İşığınız bol olsun, Nəriman müəllim! - Esse

İlqar FƏHMİ

1982-ci ildə dayımgili Neft-Qaz Çıxarma İdarəsindən "Azərbaycan" jurnalına abunə yazdırmışdılar. Çox olmadı. Cəmisi bir il.

O boz üzlü 12 jurnal uzun illər boyu isti yay günlərimdə mənim ürək dostum oldu. Özümlə evə gətirməyə qoymurdular. Çünki məndən başqa da oxuyanlar vardı. Mənsə yalnız yayda, Zirədə nənəmgildə qalanda o jurnallara sahib çıxırdım. O üzdən bu üzə, bu üzdən o üzə təkrar-təkrar vərəqləyirdim, eyni mətnləri təkrar-təkrar oxuyurdum. Ədəbiyyatla ilk tanışlığım məhz həmin 12 jurnaldan başladı. Onda hələ özümün bircə kitabım da yox idi. Yeddi yaşlı uşaq bu böyük ədəbiyyat bağçasından nələri götürə bilərdi, nələri dərk edə bilərdi?

Hərçənd ki, jurnallardakı materiallar ədəbiyyatla ilk kontaktım idi, ilkin zövqümün formalaşmasında böyük rolu vardı, ancaq etiraf edim ki, bir çox yazılar artıq yaddaşımdan silinib gedib... Lakin jurnallarda elə sətirlər, misralar, fikirlər olub ki, indiyəcən yadımdadı...

 

Ölümündən əvvəl Sezar əhd edib,

Brutu özünə vəliəhd edib...

 

7 yaşlı uşaq təfəkkürünü silkələyən bu misralar Nəriman Həsənzadənin şeirindəndi. 1982-ci ilin on iki nüsxə "Azərbaycan" jurnalının içində məhz bu şeir elə bil ki, dünya qavrayışıma, düşüncəmə çox qəribə təsir eləmişdi. Sezar obrazını kinolardan tanıyırdım, Brut adında bir gənc siyasətçi tərəfindən öldürülməyindən də xəbərdar idim. Hətta Sezarın son anda arxaya çönüb, "Brut, sən də..." deməsini də eşitmişdim... Ancaq sən demə, Sezarın təəccübünün səbəbi məhz bu olub - Brutun da ona sui-qəsddə iştirak etməsi... Axı mən səni öz vəliəhdim kimi görürdüm. Axı sən mənim yolumu davam etməliydin...

Şeirin əvvəl bəndlərində insan etibarsızlığı, xəyanətkarlığı və hakimiyyət ehtirası, sanki bir poetik araşdırma mövzusu kimi təqdim edilirdi, şair özü düşünərək oxucunu da düşündürürdü və sonda bu tarixi faktı ön plana çəkməklə, sanki oxucu beyninə son mismarı vururdu...

Bəlkə günlərlə o şeiri dilimdə təkrar-təkrar əzbər deyərək, nənəmgilin həyətindəki üzüm salxımlarına baxmışam və dünyanın etibarsızlığı barədə düşünmüşəm. Yeddi-səkkiz yaşlı uşağı heyrətləndirən və düşündürən bir sual - axı dünya niyə belədi? Axı niyə insanlar etibarsızdı? Niyə xəyanət yolu tuturlar? Bunun kökü hardan gəlir?

Elə bu suallar içində böyüyə-böyüyə Nəriman Həsənzadənin başqa əsərləriylə də tanış oldum, tamaşalarına baxdım və başa düşdüm ki, əslində, Sezar haqqında həmin şeirdə ortaya qoyulan suallar tək bir şeirlə bitmir. Bir növ sona qədər şairin içində dolaşır, müxtəlif formalarda üzə çıxır... Misalçün, yeniyetmə vaxtımızda məktəbdən verilən biletlərlə Dram Teatrında "Atabəylər" pyesinə baxanda da oxşar halı gördüm. Yenə xəyanət, yenə rəzalət, etibarsızlıq, riya və şairin sualları... Cavabsız sualları... və yanğı...

