Atalar və oğullar - Zahid XƏLİL

Allahşükür Ağanın şeirləri haqqında qeydlər

Bu yaxınlarda Allahşükür Ağa mənə şeirlərini göndərib və xahiş edib ki, bu əsərlər haqqında fikrimi bildirim, həm də Sabir demişkən, düzü düz, əyrini əyri yazım.

Mən də dərhal internetdən onun nəşr olunmuş şeirlərini, haqqında yazılmış məqalələri tapdım, yaradıcılığına həsr olunmuş videolara baxdım, ondan xahiş etdim ki, özünün ən yaxşı hesab etdiyi şeirlərini seçib göndərsin. Cavan şairin şeirlərinin xeyli hissəsini oxudum və məndə müəyyən təəssürat yarandı.

Hər şeydən əvvəl, onun bənzətmələri bizim adət etdiyimiz, daha cox xarici əlamətləri ilə bir-birinə bənzəyən predmet və əşyalar deyil, yeni, müəllifin təsəvvür etdiyi oxşarlıqlara malik olanlardı, məsələn, belə:

 

Bu ağacın kölgəsi o qədər dərindi ki,

Boğulmaq olar.

Bu ağac o qədər doğmadı ki,

Qoynunda quş kimi

Doğulmaq olar.

    "Ağac haqqında nağıl"

 

Təbiətə sevginin dərinliyini belə də ifadə etmək olar və bu cür epitetlərin orijinallığı haqqında geninə-boluna bəhs etmək də mümkündür. Amma məsələ heç də bunda deyil. Məsələ ondadır ki, cavan şair yeni söz deməyə çalışır və deməli, inkişaf yolunu tutub. Bu fikri müəllifin özü də təsdiq edir:

 

Axşam qoyub gəldiyim ayaq izlərimi

Səhər qarşılayıram -

Demək yaşayıram.

 

Amma yaşamaq təkcə fiziki mövcudluq deyil. Onun həm də mənəvi tərəfləri var. Yaşamaq həm də kiməsə xoşbəxtlik bəxş etməkdir.

 

Bir ayaq ləpirim

Axşam yağan yaz yağışından

Bir ovuc su saxlayib içində

Bir alagöz sərçə su icir

Ayaq ləpirimdən.

 

Sonra birdən-birə bu humanist mənzərə dəyişir, müəllif yəqin ki, vətənin azadlığı yolunda canından keçmiş, ayaqlarını itirmiş qazilərimizi xatırlayaraq ciddi bir tonda davam edir:

 

Allah, sabahımız üçün də bir ayaq saxla,

Elə sevinirəm ki,

Əyilib baxıram ayaqlarıma.

 

Allahşükür ağa özünəməxsus bir yolla şeirlər yazır və bu onun şəxsi işidir, amma təkcə onun şəxsi işi olmayan, ümumən ədəbiyyatın taleyi ilə bağlı olan elə məsələlər də var ki, bu barədə danışmağa ehtiyac duyuram. Dünyada sərbəst şeirin növləri kimi "ağ şeir", "azad şeir" adları ilə tanınan belə yazıların həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət tərəfi odur ki, fikir konkret olur. Mənfi cəhəti odur ki, şeir texnologiyasının çox tələbi pozulur, ritm, ahəngdarlıq, musiqililk emosionallıq və sair kimi cəhətlərdən məhrum olur, qafiyə isə mətnin içində elə gizlədilir ki, axtarıb güclə tapırsan və yaxud zəhmətin hədər gedir. Beləliklə, şeirin yadda qalması çətinləşir. Şərq ruhundan uzaq olan bu şeirlərin uzun müddət yaşamaq ehtimalı da azdır, həm də belə yazılar sanki nə zamansa yazılacaq şeir ücün xam materialdır, hələ əsərin özü deyil.

Allahşükür şeirlərinin birində yazır:

 

Get bazara, bax adamların üzlərinə

Gözlərinə

Gör nə qədər yorğundular

Elə bil min dəfə oxunmuş

Romandılar

Köhnə, cildləri cırılmış bir

Kitabdılar.

Dünya ilə cəkilmiş haqq-hesabdılar.

 

Bu misralarda işlənən epitetlərin rənginin bu qədər qara olmasının sirri nədədi?

Bu suala cavab tapmağa calışaq. Bir şeyə dəqiq əminəm ki, şair olmaq təkcə poeziyanın bir iki sirrini bilmək deyil, ümumən yaşadığın dövrün əhval-ruhiyyəsini, tendensiyasını dərk etməklə sıx bağlıdır. Şair bir növ həm ictimai, həm də siyasi xadim kimi zəmanəsinin irəli sürdüyü problemləri düzgün əks etdirməli, hamıdan tələb etdiyi ədalət prinsiplərinə əməl etməlidir.

