"Altmışıncılar və son altmış ilin ədəbi həyatı"ndan səhifələr - ANAR

Üzərində bir ildən artıq işlədiyim 1000 səhifəlik "Altmışıncılar və son 60 ilin ədəbi həyatı" kitabını bitirmişəm. Əsərdən bəzi fəsillər "525-ci qəzet"in bir neçə sayında (7-13 aprel) dərc olunub. Kitabın bir parçasını da "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.

ANAR

 

Azərbaycan Yazıçılar İttifaqının Birinci katibi, Xalq yazıçısı İsmayıl Şıxlı səhhətiylə əlaqədar vəzifəsindən istefa vermişdi. 1987-ci il iyunun 17-də Yazıçılar İttifaqının Plenumunda bu məsələ müzakirə edildi. Plenum iştirakçılarının əksəriyyəti, o cümlədən mən İ.Şıxlının vəzifəsində qalmasını təklif etsək də, İsmayıl müəllimin israrlı təkidindən sonra istefa ərizəsi qəbul olundu, səmərəli fəaliyyətinə görə ona təşəkkür bildirildi. Mən yekdilliklə İttifaqın Birinci katibi seçildim. Mənim namizədliyimi ilk olaraq Əkrəm Əylisli irəli sürdü. İsi Məlikzadə, Tofiq Bayram, İsa İsmayılzadə və İsmayıl müəllim özü bu təklifi dəstəklədilər. Sonda çıxış edərək mən bu yüksək etimada görə Plenum iştirakçılarına və ilk növbədə İsmayıl müəllimə dərin minnətdarlığımı bildirdim.

Bir neçə aydan sonra İttifaqın katiblərindən Elçin "Vətən" cəmiyyətinin sədri seçildiyinə görə vəzifəsindən istefa verdi və onun yerinə mənim təklifimlə Əkrəm Əylisli seçildi.

Yazıçılar İttifaqında Əkrəmlə tam anlaşıqlıq şəraitində işləməyə başladıq. Əkrəmin məndən yüngülvarı narazılığı yalnız ondan ibarət idi ki, mən yaşlı yazıçılar, məsələn, Mirzə İbrahimov, Süleyman Rüstəm iş otağıma gələndə onları hörmətlə qarşılayıram. Onun fikrincə, (bu fikri "Yazıçı" nəşriyyatına müdir təyin olunandan sonra həyata keçirməyə başladı) - yaşlı yazıçıları tamamilə ədəbiyyatdan silib atmaq lazımdır.

Doğrudur, Sovet vaxtında "Azərbaycan" jurnalının redaktoru işləyərkən ona bu istəyini həyata keçirməyə imkan verə bilməzdilər. Daima qürurlanır ki, redaktor işləyərkən bir neçə istedadlı gənci çap edib. Bu düzdür. İlk olaraq Rəsul Rzanın xeyir-duası və himayəsiylə mətbuata çıxarılan bir neçə gənc şairi sonra Əkrəm də "Azərbaycan" jurnalında çap edirdi. Amma onun redaktorluğu dövrünün "Azərbaycan" jurnallarını vərəqləsələr, aydın olar ki, gənclərin yazıları hər nömrənin ümumi həcmində olsa-olsa on-on beş faiz yer alır. Qalan səksən beş - doxsan faiz isə sonralar "antiədəbiyyat" adlandırdığı mətnlər, bəyənmədiyi "canlı klassiklərin" əsərləri və onlara həsr olunmuş şit təriflərdir. Bununla belə Əkrəmin "Azərbaycan" jurnalında fəaliyyətini ədəbiyyatımız üçün önəmli sayıram.

Sonralar "Yazıçı" nəşriyyatında, artıq başının üstündə nəzarət olmayanda qəzetdə elan dərc etdi ki, filan-filan müəlliflər - yəni yaşlı və orta nəslə mənsub olan xeyli yazıçı - gəlib əlyazmalarını nəşriyyatdan aparsınlar, onların kitabları çap olunmayacaq.

Yadımdadır, rəhmətlik Mirvarid xanım Dilbazi mənə telefon etdi, ağlaya-ağlaya: - axı sənin dostun niyə məni belə biabır edir - deyirdi - kitabımı çap etmir etməsin, amma bu barədə qəzetdə niyə elan verir?

Nə isə...

Bütün xırda-para narazılıqlara baxmayaraq seçildiyim ilk dövrdə əvvəlki kimi məhrəm münasibətlərimiz vardı. Elə həmin il 1997-ci ilin dekabrında Əkrəmin 50 yaşı tamam olurdu və mən bu yubileyi çox yüksək səviyyədə keçirmək istəyirdim, bu barədə o vaxt Əylisdə olan Əkrəmə məktub da yazmışdım, Əkrəmin cavab məktubu isə beləydi:

Anarı, bu beş-üç kəlməni tez təcili yazıb göndərirəm ki, mənim mənfur "yubileyim"lə bağlı olan narahatlıq yükünün bir qismini sənin çiynindən imkan daxilində tez götürüm.

Heç bir Azdrama - filan tədbiri lazım deyil, dadaş. Qrilbar tədbirinə etirazım yoxdur. Bir də havalar yaxşı olsa, könlümüzə məhrəm adamlardan bir ikisini də götürüb yaxın rayonların birinə "yubiley" sərəfinə çıxarıq. İ fisyo! Yaxud belə bir variant: Yuxarıdan Nurəddin Mustafayevə (o vaxt Naxçıvan Partiya Komitəsinin rəhbəri - A.) göstəriş verirlər ki, mənim 50 yaşımı Naxçıvanda - Azərbaycan Yazıçılar İttifaqı ilə birgə qeyd eləsin. Onda yenə yaxınlarımızdan beş-üç nəfərini götürüb gəllik bura.

Cənabınız Naxçıvan teatrında nitq irad eləyər. Sonra yığışıb gəllik Əylisə ev görüşünə. Bu olar həm yubiley, həm də bir növ zarafat. Yoxsa get duzsuz-duzsuz otur Azdramanın səhnəsində ki, nə var, nə var mənim 50 yaşım tamam olub.

Şöylə-boylə işlər!

Evdə son işlər gedir: suvaq.

Bakıya gəlmək istəyirəm, ancaq işi yarımçıq qoymaq istəmirəm. Güman ki, 5-10 günə gəlləm. Şəkkül müəllim (Ordubadın partiya rəhbəri - A.) məzuniyyətdədir. Bu günlərdə təzədən "flyus" olmuşdum, indi düzəlirəm. Sən də inşallah, mənim bu məktubumu alanacan soyuqdəymə (ya gözdəymə) ilə haqq-hesabı çürütmüş olacaqsan. Əhli-əyala səmimi salamlar! Bir bənd qəzəl yazacaqdım. Heyif ki, kağız qurtardı.

Əki

16.12.87

Əkrəm Əylislinin adını ilk dəfə Həsən Seyidbəylidən eşitmişdim. Bir görüş zamanı mənə dedi ki, "Literaturnaya qazeta"dan ona üç gənc yazıçı haqqında məqalə yazmağı sifariş ediblər - Yusif Səmədoğlu, Anar və Əkrəm Əylisli haqqında. - Yazıb göndərmişəm - dedi - bəyəniblər, yaxın nömrələrin birində dərc olunacaq.

Nədənsə, bu yazı heç vaxt çap olunmadı, amma mənim Əkrəmə ilk marağım bundan başladı. Yusifin hekayələrini oxumuşdum, çox bəyənirdim. Əkrəmdən isə o vaxtacan xəbərim yoxdu. Həsənin sözündən sonra kitabını tapdım, oxudum və onun da nəsrini çox bəyəndim. Sonra - qəribə təsadüf - indi elə Həsən Seyidbəylinin adını daşıyan küçədə tanış olduq. O vaxt Vaqif küçəsiydi, bir tərəfində Yusifin, Maqsudun, Fikrət Qocanın, Fikrət Sadığın, Elçinin, Cabir Novruzun, Əli Kərimin, mənim yaşadığımız "Vaqif, 30" ünvanlı ev, qarşıda elə Həsən Seyidbəylinin yaşadığı bina. Tinin başında - divarında "Bu evdə Yusif Vəzir Çəmənzəminli yaşayıb" xatirə lövhəsi olan binada isə Əkrəmə mənzil vermişdilər. Yadımdadır, o vaxtkı Vaqif küçəsində Əkrəmlə məni rəhmətlik Çingiz Ələkbərzadə tanış etdi (Çingiz də burda, Yazıçılar evində, atası Əbülhəsənlə bir yerdə yaşayırdı). Nədirsə qısa müddətdə Əkrəmlə bir-birimizə isnişdik. Çox illər sonra Əkrəm özü etiraf edirdi ki, Anarın evinə istədiyim vaxt gələ bilirdim.

Düz deyir. Bir dəfə iri bir ağacın budağını qoparıb gətirmişdi ki, istədim sənin evində yaşıllıq olsun.

Mənzilimin əlavə yaşıllığa ehtiyacı yox idi nə hərfi, nə məcazi mənada. Həm də qoparılmış budaq evə nə yaşıllıq gətirə bilərdi, olan qalan yarpaqları da solub töküləcəkdi. Amma Əkrəmin o vaxt dediyi sözləri də unutmamışam. - Bu şəhərdə mənim iki dostum var, sən və bu ağac. - Bəs bir dostunun budağını niyə qırıbsan? - dedim.

Demə, bu sözləri sonralar dəfələrlə, ayrı mənada öz-özümə təkrar etməli olacağammış.

