Yaşar Qarayev - şəxsiyyət zamanı - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

İllər öncə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində Yaşar Qarayevin xatirəsinə həsr olunmuş tədbirdə ədəbiyyatşünas alim Azadə Rüstəmovanın səsləndirdiyi bir fikri hər zaman xatırlayıram: "Savadlı olmadan savadlı kimi görünmək mümkündür, ağıllı olmadan ağıllı kimi də görünmək olar, ancaq ziyalılıq elə bir şeydir ki, ziyalı olmadan ziyalı kimi görünmək mümkün deyil. Yaşar Qarayev əsl ziyalı idi".

İndi, getdikcə bozlaşan, əqidə və inam bütövlüyünün azaldığı, mənəviyyatsızlıq sindromu yaşayan dünyamızda bəlkə daha çox buna ehtiyac var. Böyük ziyalı və ziyalılığa! Yaşar Qarayevin Azərbaycan humanitariyasına gətirdiyi özəllik ilk növbədə, bənzərsiz zəkaya, fərqli düşüncə mədəniyyətinə qadir olması ilə bərabər öz ziyalılıq mədəniyyətinin bütün çalarlarını ədəbiyyatımıza ötürə bilməsi ilə ölçülməlidir. O, içinin ədəbiyyat sevdası sayəsində tədqiqata cəlb etdiyi məsələləri, ədəbiyyat tariximizdə hər birinin məzmun yükü olan problemləri yeni əsaslar üzərində təşəkkül tapan ümumi düşüncə sistemimizin nəinki mühüm tərkib hissəsinə çevirə bildi, həmçinin ən yeni milli ədəbiyyat tarixinin əsasını qoydu. Özəl düşüncədən qidalanan özəl üslub, qanadlı romantikaya bürünmüş fikrin ifadə tərzindəki elmilik, ədəbi fakta, prosesə yanaşmada nümayiş etdirdiyi obyektivlik, elmi-analitik təhlil bacarığı sayəsində bütün yaradıcılığı boyu Yaşar Qarayev bədii-estetik fikri pozitiv ədəbi meyl və axtarışlarla zənginləşdirdi. 

Yaşar Qarayevin vardığı düşüncə hüdudları, qeyri-adi fəhminin gücü ona təqib qıldığı məsələlərə vüsətli məqamlardan - hadisələrin üfüqündən, pik nöqtəsindən nəzər yetirməyə imkan vermişdir. "Faciə və qəhrəman", "Səhnəmiz və müasirlərimiz", "Tənqid: problemlər, portretlər", "Realizm: sənət və həqiqət", "Ədəbi üfüqlər", "Meyar-şəxsiyyətdir" və s. kimi əlvan spektrli, müxtəlif mövzulu tədqiqat istiqamətlərini ehtiva edən bu kitablarda Yaşar Qarayev dramdan danışanda dramaturgiyanın, tənqiddən bəhs edəndə tənqidin problemlərini yüksək elmi-nəzəri-metodoloji mövqedən təhlilə çəkdi, realizmin estetik prinsiplərindən, "renessans romantizminin varlığından" (N.Konrad) milli ədəbi-mədəni şüurun spesifik hadisəsi kimi bəhs etdi. Kim olursan ol, öncə insan olmağı bacar - aksiomasını təlim, platforma səviyyəsində ədəbiyyata, humanitar elmə gətirib şəxsiyyəti meyar elan edən də Yaşar Qarayev oldu... Bəlkə ona görə ki, bir çox başqa nəsnələr kimi uca Yaradanımızın seçilmişlərdən saydığı alimlik missiyasının da ilk öncə, insani sevgidən mayalandığını dərk etmişdir.

