Poeziyada "Görmədim" müxəmməsi ilə başlayan estetik qürub, yaxud Vaqif ömrünün və türbəsinin faciəli aqibəti - Azər TURAN

Azər TURAN

 

Molla Pənah Vaqifin portretidir.

Səlim Turan onu Parisdə çəkib.

Vaqifin bu portreti "Görmədim" müxəmməsinə illüstrasiya təsiri bağışlayır.

Salman Mümtaza görə, "Görmədim" hər şeydən, hətta həyatından da məyus olan Vaqifin son şeiridir. Elə bu portret də Vaqifin sonuna bənzəyir.

Şuşa şəhərinin bir səmtini əks etdirən bu fotoşəkli isə "Qarabağın mərkəzi və bir çox Qafqasiya türk üdəba və şüərasının vətəni olan Şuşa şəhərindən bir mənzərədir" adı ilə 1906-cı ildə Əli bəy Hüseynzadə təqdim etmişdi.

Vaqifşünaslıqda heç araşdırılmamış, düşündürücü olduğu qədər də cazibədar bir məqam var. Bu, Şeyxülislam Əhməd Hüseynzadənin Vaqifin şəxsiyyətinə, şeirlərinə, hətta məzarına münasibəti məsələsidir.

Yusif Akçura XIX yüzilin 60-cı illərini nəzərdə tutub yazırdı ki, o zaman Qafqaz mədrəsələrində türkcə oxudulmazdı. İslam alimləri türkcə kitablara tənəzzül etmir, türkcənin yazılmağa layiq bir lisan olduğuna inanmırdılar. Fəqət ümum üləmanın səviyyəsindən xeyli yüksək duran Şeyx Əhməd Vaqifin türkcə şeirlərindən zövq aldığını söyləmək cürətkarlığında belə bulunurdu".

Şeyxülislamın "Türk ədəbiyyatı tarixi"nin müəllifi olduğunu çoxları bilir. Bəs Qafqaz Şeyxülislamı olaraq fəaliyyətə başlar-başlamaz onun Vaqiflə maraqlanması, altmış üç il əvvəl dünyasını dəyişmiş şairin taleyini, hətta məzarının yerini öyrənməyə maraq göstərməsi nə ilə bağlı idi? Vaqifşünaslığın açıq qalan suallarından biri də budur. Təbii ki, "Görmədim" müxəmməsinin bir azdan haqqında ətraflı danışacağım "Ey xoş onlar kim Məhəmməd Mustafanı sevdilər, // Oldular aşiq, Əliyyül-Mürtəzanı sevdilər, // Sidqü ixlas ilə pənc ali-əbanı sevdilər, // Çardəh məsum tək müşkülgüşanı sevdilər, // Dəxi onlardan gözəl yaxşı cəmaət görmədim" misraları Şeyxin nəzərindən yayına bilməzdi. Digər tərəfdən, hər halda, Şeyx üçün önəmli olan məsələnin yalnız din tərəfi deyildi. Bir halda ki, Şeyxülislam "Vaqifin türkcə şeirlərindən əşari-farsiyyədən daha ziyadə zövq alırdı...".

Qarabağ xanının Molla Pənahdan sonrakı vəziri və "Tarixi-Qarabağ"ın müəllifi Mirzə Camalın böyük oğlu Rzaqulu bəy şairin ölümündən illər keçəndən sonra Vaqifin qətlinin səbəbi və məzarının yeri ilə maraqlanan Qafqaz Şeyxülislamı Axund Əhməd Səlyaniyə 1862-ci ildə Vaqiflə bağlı ayrıca məktub göndərdi: "Hərçənd axund mərhum (yəni Vaqif - A.T.) o zalımlara (Məhəmməd bəyin fərraşlarına - A.T.) yalvarır ki, məni öldürün, amma bu binəva nakamı (oğlu Əli Ağanı - A.T.) öldürməyin. Görür əlac yoxdur, təvəqqe edir ki, əvvəl məni öldürün, barı bunun ölümünü görməyim. O birəhmlər baxmayıb əvvəl Əli Ağanı öldürürlər və sonra axund mərhumu öldürüb həman yerdə öz oğlu ilə dəfn edirlər. Belə ki, indi mədfun olan yerdə günbədi vardır. Həman gecə Məhəmməd bəy axundun evini qarət edib övrətini (Qızxanımı - A.T.) öz evinə aparıb alır".