Əkrəm Əylisliylə altmış il bundan əvvəl qurulan və müxtəlif mərhələlərdən keçən münasibətlərimizin uzun və təzadlı bir tarixçəsi var. Bu tarixdə çox xoş, isti məqamlar da, dost, silahdaş olduğumuz dövrlər də olub, bir-birimizdən incidiyimiz günlər, aylar da. Mən heç bir vaxt Əkrəmə qarşı heç bir naqis hərəkət etməmişəm.

1987-1988-ci illərə qədər, ləkəsiz, qara buludlarsız münasibətlərimiz mən Yazıçılar təşkilatının rəhbəri seçiləndən il yarım - iki il sonraya qədər davam etdi. Təxminən elə bu vaxtdan mənə qarşı şifahi və mətbuatda yazılı iradları, tənqidləri, get-gedə şiddətlənən hücumları başladı. Mən bu həmlələrin bəzisinin üstündən üstünü vurmadan, cavablandırmadan keçirdim, amma bəzisinə cavab verməli olurdum. Həmişə hücuma birinci Əkrəm başlayıb, onun yazdıqlarının şiddət dərəcəsindən asılı olaraq mən də ona mülayim, yumşaq cavablar vermişəm, təhqirlərə, böhtanlara keçəndə isə konkret faktlarla, məntiqlə, dəlillə sərt, kəskin ifadələr də işlətməli olmuşam.

Münasibətlərimiz pozulduqdan sonra da 1998-ci ildə mənim 60 yaşım tamam olan günlərdə "Mədəniyyət" qəzetində (14-17 mart 1998) belə bir yazı dərc etmişdi:

Anara və özümə 90 yaş arzulayıram. İnanıram ki, biz bu 90 yaşı mütləq yaşayacayıq və deməli, təmasda olmağımızçün irəlidə hələ 30 il var.

Yazıçılar Birliyinin yerdə qalan üzvlərinin hamısına (yəni hərəsinə) azı 95 yaş arzulayıram. Ondan ötrü ki, Anarla mən bu dünyadan birdəfəlik köçüb gedəndən sonra da istəyirəm Birlik üzvlərinin bizim münasibətlərimizdən danışmağa heç olmasa beşcə il "çisti" vaxtı qalsın".

Əkrəmin bu xoş arzusuna mən də qoşularaq istəyirəm ki, Allah ikimizə də uzun ömür versin. Amma şər deməsən xeyir gəlməz. Allah eləməmiş Əkrəm dünyada olmasaydı mən indi bu yazdıqlarımı yazmazdım. Mərhumların dalınca danışmağı, onlara cavab verə bilməyəcəyi iradları yönəltməyi ən böyük namərdlik sayıram.

O biri tərəfdən, mən dünyayla daha əvvəl vidalaşsam, mən gedəndən sonra Əkrəmin olub keçənləri öz bildiyi kimi yozmasını və qələmə verməsini də istəmirəm.

Bir də mənə elə gəlir ki, Əkrəmlə mənim, həm də tək mənim yox, bir sıra başqa çağdaş yazıçılarımızla münasibətləri, mübarizəsi, münaqişəsi hər birimizin şəxsi işi deyil, ədəbi mühit, yazıçı davranışı, ziyalı əxlaqı baxımından da önəmlidir.

Ona görə də son altmış ilin ədəbi proseslərinə və şəxsiyyətlərinə işıq saldığım kitabda Əkrəmə bu qədər yer ayırmağıma təəccüblənməsinlər. Mənim həyatımda da, ədəbi mühitdə də müəyyən yeri olan adamla münasibətləri olduğu kimi indiki və gələcək nəsillərə çatdırmağı vacib və özəlliklə ibrətamiz vəzifə hesab edirəm.

Yazdıqlarımı ancaq konkret faktlara və mətbuatdan gətirdiyim sitatlara əsaslanaraq qələmə alıram. Kiməsə qəribə, bəlkə də pis görünə bilər ki, mən illər uzunu Əkrəmlə bağlı qəzetləri saxlamışam. Məsələ ondadır ki, Yazıçılar Birliyinə rəhbər seçiləndən il yarım, ya iki il sonra Əkrəmin mənimlə mübarizəyə girişdiyini gördüm və odur ki, bərayi-ehtiyat onun mənə mətbuatdakı hücumlarını "Əkrəmnamə" adlandırdığım qovluqa yığmağa başladım. Ürəyimə dammışdı ki, bir gün məlum faktlar anılanda onları yalnız konkret sitatlarla bərpa və sübut etmək olacaq. Əfsus ki, illər keçdikcə "Əkrəmnamə" qəzetləri dörd-beş qovluğa da sığmadı.

Tam obyektivliyə riayət edərək bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm.

Tək mənim yox, Yusifin, Vaqifin, Elçinin də - "şəhər uşaqları" kimi Əkrəmə xoş və qayğıkeş münasibətində onun istedadına hörmətlə yanaşı, bir himayədarlıq çaları da vardı. Bu çalar onun ömürlüyüylə (bioqrafiyasıyla) bağlı idi. Bilirdik ki, Əkrəmin uşaqlıq illəri bizimkindən qat-qat ağır keçib, şəhərdə kimsəsi yoxdur, yoldaşlıq borcumuz ona hayan və dayaq olmaqdır. Uzaq dağ kəndindən böyük şəhərə gəlmiş, atadan yetim bir gəncin yad mühitdə özünü tənha, kimsəsiz hiss etməsini istəmirdik.

O vaxt hələ də ona yad olan şəhərdə duyduqlarını Əkrəm təsirli bir şeirində ifadə etmişdi:

Mənim o yerlərə dönməyim gəlir

Allah, yol ver gedim: əhd eyləmişəm,

Bu yolu bir dəfə geri dönməyə

Bəlkə milyon dəfə cəhd eyləmişəm.

 

Gəldim bu şəhərin hər üzün gördüm,

Domsovetin gördüm, dənizin gördüm,

Anarın, Mövludun, Ramizin gördüm,

Mənim o yerlərə dönməyim gəlir.

 

Mənə əl eləyir əli Əylisin,

Yağışı, yağmuru, seli Əylisin,

İliyimdə əsir yeli Əylisin

Mənim o yerlərə dönməyim gəlir.

 

O vaxtlar bizim nəsil nasirləri arasında ən üzdə olanları Əkrəm və mən idik. Hər yerdə, hər imkanda özümü geri çəkib Əkrəmi qabağa verməyə çalışırdım. Eybəcər ədəbi "əxlaqa" görə mən "rəqibimi" kölgəyə itələməkdənsə, özümün hələ məhdud, atamın nisbətən geniş imkanlarından istifadə edərək Əkrəmi hər cür "irəli çəkməyə", nadanlardan, cahillərdən, paxıllardan qorumağa çalışırdım.

Rəsul Rza Yazıçılar İttifaqında indiki təbirlə desək, bir "master-klass" təşkil etmişdi, istedadlı cavan şair və nasirlərlə görüşlər keçirir, yazılarını müzakirə edir, məsləhətlər verirdi. İki Fikrətlər (Sadıq və Qoca), İsa İsmayılzadə, Ələkbər Salahzadəylə, Arif Abdullazadəylə bir yerdə Əkrəm də bu görüşlərdə iştirak edirdi. Yadımdadır, atam deyirdi ki, cavanların yazıları müzakirə ediləndə Əkrəmin çıxışlarında iti müşahidələri və dəqiq mühakimələri diqqətini çəkib.

Az sonra başqa şairlər Rəsul Rzanın bu "dərnəyinə" qısqanmağa başladılar, bunu belə qələmə verdilər ki, guya Rəsul Rza başına havadarları yığır, öz "ədəbi məktəbini" yaratmağa çalışır. Atam həmişə deyərdi: Mən "ədəbi məktəbimdən" yalnız o gəncləri saya bilərəm ki, özləri bunu deyir. O vaxt ədəbiyyatşünaslıqda qorxa-qorxa işlədilən "Rəsul Rza məktəbi" ifadəsi atamın çağdaşları arasında ciddi etiraz doğurmuşdu. Bunun səbəblərini təxminən belə ifadə etmək olar: filankəsin ordeni, mükafatı olduğu kimi, mənim də bunlardan varımdı, amma niyə filankəsin "məktəbi olsun" mənim yox?

Əlqərəz. Əkrəmə diqqət və qayğı göstərməyə çalışırdıq. Bunu o vaxtlar özü də etiraf edirdi.

"Əylisdən Əylisəcən" kitabında yazırdı:

"Qonşu evdə gedib Anara baş çəkdim, dedi ki, Cəfər Cəfərov (o vaxt Cəfər müəllimi lap təzəliklə Mərkəzi Komitənin ideoloji katibi qoymuşdular) səninlə maraqlanır. Rəsul (Anar atasına sadəcə "Rəsul" deyirdi) iş barəsində (yəni mənim haradasa qulluq işinə düzəlməyim barədə) səninlə söhbət eləmək istəyir. Havaxt deyirsən, bir yerdə gedək yanına. Bir sözlə, məlum oldu ki, Anar da elə həmişəki Anardır: mənim yolumda özünü fəda etməyə yenə can-başla hazırdır...

...Bir də görünür, əvvəlcədən ürəyimə dammışdı ki, mən o nəşriyyatda çox işləyə bilməyəcəm.

(Rəsul Rzanın təklifiylə və Cəfər Cəfərovun dəstəyilə Ə.Əylisli "Gənclik" nəşriyyatının Baş redaktoru vəzifəsinə təyin edilmişdi - A.)

