Sənət yadigarları - Təhsin MÜTƏLLİMOV

Görkəmli yazıçı Mir Cəlalın "Ədibin Evi" tərəfindən nəşrə hazırlanmış "Qayğılar" kitabı çapdan çıxıb. Kitaba yazıçının "Qayğılar" romanı və on bir hekayəsi daxil edilmişdir. 1930-cu illərə aid olan bu əsərlər ilk dəfə kitab şəklində işıq üzü görür. Kitabın tərtibçisi Elnur İmanbəyli, redaktoru Təhsin Mütəllimov, məsləhətçisi Mehriban Cəfərovadır. Professor Təhsin Mütəllimovun kitaba yazdığı ön sözü təqdim edirik.

 

Hər bir ədibin yaradıcılığı bütövlükdə bənzərsiz talelər və rəngarəng xarakterlər dünyasıdır. Eyni zamanda bütün bunlar bir sənətkarın dünyagörüşünün, ideallar aləminin ardıcıl, sistemli inkişafıdır; dünyanın ideal gözəlliklərinin və rəzalət eybəcərliklərinin təqdimat sərgisidir, nümayiş meydanıdır.

Bədii yaradıcılığın, bilavasitə, təkamül prosesini izləmək xüsusi maraq doğurur. Zəngin yaradıcılıq yolu keçmiş Mir Cəlalın ilk və son əsərlərinin müqayisəsi də çox söz deyə bilər. Məsələ yalnız bu əsərlərin ideya-bədii gücündə, səviyyəsində deyildir. Məqsəd həm də ədibin yaradıcılıq yolundakı təkamül və inkişaf prosesinin bütöv halda təsəvvürdə canlandırılmasıdır. Onun özünəməxsus sənət yolunu necə keçdiyini izləyə bilməkdir, yaradıcılıq tərcümeyi-halından (mövzular, janrlar, bədii qəhrəmanlar və s.) xəbərdar olmaqdır.

Diqqət edilsə, bir çox sənət əsərində məzmun və ya formaca müəllifin fərdi xarakterinin müəyyən təzahürlərini, əlamətlərini də tapmaq mümkündür. Xüsusilə, məhz təhkiyə üslubu çox vaxt ümumi yaradıcılığın fərdiyyətini açan əsas amil olur. Məhz təhkiyə üslubunun orijinallığı, ümumi yaradıcılığın fərdiyyətinin açarı kimi, sonrakı bədii komponentlərin xarakterinin dəqiqləşməsinə də yardımçı olur.

Mir Cəlal lap gənclik illərindən satirik şeir, felyeton, xatirə, oçerk, hekayə, povest, roman, hətta pyes də yazmışdır. Lakin daima ardıcıl müraciət etdiyi janr - hekayə olmuşdur. Bu da təsadüfi deyildir. Mir Cəlal ümumən yazılı əsərlərində də, şifahi nitqində də həmişə son dərəcədə lakonik olmağı, konkretliyi xoşlamışdır. Müdrik, duzlu, sərrast yumor da onun fərdi təbiətinin ən güclü cəhətlərindən olmuşdur.

Ədibin alimliyi və müəllimliyi də onun bədii əsərlərinin tematikasında güclü təcəssümünü tapmışdır. Belə qüvvətli üsluba və zəngin yaradıcılığa malik olan ədibin sənət axtarışlarını və yaradıcılıq nailiyyətlərini ardıcıl izləmək və təhlil etmək, təcrübə nümunəsi kimi də çox maraqlı, əhəmiyyətlidir.

Ədəbiyyatımızın klassik hekayəçilik ənənəsi Mir Cəlal yaradıcılığında novatorcasına davam və inkişafını tapmışdır. Böyük səmimiyyət və lakonik obrazlılıq Mir Cəlal üslubunun özülüdür. Mir Cəlalın kiçik bir hekayəsində insan və bəşəriyyət problemləri, fəlsəfi-ictimai dərinliyi və ümumiləşmə qüdrəti ilə böyük və miqyaslı olur.

Ədibin sağ ikən bu əsərləri nəşr etdirməməsinin səbəbləri məlum deyildir. Bu əsərlərin məhz yazılma tarixi üçün nə dərəcədə aktual olması, yaxud onların bədii kamilliyinə görə müəllifin özünü nə dərəcədə qane etməsi kimi səbəblər də ola bilər. Əsas odur ki, bu əsərlər Mir Cəlalın indiyədək nəşr olunmamış yadigarlarıdır. Ədibin yaradıcılıq yolunu bütövlükdə dəyərləndirmək üçün, bu zəngin söz xəzinəsi haqqında ümumiləşmiş  yekun fikirlər, daha arxayın nəticələr demək üçün, onları tədqiqatlara cəlb etmək son dərəcə əhəmiyyətlidir.