Əzizim, sənin təsvir etdiyin bu insanlardan daha betərini dünyanın hər yerində görmək olar. Cəmiyyətdə yaşamaq üçün işləməli, həyat tərzini elə ağıllı qurmalısan ki, sonda "dünya ilə çəkilmiş haqq-hesab" olmayasan! Şeirin sonunda verilən bu misralara diqqət edək:

 

Oxu, şairim, bu adamlar xaricdən

Gəlməyiblər.

Sənin qonşularındı.

Oxu, o saat biləcəksən

Birinci hansı intihar edəcək.

 

Çox güman ki, "Oxu, şairim!" müraciəti şairliyi cəmiyyət tərəfindən təsdiq olunmuş yaşlı şairlərə ünvanlanıb. Bu misraları oğulların atalara müraciəti kimi də qəbul etmək olar.

Ədəbiyyat aləmində "atalar və oğullar" problemi heç zaman öləzimir, daim tüstülənir, tarixin sərt dönüşlərində alovlanır, sonra da əvvəlki kimi kül altında közə çevrilir. Gəncliyə həmişə elə gəlib ki, yaşlı nəsil, deyəsən, sözünü sona kimi demir, nəyisə ürəyində saxlayır. Həmin sözləri biz gənclik deməliyik!

Son yüz ildə ədəbiyyat aləminə gələnlərin taleyində bir oxşarlıq var. Onların hamısının ya uşaqlığı, ya da gəncliyi müharibəyə düşüb. Müharibənin gətirdiyi çətinliklər hamısının yaradıcılığına bu və ya başqa şəkildə təsir edib. Müqayisə edəndə bizim nəslin faciələri daha acınacaqlı olub. Təkcə müharibə yox, qırxıncı illərin yaşayış şəraiti indikindən qat-qat ağır olub. Amma o illərin gəncliyində sabaha inam elə bil ki, indikindən cox idi. İlk əsərlərimizdə bizim yazılarımızın lap dərin qatlarında bir işıq yaşayırdi: sabah dünyanın daha gözəl olacağına inam işığı! Əslində, bu işiq ədəbiyyat sənətinin, xüsusilə poeziyanın icində əbədiyyətdən bəri yanan işıq idi və məncə, bu gün də o yaşamalıdır. Ən üzücü məqamlarda bizim nəslin, gəncliyi müharibənin ağır illərinə düşən nəslin sualı belə olub:

 

Kimlər kəsdi suyumuzu,

Kimdən alaq boyumuzu?

 

     İsa İsmayılzadə

 

Həmin gəncliyin nidası daha sərt olub, məsələn, belə:

 

Ağlımız təzəcə kəsirdi onda,

Bir həsrət gəzirdi dərəni, düzü.

Bir söz dolaşırdı el arasında

Ümiddən asılan qılınc kimiydik!

Analar qınından sıyrıb bizi

Qoymuşdu nəfsiylə öz arasında!

 

    Məmməd İsmayıl

 

Lakin bu qədər sual və nidaların qabağında intihara cəhd yox idi. Hamı mübarizə aparmağa, müharibənin vurduğu ağır yaraları sağaltmağa çalışırdı. Yaralar isə çox dərin idi. Ölkə tar-mar olmuşdu. Təsərrüfat dağılmışdı, aclıq baş alıb gedirdi. Amma bizim 44 günlük Vətən müharibəsi müddətində toylarımız dayanmadı, restoranlarımız bağlanmadı, hər qələbəmiz bayrama çevrildi, evlərdən gülüş əskik olmadı. Müharibənin ağırlığını yalnız igidlərimizi itirdiyimiz günlərdə hiss etdik. Belə bir şəraitdə

 

Oxu o saat görəcəksən,

Birinci kim intihar edəcək!

 

- misralarını yaşlı nəslə nümunə kimi təqdim etmək nə dərəcədə doğrudur?

Hörmətli Allahşükür Ağa! Sənin simanda müasir gəncliyə tövsiyəm budur ki, ilhama sarılanda, qələm götürəndə həqiqətə daha yaxın olun, dedi-qodu xarakterli ifadələrdən uzaq durun. Bu gün Azərbaycan inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələrindən birinə çevrilməkdədir. Əgər bizim hər birimiz bu inkişafin ahəngində fəaliyyət göstərsək, cavan, istedadlı Prezidentimizin daim yanında olsaq, xalqın varını qurd kimi yeyən insanları sənin dediyin kimi "köhnə, cildləri cırılmış kitablara çevirən"ləri vaxtında ifşa edə bilərik. Ədəbiyyatın borcu yalnız qüsurları görmək deyil, millətinin sabahını xoşbəxt görmək arzularını tərənnüm etməkdir.

Sənə və bütün müasir gəncliyimizə həqiqəti əks etdirən, ürəkləri riqqətə gətirən gözəl əsərlər yazmağı arzulayıram.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!