Buna görə də orda işləyəcəyim müddətdə heç olmasa ən istedadlı gənc yazıçılardan bir neçəsinin kitabının nəşr olunmasına yaman tələsirdim. Və bu işdə çox vaxt Rəsul Rza dadıma çatırdı, çünki nəşriyyatın direktoru mənim fikrimlə hesablaşmağa hərdən məcbur olsa da, hər halda Rəsul Rzanın sözünə qarşı çıxmağa heç vaxt cəsarət etmirdi".

O ki qaldı Əkrəmə, təəssüf ki, vaxtilə yazdığı bu vicdanlı və obyektiv sözlərə baxmayaraq sonrakı illərdə mənimlə münasibətləri pozulandan sonra Rəsul Rza haqqında da ən nalayiq şəkildə danışmağa başladı.

Əkrəmin xahişilə və mənim vasitəçiliyimlə atam ona Yazıçılar İttifaqına üzv olması üçün zəmanət vermişdi. Atamın vəfatından çox illər sonra isə Əkrəm "Rəsul Rzanın minnəti olsun ki, mənə zəmanət verib" kimi heyvərəliyi özünə rəva bildi (Əkrəmin çox sevdiyi və tez-tez işlətdiyi "heyvərə" sözünü ona qaytarıram).

Mənə qarşı dediyi və yazdığı rəzalətləri ona bağışlayardım, amma atama aid bu nankorluğu və nanəcibliyi bağışlaya bilmərəm. Bu barədə gələcək səhifələrdə ətraflı danışacam. İndi isə hadisələrin xronoloji ardıcıllığına qayıdıram.

Moskvadan mənə göndərdiyi 20 oktyabr 1968-ci il tarixli məktubunda yazırdı:

"Anarıç, mən çox güman ki, ancaq ayın axırlarında gəlib çıxa biləcəyəm. Burada iki məsələ var - biri bizim Naxçıvana səfərimiz. Gecikməyimin buna dəxli yoxdur. Gələn ayın əvvəllərində səfərə çıxa bilərik. O biri məsələ komsomol mükafatı məsələsidir. Qorxuram Cəmil (Cəmil Əlibəyov - A.) mənə badalaq gələ. Bu məktubu da, düzü, elə bu məsələyə görə sənə yazıram. Çünki orda mənim bu məsələ ətrafında bir söz deyə biləcəyim ikinci adam yoxdur. Nəsirli (Yasif Nəsirli - A.) söz verib ki, xəbər eləsin, ancaq qorxuram aldada.

Anarıç, bilirəm ki, səni çətinə salıram. Ancaq başqa əlacım yoxdur. Mümkünsə, bir az göz-qulaqda ol. Mən istəyirəm o mükafatı alım, get-gedə daha çox hiss edirəm ki, lazımdır! Dəqiq bilirəm ki, əgər Cəfər kişinin xəbəri olsa, məsələ mənim xeyrimə həll olunacaq. Ancaq çox mümkündür ki, məsələni ondan yan ötürsünlər. Onda gərək sən Rəsul müəllimə deyəsən, onu da zəhmətə salasan - zəng eləsin. Anarıç, bütün bunların, bu zəhmətin nə olduğunu mən başa düşürəm. Daxilən xəcalət çəkirəm və ancaq bir şeyə ürəklənirəm - o da taleyimi sizinlə birləşdirməyimdir. Bilmirəm - nə dərəcədə buna haqqım var, ancaq mənə elə gəlir ki, bütün bunları sənə yaza bilərəm. Nə isə... mirzə, bu qədər. Özünə eşq olsun. Sağ ol.

Sənin Əkrəmin

20.10.68.

 

Məktubu alandan sonra Cəfərovun yanına getdim (atamın yaxın dostu Cəfər Cəfərov həm də mənim universitet müəllimim və diplom işimin rəhbəri idi) və israrla Komsomol mükafatının Əkrəmə verilməsini xahiş etdim. Cəfər əmi: - bəs istəmirsən sənə verək bu mükafatı? - deyə zarafata saldı - Yox - dedim, əgər mənə verilsə imtina edəcəm. - Lap Pasternak Nobel mükafatından imtina edən kimi, - deyə yenə zarafat etdi, amma sözümün tam ciddiliyini görüb: - Yaxşı, mükafatı sənin Əkrəminlə Fikrətinə verərik - dedi.

Fikrət Qoca özü mənə bu barədə heç nə deməsə də, onun üçün də xahiş etmişdim.

Sonra Cəfərov bu əhvalatı atama da danışıb:

- Anarın da qəribə xasiyyəti varmış - deyib - belə xasiyyətlə çətin yazıçıların içində baş çıxara.

Uzaqgörən adam imiş və "yazıçı əxlaqına" yaxşı bələd imiş.

Atam da bu mükafatların Əkrəmə və Fikrətə verilməsini xahiş etmişdi Cəfərovdan.

Mükafatı aldıqları gün axşam Fikrətlə Əkrəm bizə gəldilər, böyük sevinclə bu işi birlikdə qeyd etdik.

Düzünü deyim ki, o vaxtlar Əkrəmdən də bizə qarşı səmimi münasibəti duyurduq. Yusif də, Əkrəm də, mən də əlyazmalarımızı mətbuata verməkdən öncə bir-birimizə oxuyardıq. Mənim Vaqif küçəsindəki yarızirzəmi mənzilimdə Əkrəmin Yusifə və mənə oxuduğu povestləri, hekayələri, həmin mənzildə mənim də ilk dəfə "Ağ liman"ı Fikrət Qocaya, Fikrət Sadıqa, Əkrəmə, İsa İsmayılzadəyə, Ələkbər Salahzadəyə oxumağım (Yusif daha əvvəl əlyazmasıyla tanış olmuşdu) unudulmazdır. O vaxt Elçinlə hələ elə yaxınlığım yox idi. Elçinlə qonşu və tanış idik əlbəttə, amma sıx ünsiyyətimiz "Ağ liman" "Kommunist" qəzetində şiddətli tənqidə məruz qalanda və bu münasibətlə Yazıçılar İttifaqında keçirilən iclasda Elçinin məni müdafiə edən çıxışından sonra başladı.

Mənə göndərilən ən mühüm məktubları və özümün yazdığım bəzi məktubların surətini saxlamaq şakərim var. Yuxarıda bəhs etdiyim olaylardan çox-çox illər sonra Əkrəmə axırında: "7-12 yanvar, beş yuxusuz gecə, 1992" tarixi yazılmış 25 səhifəlik məktubumdan bir parça:

"Dostluğumuzun bəlkə də gələcəyi yoxdur, amma hər halda keçmişi olub və bu keçmişdə Bakıdakı saysız-hesabsız görüşlərimiz, söhbətlərimiz, Moskvada, Leninqradda, Türkiyədə olduğumuz vaxtlar, rayonlarımıza getməyimiz, Kür boyu gəmiylə səyahətimiz, Mövludun maşınında bütün Azərbaycandan, Gürcüstandan keçərək Mövludgilin Ermənistan ərazisində yerləşən kəndlərinə səfərimiz unudulmazdır. Eyni cür Əylisdə sənin evin tikilməmişdən əvvəl və tikiləndən sonra keçirdiyimiz xoş günlər kimi".

"Qoy gələcək tədqiqatçılar - sənin tədqiqatçıların - qəzetləri, jurnalları vərəqləsinlər, görsünlər, mən sənin barəndə nə qədər və nələr (təriflər!) yazmışam və nə yaxşı ki, sən heç vaxt mənim barəmdə mətbuatda xoş bir söz yazmamısan, çünki boğazdan yuxarı söz mənə gərək deyil.

Mən həmişə sənin haqqında səmimi yazmışam, ürəyimdən gələnləri demişəm. Dəqiqləşdirməyə məcburam: "əvəz-əvəz" prinsipinə, "mən səni müdafiə etmişəm, sən də gərək məni müdafiə edəsən" davranşına nifrət bəsləyirəm. Sən də yaxşı bilirsən ki, həmişə bir devizə sadiq olmağa çalışmışam: "Balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər".

Qurultaydan sonra sənin çap etdiyin yazıda mənə qarşı əsas iradın o idi ki, mən "hamıya yaxşılıq etmək istəyirəm". Bəli, bir daha bu qəbahətimi təsdiq edirəm: mən hamıya yaxşılıq etməyə çalışıram, ən azı, heç kəsə pislik etmək istəmirəm. Əgər bu günahdırsa, Allah keçsin günahımdan. Sənə isə bu təəccüblü gəlir, heyrətlə "bizə yaxşı adam olmaq lazımmış? - deyə heç cür bu müşgülü anlaya bilmirsən. Bir vaxtlar mənim də, sənin də xəlvət oxuduğumuz bir kitab - Oruelin "1984" kitabı yadına düşürmü? Orada totalitar quruluşun şüarları belə idi: "həqiqət - yalandır, yalan - həqiqətdir, müharibə - sülhdür, sülh - müharibədir". İndi sən bu şüarlara birini də əlavə edə bilərsən: "Yaxşılıq - pislikdir! Pislik - yaxşılıqdır".

Çox sonralar Əkrəm yazdı ki, Anarla aramızda çat mən "Azərbaycan" jurnalının redaktoru olduğum zaman onun "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanını bəyənmədiyimdən başladı. Düz demir.

Onun romanım haqqında konkret dedikləri və mənim cavablarım barədə "Ədəbiyyatın yalan janrı" adlı yazımda ətraflı bəhs etmişəm.

