"Filoloji fantaziya" esseləri. Səsin mətnə göndərilməsi - NƏFƏS - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Adi, belə deyək, mütaliəni çox sevən, onu gündəlik həyatından heç ayırmayan oxucular hər hansı nəsr əsərini oxuyanda onun hansı məqamınasa tutulur, sarsılır və bir müddət bu təsirdən ayıla və ayrıla bilmirlər. Daha çox hiss və emosiya ilə yazılan romanlarda oxucuya çatacaq enerji payı bəzən həddindən ziyadə olur və oxucudan-oxucuya arta-arta gedir, çünki sanki bu oxucular da Allahın ver günü bir-birinin lap qonşuluğunda, ard-arda düzülmüş kimidirlər, birinin kitabdan aldığı təsir o birinə və beləcə sonuncusu olmayan sonsuz kəmiyyətə qədər keçir, ötürülür. Təkcə ölkəmizdə deyil, elə bəlkə də dünyanın hər yerində bu şəkildə oxunan kitablar unudulmur, ancaq ilk vaxtlar o qədər əzizlənir, tutiya kimi saxlanılır ki, unudulmaqla unudulmamaq arasında məsafə son kritik həddə qədər azalır, qısalır və... yaddan çıxır. Bir haşiyə: bizdə Nizami Gəncəvi haqqında çox yazılır, mən deyərdim bununla bağlı artıq "dayanmadan yazan qələm" metaforası da artıq realdır, ancaq bu dayanmadan, nəfəs dərmədən yazılanlar sanki suyun üzünə toxunub gedir, pozulur (yaddan çıxmaq üçün yazılır...),  yuxarıda dediyimiz kimi, yazılmaqla yazılmamaq arasındakı məsafə anidən yoxa çıxır və "everything was in vain" (hər şey boşa çıxırdı -!). Yəni bütün bu sürətlə yazılanlar onun haqqında yazılan ön sözün birinci cümləsinin birinci hecası olmağa belə özünü yetirə bilmir. Sürət və gecikmə bir anda hansı mənanın solğun yarpağına çevrilir? Bəzən sürət, sadəcə, gecikməyə və sıradan çıxmağa xidmət edir. Ancaq dəxli yoxdu, dünyada istənilən böyük şair əminliklə deyəndə ki, "şeirdən ucalıq umma dünyada...", bu hər şeyin bitməsi anlamına gəlmir, sadəcə, göy qübbəsinin altında var olan, ancaq insanların tanımadığı bir nəsnə "kəşf" edildikdən sonra onunla bağlı deyiləcəklərin bir ömür müddəti olur, onun sonunda dairə qapanır, nə illah eləsən də, həmin dairəni aşıb keçə bilməzsən. Dairə qapanmamış deyilən və yazılan nəsnələr külçə və xəlitə timsalında tanınır, görk olur, belə bir ortamda hər misrada verilən informasiyadan daha artığını, daha mükəmməlini aramalı olursan, amma şübhəsiz ki, tapmırsan və belədə yalançı şərhlər, yalan yozumlar ayaq tutub yeriyir və beləcə, həmin külçə və xəlitə "xırdalanır", tozun içində itib-batır. Adi bir hekayədən fantaziya məhsulu olan pritçalar bölünüb ayrılır, dünyanı tutur və beləliklə həmin dairənin qapandığı nöqtə də aradan qalxır, dünyada yalançı, qurama tarix yaşanır. Tozun və yalanın altında yatan xəzinə sirlər xəzinəsi kimi yaddaşın alt qatında mərtəbələr yaradır. Sözün də su kimi yaddaşı var, korlanmır, korşalmır və itmir.

Yuxarıdakı "suyun üzünə toxunub getmək" metaforasına qayıdaq. Suyun üzünə toxunmaq onun molekullarının müəyyən düzülüşünü şərtləndirən yaddaş problemini ortaya qoyur. Bu yaddaş heç zaman itmir, korlanmır, korşalmır, suyun yaddaşı ən dəqiq ölçü vahidi də sayıla bilər bəlkə. Oxu prosesində səsin (daxili qavrama prosesinin yaratdığı səsin -!) mətnə, onun dərinliklərinə göndərilməsi, yaxud daha dəqiq desək, nüfuz etməsi yuxunun suya söylənilməsi və ya ürəyində tutduğun niyyətin suya deyilməsi ilə təndir. Ona görə də bu təmas zamanı sən necə deyək, suyun üzündəki titrəyişləri görmür, duymursan və su ilə bağlı nəsə, adi bir təfərrüat da yada düşmür. Təqribən belə. İki variantda.

