Belə bir Abutalıbov... - Azər TURAN

Azər TURAN

 

Həyatda cəmi üç dəfə görüşmüşdük. İlk görüşümüz 2008-ci il martın 9-da Moskvada olmuşdu. "Əli bəy Hüseynzadə" kitabımın Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin iclas salonunda keçirilən təqdimat mərasiminə gələnlərin arasında onu görüb heyrətlənmişdim...

Ramiz Abutalıbov Fransanın Fəxri Legion Ordeni ilə təltif olunmuş nadir azərbaycanlılardan biri idi. Amma nə bu, nə də başqa dövlətlərin xüsusi statuslu təltifləri onun mütəvaze naturasını dəyişmədi. Hər zaman həssas, hər zaman kübar, hər zaman sadə.

Cəmi üç dəfə görüşsək də tanıdıqlarım arasında ərk edə biləcəyim iki-üç adamdan biri o oldu. Ondan çox şeyləri öyrəndim. Öyrəndiklərimin ən başlıcası Əli Aranın şəxsiyyəti ilə bağlı məqamlar oldu...

Hələ uzun illər bundan əvvəl "Kommunist" qəzetində "Vətən xaini" adlı bir yazı çıxmışdı. İlk cümləsindən son nöqtəsinə qədər nifrət aşılayan məqalə həmyerlim Əli Aran barədə idi. Əli Aranın "Vətən xaini" adı ilə yaddaşlara köçürülməsi eloğlusu olaraq məni çox incidirdi... İllər uzunu davam edən utanc hissindən qurtulmaq üçün bir dəfə Moskvaya - Azərbaycan legionerlərinin fəaliyyətini hamıdan daha yaxşı bilən Ramiz Abutalıbova zəng vurdum. Əli Aran barədə həqiqətləri bilmək istədiyimi dedim. Ramiz müəllim bu günlərdə Bakıya gələcəyini, Bakıda Əli Aran barədə ətraflı danışacağını dedi. Gəldi. 2011-ci ilin 25 avqustunda geniş bir söhbət etdik. Bildiyi hər şeyi danışdı və yaddaşımdakı "Vətən xaini" mifini dağıdıb, yerində vətənsevər bir insanın, Azərbaycan üçün önəmli işlər görmüş bir şəxsiyyətin obrazını yaratdı: "Qarabağ məsələsində və 20 Yanvar hadisələrində Əli Aran Azərbaycanın informasiya blokadasından çıxmasında böyük xidmətlər göstərdi. O bu işdə tək idi. Məcid Musazadədən başqa heç kəs ona kömək etmirdi" - dedi. İndi siz təsəvvür edin, "Vətən xaini" yarlığı ilə damğalanıb yaddaşının bir küncündə qalmış və hər dəfə barəsində düşünəndə sənə ağrı verən bir obraz öz məzmununu, miqyasını dəyişir. Bu qədər mükəmməl idi Ramiz Abutalıbov. Vətən mövzusunda qaranlıqları işıqla əvəz etməyin ustasıydı. Əlimə yaxşı fürsət düşmüşdü, yoxsa Əli Aranı sonrakı nəsillərə kim onun qədər doğru-düzgün və dərindən təqdim edə bilərdi ki? Söhbətini lentə aldım. İndi isə keçən həftə ikinci Fəxri xiyabanda torpağa tapşırdığımız Ramiz Abutalıbovun 11 il əvvəlki söhbətini dinləyirəm: "Çoxdan idi ki, Parisdə YUNESKO-da idarə rəisi işləyirdim. Bu illərdə, təbii ki, Əli Aranla görüşməmişdim. Ancaq Qarabağ müharibəsi başlayanda, bilirsən ki, Azərbaycan informasiya blokadasına düşdü. Bizə Azərbaycanın haqlarını müdafiə edən, Azərbaycanın səsini dünyaya yayan insanlar gərək oldu. O zaman Parisdə Qadir