Əylislinin yetişdiyi mühitin mənimkindən çox fərqli olduğunu, həyat təcrübəmizin, zövqlərimizin bir-birindən çox ayrıldığını dərk etdiyimçün Əkrəmin romanıma mənfi münasibətindən zərrə qədər incimədim. Halbuki inciməyə ciddi əsasım vardı. Əsəri bəyənmədiyinə görə deyil, başqa səbəbdən. Ona göndərdiyim və yuxarıda bir parçasını verdiyim 1992-ci il yanvar tarixli məktubumda bu barədə də yazmışdım:

"Bəyənmədiyin (buna heç bir etirazım yoxdur. Hər hansı əsəri bəyənib bəyənməmək sənin redaktor haqqındır) "Beşmərtəbəli evi" mənə qaytarmaq əvəzinə, jurnalda çap etdin, amma mətbəəyə göndərməmişdən əvvəl redaksiya işçiləri yanında lağa, şəbədəyə qoyub xeyli nəşələndin. Bunu mənə öz işçilərin danışıb və sübut üçün sənin öz əlinlə mənim mətnimin kənarında yazdığın "bunu Turaşa yazıb" sözlərini göstərirdilər (Turaşa - o vaxt lap kiçik yaşlarında olan oğlum Turaldır - A.). O vaxt mənə elə gəlirdi ki, əsəri bəyənməməyinin əsas səbəbi özünün dediyin sözlərdir: "Bu əsər əl-əl gəzəcək". Axı sənin ən çox can atdığın və nail olmadığın, ona görə də başqalara qısqandığın şey populyarlıq, oxucu marağıdır. Buna görə də geniş xalq məhəbbətini heç kəsə bağışlamırsan. Nə Bəxtiyar Vahabzadəyə, nə Xəlil Rzaya... ona görə yeri gəldi-gəlmədi onlara sataşırsan".

Bu zəif damarını Əkrəmin özü də boynuna alır: "Beşmərtəbəli evi"n ədəbi taleyini əvvəlcədən nəzərə alaraq etiraf edir: "Deyə bilərlər ki, mən Anarın populyarlığından çəkinirdim. Bəlkə də elədir". "Obozrevatel" qəzeti 13-19 yanvar 2006.

Bir söz, əlli ildən artıqdır ki, bu romanın populyarlığını özünə dərd eləyib. Hər söhbətdə, hər fürsətdə imkan düşən kimi döşəyir bu əsərin ünvanına. Başqa müasirlərini - İsa Hüseynovu, Sabir Əhmədovu, Elçini haqlı olaraq yüksək qiymətləndirdikdən sonra mənim haqqımda belə deyir:

"Anar isə daha çox soyuq təfəkkürlü adamdır. Onun "Təhminə və Zauru"nu ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") heç bəyənməmişəm. Ona görə ki, orada bayaq dediyim özündən gələn informasiya yoxdur. Əsas odur ki, kim özündən, Allahla öz arasında olan söhbətdən nələri ədəbiyyata gətirir. O əsəri ilk dəfə oxuyanda bəzi qeydlər etmişdim. Anar da çox əsəbiləşdi. Dedi, çap etməsən incimərəm. Mən də dedim ki, çap edəcəm və bu əsər əldən-ələ gəzəcək (! - A.). Oxucumu tanıyıram axı. Ancaq bunu ədəbiyyatımızın ciddi nailiyyəti saymaq şəxsən mənlik iş deyil. "Təhminə və Zaur"un guya poetik yerləri var. Əslində, bu poeziya uydurma poeziyadır. Mənimçün o "postel poeziyası"dır.

Əkrəmin qəzetdə dərc edilmiş bu sözlərini "Beşmərtəbənin" çapından çox-çox illər sonra oxuduğum "Ətirşah Masan" povestiylə tanış olandan sonra daha yaxşı dərk etdim. Romanımı qəbul etməməyinin səbəbi yalnız popuyarlıq məsələsi deyilmiş, həm də məhəbbətə münasibətlərimizlə bağlı imiş. Romanımda "özümdən gələn informasiyanın olmamasını" deyir, "əsas odur ki, kim özündən, Allahla öz arasında olan söhbətlərdən nələri ədəbiyyata gətirir" - deyir.

"Ətirşah Masan"la tanış olanda bildim ki, Əkrəmin nəzərdə tutduğu "əsərdə müəllifin özündən gələn informasiya" nədən ibarət imiş və Allahla arasında olan söhbəti ədəbiyyata nə sayaq gətirmək olarmış, "Ətirşah Masan"dan sitat:

"Hələ lap uşaqlıq çağlarından kəndin ən qəşəng qızlarını xəyalda tutub aktiv onanizmlə məşğul olan və bu son 10-15 ildə qızdan-qadından almaq istədiyi ləzzətin əvəzini dişi atlardan, ulaqlardan çıxmağa vərdiş eləyən Yədulla indi gözləmədiyi bir hala düşdüyü vəziyyətin pərt ovqatı içində çaşıb qalmışdı".

Əsərdən daha bir sitat:

"Ağ dayça məsələsini Masan əlbəəl başa düşdü, çünki bir çox kişilərin dişi atlarla, ulaqlarla, hətta keçilərlə də cinsi əlaqədə olması o zaman bizim kənddə böyükdən kiçiyə, hamıya məlum idi. Düzdür, keçi ilə cinsi əlaqə hələ əyyami-qədimdən bir mahalda haram sayılırdı, ancaq atla ulağın haram olması haqqında hələ ki heç kəs heç nə demirdi. Və madam ki, demirdilər, bundan belə bir nəticə çıxarmaq olardı ki, kəndin seksual tələbatının tarazlaşdırılmasında bu işin özünəməxsus rolu və əhəmiyyəti vardı. Başqa sözlə, kənddəki qadın potensialı kəndin kişi qisminin seksual tələbatının tam ödənilməsinə bəs eləmirdi".

Göründüyü kimi, "seksual tələbatlar" və "onların ödənilməsi", ümumiyyətlə, kişiylə qadın arasında normal "postel poeziyasıyla" Əkrəmin qələmə aldığı poeziya - "KEÇİ MƏCNUNLUĞU" arasında əsaslı fərq var.

Xeyr, Əkrəmlə aralanmağımız "Beşmərtəbə" məsələsindən başlanmadı. Buna ən bariz sübut odur ki, Əkrəmin romanıma bu münasibətinə rəğmən bu söhbətimizdən sonra yazdığım yazılarda, o cümlədən "Nəsrin fəzası"nda Əkrəmin yaradıcılığını yüksək qiymətləndirmişəm. Yazıçılar təşkilatının rəhbəri seçilən kimi Əkrəmi İttifaqa katib gətirdim.

Əkrəmlə aramızda doğrudan da, ilk dəfə çat yaranması isə Qarabağ məsələsindən başlandı. Bu barədə dəfələrlə yazmışam. Bir daha təkrar edim ki, Akademik Aqanbekyanın Parisdə Qarabağın Ermənistana verilməsi barədə məsələ qaldırması xəbəri Bakıya çatan kimi Yazıçılar İttifaqında yığışdıq və mənim hazırladığım məktubu Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Hüseyn Abbaszadənin, Elçinin və mənim imzamla Qorbaçova göndərdik. Bundan başqa, Elçinlə mən dərhal Bakı televiziyasıyla çıxış etdik. Məsələnin mahiyyətini açdıq və erməni iddialarını rədd etdik.

"Qarabağla bağlı əsassız erməni iddiaları başlar-başlamaz Azərbaycan Yazıçılar Birliyi xalqımızın haqq səsini dünyaya çatdırmaq üçün ardıcıl fəaliyyətə keçir. AYB-nin sədri Anarın təşəbbüsü ilə Azərbaycan yazıçıları Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçova ilk müraciətləri ünvanlayırlar. Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan KP Mərkəzi Komitəsinin Plenumlarında, SSRİ Ali Sovetinin iclaslarında, Xalq deputatları qurultaylarında, Moskva və Türkiyə mətbuatında, yerli və xarici TV kanallarında dəfələrlə çıxış edən Anar Qarabağla bağlı həqiqətləri əsaslı arqumentlərlə dünya ictimaiyyətinə bəlli edir. 1990-cı ilin Qara Yanvar faciəsi, Xocalı soyqırımı haqqında Moskva və dünya mediasına ilk xəbərlər Azərbaycan Yazıçılar Birliyi tərəfindən çatdırılır. Qərb paytaxtlarında dəstək qazanan və Moskvanın çaşbaş qalmasından istifadə edən ermənilərin tarixi ədalətə zidd mövqeyini anlatmaqdan ötrü Anar şəxsən Qorbaçovla görüşür və bu məsələləri onunla müzakirə edir. Anarın dünyanın bir çox ölkələrində keçirilən ədəbi, ictimai-siyasi tədbir və toplantılarda xalqımızın üzləşdiyi problemlərlə bağlı çıxışları, siyasi mövzularda məqalələri, müsahibələri, ədəbi-publisistik yazıları, Amerika Universitetində oxuduğu mühazirə "Azərbaycançılıq haqqında düşüncələr" ölkəmizin bədxahlarına cavabları, həbs edilənlərin müdafiəsinə aid məktub və müraciətləri "Əsrin əsiri" və "Plennik veka" kitablarında toplanaraq çap edilir".

Rahid Ulusel. "Vətən müharibəsi və ədəbiyyatda Milli özünüdərk problemi" kitabı. (Səh. 27-28)

 

Fransanın "Fiqaro" qəzetinin müxbiri Bakıya gələrkən onu qəbul etdim. Ona dedim ki, İrəvanda mitinqlərdə "Biz əsgərləri məcbur edəcəyik ki, bizə güllə atsın", yaxud "biz rus-türk-tatar-yəhudi qanına qəltan olacağıq" qəbilindən çağırışlar mazoxistcəsinə səslənir. Qəzet isə bu sözlərimi belə başlıqla vermişdi - "Azərbaycan yazıçısı Anar: ermənilər mazoxistdirlər".