"Kim ki, insanı sevər, aşıqi hürriyyət olur. Bəli, insanlıq olan yerdə də hürriyyət olur" - Sabirin insanlıq fəlsəfəsindən yoğrulmuş bu misralarının Yaşar Qarayevin yaradıcı milli dühasının hər hüceyrəsinə hakim kəsildiyini duymaq çətin deyildi. Alimin 1996-cı ildə nəşr olunan "Tarix:yaxından və uzaqdan" fundamental toplusu bu fikirlərin ən bariz sübutudur. Bu kitab yalnız ədəbiyyatın tarixini deyil, həm də insanlığın tarixini, onun mənəvi-ədəbi irsdə kodlaşan  dəyərlərini milli sərvət kimi reablitasiya edib xalqa, yaddaşa ötürmək missiyasına xidmət edirdi. Diqqət etsək, alimin son yazılarının, məruzə mətnlərinin, hətta müsahibələrinin məğzinin  belə bu ritmə, insan dəyərlərinin önə çəkilməsinə kökləndiyini görərik. Bu, ədəbiyyatımızın hər zaman qayəsi olmuş insanşünaslıq, xalqşünaslıq kimi mənəvi keyfiyyətlərin təbliği istiqamətinin yeni modifikasiyada təqdimi deyildi. Bu, subardinasiyası pozulmuş cəmiyyətin, yeni başlanan postmodern epoxasının və qloballaşma nəhrinin dəhşətləri önündə heyrətdə qalan ruhun huzur, dinclik  naminə etdiyi  çabaların peyğəmbərsayağı  ifadəsi idi.

Hans-Ulrix Humbrextin fikridir: "Tarixi nöqteyi-nəzərdən keçmiş adlandırılan şey - bizim arxada qoyduğumuzun ölçüsüdür, o şeydir ki, İndi ilə kəsişmir, ona müdaxilə etmir və məhz bu şərt daxilində, bilik kimi istifadə oluna bilir, o şeydir ki, obyektiv təcrübə məxəzi tək ona əsaslanıb, İndi, bu dəm Gələcəyə yönəli qərarlar verir, fəaliyyətimizi qururuq". Deməli, "bütün həyatımız boyu bizim "indi"dən başqa heç nəyimiz yoxdur" (Artur Şopenhauer). Amma bu günkü "indi" sabah üçün keçmişə dönəcək (keçmiş elə gələcəkdədir) və bizdən yaşanan bu gün-indi üçün hesabat sorulacaq. Yaşar Qarayev tarixin indi adlanan zaman kəsimindən dünəninə, uzaq keçmişinə rakurs etdi. "...qədimdən indiyə qədər, mifdən, folklordan müasir günlərə qədər Azərbaycan xalqı dünya ədəbi-bədii fikrinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi, bədii dəyər və sərvətlərlə onu zənginləşdirib?" kimi suallara cavab aramaq məqsədi ilə bədii-mədəni keçmişimizin bütün dövrlərini tədqiqat obyektinə çevirdi. Tarix yalnız yaddaşa və idraka çökəndə (yalnız onda!) şüuru manqurtluqdan, sklerozdan xilas etmək mümkün olur, "ərazinin bütövlüyü də, hər şeydən əvvəl, yaddaşın böyüklüyü, qədimliyi və bütövlüyü ilə qorunur". Yaşar Qarayevin yaradıcı milli dühasında zaman kökünə və bütövlüyünə boylanaraq dildə daşlaşan və yaddaşlaşan tarixə döndü. 1990-cı illərin xaotik prosesləri önündə  çaşqın qalmış humanitar elmə Yaşaq Qarayevin gətirdiyi yeni konsepsiya - Yaddaş konsepsiyası bir sillə kimi səsləndi, alim başımıza açılan  bütün fəci və gərgin olayların nədənini yaddaşsızlıq, yaddaşdan məhrumluqla əlaqələndirib çıxış yolu kimi  nicatı da elə ona - yaddaşa dönüşdə gördü.

Yaşar Qarayev 1990-cı illərin aydınlanan ədəbi mənzərəsində məfkurə məsələsinə konseptual yanaşan azsaylı alimlərdən oldu. Onun Əli bəy Hüseynzadənin, Əhməd Cavadın, Hüseyn Cavidin, Məhəmməd Hadinin, Cəfər Cabbarlının yaradıcılığına yanaşmada sərgilədiyi münasibət bu baxımdan çox düşündürücüdür. Təhlillərində kökləndiyi məsələlər ancaq bu şəxsiyyətlərin yaradıcılığındakı vətən, hürr duyğuları, məfkurəyə xidmətin çalarlarını üzə çıxartmaq olmuşdur. Bu, Yaşar Qarayevin həqiqətlərə yaxşı bələdliyinin, özü də bunları sovet dövründə bilib, içində bəsləmə narahatlığının nəticəsi idi. Dövrün ruporuna çevrilib adı keçən şəxsiyyətlərə iftira atmaq, onları az qala "düşmən" cəbhəsindən dəyərləndirmək onluq deyildi. Sovet dövrünün irəli sürdüyü "materialist", "idealist", "mürtəce" kimi anlayışların acı təcrübəsini görən alim, əks qütbdə dayanıb zamanı bütöv müstəvidə almağın zəruriliyini daha vacib bildi: "Əgər Zaman - tarixi və estetik özünüdərkin faktına və hadisəsinə çevrilmirsə, demək, idrakla və yaddaşla Zaman arasında təmas baş vermir". Bu mənada, dövr dəyişən kimi onun müstəqillik iqliminə asan oturuşu təəccüb doğurmur. Həm də bu şəkildə: Yaşar Qarayev az zaman kəsimində Əlibəyşünas, Cavadşünas, Hadişünas olaraq çıxdı meydana. Sovet rejiminin buxovunda deyilə bilinməyən ədəbi-estetik hadisələr Yaşar Qarayevin təfsirində obyektiv elmi-nəzəri qiymətini, akademik ölçüsünü tapdı.