Qızxanımın sonrakı taleyini Yusif Vəzirin "Qan içində" romanından oxuyub Azərbaycanın XVIII əsrdəki halına vahimələnməmək olmur. Məhəmməd bəy Vaqifi və oğlunu edam etdirəndən sonra elə həmin gecə şairin arvadı Qızxanımla evləndi. Sonra Məhəmməd bəy qətlə yetirildi. Qızxanım Sarıcalı Hüseyn bəyə ərə getdi. Sonra Hüseyn bəy öldürüldü, Qızxanım Mustafa xanla ailə qurdu. Mustafadan da boşandı, Qarabağa qayıdıb mayor Abbasqulu bəyə ərə getdi...

Səlim Turanın çəkdiyi "Molla Pənah Vaqif" portretinin qaynağı, məncə, elə "Görmədim" müxəmməsidir. Çünki başqa heç bir şeirində Vaqif bu portretdəki kimi məhzun, məlul və məyus deyil. Səlim Turanın ulu babası - Qafqaz Şeyxülislamı Əhməd Salyaninin Vaqifə, onun şeirlərinə, həyatına, taleyinə, hətta məzarına münasibəti yuxarıda xatırlatdığım sənədlərdən aydındır. Yaxud Səlim Turanın atası Əli bəy Hüseynzadəni götürək. Vaqifin şairlik təbini Sədi Şirazi ilə, ədəbi əxlaqını Horatsinin, Ömər Xəyyamın, yaxud Volterin ədəbi əxlaqı ilə qiyaslandıran və "Bizim Vaqifi oxuyun, onun yaradıcılığında şəxsiyyətə qarşı bir hərfə belə rast gəlməzsiniz" deyən Əli bəy Hüseynzadə İstanbulda 1890-cı ildə ittihatçı kimi yarğılananda Yıldızın, yəni sultan sarayının polisləri onun koğuşundakı kitab rəfindən Vaqifin 1868-ci ildə Leypsiqdə Adolf Berje tərəfindən nəşr edilmiş kitabını götürmüşdülər və Əli bəy yalnız bu səbəblə bir həftə təcridxanada saxlanılmışdı.

Firudin bəy Köçərli yazırdı ki, Molla Pənahı qətlə yetirdikləri yerdə də dəfn ediblər.

"Qarabağnamə" müəllifi Mir Mehdi Xəzani də yazır ki, Vaqifin məzarının üzərində günbəz var və həmin günbəzi İbrahim xan Dağıstandan qayıdandan sonra inşa etdirib.

Vaqifin türbəsi uzun onillər boyu Şuşada ziyarətgah halında olub. Firudin bəy Köçərli hələ 1903-cü ildə bildirirdi ki, hər il Novruz bayramı ərəfəsində axır çərşənbə günü Şuşa şəhərinin əlvan və təzə paltar geymiş arvadları qadınların ləyaqətini və gözəlliyini ilhamla tərənnüm etmiş şairin qəbri üstünə gedərmişlər. Hətta bəzi adətləri (çillə kəsdirmək və s.) icra etmək üçün gedərmişlər.

Təbii ki, belə bir ritual Azərbaycan poeziyasına həm də bütün estetik boyutları ilə erotizmi gətirmiş Vaqifin şairliyi, yaxud Rusiya imperatriçası Yekaterinanın iltifatına, İran şahı Qacarın qəzəbinə məzhər olmuş vəzirliyi ilə bağlı deyildi. Yəqin, böyük şairliyindən, vəzirliyindən, münəccimliyindən, memarlığından, sərkərdəliyindən, axundluğundan başqa, Molla Pənah Vaqiflə bağlı bilinməyən hansısa səbəblər var ki, özündən sonra da məzarı şəfa ocağına, pirə, ziyarətgaha çevrilib.