Elə həmin vaxtlarda kitabımın təqdimatıyla bağlı Qərbi Almaniyada olarkən Frankfurtda türkcə çıxan qəzetdə Qarabağ məsələsiylə bağlı müsahibə verdim. Qəzet müsahibəni "Ermənilərə tokat (şillə)" başlığıyla dərc etmişdi. Mən dərhal təkzib yazdım ki, heç bir vaxt heç bir xalqı təhqir etməmişəm. "Fiqaro"ya göndərdiyim məktubda da mazoxist sözünün bütün xalqa aid edilməsinə etiraz etmişdim.

Amma bütün bunlar kifayət imiş ki, erməni ictimaiyyəti məni ən qatı düşmənləri kimi qələmə verməyə başlasınlar... Moskvada Qorbaçovun Azərbaycan və Ermənistandan olan deputatlarla görüşü oldu. Mən o vaxt SSRİ deputatı deyildim. O vaxt SSRİ deputatı olan Ermənistan Yazıçılar İttifaqının sədri Vardqes Petrosyan Qorbaçova danos vermişdi ki, Azərbaycanda ermənilərə qarşı nifrəti, düşmənçiliyi qızışdıran millətçi Anardır.

Sovet dövründə millətçilik ittihamı ən ağır suç idi. O vaxt SSRİ deputatı olan Mirzə İbrahimov V.Petrosyana cavab vermiş, məni müdafiə etmişdi.

Çox sonralar işi-peşəsi Anarı "ifşa" etmək olan bir köşə yazarı məni məzəmmət edirdi ki, niyə o vaxt Vardqes Petrosyana cavab verməmişəm. Fikrət Qoca onun yalanını çıxardı: o vaxt Anar SSRİ deputatı deyildi və Qorbaçovla görüşdə iştirak etmirdi, Vardqes isə deputat idi və bu görüşdə iştirak edirdi. Anar SSRİ deputatı olanda isə V.Petrosyan artıq deputat deyildi. Elə bilirsiz bu yalanı söyləyən üzr istədi, bağışlayın, səhv etmişəm - dedi? Əsla! Əksinə ayrı bir yalan uydurdu ki, guya mən "tərbiyəmə görə Moskvada çıxış etmirəm" demişəm. Bu da yalan idi. Bir dəfə mən Ali Sovetin iclasında çıxış edərkən Sero Xanzadyan yerdən mənə söz atdı. Nə dediyini eşitməsəm də bildim ki, nə isə yaxşı söz deməz, tribunadan Xanzadyana "bu toplantıya hörmət etdiyim üçün sizin kimi tərbiyəsizlik edə bilmərəm" dedim.

Ali Sovetin sessiyalarında, SSRİ Xalq Deputatları qurultaylarında, Moskva televiziyasıyla dəfələrlə çıxışlarımda Qarabağla bağlı haqq mövqeyimizi ifadə etdiyimə görə erməni millətçiləri məni ən böyük düşmənləri elan etdilər. Erməni yazıçısı Perç Zeytunsyan Ermənistan KP MK-nın orqanı - "Xorurdai Hayastan" qəzetinin iki nömrəsində mənim əleyhimə föhş və təhqir dolu iri məqalə çap etdirdi. Məqaləni rus dilinə çevirib SSRİ Yazıçılar İttifaqının rəhbərliyinə, oradan mənə də göndərmişdilər. Mən öz mətbuatımızda ona sərt cavab yazdım.

Ermənistan Yazıçılar İttifaqının V.Petrosyandan sonrakı rəhbəri Raçiya Ovanesyan da Moskvaya Yazıçılar İttifaqı rəhbərliyinə məktub yolladı ki, Anar ermənilərin və ümumiyyətlə, erməniliyn qatı düşmənidir, odur ki, onu inzibatı yolla və partiya xəttilə cəzanlandırmalısınz.

Ermənistanın bir çox qəzetlərində, müxtəlif toplantılarında mənim əleyhimə ən murdar yazılar çıxır, sözlər deyilirdi. Ermənistandan və Dağlıq Qarabağdan ünvanıma gələn məktublarda məni yalnız təhqiq etmir, ölümlə hədələyirdilər.

Belə bir şəraitdə Əkrəm Əylisli Moskvaya "Drujba narodov" jurnalının redaktoru Sergey Baruzdinə məktub yazmışdı və redaksiya bu məktubu məmnuniyyətlə dərc etmişdi. Məktubda Əkrəm iddia edirdi ki, burada (yəni Azərbaycanda) hamı millətçidir, bunların arasında özünü yalqız hiss edir və ümumiyyətlə, ta uşaqlıqdan başqa millətlərə öz xalqından daha çox inanır.

Bu, Azərbaycan ictimaiyyətinə, yazıçılarına, Yazıçılar İttifaqına və bu təşkilatın rəhbəri kimi şəxsən mənə arxadan saplanan bıçaq idi.

Təbii ki, bu jurnal Bakıya çatanda bomba kimi partladı. Əkrəm özü bu vaxt Moskvada idi. Mənə çox sayda məzəmmət dolu məktublar gəlirdi ki, niyə Əkrəmin xəyanətinə münasibət bildirmirik, niyə onu cəzalandırmırıq. Onsuz da Əkrəmdən xoşu gəlməyən bir çox yazıçılar onun nəinki katiblikdən, hətta Yazıçılar İttifaqından çıxarılmasını tələb edirdilər.

Belə bir şəraitdə mən məhz Əkrəmi xilas etmək üçün onun sonralar uydurduğu kimi Plenum yox, iş otağımda (yəni orda Plenum üzvlərinin yarısı da yerləşməzdi) xudmani bir toplantı keçirdim və yazıçılar çıxış edib ürəklərin boşaltdılar. Bu çıxışlar "Ədəbiyyat və incəsənət" qəzetində (28 aprel 1989) dərc olunub. Əkrəmə qarşı kəskin təkliflərə yol verməyərək onun yaradıcılığını xeyli tərifləyib "biz burda istedadlı yazıçı Əylislini deyil, onun bir yanlış məktubunu müzakirə edirik" - dedim və bu replika da qəzetdə dərc edilib.

O vaxt Əkrəm onun sözlərinin jurnalda təhrif olunduğunu deyirdi və mətbuat səhifələrində ("Ədəbiyyat və incəsənət" qəzeti, 26 may 1989) bir növ üzrxahlıq edirdi:

"Drujba narodov" jurnalının həmin nömrəsinin çapdan çıxması biz - bir qrup Azərbaycan yazıçının bu ilin mart ayında keçirilən plenumunda iştirak etməkdən ötrü Moskvaya getdiyimiz vaxta təsadüf eləmişdi. "Drujba narodov" jurnalının redaksiyasından götürdüyüm 3-cü nömrəni oxuyandan sonra mənim nə hala düşdüyümü bir çox yazıçı yoldaşlarım öz gözü ilə görmüşdü, əhvalımın nə yerdə olduğunu mən onların hamısına demişdim. Jurnalı oxuyan zaman keçirdiyim sarsıntının səbəbi - Sergey Baruzdinə yazdığım məktuba mənə xəbərdarlıq edilmədən yol verilmiş bir sıra ixtisarlar və dəyişikliklər idi. Bu haqda mən öz kəskin etirazımı redaksiyaya elə o vaxt bildirmişdim".

Mətləbi uzatmamaq üçün qeyd edim ki, Əkrəm bu etiraf (ya tövbə) yazısında bildirir ki, Baruzdinə məktubunda Zori Balayan və başqa millətçi erməni yazıçılarına kəskin etirazını redaksiya ixtisar edib. Yazır:

"Məktubda irəli sürülən bir sıra fikirlərin redaktə zamanı "rəndələnib-ütülənməsi" məktubun ümumi ruhuna bu və ya digər dərəcədə təsir etmişdir. S.Baruzdinin mənim məktubuma qarşı irəli sürdüyü əks müddəaların ümumən birtərəfli və ədalətsiz olduğuna mənim də zərrə qədər şübhəm yoxdur. Elə məsələ də burasındadır ki, həmin müddəalar mənim məktubumdakı fikirləri təsdiq etmək deyil, əksinə - təkzib etmək məqsədi daşıyır və mənim məktubumda aparılan ixtisar nəticəsində S.Baruzdinin özünün də bir sıra mülahizələri, necə deyərlər, havadan asılı qalmış, professional jurnalist qələminə yaraşmayan gülünc vəziyyətə düşmüşdür".

Köhnə dostu S.Baruzdini Azərbaycan dilində çıxan "Ədəbiyyat və incəsənət" qəzetində, necə deyərlər, "baqaja qoyan" Əylisli, nədənsə, həmin o millətçi erməni yazıçıları haqqında guya ki, yazdıqlarını Azərbaycan mətbuatında bir dəfə də olsun çap etmədi. Nə onda, nə sonra... Əvəzində Anara, Fikrət Qocaya döşədikcə döşədi və "Daş yuxular" povestini Moskvada çap etdirdi.

Etiraf yazısında Əkrəm daha sonra yazır:

"Mənim S.Baruzdinə yazdığım məktubdakı "ümumxalq qəzəbinə" səbəb olan cümlə barədə. O cümlənin ruscadan hərfi yox, həqiqi tərcüməsi belədir: "İndi də Sizi möhkəm "heyrətləndirəcəyəm": mən hələ lap uşaqlıq çağlarımdan BAŞQA XALQLARIN (altını mən cızdım - A.) nümayəndələrinə "özümüzünkülərdən" də çox etiqad bəsləmişəm, - yəqin, ona görə ki, körpə xəyalımla göylərə qaldırdığım və görünür, öz əhatəmdə tapa bilmədiyim İnsanın haradasa başqalarının arasında olduğuna ümid etmişəm.

