Zərdabi ilə qurulan Vətən məfkurəsi - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

22 iyul Milli Mətbuat günüdür. Milli oyanışımızın əsasında dayanan, milli məfkurəmizin istiqamətini müəyyənləşdirən bu hadisə yarandığı zaman da, bu günün özündə də qürur və iftixar hissi ilə anılır. Bəli, 1875-ci ildə işıq üzü görən və bununla böyük işıq qaynağına çevrilən "Əkinçi" qəzeti Həsən bəy Zərdabinin dirəniş və müqavimət əzminin nəticəsi olaraq yaranmışdır. Xalqa xitab etməyin yolunu mətbuatın yaranmasında, maariflənməkdə görən, mövhumat zəncirini elmin açarı ilə qırmaq əzminə inamını itirməyən Həsən bəyin inadı ona gətirdi ki, bu ağır yolçuluq sonucda milli şüur, milli tərəqqi, milli düşüncə hərəkatına çevrildi.

XIX əsrin sonlarında Mirzə Fətəli Axundzadənin Həsən bəy Zərdabiyə ünvanladığı məktubların birində belə fikirlər yer alırdı: "Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarında oxusalar, yer tapılmaz. Deyəcəksən ki, şəhərlərdə məktəbxanalar bina edək... Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhalimiz necə etsinlər? Kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək, ya yox?.. Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbətən qətrədir, dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kafeyi nas, Prus xalqı kibi və Yengidünya xalqı kibi ünasən və zükurən elmindən bəhrəyab ola... Sənin muradın o vaxtdan kamala yetər ki, bizim, hətta çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə".

Yəni, elə bir dövr gəlmişdi ki, ziyalılar Azərbaycanda maarif və məktəb şəbəkəsinin genişləndirilməsinin, xalqın savadlanmasının vacibliyini aydın dərk edirdilər və hər kəs əlində qələm bu yolda milli mücadiləyə atılmışdı. "Əkinçi"nin yaranmasına təkan verən amillər bunlar idi.

Bu gün bizim hamımızın işlətdiyimiz ədəbi və publisistik dil "Əkinçi"dəki dil normasına borcludur: "Bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata qapı açmışdır" (Əli bəy Hüseynzadə).

Və yalnız ədəbi dilmi? "Ədəbiyyat qəzeti"nin bu sayımızda təqdim etdiyi iki tarixi mətn - Əli bəy Hüseynzadənin Zərdabinin vida mərasimindəki çıxışı və Əhməd bəy Ağaoğlunun "Türklərə məzalim" məqalələri yalnız "Əkinçi" qəzetinin yerinə və roluna, Həsən bəy Zərdabinin siqlətli missiya daşıyıcılığına deyil, ədəbiyyatımızın layiqli simalarının zamanında sərgiləmiş olduğu milli ruh və idrak təəssübkeşliyinə, müqavimət və dirəniş amalına da ayna tutur. Həm də görk edir! XX əsrin əvvəllərində yaşayıb-yaradan aydınlar mətbuatın, maarifin, oxumağın faydasını, elmlə ucalmağın zərurətini israrla ifadə edən mətnlərlə necə alovlu şəkildə çıxış etmiş, bunu konseptual olaraq yaradıcılıqlarının amalına çevirmişlər.

Mətbuat günü həm də Onların bayramıdır! İstiqlala gedən yolda usanmayıb mətbuatın, milli düşüncənin Var olması istiqamətində qələm çalanların, gələcəyi quracaq milli münəvvərlərimizin! Mətbuat, söz vasitəsilə ürəklərə müqəddəs vətən eşqi aşılayanların, Vətən yaradanların yəni!

 

2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!