Məsələn, poetik siqlət, milli oyanış və məfkurə ideyalarının dolğunluğu baxımından fərqli proses olan Məhəmməd Hadi yaradıcılığını Yaşar Qarayev  ədəbi-tarixi gedişatın öz inkişaf məntiqindən doğan gerçəklik adlandırırdı və haqlı olaraq, Hadi romantizminin mənşəyini türk  romantizminə bağlayırdı: "XIX-XX yüzillərin böyük Türk romantizmini Əbdülhəq Hamid, Namik Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Divanbəyoğlu... demək olar ki, birlikdə yaratmışlar. Məhz onların bir sənətkar, ideoloq və mütəfəkkir xidmətindən (hünərindən!) dünya romantizminin Qərbdən və Rusiyadan (MY.Lermontov) sonra ikinci klassik intibahı Asiya-İslam, Şərq dalğası yaranmışdır". 

Yaxud "Cavid kimi Hadinin də vətəni Azərbaycan, milliyyəti türk, zehniyyəti islam və təsəvvüf olub... Təsadüfi deyil ki, öz vətənlərində Hadi və Cavid uzun illər qadağan olunmuş şairlər sırasına məhz "pantürkist" və "panislamist" damğaları ilə düşmüşlər...", - kimi fikirlərlə əsrin həqiqi varlığına ayna tutur, gerçək ədəbiyyat ruhunu ifadə edirdi.

Tarix nəinki "müəllim olmaqdan qalır" (Alber Kamyu), əksinə ondan dərs götürməyənlərə bu dərsi dəfələrlə təkrar etmiş olur. Hər halda XX əsrin əvvəli və sonu arasında harmoniya, hadisə və proseslərin adekvat səslənişi və oxşar təzahürü sübut etdi ki, tarixdən heç kəsin heç bir dərs götürməməsi bizi yaşanmışları bir də yaşamağa, görülmüşləri bir də görməyə vadar edir. Və yenə də bir halda ki, tarixin dərslərindən ibrət götürməyəndə günahkar zaman yox, şüur olur, o zaman şüuru naqis stixiyadan, yad düşüncədən və sönük təfəkkürdən təmizləmək lazımdır. Yaşar Qarayev əsaslandırdı  ki, indi təfəkkürdə məhz belə katarsis işinə ehtiyac var, milli ruhun yenidən bərqərar olması, milli şüurun, yaddaş kultunun dirçəldilməsi üçün elmi konsepsiyalar, doktrinalar, təlimlər işlənib hazırlamaq zamanın tələbidir. Bunun üçün onun meyara çevirdiyi şəxsiyyətlərdən biri Əli bəy Hüseynzadənin çoxyönlü yaradıcılığı oldu. 1994-cü ildə "Kökünə və bütövlüyünə boylanan yaddaş - Əli bəy Hüseynzadə" məqaləsində yazırdı ki, "1998-ci ildə "Siyasəti-fürusət"in 90 illiyini bir yubiley kimi qeyd etmək olar. Lakin bu "doxsan il" "Siyasəti-fürusət" ətrafında sükutun doxsan ilidir".

