən yaşanır. Bu dünyada sonuncu insan son nəfəsini verənədək nəfsi ondan nələrisə almaqda davam edəcək. İşıqla zülmətin davasında döyüşçü İnsandır! Nəfsinə yenik, qalibiyyətə həris, məğlubiyyətə az qala məhkum İnsan!

Dünyanın rəngləri arzularımızdır. Reallaşdıra bilmədiyimiz hər arzuda bir rəngini itiririk dünyanın. Dünyanın işığı isə sevdiklərimizdir. Hər itirdiyimiz bir sevgi ilə ürəkdəki işığımızdan bir ovuc itiririk. Və həmin sevdiklərimizin ünvanı olan qəlb beləcə yavaş-yavaş qaranlığa qərq olar. Sevgi ilahi məkanlarda ola bilər. Sevgi itirmək - ilahilik mərtəbəsindən yıxılmaqdır. Sevgi itirmək - qanadlarının sınmasıdır mələkmisal insan övladının. Ən böyük itkini bu mənada Adəm yaşadı - Yaradıcısının sevgisini itirmək təhlükəsi yaşadı. Amma bir xoş xəbər də var: tövbə imkanı. Günahsızlıq insana xas deyil. Bu üzdən də Allah kəlamı "Qurani-Kərim"i gözəl təfsir edən filologiya üzrə fəlsəfə doktoru Hacı Siracəddin əfəndimiz "Günahsız gəl - deyilmədi. Tövbəsiz gəlmə - deyildi", - deyə izah verir "kitab"dakı müjdə dolu ayələrə... Əsərdə İnsan övladının içindəki o qara işığın təkcə özü ilə bağlı olmayıb, əsli-kökü, nəsil-nəcabəti ilə qanına-geninə daşındığı da vurğulanır. Amma yenə də son qərarı yaşadığın bu anda məhz sən özün verirsən: nəfsinə qul və ya hakim olmaq seçimi sənindir.

Əyyub Qiyasın "Qara işıq" romanı dünya ədəbiyyatşünaslarının da diqqətini çəkib: alman tənqidçisi Marsel Rayx-Raniski, gürcü yazıçısı Serqo Tsursumiyanın əsər barədə yüksək fikir bildirmələri təbiidir. Çünki əsərin ideyası bəşəri səciyyə daşıyır: İnsan mənəviyyatı. Və yazıçı işinin - hadisələri, düşüncə və duyğuları sözə çevirə bilməyin peşəkarıdır. Nəticə uğurlu olmalı idi. Belə də oldu.

Əyyub Qiyasa yeni-yeni uğurlu kitablar yazmağı, dünya səviyyəli mükafatlar qazanmağı və bütün hədəflərinə çatmağı diləyirəm. Azərbaycan ədəbiyyatına bəxş etdiyi töhfələrə görə bir oxucu olaraq yazıçıya təşəkkür edirəm!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!