Belə də demək olar bəlkə: poeziya əslində suya danışılan yuxu kimidir, yuxunu suya onu ürəkdən çıxarmaq, xeyir olanların cərgəsinə qoşmaq naminə danışırlar. Poeziya həm də yuxunun üzünə çilənən su kimidir. Dünyanın, gerçəkliyin yuxulu qatlarını qaldırmaq, göstərmək naminə. Rübailərdə deyildiyi kimi, bu dünya qızıl bir kuzəyə bənzər, suyu gah şirindi, gah da ki zəhər... Ancaq dünya poeziyasında, xüsusən ispanların barokko poeziyasında su dünyanı qavramaq yolunda ən çox müraciət edilən, ancaq adı az çəkilən nəsnə rolunu oynayır. "İçi sualla dolu kuzə..." kimi ifadələrdə, bu ifadələrin yer aldığı nümunələrdə su həmişə qabarıb-çəkilmə mənasındadır. Bütün barokko poeziyası bu kontekstdə ucsuz-bucaqsız su səhrasıdır.

Sonra, yuxuların üzünə su çiləndikcə və su bir köklü-köməcli ağacın dibinə gedib çatdıqca həyatımızdakı mənalar göz önümüzdən keçib gedir (kino lenti kimi, - həm də axır, - su kimi...), gücümüz yalnız onları seyr etməyə çatır. Çünki bu, gerçək yox, virtual aləmdir. İnsanların gözəl şeirlərə vurulmağı bu mənada çox qəribədir, məntiqsizdir. Su, yuxu, şeir... bu kimi nəsnələrlə gerçəkdən ağlı başında olan şeylər kimi davranmaq, onlara vurulmaq qəribə olduğu qədər də absurddur. Buna görə hər bir millətin poeziyasında yuxudan oyanma, mənalar cərgəsinin dəyişdirilməsi hadisəsi hökmən, haçansa baş verir. Bu "qırılma nöqtəsi" - yuxudan ayılma,  dünyaya başqa rakursdan baxmaq bucağını formalaşdırır. Bu məqamda əsas rolu, şübhəsiz ki, su oynayır. 

Daha sonra. N.D.Tamarçenko Anna Axmatovanın bir şeiri haqqında belə yazmışdı: "Dalımca qu quşunu göndərməyin ("Ne prislal li lebedə za mnoö...") şeirində su məkanı xatırlanmır, adı çəkilmir, bu məkanın heç bir nöqtəsinə damcısı belə düşmür, ancaq ciddi şəkildə nəzərdə tutulur (bu məkanı keçmək üçün sal, qayıq, yaxud qu... lazımdır). Qəbul eləsək ki, bu şeir B.Anrepin adına yazılıb (o zaman adıçəkilən şəxs İngiltərəyə köçmüşdü), demək şeirdə nəzərdə tutulan məkan - su məkanı La-Manşdır. Yox, əgər belə bir mülahizə ilə razılaşsaq ki, şeir N.Nedovrovaya həsr edilmişdi (şeir yazılanda o, artıq 16 il idi ki, dünyasını dəyişmişdi), aydın olur ki, həmin su məkanı ölkələri ayıran dəniz deyil, yeraltı çayların suyudur (Xaron ölənləri bu çaydan keçərək ölüm səltənətinə daşıyırdı). Şairə də sevgilisinin olduğu qəbrə can atır...".