Süleymanoğlu vardı. II Dünya müharibəsi illərində öz xoşu ilə almanların tərəfinə keçmiş bir adam idi. Əli Aranı o mənə nişan verdi. Dedi ki, Münhendə belə bir adam yaşayır. O sənə yardım edə bilər. Qadir Süleymanoğlu zəng vurdu Əli Arana və Məcid Musazadəyə. Məni təqdim etdi, məqsədimi söylədi, onlarla görüşmək istədiyimi bildirdi. Əli Aran razılaşdı və mən şənbə-bazar günlərinin birində Parisdən Münhenə getdim. O vaxt Əli Aran artıq təqaüddəydi. Qocalmışdı. Evdə otururdu. Mən Münhendə Əli Aranın evində qonaq oldum...". "Deyisiniz ki, Əli Aran Qarabağ məsələsində Azərbaycana çox kömək etdi. Nədən ibarət idi bu kömək?" "Legioner kimi Amerika Birləşmiş Ştatlarının Prezidentinə, Birləşmiş Millətlər Təşkilatına, ümumiyyətlə, bütün dünya ölkələrinin rəhbərlərinə məktublar, mətbuat orqanlarına məqalələr yazdı. Əli Aranın məktubları o dövrdə çox əhəmiyyətli idi. Sonra Münhendə "Azadlıq" radiosunda bir "Samizdat" arxivi vardı. SSRİ-də çap olunmuş bütün "Samizdat" nəşrlər ora toplanırdı. Azərbaycanla bağlı arxivin təşkilində də Əli Aran yaxından iştirak etdi... Məşhur legioner, çeçen Abdurahman Avtorxanov var. O da almanlar tərəfə könüllü keçənlərdən biridir. Münhendə SSRİ-ni öyrənən İnstitutun elmi işçisiydi. Çox məhsuldar qələmi vardı. "Hakimiyyətin texnologiyası" və "Partokratiya" kitablarının, Stalin, Beriya barədə dünyada məşhur əsərlərin müəllifidir. Mən istəyirdim ki, Avtorxanov Düdənginski barədə məqalə yazsın. Bu arzumu da Əli Aran gerçəkləşdirdi. Avtorxanovdan xahiş etdi. O da Düdənginski barədə "Dostum Fətəlibəyli" məqaləsini yazdı. Belə bir əsərin yazılması üçün biz Əli Arana minnətdar olmalıyıq". Ramiz müəllimdən öyrəndim ki, sən demə, Fətəlibəyli Düdənginskidən, İsmayıl Əkbərdən, Məcid Musazadədən sonra və Mirzə Xəzərdən əvvəl "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının baş redaktoru Əli Aran olubmuş. İstər-istəməz "Vətən xaini" olan eloğlumun ədəbiyyata münasibəti ilə də maraqlandım. "Bütün dünyada azərbaycanlıların "Əli və Nino" ilə tanışlığı Əli Aranın vasitəsilə olub. Çünki 1970-ci illərdə "Əli və Nino"nu "Azadlıq" radiosunda bir neçə gün ərzində Əli Aran oxumuşdu". Ramiz Abutalıbovun düşüncələri yalnız işıq gələn tərəfə fokuslanırdı: "Əli Aran son dərəcə intellektual, hədsiz dərəcədə mədəni bir insan idi. Ətrafındakıların dərin rəğbətini qazanmışdı. Çoxlu dostları vardı. Mən imkan düşəndə Münhenə gedib Əli Aranla görüşərdim. Düdənginskinin məzarının ziyarətinə məni Əli Aran Həsənzadə aparıb. Əli Aranın ən yaxın dostu Məcid Musazadəydi. Musazadə 1990-cı ildə rəhmətə getdi. Onu da ziyarət etməyə Əli ilə bir yerdə getmişəm. Bir sözlə, Əli Aran çox Azərbaycanpərvər bir insan idi. Azərbaycanla nəfəs alırdı...".