Rus dilinə azacıq yiyələnən hər kəs bilməlidir ki, burada söhbət azərbaycanlıdan, ermənidən, rusdan, yaxud belarusdan getmir. Böyük hərflərlə yazılan İnsandan, yəni uşaq təsəvvüründəki ideal insandan gedir".

Kimi çaşdırmaq istəyir Əkrəm? Hansı dilə tərcümə edirsən et, hərfi, ya qeyri-hərfi mənada məsələ belə qoyulur ki, BAŞQA (yəni öz xalqından başqa) xalqlara "özümüzünkülərdən" daha cox etimad bəsləyib, Azərbaycan yazıçılarını, ictimaiyyətini qıcıqlandıran, qəzəbləndirən də məhz elə bu milli dönüklükdü. Həm də elə bir vaxt idi ki, bütün SSRİ və dünya mətbuatı bizə qarşı yönəldilmişdi, səsimizi, həqiqətimizi heç yerə çatdıra bilmirdik, buna az-çox nail olanda da dərhal millətçi, irqçi, nə bilim turançı kimi damğalanırdıq. Hətta bu "peşmançılıq" yazısında da Əkrəm özünə qarşı iradları başqalarına yönəltməyə çalışır. Yazır ki, "məndə olan tam səhih məlumata görə, Yazıçılar İttifaqında keçirilən müşavirədə yekdilliklə qəbul olunmuş və mətni "Ədəbiyyat və incəsənət" qəzetində 18 may 1989-cu il tarixinəcən "Drujba narodov" jurnalının redaksiyasına, şəxsən S.Baruzdinə, yaxud Moskvanın hər hansı bir digər mətbuat orqanına çatmamışdır. Üstəlik, belə təcili surətdə qəbul olunan həmin məktubun müşavirədən sonrakı taleyilə heç kəs maraqlanmamışdır. "Ədəbiyyat və incəsənət" qəzetini söz yox ki, almayan və oxumayan Sergey Baruzdinə məhz bu qəzetin vasitəsilə təsir göstərməyin görəsən nə mənası vardı".

Əkrəm haqlıdır, məktubun öz qəzetimizdə dərc olunmasının Azərbaycan cəmiyyətini məsələdən agah etməkdən başqa bir mənası yoxdur. Baruzdin də Azərbaycan dilində "qəzet oxumur", nə bizim yazdığımızı, nə Əkrəmin yazdığını. Amma Əkrəm onu demək istəmir ki, mənim rus dilində yazdığım həmin məktub məhz mənim təkidimlə "Drujba narodov" jurnalının növbəti nömrəsində dərc olundu. Əkrəm bu məsələdə S.Baruzdinin dalından qaçdısa, mən Baruzdinin bir nəcib hərəkətini etiraf etməliyəm. Məktubumda Baruzdinə qarşı da ciddi iradlar vardı. Mən Moskvada redaksiyada olarkən redaktorun müavini Rudenko-Desnyak belə bir məktubun, yəni jurnalın Baş redaktoruna qarşı yönəlmiş məktubun "Drujba narodov" jurnalında çap olunmasına qəti etiraz edirdi. Baruzdin isə: - yox - dedi, - bir sözünü də dəyişmədən çap edəcəyik.

Doğrudan da, çap etdi və jurnalın mənə göndərdiyi nömrəsiylə bərabər, kiçik məktub da yazmışdı: "Əziz Anar, axı biz niyə dalaşmalıyıq".

Bu, doğrudan da, Baruzdinin kişiliyi idi.

Əylisdə olduğum zaman Əkrəmin böyük qardaşı Cavidlə tanış olmuşdum və qarşılıqlı rəğbətimiz vardı, məktublaşırdıq. Mənə yazdığı bir neçə çox səmimi məktublarını saxlamışam. Hamısını eyni səmimiyyətlə cavablandırmışam. Lap son günlərdə Əkrəmin yazısından Cavidin vəfat etdiyini bildim. Çox kədərləndim. Allah rəhmət eləsin, çox işıqlı insan idi. "Drujba narodov"la bağlı hadisələr başlayanda Cavid - əlbəttə, qardaş ürəyidir - mənə həyəcanlı bir məktub göndərmişdi. Yazırdı:

Əziz Anar, salam.

Belə bir çətin, dolaşıq vaxtda üzümü Sizə tuturam. Əkrəmi məndən yaxşı Siz tanıyırsınız, illər uzunu yoldaşlıq eləmisiniz. Döyülən zamanlarda ədəbi cəbhədə onu buynuzlayanları hamıdan tez Siz görmüsünüz. O məktubun ədəbi aləmdə nə kimi rəy doğurduğundan xəbərim yoxdur. Haqlı tənqid, qərəzsiz iradlar öz yerində Məni Əkrəmə qarşı haqsız möhtəkir - alverçi hücumları narahat edir.

Əkrəm də, Siz də öz əsərlərinizlə öz sözünüzü demisiniz. Həmin məktubu Naxçıvanda tərcümə eləyib yayanlar ancaq yazıçını gözdən salmaq istəyirlər. İnanın, çoxunu nə məktub, nə də milli münasibətlər maraqlandırır. Əkrəmin sosial-ictimai əsərləri belələrinin daş tərəzisində yüz qram qoz ləpəsindən ucuzdur.

Dükan-bazarlarda, çayxanalarda, avtobuslarda - hər yerdə Əkrəmə, onun şəxsiyyətinə yaraşmayan rəng verir, olduğu kimi yox, bildikləri kimi hallandırırlar. Bizə də şübhəylə baxırlar. Deyirəm, 37-ci ildə tutulan bir yana, onların qohumlarının nə müsibət çəkdiyini mən indi daha aydın görürəm. 37-ci ilin provokatorları bu dəqiqə hazır dayanıb fürsət axtarırlar. Uşaq məktəbdən gəlib soruşdu: "Əmimi tutacaqlar". Uşağın bu sözündə 37-ci il göründü.

"Kür qırağının meşələrində" millətçi kimi ittiham edilən Əkrəm indi xalqına, millətinə yad oldu? Ömrü boyu xalqın dərdindən, düşdüyü ağır vəziyyətdən yazan Əkrəm birdən öz xalqını unutdu. Bu heç bir məntiqə uyğun deyil. Hadisələrin indiki vəziyyətində yazıçı yaradıcılıq böhranı keçirir. Olsun ki, Əkrəm bir yazıçı kimi gələcək əsərlərindən birində öz sözünü deyəcəkdir.

İndi mənəvi atmosferi korlayanlar daha çoxdur. Ürəkdən ağlayanlarla, zorla gözdən yaş çıxaranlar bəlli deyil. Yazıçı üçün ən dürüst güzgü gələcəkdir. Yazıçı və şair üçün milli məhdudluq yoxdur. Dar milli çərçivədə nə Nizami var, nə Sabir, nə də Rəsul Rza.

Görəsən, Sabir bərabəri şairimiz Rəsul Rza sağ qalsaydı belə vəziyyətdə necə elərdi?

Əziz Anar, dünya ölüm-itimdir. Məktubum barədə Əkrəmə heç nə demə, xəbəri olmasın. Moskvaya gedəndən məktub da yazmır. Bir tikə halal çörəyimizi zəhər elədilər. Vallah, düzü bilmirəm, niyə belə elədi, başa düşəmmirəm. Bəlkə elə dünyadan, həyatdan bezib, küsüb, iyrənib, nə bilim? Sizin böyük və təmiz ailənizə həmişə dərin hörmət bəsləyən

Cavid.

 

Tarix qoymasa da məktub 1989-cu ilin mayında yazılıb, çünki mənim ona yazdığım cavab məktubumun altında 18 may 1989 tarixi var. Əlbəttə, Cavidin xahişini nəzərə alaraq, bu məktub və Cavidə yazdığım cavab barədə Əkrəmə heç nə demədim. Cavabım isə belə idi:

Əzizim Cavid! Məktubunu bu gün aldım və dərhal cavab yazıram. Təbii ki, sənin istədiyin kimi Əkrəmə bu barədə bir şey deməyəcəm. Keçirdiyin hisslər mənə tamamilə aydındır və inan ki, Əkrəmlə bağlı bütün hay-küy sənin qədər məni də ağrıdır, incidir, neçə vaxtdır ki, rahatlıq vermir. Əlbəttə, əqidə möhtəkirləri, saxta millətpərəstlər, Əkrəmin paxıllığını çəkən, ondan hayıf çıxmaq istəyənlər var və əllərinə girəvə düşdüyü üçün onun adını bədnam etməyə çalışırlar. Amma tam səmimiyyətlə demək istəyirəm ki, bu işlərin əsas səbəbi Əkrəmin özünün anlaşılmaz hərəkətləridir.

Mənim Əkrəmə və Sizin ailənizə münasibətimi yaxşı bilirsən. Əkrəmlə dostluğumuz çətin illərin sınağından çıxıb və... bağışla, əgər qeyri-təvazökar söz deyirəmsə, mən həmişə Əkrəmə etibarlı dost olmuşam. Amma Əkrəm necə rəva bildi ki, belə ağır, gərgin bir vəziyyətdə bizə arxadan bıçaq vursun. Söhbət tək-tək adamlardan yox, bütün xalqa verilən ittihamdan gedir. Yəni Əkrəm "Drujba narodov"da Baruzdinə bizim hamımızdan gileylənir ki, burda məndən başqa internasionalist yoxdur. Birinə, beşinə yox, min, yüz min, neçə yüz min adama necə başa salasan ki, niyə görə Əkrəm "mən özümüzkülərdən çox, başqa xalqların nümayəndələrinə inanmışam" - deyir.

