Orxan Fikrətoğlu yaradıcılığında modern və postmodern elementlər - Elnarə QARAGÖZOVA

Orxan Fikrətoğlunun polifonikliyi ilə seçilən, geniş spektrli yaradıcılığı müstəqillik dövrü Azərbaycan ədəbiyyatında moderndən postmodernizmə keçidin, postmodernin milli variantının tədqiqi baxımından olduqca önəmlidir.        

Bu baxımdan Orxan Fikrətoğlu nəsrində əsas iki xətt izlənir:

1. Modern nəsr xətti.

2. Postmodern nəsr xətti.

Orxan Fikrətoğlunun "Milad gecəsi", "Ögey". "Mixək böcək", "Adsız hekayə", "Cangüdən", "Ərəfə" kimi hekayələrində, "Tək" romanında modern nəsr ənənələri özünü göstərir. Qeyd etmək lazımdır ki, Orxan Fikrətoğlu yaradıcılığında qeyd etdiyimiz modern nəsr ənənəsi məhz altmışıncılara, onların zaman-zaman istinad etdikləri Mirzə Cəlil Məmmədquluzadə üslubuna əsaslanır. Təsadüfi deyil ki, Orxan Fikrətoğlunun "Zorxana" telelahiyəsinin qəhrəmanı olan Xeybər Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin qəhrəmanı Novruzəlinin protoobrazı kimi qəbul edilir. Professor Şirindil Alışanlı "Novruzəlinin qan qardaşı Xeybər" məqaləsində Orxan Fikrətoğlu yaradıcılığında qabarıq hiss edilən Mirzə Cəlil, "Molla Nəsrəddin" ənənələrinə diqqət çəkərək ədibin mavi ekrana gətirdiyi satirik səciyyəli Xeybər obrazını Mirzə Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsindəki Novruzəli obrazı ilə müqayisə edərək yazır: "Xeybər Novruzəlinin bir əsr sonra dünyaya gəlmiş qan qardaşıdır. Novruzəli başqa bir zamanda yaşayırdı, Mirzə Cəlil bu dünyanın ağrılarını təkmilləşmədə, inkişafda, intibahda axtarırdı. Çıxış yolunu ictimai-mənəvi tərəqqidə axtarırdı. Orxanın Xeybəri isə paradokslarla dolu bir gerçəkliyin qəhrəmanıdır".

Orxan Fikrətoğlunun "100 ilin kitabı" da  Mirzə Cəlil Məmmədquluzadənin felyetonları ilə Orxan Fikrətoğlunun publisistik yazılarının birgə toplandığı mozaik bir kitabdır. Belə bir nəşrin hazırlanması müasir Azərbaycan ədəbiyyatında Mirzə Cəlil ənənələrinin davamçılarından birinin məhz Orxan Fikrətoğlu olmasını simvolizə edir. Mirzə Cəlil Məmmədquluzadənin 100 il öncə söylədiklərini indi Orxan Fikrətoğlu söyləyir, Mirzə Cəlil mətnini Orxan Fikrətoğlu mətni davam etdirir, Novruzəlinin oxucusu Xeybərin oxucusu ilə görüşür.

Orxan Fikrətoğlunun "Səhər", "Borc", "Milçək", "Çiçəkləyən adamın tarixçəsi", "Tarixi-Çıbı", "Neft Dadaş", "Axrestomatik əhvalat" hekayələri, povestləri, dramaturgiyası, esseləri və "Ölü mətn" romanı isə yazıçının yaradıcılığının  postmodern xəttini təmsil edir. "525-ci qəzet"in 3 iyun 2020-ci il tarixli sayında "Bədii nəsrimizdə seçilən imza. Orxan Fikrətoğlu yaradıcılığına bir nəzər" adlı məqaləmizdə Orxan Fikrətoğlunun hekayə, povest və "Ölü mətn" romanında postmodern elementlərin inikası məsələsinə toxunmuşduq. Bu məqalədə həmin elementlərlə bağlı araşdırmamızı davam etdirərək "Ölü mətn" romanındakı postmodern xətt, esse və dramlardakı postmodern qat haqqında danışacağıq.