Hər bir sənətkarın əsərləri onun zəmanəsi və müasirləri barədə təsəvvürüdür, düşüncələridir, arzuları və etirazlarıdır, qəzəbi və sevgisidir. Əslində, bədii yaradıcılığı bütövlükdə hər bir müəllifin mənəvi-psixoloji portreti, az, ya çox dərəcədə tərcümeyi-halıdır.

Mir Cəlalın  çap olunmamış əsərləri onun müəyyən dövrlərdəki arzu və ideallarıdır, zəmanəsi, müasirləri haqqında düşüncələridir. Eyni zamanda, bu əsərlər ədibin bir sənətkar kimi formalaşma prosesini, bədii xarakter yaratmaq işində, bədii təsvir və təhkiyədə kamilləşmə mərhələlərini əyani nümayiş etdirən sənət yadigarlarıdır. Sənətkarın dünyagörüşündəki, ictimai-fəlsəfi baxışlarındakı dəyişiklik, təkamül də daha aydın nəzərə çarpır. Ardıcıl və xronoloji tədqiqat, sənətkarın bütün yaradıcılıq yolundakı təkamül prosesini tam müfəssəlliyi ilə nümayiş etdirmiş olur.

Şəxsi arxivindən tapılmış bu əsərlər mövzu və üslubca ədibin başqa əsərləri ilə yaxından səsləşir. Bu əsərlərdə də mənəvi-psixoloji problemlər əsasdır. Cəmiyyətdəki ictimai, iqtisadi problemlər də daha çox müxtəlif ictimai təbəqələrin taleyi əsasında tipik xarakterlər və tipik vəziyyətlərdə məharətlə bədii həllini tapmışdır.

Mir Cəlalın buradakı hekayələrinin süjet "açarı" əsərin adıdır: "Tərpənir", "Xallı muncuq", "Ölüsoyan", "Zirəklik", "Söylənməyən nitq", "Oturaqlar", "Yanşaq".

Bəzən də hekayənin lap ilk cümlələri əsəri oxumağa möhkəm cəlb edir.

"Ağasəmədi kolxozdan qovdular. Ha qışqırdı, ha yalvardı ki, canım, mən yüzbaşı olmamışam, beş-altı ay Mirzə Məmməd ağa naxoş olanda möhürü saxlamışam. Gəlib-gedənin qabağına çıxmışam ki, camaat, müsəlman qardaşlar inciməsinlər. Mənim ayrı nə günahım olub, rəhm eləyin, üstümə böhtan atırlar, inanmayın...." ("Ölüsoyan").

İndi, oğulsan, sonrasını oxuma!

"Yanşaq" hekayəsi isə belə başlayır: "Dörd il biz onunla bir məktəbdə oxuduq. Çənəsinin dayandığını görə bilmədik."

Təbii ki, bu misralarda, ilk növbədə, Mir Cəlal hekayələrinin təkrarsız və cazibədar, müdrik və sərrast yumoru diqqəti cəlb edir. Hekayələrindəki yumorlu təhkiyə bəzən də lirik intonasiya kəsb edərək, əsas mətləbin sərrast ifadə vasitəsinə çevrilmiş olur. Mir Cəlalın lakonik təhkiyə üslubu, dialoqlarının təbii və dinamik xarakteri oxucu marağını sonadək cəzb edir.

"Qayğılar" romanı sosialistcəsinə yenidənqurma, kolxozlaşma proseslərindən bəhs edir. Əsərdə bu proseslərin Azərbaycan kəndində necə qarşılanması və təzadlı xarakterlərin mübarizəsi təsvir edilir.

Romanın bir neçə fəsli 1936, 1937 və 1938-ci illərdə "Romandan parça" adı altında mətbuatda, bir fəsli isə ədibin 1938-ci ildə nəşr edilmiş "Axundun iştəhası" adlı kitabında çap olunmuşdur. Mir Cəlalın sonrakı illərdə əsərin makina yazısı üzərində apardığı redaktə işi onu deməyə əsas verir ki, bu əsərin işıq üzü görməsi ədibin də yaradıcılıq planına daxil olmuşdur.

Uzaq illərin yadigarları olan bu əsərlər unudulmaz ədibimiz Mir Cəlalın zəngin sənət dünyası ilə oxucuların yeni görüşü olacaqdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!