Köçərlinin bildirdiyinə görə, Vaqifin qəbrinin üstə indi uçulub dağıdılmış bir günbəz var imiş və həmin günbəz "Molla Pənah günbəzi" adı ilə məşhur imiş və Vaqifi Qafqaz şairlərinin atası və ustadı, Azərbaycan ədəbiyyatının birinci şairi adlandıran Köçərli onun məzarının təzələnib qaydaya salınmasını Qarabağ şüəra və üdəbasının mühüm vəzifələrindən hesab edirdi. Rzaqulu bəyin 1862-ci ildə Şeyxülislam Salyaniyə yazdığı hesabat xarakterli məlum məktubdan da, Mir Mehdi Xəzaninin "Qarabağnamə"sindən də görünür ki, hələ o zaman, yəni Vaqifin ölümündən 70 il sonraya qədər məzarının üstündəki günbəz qalırmış. Köçərlinin 1903-cü ildə yazdığı qeydlərində isə "Hal-hazırda onun qəbri çox acınacaqlı bir vəziyyətdədir və heç kəs onu qaydaya salmağın qeydinə də qalmır".

Demək, XIX yüzilin yetmişinci illərinə kimi Şuşada Vaqifin ziyarətgah şəklində olan türbəsi var imiş, Vaqifi ziyarət edirmişlər və bu türbə ən azı, 70 il mövcud olub. Sonra da birdən-birə türbə baxımsız qalıb... XVIII yüzilin sonlarından başlayaraq yetmiş il ziyarətgah olan türbə iyirmi-otuz il müddətində hansı səbəbdən silinib itə bilərdi? Sonrakı illərdə Novruz çərşənbələrində Köçərlinin dediyi Şuşa şəhərinin əlvan və təzə paltar geymiş gəlinləri qadınların ləyaqətini və gözəlliyini ilhamla tərənnüm etmiş şairin qəbri üstünə niyə gəlməyiblər? Arada nə baş verdi? Bəlkə, Vaqifdən qisas alıblar, Vaqifi ölümündən sonra da cəzalandırıblar və proses uzun çəkib. Yoxsa Vaqifin türbəsi göz görə-görə niyə baxımsız hala qalıb dağılmalıydı? Söhbət Şuşadan gedirsə, Zəfərlə bitən İkinci Qarabağ savaşından sonra şübhəsiz ki, bu torpaqlardakı bütün dəyərlərimiz bərpa ediləcək..."Qarabağnamə"lərin yazdığı kimi, əgər ata və oğul - Vaqif oğlu Əliağa ilə bir yerdə öldürülüb, bir yerdə də dəfn edilmişdilərsə, o zaman Molla Pənah günbəzinin altında ikisi də yanaşı olmalıydı... Vaqif türbəsinin növbəti və sonuncu bərpası zamanı bunu mütləq nəzərə almalıyıq.

Vaqifin "Görmədim" müxəmməsi, Vaqifdən qabaq Nişat Şirvaninin "Görmədim" mürəbbesi ilə, daha sonralar Cavidin "Görmədim" şeiri ilə eyni estetik ortamdadır. Amma fəlsəfi miqyas və məzmun fərqlidir. Nişat Şirvani şəxsi qüssələrinin dilmancıdır, Cavid hüznlü bir qəlbin sentimental fəryadını, Vaqif isə XVIII yüzilin sonunda və ictimai ziddiyyətlərin fonunda toplum olaraq bütövləşə bilməyən Azərbaycanın faciəsini qələmə alır. Faciə XX yüzilin əvvəllərinə qədər davam elədi. Yalnız Səməd Mənsurun "Rəngdir" şeiri Vaqifin "Mən cahan mülkündə, mütləq doğru halət görmədim" müxəmməsi ilə eyni ladda səslənir, hər ikisi ruhibir ovqatın əks-sədasıdır. Bu mənada və bu kontekstdə poeziyada dekadans, ruhun çöküşü, estetik qürub XIX yüzildə deyil, XVIII əsrdə, Parisdən əvvəl Şuşada, Bodlerlə deyil, Vaqiflə başlayır. Bu fikri təkzib etmək də olar. "Toy-bayramdır bu dünyanın əzabı" deyən şair necə dekadans ola bilərdi? Amma söhbət Vaqifin XVIII yüzilin sonunda yazdığı poeziyamızın orta əsrlərini sona çatdıran son şeirindən gedirsə...