2013-cü ildə oxuculara təqdim edilən,  2015-ci ildə Türkiyədə də çap olunan "Ölü mətn" romanı ədəbi mühitdə rezonans doğurmuş, ədəbiyyatşünaslar tərəfindən Orxan Fikrətoğlu yaradıcılığında yeni etapın başlanğıcını qoyan əsər kimi qəbul edilmişdir. Romanla bağlı Nərgiz Cabbarlının ""Ölü mətn"dəki "sınıq güzgü" effekti",  İradə Musayevanın "Ölü mətnin ölü hərfləri", Cavanşir Yusiflinin "Orxanın roman-metaforası", Mətanət Vahidin "Dirilə bilməyən mətn" məqalələri dərc edilmişdir. Roman Ustadın "Ölü mətn" adlı papirus kağızına yazılmış, vərəqləri arasında qara kəpənəklər uçuşan əlyazma-romanı oxumaq üçün başının üstündə qəribə halə olan oğlandan qəbul etməsi ilə başlayır. Orxan Fikrətoğlu romanın post-sufi janrında yazıldığı barədə oxucuya məlumat verməklə əslində, ona mətnin açarını təqdim edir. Əsərdəki əlyazmanı da məhz sufi oxuya bilir. Romanda sufi estetikası ilə bağlı digər məqam kəpənək simvolundan istifadədir. Daha öncə müstəqillik dövrü Azərbaycan ədəbiyyatının daha bir nümayəndəsi - Aydın Talıbzadə də "Kəpənək modeli-102" romanında bu sufi simvoluna müraciət etmişdir. Qeyd edək ki, "kəpənək" həm sufilərin geyindiyi libasa, həm də ruha işarədir. Aydın Talıbzadə "Kəpənək və ya təfsiri-şərhi-hali Nəsimi [filoloji fantaziyalar]" məqaləsində yazır: ""Nəsiminin "Kəpənək" və "Tapdım" rədifli iki şeirini oxudum... və məlumum oldu ki, söhbət burada da geyimdən gedir. Sən demə, "kəpənək" farslarda yapıncı kimi mənalandırılır. Nəsimi şeirlərinin kontekstində də "kəpənək" sözü məhz "yapıncı" anlamında işlədilir: "Kəpənək geymişəm, əndişədən azad olubam, // Üşümək müşkülünü eylədi asan kəpənək". Heç şübhəsiz ki, kəpənək burada çoban həyatının, dağlı güzəranının rəmz səviyyəsinə yüksəldilmiş fakturasıdır, gerçək yaşantıların suggestiv ifadəçisidir, özünəməxsus bildiricidir, eyhamdır".

Strukturu postmodernizmin mətn estetikasına əsaslanan romanda izlənən polifoniya və qurma effektləri oxucunu postmodern labirintə salır. Diqqətlə nəzər saldıqda romanda iç-içə bir neçə mətnin mövcud olduğunu görürük:

1. Ustadın mətni.

2. Əlyazmanın mətni.

3. İblisin (Cinin) mətni.

Romanı oxuyarkən əsər boyu İblis və Ustadın mübarizəsini müşahidə edirik. Əsərdəki Dədə obrazı isə Dədə Qorqudun prototipi kimi çıxış edir və əlyazmanın tarixini daha da qədimlərə apararaq bu əbədi mübarizənin bəşəri önəmi ilə yanaşı, milli əks-sədasını da özündə ehtiva edir.

Beləliklə, postmodernizmin istinad estetikasına uyğun olaraq Orxan Fikrətoğlunun "Ölü mətn" romanında özündən öncəki üç mətnə - "Kitabi-Dədə Qorqud" dastanlarına, Hüseyn Cavidin "İblis" əsərinə və Mixail Bulqakovun "Master və Marqarita" romanına mətnaltı şəkildə istinad edilir və bu əsər ədəbiyyatımızda postmodern romanın fərqli bir nümunəsi kimi önəmli yer tutur.