Əkrəmin özünə gələn məktublar, edilən telefon zəngləri bir yana dursun. Son vaxtlar elə gün yoxdur ki, mənə azı dörd-beş məktub gəlməsin və telefon zəngi edilməsin, hamısında Əkrəmə görə təhqirlər və söyüşlər. Niyə axı. Nə təqsirim var mənim ki, Əkrəmin razı olmadığım sözlərinə və hərəkətlərinə görə söyülüm? Hər cür təhqirə də, tənqidə də dözmək olar, biləsən ki, haqq iş yolunda dözürsən. Amma axı Əkrəmin son vaxtlar etdiyi çıxışlar, yazdığı məqalələr, nəhayət, Baruzdinə məktubu - haqq işi deyil, Cavid, qardaş, vallah haqq işi deyil. Məgər Əkrəm bu bədbəxt xalqın başına nə müsibətlər gəldiyini görmür ki, yaraların üstünə bir az da duz basır. Əkrəmin Mərkəzi mətbuatda özünün də işlədiyi Yazıçılar İttifaqına Baruzdinin çaxır atması üçün verdiyi imkan bizi bir az da başıqapazlı edir axı... Axı nə günah işlətmişik ki, Əkrəm bizi bu cür qələmə verir bütün ölkə qarşısında. Yazıçılar İttifaqında bərabər işlədiyimiz bütün bu müddətdə Əkrəm ən ərköyün katib olub və bunu dönə-dönə mənim başıma vurublar. İstəyəndə gəlib, istəyəndə gedib, aylarla Bakıda işdə olmayıb, gah Əylisdə, gah Moskvada dincəlib, yazıb-yaradıb. Olsun, sözüm yox, mən o fikirdəyəm ki, Əkrəmin yaradıcılıq ezamiyyətində keçirdiyi vaxt da ədəbiyyatımız üçün səmərəli ola bilər - yeni, istedadına, adına layiq əsərlər yazar. Yazıçıya bundan da vacib nə var, bu imkandan şəraitdən yaxşı nə var? Əkrəm gözəl bilir ki, bütün bu müddətdə mənim nə gecəm var, nə gündüzüm, minlərlə evsiz-eşiksiz qalmış, yerindən-yurdundan didərgin düşmüş adam məhz Yazıçılar İttifaqına pənah gətirir, bizdən imdad diləyir. Bacardığımızı edirik, bacarmadığımızın ağrısını çəkirik. Əkrəm bu işlərə qarışmır, kömək etmək istəmir, özü bilər, amma heç olmasa 37-ci il sayağı danoslarla bizi istəməyənlərin əlinə dəstavüz verməsin.

Cavid, əzizim, mən çox gözəl bilirəm ki, Əkrəmin bu düşünülməmiş bəyanatlarının təpiyi mənə dəyməklə bərabər, ailəsinə, yaxınlarına, Əylisdəkilərə dəyir. Naxçıvandan, o cümlədən Ordubadın kəndlərindən kollektiv imzalarla gələn məktubların içində, şübhəsiz, qərəzlə, hayıf çıxmaq, gözügötürməzlik ruhunda yazılmışları da var. Amma axı Əkrəmin Baruzdinə məktubunda tutduğu mövqeyi müdafiə edən bircə adam da tapılmaz, onun ən yaxın dostları, onu istəyənlər belə bu möveyi izah etməkdə acizdirlər.

Bilirsən ki, mən heç vaxt millətçi olmamışam, yalançı saxta, riyakar millətçiliyi, xal yığmaqçün qaldırılan hay-küyü nalayiq bir şey hesab edirəm. Milli məhdudluğa da qapanan adam deyiləm. Amma xalqımızın bu qədər ədalətsiz, həyasız hücumlara məruz qaldığı zaman, həm də hayanlı-havadarlı düşmənlərimizə qarşı tək-tənha qaldığı bir zaman kiminsə gözündə beynəlmiləlçi görünməkçün ağa qara demək də yazıçıya, ziyalıya, kəndliyə, ümumiyyətlə, heç kəsə yaraşan iş deyil. Niyə Əkrəm belə edir, nədən qorxub, kimin təsirinə düşüb, harda çaşıb, dolaşıb, fikirlər qarışığında azıb, itirib özünü - bilmirəm, çox düşünürəm bu barədə yuxusuz gecələrimdə, cavab axtarıram, tapa bilmirəm. Bu son ildə neçə dəfə bəzən ciddi, bəzən zarafata salıb sözümü demişəm ona, eşitmir, ya eşitmək istəmir. Elə bil höcətə düşüb camaatı özündən daha çox incitmək, daha çox narazı salmaq istəyir. Camaatın hamısı da axı möhtəkir, yalançı, saxtakar deyil... Əgər bütün xalq belədirsə daha onda sən, yazıçı, kiminçün yazırsan?

Yazıçılar İttifaqının Rəyasət Heyətində başqa məsələlərlə bir sırada Əkrəm-Baruzdin yazışması barədə söhbət qaldırmaqla biz əslində Əkrəmi adamların qəzəbindən, hiddətindən, ən kəskin tələblərindən xilas etmək istədik. Əkrəmin konkret bu məktubundakı bəzi fikirlərinə mənfi münasibət bildirməklə bərabər, bir daha onun namuslu yazılarını, ədəbiyyat qarşısında böyük xidmətlərini qeyd etdik, məktubun müzakirəsini Əkrəmə qarşı kampaniyaya çevirmək istəyənlərin cavabını verdim. - Biz burada Əkrəmi müzakirə etmirik, onun məktubunu müzakirə edirik - dedim. Mənim mövqeyim bundan sonra da belə olacaq, heç vəchlə Əkrəmə qarşı kampaniya aparılmasına yol verməyəcəm. Amma çox şey (bəlkə də hər şey) Əkrəmin özündən asılıdır. Nə isə bir yol, bir vasitə tapıb adamlara öz mövqeyini izah etməlidir. Söhbət üzrxahlıqdan, ya səhvini boynuna almasından getmir. Söhbət bu xalqın dilində bu xalqın ədəbiyyatını yaradanlardan birinin öz xalqıyla dil tapmasından gedir. Mirzə Cəlil kimi xalqın eyiblərini deyən, onu tənqid, məzəmmət edən ikinci bir yazıçı tapmaq çətindir, amma yeri gələndə Mirzə Cəlil xalqının qeyrətini də çəkirdi, onun mənafeyinə toxunan heç bir məsələdən özünü kənara çəkmirdi.

Bilirəm, Əkrəm yəqin, məndən də inciyib, halbuki mənim ondan inciməyə daha çox əsasım ola-ola, mən ondan incimirəm, bir dost, yoldaş, silahdaş kimi onu itirmək də istəmirəm. İstəyim odur ki, tərs damarı tutmasın, höcətliyinə salıb haqqa nahaq, nahaqqa haqq deməsin, əlinin, alnının zəhmətiylə qazandığı təmiz adını özü ləkələməsin, heç bir düşmənin bacarmayacağı bir işi özü görməsin - özünü hörmətdən salmasın. Mən iki gündən sonra Moskvaya gedirəm, yəqin, ayın axırında qayıdacam və o vaxtacan Əkrəmi görüb danışa bilməyəcəm. Deyirlər, MK-ya, Vəzirova bizdən şikayət teleqramı vurub, canı sağ olsun, vaxt gələr dostunu, düşmənini ayırd eləyər, bir özünü haqlı, hamını haqsız hesab etməz.

Əziz Cavid, məktubum uzun çıxdı, ürəyim doludur. Və Əkrəm sarıdan ürəyimi boşaldacağım bir adam da yoxdur. Ailənizin bu işlə bağlı düşdüyü çətinlikləri yaxşı başa düşür və buna ürəkdən acıyıram. Allaha təvəkkül. Allah eləsin bütün bu qəmli, ağrılı səhifələr ötüb keçsin, əvvəlki ürək açıqlığıyla görüşə, danışa, dərdləşə bilək. Mən buna inanmaq istəyirəm, inanmasan necə yaşayasan axı...

Söz-söhbətləri ürəyinə salma, hər şey keçib gedəcək, haqq öz yerini tapacaq. Əkrəm də bu müvəqqəti düçar olduğu xəstəlikdən (çünki mən bunu yalnız xəstəlik adlandıra bilərəm) tezliklə sağalıb, ötənləri qara bir yuxu kimi xatırlayacaq. Amin.

Sənə və ailənə səadət, xoş günlər arzulayıram.

Anar

18 may 1989.

 

Dediyim kimi, bu hadisədən sonra təxminən iki il Əkrəm katib qaldı və birlikdə normal işləməyə davam etdik.

Amma illər keçdikcə hamının yaddaşının skleroz olduğunu düşünərək hadisələri tamam başqa cür yozmağa, hətta öz çap olunmuş üzrxahlıq etirafının ziddinə uydurmalar yaymağa başladı. Mənim onu əslində qoruyub xilas etməyimi ona qarşı qəsd kimi qələmə verməyə çalışdı.

Mətbuatda, əsasən də məsələdən bixəbər rus qəzetlərində: "Anar məni məhv etmək istəyirdi" kimi sayıqlamalar çap etdirdi. "O gündən mən Yazıçılar İttifaqından üz döndərib getdim" - deyə yalan satdı. Halbuki bu hadisədən sonra dediyim kimi düz iki il Yazıçılar İttifaqının katibi vəzifəsində qaldı, IX Qurultayda çıxışına görə nümayəndələrin nifrətini qazanıb katiblikdən getməyə məcbur olana qədər.