Bəli, doxsan illik sükut buzunu qırmaq, vulqar sosioloji ədəbiyyatşünaslıq yanaşmalarını, rejimin ifşa və lənət kompaniyasını yerlə yeksan edib meydana gerçək bir Əli bəy Hüseynzadə obrazı çıxarmaq o qədər də asan məsələ deyildi. Çünki Əli bəyin ifadə və təmsil etdiyi ədəbi missiyanın yükü ağır idi, bunu etiraf etmək çətin olduğu kimi, həzm edilməsi məsələsi də vardı. Baxın, Yaşar Qarayev bu dahinin - böyük ideoloq, miqyaslı düşüncə sahibi, milli məfkurə adamı olan Əli bəyin xidmətini necə dürüst ifadə edir: "Bayrağımızdakı üç rəngin üçünün də rəssamı Əli bəydir. Milli gerbimizdəki boya simvolikası da onun "türkləşmək, islamlaşmaq, avropalaşmaq" - düsturunun rəngdə ifadəsindən başqa bir şey deyildir. Şübhəsiz, söhbət yalnız boyadan və kətandan getmir, həm də təməldən, bünövrə daşından, dəmir özüldən gedir: Əli bəy Azərbaycanda yox, bütün türklük miqyasında qövmi özünüdərkin, istiqlal düşüncəsinin təkcə rəssamı deyil, həm də memarıdır... Məhz bu mənada nəinki Məhəmməd Əmin və Nəriman Nərimanov, üstəlik, Ziya Göyalp və Kamal Atatürk də Əli bəy Hüseynzadədən başlayır".

Əli bəy Hüseynzadə Yaşar Qarayevin müstəqillik illərində ürəklə, geniş bəhs etdiyi şəxsiyyətlərdən olmuşdur. Xüsusilə onun ermənilərə qarşı güzəştsiz milli mövqe sərgiləməsi, bütün istiqamətlərdə bütöv, qayəli və konseptual xidməti ustad ədəbiyyatşünasın nəzərlərindən yayınmamışdır. Əlbəttə, Əli bəy Hüseynzadənin erməni məkrinin tarixinə münasibət barədə indi də öz nəzəri və metodoloji əhəmiyyətini qoruyub hifz edən müdrik müşahidələrinə biganə yanaşmaq mümkün deyil. Məntiq, ağıl, rasional yanaşma, tarixi faktlara istinadən əsaslı dəlillərlə meydana çıxmaq Əli bəyin təkrarsız üslubunun əsas çalarları idi. Yaşar Qarayev haqlı olaraq yazırdı ki, "1905-1918-ci illərdə türk əleyhinə çevrilən milli qırğın və genosid aktlarının təhlilindən Əli bəyin irsi yarandı. 1937, 1948-52, 1988-95-ci il hadisələrinə qarşı isə siyasi-ideoloji reaksiya kimi bu sanbalda və siqlətdə ədəbi və fəlsəfi-irs yaranmadı. Odur ki, Qafqazda və Azərbaycanda real gerçəklikdə və ideologiyada erməni genosidinin mahiyyətinə və ənənəsinə qarşı çevrilmiş Əli bəy irsini öyrənmək Vətənimizdə baş verən müasir eksponizmin də psixologiyasını, ideya qaynaqlarını və tarixi köklərini öyrənmək deməkdir".

Böyük alman filosofu Hegelə görə "mütləq ideya" özünü dindən və fəlsəfədən əvvəl sənətdə dərk edir. İctimai şüur özü də sənətdən güc alır. Sənətin nəyi təlqin edib-etməməsinin şüura böyük və əvəzsiz təsiri var. Bədii-estetik düşüncənin, onun elmi-tənqidi dərkinin meyarlarının əsaslı təbəddülata məruz qaldığı keçid dövrü kimi xarakterizə olunan 90-cı illərdə Yaşar Qarayevin təlqin etdiyi konsepsiyanın keyfiyyət göstəriciləri elmi-nəzəri fikrin potensial imkanlarının real və əyani təzahürü, ondakı hərəkətin, yeni elmi-estetik əməldə dirçəlişin təsdiqi kimi mənalana bildi. O, böyük bir imperiyanın çökümündən  şaşıran ədəbiyyatşünaslıq elminin sütunlarının çökməsinə imkan vermədi. Çiyinlərini çox ağır yüklər altına verməyin sizif əzabı isə onunla sonuclandı ki, bizdə həm milli bədii təcrübənin imkanlarına, həm də bu təcrübəni ümumiləşdirən milli elmi-nəzəri fikrin qənaətlərinə, mühakimə tutumluluğuna inamsızlığı aradan qaldırmaq üçün tək Yaşar Qarayev adı kifayət etdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!