Söz sözü çəkdi deyə, burda bir haşiyə çıxmaq istədim. Azərbaycan ədəbiyyatı tarixinin hər kəsə bəlli olan Hüseyn Cavid və oğlu Ərtoğrol səhifəsi var. Kifayət qədər pessimist səhifədir. Amma Vaqif və oğlunun vaqeəsi bu miqyasda olan bütün faciələri kölgədə qoyur. Ata iztirabının son həddi tariximizin Vaqif və Əliağa səhifəsindədir. Vaqif yalvarmışdı ki, əvvəl məni, sonra onu öldürün. Etinaya almamışdılar. Oğlunu yerə uzadıb gözlərinin qabağında başını kəsmişdilər. Vaqif oğlunun xırıltısını eşitmişdi. Dünyanın hansı şairinə belə divan tutulub? 40 il vəzirlik edib məmləkəti abadlaşdırdı, anadilli ədəbiyyatın ən gözəl şeirlərini yazdı, Azərbaycan gözəllərinin sözlə bədii təsvirini intibah və Tsian Veneraları estetikasının əyarında yaratdı, milli realist poeziyanın gəlişməsi üçün yeni üfüqlər açdı. Sonunda da oğluyla bir yerdə öldürüldü, öldüyü gecə evi yağmalandı, şeirlərinin əlyazması məhv edildi, gənc və gözəl arvadı ərinin qatiliylə evləndi, sonra da bu gözəl qadın əldən-ələ düşdü.

Vaqif təkcə Qafqaz şairlərinin atası deyil, eyni zamanda Şuşanı Şuşa edən qala divarlarının memarıdır. Hələ təkcə bu da deyil, Salman Mümtaz yazırdı ki, Vaqifin məzarı Mir Fasih məqbərəsinin yaxınlığındaydı. Tarixçilərimizlə birgə ilahiyyatçılarımız da Mir Fasihin kimliyini araşdırmalıdırlar. Lazım gələrsə, Şuşanın yaddaşını bütövlükdə ehya etmək, diriltmək üçün Mir Fasih türbəsi də bərpa olunmalıdır. Adını Şərqin konservatoriyası qoyub keçməyək. Elxanilər, Teymurilər, osmanlılar, səfəvilər, Rusiya, İran min ildir ki, bu torpaqlara konservatoriya olduğu üçün axın etməyiblər...

Qəribədir, itən, itirilən təkcə Vaqifin günbəzi olmayıb. Salman Mümtazın təbiriycə, hər şeydən, hətta həyatından da məyus olan Vaqifin son şeiri "Görmədim"dirsə, Vaqifin avtoportret mislində yaratdığı, yaşadığı çevrənin fəlsəfi izahını, təfsirini və təsvirini verən bu müxəmməsə də zamanında müdaxilə edildi. Müxəmməsin yuxarıda da xatırlatdığım:

 

Ey xoş onlar kim Məhəmməd Mustafanı sevdilər,

Oldular aşiq, Əliyyül-Mürtəzanı sevdilər,

Sidqü ixlas ilə pənc ali-əbanı sevdilər,

Çardəh məsumtək müşkülgüşanı sevdilər,

Dəxi onlardan gözəl yaxşı cəmaət görmədim

 

- bəndi Firudin bəy Köçərlinin də, Salman Mümtazın da məlum kitablarında olduğu kimi verilsə də, hansı səbəbdənsə Vaqifin nə ən mükəmməl hesab olunan 1968-ci il, nə də latın qrafikası ilə çap olunmuş son - 2004-cü il nəşrlərinə daxil edilməyib. Ümumiyyətlə, "Görmədim" müxəmməsi Vaqifin heç bir nəşrində bütöv görünmür, xatırlatdığımız bənd bütün kitablarında ixtisar edilib. Məncə, bu da vaqifşünaslığın açıq qalmış suallarından biridir.

Vaqifin məqbərəsini təzələyib qaydaya salmaq üçün Azərbaycana yüz əlli il vaxt lazım oldu. Vaqifin uçulmuş türbəsini Qarabağ şair və ədibləri deyil, əsr yarımdan sonra Heydər Əliyev təzələyib qaydaya saldı və 1982-ci ildə Şuşada Vaqifin məqbərəsini yaratdı.

 

29 mart 2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!