Bu hadisələr haqqında rus qəzetlərində ötürdüyü uydurmalara biz də elə həmin qəzetin səhifələrində cavab yazdıq.

Vot, çto qovorit A.Aylisli, otveçaə na postavlennıy po dannoy teme vopros:

"Moə jiznğ oçenğ oslojnilasğ posle toqo kak moy davniy druq Anar bez moeqo vedoma sobral v Baku plenum i obğəvil menə vraqom naroda. Ə emu gtoqo ne prostil i ne prohu nikoqda, tak kak eqo deəniə v 1989 qodu çutğ ne poqubili menə, daje na fiziçeskom urovne. V gto vremə menə i moö semğö podverqali mohnomu davleniö. V dome, v kotorom ə jil, vse otnosilisğ ko mne neqativno. Ot paradnoy do moey kvartirı na stenax çernoy kraskoy bılo napisano: "Ubiraysə otsöda!".

Ravno polovina iz skazannoqo v gtom abzaüe - otkrovennaə lojğ. Naçnem s toqo, çto nikakoqo plenuma po stolğ nikçemnomu povodu Anar ne sobiral. Dostatoçno perelistatğ qazet toqo vremeni, çtobı ubeditğsə v gtom. Nikto i nikoqda ne obğəvləl Aylisli vraqom naroda. Anar ne imeet nikakoqo otnoşeniə k eqo vzaimootnoşeniəm s sosedəmi po domu".

Qazeta "Mir literaturı"

ноябрь-декабрь, 2007

 

Bu hadisələrdən deyildiyi kimi iki il sonra da katib işlədi və guya ki, "onu öldürmək istəyən" və onun bağışlamayacağı Anarla normal münasibətləri davam etdi. Demə, altdan-altdan başqa yöndə çalışırmış.

IX Qurultay ərəfəsində əvvəl gizli, sonra açıq şəkildə mənimlə mübarizəyə girişibmiş, daha doğrusu, məni devirmək əməliyyatına başlayıbmış. Qurultaya bir gün qalmış otağıma gəldi, İdarə Heyətinə Səfər Alışarlını salmağı xahiş etdi. Xahişinə əməl etdim, Səfəri İdarə Heyəti üzvləri siyahısına daxil etdik.

Elə bu vaxt divarın o tərəfində (iş otaqlarımız qonşu idi) Əkrəmlə Səfər məni yıxmaq planları hazırlayırmışlar. Bundan azı otuz il sonra xəbər tutdum. Rəhmətlik Sabir Əhmədlinin xatirələrini oxuyanda. Sabir 90-cı illərin əvvəlləri barədə yazır:

"Onda Əkrəm Əylisli də Xalq Cəbhəsinə yaxındı. İstəyirdilər ki, Yazıçılar İttifaqının üstündən qələm çəksinlər. Anarı eşiyə salsınlar və yeni, Xalq Cəbhəsinə uyarlı bir təşkilat - Xalq Cəbhəsinə sədaqətli bir yaradıcılıq birliyi yaratsınlar. Bu işi Əkrəmgil başlamışdılar. Məni də qoşmaq istəyirdilər. Yazıçılar İttifaqına hücum çəkir, Anarı, Çingiz Abdullayevi hədələyir, ultimatum verirdilər: "Çıxıb getsinlər burdan! Getməsələr, avtomat silahla gəlib əzəcəyik!". Bir kərə Əkrəmin otağında, o da Yazıçılar İttifaqının katiblərindəndi, amma ittifaqı dağıtmaq istəyirdi, hə, onun necə bir Yazıçılar İttifaqı yaratmaq istədiklərini öyrənmək istədim. Sonra təklif etdim: "Bizim sayılan, hörmətli ədiblərimiz də orda olsunlar" İsmayıl Şıxlının, Bayram Bayramovun, İsa Hüseynovun adlarını çəkdim. Onda yeni Yazıçılar ocağı yaratmaq istəyən cavan Alışarlı incik halda mənə bildirdi: "Siz o adamların adını çəkirsiniz, biz onlardan qurtulmaq istəyirik". Aydın oldu kimə tapşırılacaq, kim olacaqdı yeni təşkilatın üzvləri. Dəlisov, çılğın oğlanlarmı, bir sanballı əsəri, yazısı olmayan xalqçılarmı? Hər hansı yaradıcılıq ocağının başçısı hər şeydən qabaq, adlı-sanlı sənətkar, yaradıcı insan, həqiqi yazıçı olmalıydı, onu saysınlar. Elə bunun üstündə də cəbhəçilərin yeni Birlik, İttifaq yaratmaq istəkləri baş tutmadı".

Sabir Əhmədli.

"Yazılmayan yazı" xatirə romanından.

 

Bundan əvvəl küçə adamlarının müxtəlif idarələrə soxulub idarə başçılarını avtomatla hədələyərək vəzifəsindən uzaqlaşdırmışdılar. Bundan ilham alaraq "mənim üstümə tankla da gəlsəydilər Anarın əleyhinə getməzdim" deyə bəyan edən Əkrəm Əylisli tankı olmadığı üçün məni avtomatla vəzifəmdən uzaqlaşdırmağa hazırlaşırmış.

 

2021-2022

 

Sözardı. Rusca yazdığım "Svet v okne" adlı məqaləm 1969-cu il yanvarın 21-də "Komsomolğskaə pravda" qəzetində dərc olundu. Bu, Əkrəm Əylisli haqqında Moskva mətbuatında çıxan ilk yazı idi. Bu yaxınlarda həmin yazını "İşıqlı pəncərə" başlığıyla dilimizə çevirdim, "Azərbaycan" jurnalında çap olundu. Yazının ardında belə bir qeyd vermişdim:

"Eh Əkrəm! Nə mənim sənə münasibətimin, nə bu məqalənin qədrini bildin. Çətin ki, sənin haqqında bir də belə səmimi yazı yazılıb və haçansa yazılacaq".

Əkrəmin mənim ünvanıma atmacalarına cavab verməli olduğum yazılarımdan başqa, hər məqaləmdə, hər müsahibəmdə onun haqqında yalnız pozitiv fikirlər söyləmişəm. Yeni kitabımın "525-ci qəzet"də, bu gün "Ədəbiyyat qəzeti"ndə çap olunan hissələrində, eləcə də həmin kitabın başqa səhifələrində Əkrəmin 60-cı illər ədəbiyyatında böyük rolu dönə-dönə qeyd olunur. Amma...

Amma ən son müsahibələrində belə Əkrəm yenə məndən əl çəkmir. Rəhmətlik Rüstəm İbrahimbəyovla yüz dəfə cızbız yeməyi haqqında məlumat verəndən sonra Moskvada nasir kimi Rüstəmdən az tanınmadığını xüsusi qeyd edir. "Moskvada çap olunan kitablarının sayı Rüstəmin kitablarının sayından bir neçə dəfə çoxdur" - yazır.

Kitablarının sayını meyar hesab edə-edə Moskvada və müxtəlif ölkələrdə kitabları əkrəminkilərdən yüz dəfə artıq çıxmış Çingiz Abdullayevin yazıçı olmadığıyla razılaşır. Çingizi aşağılayır, ələ salır. Elə həmin müsahibədə mərhum İsa Hüseynovu dəli adlandırır, Mövlud Süleymanlını Anarın lehinə danışdığı üçün, Məmməd Orucu Anarın əleyhinə danışmadığı üçün suçlayır. Bundan sonra keçir yaradıcılığının son 20-25 ildə daimi mövzusuna:

"Deyə bilərlər ki, axı sənə nə düşüb. AYB-dən əl çəkmirsən. Sən ki, AYB üzvü deyilsən. Siz nəyə desəniz and içərəm, AYB və onun rəhbərliyi artıq illərdir ki, məni qətiyyən maraqlandırmır".

And içməyinə içir, amma elə həmin səhifədə Yazıçılar Birliyinin bütün işlərini yamanlayır, şit-şit lağa qoyur və ömrünün əbədi nisgilini bir daha etiraf edir:

"Özlərinin dediyinə görə, bu il AYB-nin qurultayı keçiriləcək, Anar yenidən sədr "seçiləcək". Anarın yaxşı adam və yaxşı yazıçı olması onun Yazıçılar Birliyinə 40 il rəhbərlik etmək istədiyinə nə dərəcədə haqq qazandırır?".

Bu cavabsız suallardan sonra keçir ikinci ədəbi mövzusuna:

"Guya mən AYB-ni ona görə tənqid edirəm ki, orada "onun yerini" tutmaq istəyirəm və mənim "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni bəyənməməyimin yeganə səbəbi bu əsərin populyarlığına qısqanmağımdır".

Şübhəsiz, bu yeganə səbəb deyil. Elə bu barədə Əkrəmin indiki müsahibəsi ilə tanış olmağımdan çox-çox əvvəllər yazmışdım. Həmin səbəb haqqında qəzetin qarşınızdakı səhifələrində oxuyacağınıza görə heç bir əlavə etməyə ehtiyac yoxdur.

"Beşmərtəbə" haqqında yüzüncü dəfə ürəyini boşaldandan sonra deyir:

"Anarın bundan əvvəlki əsərlərini yada salın: "Ağ liman", "Dantenin yubileyi", "Macal", "Əlaqə", "Uşaqlığın son gecəsi", "Yaxşı padşahın nağılı" - 60 illik tanışlığımız, keçmiş dostluğumuz və təmaslarımız ərzində Əkrəmin mənim hansı yazılarımı qəbul etdiyini axır ki, bildim. Amma təəssüf ki, "Uşaqlığın son gecəsi" mənim əsərim deyil, Maqsud İbrahimbəyovun ssenarisidir.

Privet, Əkrəm!

16 aprel 2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!