Bədii mətnə səsin nüfuz etməsi suyun yaddaşına toxunmaq anlamına gəlir. Bu zaman yaranan təsir, şübhəsiz ki, ünsiyyət məsələsidir, amma hələ tam kommuniksiya anlamına gəlmir, bunun üçün danışan romanla susan oxucu arasında səs bağlantısı olmalıdır. Bir məqamı bəri başdan şərtləndirmək lazımıdır: bədii mətnin oxucuya dərin, ya başqa cür təsirindən asılı olmayaraq o səs o mətnə hökmən göndərilir, ya dərhal, ya da üstündən illər keçəndən sonra, hətta hansısa epizodu yada salmaq istədikdə belə. İvan Bunundən vaxtilə Əziz Şərifin tərcümə etdiyi "Zərif nəfəs" hekayəsi. Bu hekayədə səsdən yox, nəfəsdən bəhs edilir, həm də yüngül nəfəs - gözəlliyin, belə demək olarsa, mükəmməl gözəlliyin nişanəsi kimi. Suya danışılan min illərin yaddaşı indiki zamanda oyanır, çünki son dərəcə unikal bir olay yaşanır. Belə bir detal: Olya Meşşerskaya özünü ilk dəfə qadın kimi hiss edəndə ona elə gəlir ki, yer üzündə əbədidir (insanın özünü tanıdığı, ilk dəfə öz güzgüsündə özünə baxdığı an keçirdiyi bu hissi insan bir dəfə keçirir...), ani duyğunun qəlbində doğurduğu əks-səda (səs cığırı...) onu gimnaziyada oxuyan digər qızlardan fərqləndirir, qəlbinə bütün dünyanı unutdurmağa bəs edəcək arxayınlıq sızdırır. Amma bu dərəcədə arxayın və azadlıq həm də ölümlə nəfəs-nəfəsə qalmaq deməkdir. Bir gün atasının kitabxanasında maraqlı bir kitabı vərəqləməli olur. "...Mən atamın kitablarından birində - onda qədim, məzəli kitablar çoxdur, - belə bir şey oxudum: qadının gözəlliyi necə olmalıdır... Orada, başa düşürsənmi, o qədər şey yazılıb ki, hamısını yadda saxlamaq mümkün deyil. Hə, əlbəttə ki, qatran kimi qaynayan gözlər, - Allah haqqı, elə bu cür də yazılıb qatran kimi qaynayan! - Gecə kimi qara kirpiklər, zərif alyanaq, nazik bel, adi əldən uzun olan əllər, - başa düşürsənmi, adidən uzun! - Balaca ayaq, əndazəsincə iri döşlər, düzgün girdələnən sağrı, balıqqulağı rəngində dizlər, maili çiyinlər, mən bunların çoxunu, demək olar, əzbərləmişəm. Bütün bunlar tamamilə düzgündür! Lakin başlıcası bilirsənmi nədir? Yüngül nəfəs! Axı bu nəfəs məndə vardır, - sən bir qulaq as, gör, mən necə yüngül nəfəs alıram, - bax, düz demirəmmi, var, yoxsa yox? - İndi bu zərif nəfəs dünyaya yenidən yayılmışdı, buludlu səmaya, bu soyuq bahar küləklərinə!".

O nəfəs Olya Meşşerskayanın güllələnməsindən sonra yayılır buludlu səmaya, bu soyuq bahar küləklərinə!

Biz oxu prosesində həyəcanlandıqda, yəni kitabla, daha doğrusu, bizi sarsıdan əhvalatla, yaxud dərin düşüncələrə aparan hadisələr axarı və ya əsərin ümumi cazibə qüvvəsi ilə ünsiyyətdə olduqda duyğuların səs və sözə çevrilmə tezliyi maksimum həddə olur, sanki küy və səslərin "boğulub" lallıq ərazisində yaranmış şeirlə ünsiyyətdəsən, mətndən sənə və əksinə informasiya mübadiləsi hər iki tərəfin artıq "görünməməsi", aradan qalxması sayəsində baş tutur. Elə bir sakit və sükuta bələnmiş ortam yaranır ki, bu dəfə sənin danışdığın, kitabınsa susduğu məkanda danışdığın dildən çox fərqli bir dil yaranır.

Kitaba tənqidi yanaşmaq, "Tənqidi fəaliyyət həyati vacib məsələdir. Destruktiv deyil. Konstruktivdir - həm də predmeti etibarilə" (Anri Meşonnik).

Romanı, yaxud hekayəni oxuyarkən bəlkə hardasa elə bir məqam yaranır ki, hiss edirsən: səsini ora, o mətnə göndərirsən, daha sonra belə bir sual yaranır: "How do we cultivate presence in fiction?" - yəni düz anladımsa, bədii əsərdə (ədəbiyyatda -!) iştirakçılığı (oxuyanla mətnin ünsiyyətini) necə həyata keçiririk? Dodaqlar tərpənmədən danışmaq bacarığını yada salın... Mətn bizim səsimizlə danışır...

Kitabla dialoq heç zaman kəsilmir və bitmir, hətta unudulan, ədəbiyyatın tarix səhnəsinə kömülən kitablar belə təsadüfən, yaxud hansı məqamdasa yada düşür, üstündəki arxiv tozu ilə birgə canlı ədəbi prosesə qoşulur. Bu mənada Coysun ən çətin oxunan romanını yada saldıqda, Fransada yaşadığı dövrdə onu bu romanı yazmağa sövq edən fransız romanı, o romandan əxz elədiyi yazı metodu Coys dühasının üstünə kölgə salmır, əksinə onun daha tam görünməsini şərtləndirir. Çünki heç bir yazı metodu bircə yazıçının kəşfi ola bilməz. Bu mənada bədii mətn təkcə oxucunun qidalandığı informasiya mənbəyi deyil, həm də informasiya alan bir vahiddir, kitabla ünsiyyət realdırsa, demək, M.Füzulinin divanı da adına nə qədər klassik deyilsə də, hər saat, hər gün və hər dəqiqə informasiya qəbul edən bir vahiddir. Kommunikativ cərəyan, yaxud enerjinin şaquli və üfüqi axdığı, dövr etdiyi oxu diskursu var. Bunindən yuxarıdakı adını çəkdiyimiz hekayədə bu diskurs şaqulidir, dərinlərdən gəlir və dərinlərə yön alır...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!