Ramiz müəllim Əli Aran barədə elə sevgi ilə danışırdı ki, dediklərinin hamısını indi bir-bir bu yazıya köçürmək istəyirəm. Çünki bu söhbət Əli Aran barədə ilk müfəssəl və etibarlı qaynaqdır... Yəni başqa heç bir kitabda, heç bir məqalədə belə işıqlı bir Əli Aran yoxdur. Həmin görüşümüzdə Ramiz Abutalıbov Əli Aranla 1991-ci ilin 9 fevralında Münhendə çəkdirdiyi şəklin arxasına "Dostum Azər bəyə ən xoş arzularla" sözlərini yazıb mənə bağışladı. Azərbaycan legionerləri barədə Moskvada çap etdirdiyi "Свои среди чужих, чужие среди своих" kitabını da mənə o gün hədiyyə etdi. Kitabda Avtorxanovun Əli Aranın xahişi ilə yazdığı "Dostum Fətəlibəli" məqaləsi də vardı. Kitabın titul vərəqində müəllif materialların toplanmasında ona yardım etmiş Əli Aran Həsənzadəyə də minnətdarlıq edirdi. Ramiz müəllim mənim Əli Aranla bağlı həssasiyyətimi hiss edib onu daha dərindən tanımaq üçün istiqamət də verdi. "Sən Dövlət Ədəbiyyat Arxivinə də baş çək. Ora Ceyhun Hacıbəylinin sənədlərini vermişəm. Sənədlərin içində Əli Aranın Ceyhun Hacıbəyli ilə yazışmaları da var" və s...

Ramiz müəllimlə söhbətimdən sonra Ədəbiyyat Arxivinə gedib Ceyhun Hacıbəylinin sənədləri ilə tanış oldum. Burda isə təkcə Əli Aranın Ceyhun bəylə yazışmaları deyil, eləcə də 1918-ci ildə Azərbaycanda polis sisteminin qurucusu olmuş Sadıq bəy Ağabəyzadənin 1921-1937-ci illərdə Parisdən, Polşadan İstanbula - Əli bəy Hüseynzadəyə yazdığı 32 məktub da var idi və Ramiz müəllim bu məktubları Azərbaycana gətirməsəydi, biz general Ağabəyzadə ilə Əli bəy Hüseynzadənin dost-doğma əmioğlu olduqlarını da bilməyəcəkdik. Çünki onların arasındakı belə yaxın qohumluq bağı həmin məktublardan başqa heç bir yerdə əks olunmayıb...

Yuxarıda xatırlatmışdım. Ramiz Abutalıbov Moskvada kitabımın təqdimat mərasiminə türk-islam düşüncəsinin mötəbər bilicisi, Lomonosov Universitetinin professoru Qasım Kərimovla birlikdə gəlmişdi.

Abuzər Bağırov, Ağalar Atamoğlanov və Ramiz Abutalıbov  Azər Turanın «Əli bəy Hüseynzadə» kitabının təqdimat mərasimində. Moskva 2008.
 

Tədbirdə ilk çıxış edən də Abutalıbov oldu. Həmin çıxışın videoyazısı da arxivimdədir. Ramiz müəllim danışır: "Əlbəttə, ədəbiyyatşünasların qarşısında çıxış etməyim düzgün deyil. Amma həyat yolumda heç özüm də təsəvvür edə bilməzdim ki, mən Əli bəy Hüseynzadənin oğlu Məmməd Səlim Turanla təxminən 20 il dostluq edəcəm. Təsadüf elə gətirdi. Buna görə də fikirləşirəm ki, indi bu barədə söz deməyə mənim də haqqım var. O, beş böyük Azərbaycanlıdan biridir... Əli bəy Hüseynzadə barədə ilk dəfədir ki, belə dolğun, böyük bir kitab yazılıb. Ümumiyyətlə, Əli bəyin adı bir vaxt yasaq idi Azərbaycanda. Çoxları onu tanımırdı. Ancaq şəxsən mən ordan-burdan eşitmişdim. Nənəm deyərdi ki, böyük oğlu, yəni mənim böyük dayım Muxtar Əliyev "Səadət" məktəbində oxuyub. "Səadət" məktəbinin müdiri isə Əli bəy Hüseynzadə olub. İkinci dəfə Hüseynzadənin adına rast gəldim rəhmətlik professor Abbas Zamanovun evində, mənə bir qəzet göstərdi, qəzetdəki məqalə belə adlanırdı: "Türkçülüyün və türk sosializminin babası Əli bəy Hüseynzadə". O məqalə barədə Azər müəllim də kitabında yazıb. Rəhmətlik professor mənə izah etdi ki, türkçülüyün əsasını qoyanlar Rusiya müsəlmanlarıdır. Əli bəy Hüseynzadə, Krım tatarı İsmayıl bəy Qasprinski, Kazan tatarı Yusif Akçura. Türkçülük ideyası, ümumiyyətlə, osmanlı imperiyasına Rusiyadan daxil olub. Belə bir adam haqqında yazmaq, onu tədqiq etmək, onunla bağlı məlumatlar yaymaq böyük savab işdir. Buna görə də istəyirəm sizin adınızdan Azər Turanı təbrik edim və arzulayaq ki, o, yenə də belə böyük kitablar yazsın".