Orxan Fikrətoğlunun müstəqillik dövrü dramaturgiyasında da özünəməxsus yeri vardır. Onun  "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi", "Xas igidin dastanı", "İtki"  və s.  pyesləri dəfələrlə səhnələşdirilmiş və oxucuların rəğbətini qazanmışdır.  "Xas igidin  dastanı"nı  pyesin əsas obrazı-təhkiyəçisi olan Ravi nəql edir. Doğulanda Səbri seçən Xas igid həyat nağılının heç bir məqamında bu seçiminə sadiq qala bilmir. Həyatdan köçərkən peşman olur, yenidən doğulub ömrünü fərqli şəkildə yaşamaq istəyir və raviyə: "Ravi, bayaqdan bəri nəql etdiyin bu yazını sən yazmamısan bəyəm? Dəyiş də ömrümü. Nə olar? Bir dəfə də dirilt məni!". Lakin "yazıya pozu yoxdur" və Xas igid yaşayıb anlamadığı dünyadan həsrətlə köçür. Pyesdə nağıl elementləri, postmodern təhkiyə diqqət çəkir. Müəllifin "Üçüncü günün adamı" povestindəki ağ dəvə obrazı  "Xas igidin dastanı" pyesində də əks olunmuşdur. Pyesdə Xas igidin yolu əksliklərdən keçir: ağ-qara, tərs-düz, sağ-sol. Rast gəldiyi məkanlarda müsbət tərəfi seçdiyi üçün başına bəlalar gəlir. Bu pyesdə postmodern elementlərlə yanaşı, Orxan Fikrətoğlu yaradıcılığına xas "Mirzə Cəlil üslubu" da diqqəti cəlb edir. Bu xətt əsasən əsərin quruluş texnikasında və obrazların simvolik-ironik çalarlı monoloqlarında izlənilir.

Esselər. Orxan Fikərtoğlunun qələmə aldığı esselər Azərbaycan nəsrinin fərqli və postmodern ab-havalı nümunələridir. Ədibin "Üçüncü Şah İsmayıl" (2016), "Ufaq şahzadə" (2016), "Məni də özünlə apararsan, ata" (2016), "Vücudnanmənin vücudu" (2016), "Pol Valeri və Niyazi" (2016), "Hadinin çiyninə qonmuş mələk" (2019), "Kim" (2020) və digər esselərinə nəzər salarkən bu janrda "Orxan Fikrətoğlu üslubu" adlandırıla biləcək yeni bir xəttin yarandığının şahidi oluruq. Orxan Fikrətoğlunun esselərində alt qat daha dinamikdir, mövzu essenin tələblərinə uyğun açılır, lakin elmilik, simvol-istinadlar oxucunu yormadan növbəti mətnə yönləndirir. Bu cür simvol-istinadlarla zəngin  "Pol Valeri və Niyazi" essesində  XVII əsr şeir məclislərindən birinin üzvü olan Niyazinin yaradıcılığına nəzər salaraq onun nöqtəsiz şeir, pəltək dilindən şeir kimi janrların ilk müəllifi olduğunu bildirməklə əslində, yeni bildiyimiz hər şeyin kökünün klassik ədəbiyyatımızda var olduğunu vurğulayır. Bütün bu faktlar esse dilində deyildiyi üçün oxucunu yormur, gizli istinadlar olduğu üçün isə sırf bədii-emosional duyğular mətni kimi də qavranılmır. "Hadinin çiyninə qonmuş mələk" essesində Orxan Fikrətoğlu yazır: "Əgər Sabir bizim fizioloji mənimizi müəyyən edibsə, Hadi bizim ruhani mənimizi aşkar edib. Əgər Sabir karikatur azərbaycanlı portretini rəssam qədər incə dəqiqliklə yarada bilibsə, bizə gülüb və bizi düşündürübsə, Hadi bizim sakral qüssəmizi sufi ruhlu nakamlığında gizlədib". Beləliklə, Orxan Fikrətoğlu kiçik bir essedə bir neçə cümlə ilə Azərbaycan ədəbiyyatının iki nəhənginin - M.Ə.Sabirin və M.Hadinin yaradıcılığının kökünü, şəhdi-şirəsini, önəmini və fərqini vurğulayır.

Orxan Fikrətoğlu yaradıcılığı hər zaman ədəbi və teatr tənqidinin, kinoşünaslığın diqqət mərkəzində olmuşdur. Yazıçının bədii əsərləri zaman-zaman ədəbi tənqiddə rezonans doğurmuş, Şirindil Alışanlının, Nərgiz Cabbarlının, Cavanşir Yusiflinin, İradə Musayevanın, Elnarə Akimovanın və digər ədəbiyyatşünasların tədqiqatlarında onun əsərlərinin özünəməxsusluğu, yazı manerasının, təhkiyəsinin yeniliyi vurğulanmışdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!