Ramiz müəllim əsilzadə, aristokrat, yüksək ictimai nüfuzuna baxmayaraq, gurultusuz, xəfif, həzin adam idi... Sonuncu dəfə özü məni aradı. Bakıdaydı. "Görüşməyimiz lazımdır", - dedi. Görüşdük. Üçüncü və dediyim kimi, sonuncu görüşümüzdə mənə Parisdə fransız və türk dillərində nəşr olunan "Oluşum" (Genese) dərgisinin 1994-cü ilin oktyabrında Səlim Turanın vəfatına həsr olunmuş 32-ci sayını verdi... Yenə də Səlim Turan barədə Vivoində 1975-ci ildə nəşr olunmuş "40 ans de peinture" ("40 il rəssamlıqda") toplusu, Səlimin Parisdə keçirilmiş sərgilərinin kataloqları, dəvətnamələri, afişləri... Və şəkillər... Can Yücelin Səlim Turana həsr etdiyi "Səlim bir insana, Səlim bir rəssama" şeiri... "Bunlar səndə qalsın", - dedi.

Mənə verdiyi şəkillərdən birində Xalq yazıçısı Elçinlə Səlim Turan və Şahiqa xanım bir yerdədir. Başqa bir şəkildə isə onlar üçüdür: Elçin, Səlim Turan və Ramiz Abutalıbov. Foto 1980-ci illərin sonlarında Parisdə çəkilib... Şəkillərdən birini 2017-ci ilin oktyabrında Elçin müəllimə bağışladım. Birini isə Ramiz Abutalıbovun yadigarı olaraq özümdə saxlayıram...

Ramiz Abutalıbovun Parisdəki Azərbaycan missiyasını başqa heç kəsin xidmətləri ilə müqayisə etmək olmur. Cümhuriyyət liderlərinin qürbətdəki taleyi, onların izi-sorağı Ramiz Abutalıbovsuz bizə necə çatardı? Cümhuriyyətçi mühacirlərin itik, yaxud unudulmaqda olan məzarlarını o olmasaydı Azərbaycana kim nişan verərdi... Xalq Yazıçısı Anarın dediyi kimi, "Fransız yazıçısı Banin kimi tanınan azərbaycanlı Ümmülbanunu da ilk dəfə bizlərə tanıdan Ramiz Abutalıbov oldu". Hələ üstəlik, Azərbaycan mühacirətinin siyasi tarixi, legionerlərin varlığı ilk dəfə onun qələmi ilə kitablaşdı...

Fəxri Legion Ordeninin kavaleri olaraq Parisdə, Puşkin medalının laureatı kimi Moskvada dəfn oluna bilərdi. Amma Ramiz Abutalıbova ən yaxın olanlardan biri - doktor Bəhruz Səfərəliyev vida mərasimində mənə dedi ki, son günlərində özü Bakıda dəfn olunmasını vəsiyyət edib. "Məzarıma üçrəngli Azərbaycan bayrağı örtərsiniz" deyib...

Belə bir Abutalıbovu itirdik...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!