Bir var şair sadəcə ortaya suallar qoyur və buna cavablar axtarır...

Nəriman Həsənzadənin əsərlərində isə suallar sadəcə ortaya qoyulmur, orda həmin daxili yanğını, daxili gərginliyi hiss edirsən... bu, sadəcə sual deyil, içində boğulan əsəb gərginliyinin, bir-birinə sıxılan dişlərin arasından sızan suallardı...

İnsan özü də dünyanı bürümüş riyanın, xəyanətin, etibarsızlığın bir hissəsi olursa, bu xüsusda düşünəndə də, sualları soyuq, düşüncələri ölü olur. Çünki bu hal onun özünü o qədər də yandırmır. Ancaq insanın özü o rəzalətin, riyakarlığın bir hissəsi olmayanda, o, daha çox təsirlənir, sualları daha çox yanıqlı və ağrılı olur...

Başqa sözlə desək, Brut xislətli insan heç vaxt o sualı elə bir gərginliklə ortaya qoya bilməzdi... Hətta Bruta haqq qazandıracaqdı ki, neynəsin, başqa cür mümkün deyildi, çarəsizlikdən belə elədi, çünki dünya belə qurulub...

Bəli, dünya belə qurulub... Dünyanın belə qurulmasını rahat halda qəbul eləsəydi, Nəriman Həsənzadə şair olmazdı...

Onun şair olmasının səbəbi, belə qurulan dünyanın gedişatını heç olmasa bir az, bir kitab səhifəsi, bir şeir misrası qədər düzəltməkdi.

Həm də göstərilən bu cəhdlərdə zərif bir ümid, inam da var, ümidsizlik yoxdu... Heyif ki, əksər hallarda son onilliklərin ədəbiyyatında əks əhvalı görürük. Dünya belədi, Sezarlar vəliəhd elan elədiyi Brutların qurbanı olur və bu düzən əfsus ki, heç vaxt düzəlməyəcək, qiyamətəcən eblə gedəcək...

Nəriman müəllimin şeirlərində isə o gizli inam indiyəcən qalmaqdadır. Bəli, əlini-qolunu sallayıb oturmaq olmaz, çalışmaq, vuruşmaq lazımdı, insanların ruhunu tərbiyə eləməklə, zərif incə hisslər aşılamaqla, sevməyi öyrətməklə müəyyən dəyişikliyə nail omlaq mümkündü.

Bəli, ola bilər ki, bu dəyişiklik çox da qlobal olmasın, lakin gələcəkdə hansısa məqamda, arxadan öz Sezarına zərbə vurmaqçün xəncərini qaldıran Brutun əli heç olmasa bir anlıq da titrəsə, deməli, bütün bu şeirlər, bütün bu cəhdlər, bütün bu çarpışmalar əbəs deyil.. Çox yox, hətta bircə anlıq da olsa, Brutun içindəki qətiyyət çat versə, içinə tərəddüd yayılsa, əli bir saniyəlik də dayansa, deməli, hələ hər şey bitməyib, deməli, hələ mübarizə aparmağına, yazıb-yaratmağına dəyər. Deməli, çalışmaq lazımdı ki, o bir saniyəlik tərəddüd sabah üç saniyə olsun, beş saniyə olsun, Brutun əli daha çox titrəsin, daha çox düşünsün. Yəqin ki, nə vaxtsa, hər şey o qədər gözəl olar ki, Brut son anda öz xəncərini Sezara yox, onu bu xəyanətə sövq edənlərə qarşı döndərər. Bəli, məhz bu məqam təkcə ədəbiyyatın yox, ümumən insanlığın təntənəsi olar. Axı ədəbiyyat da insaniyyətin təntənəsi üçün çalışmalıdı. Eynən Nəriman Həsənzadənin şeirləri kimi...

Nəriman Həsənzadənin yaradıcılığı çox zəngindi, şükür ki, alimlərimiz tərəfindən də kifayət qədər araşdırılıb, öyrənilib.

Mənimçünsə ən əhəmiyyətli olan, onun əsərlərindəki məhz bu ümid və inamdı. Hər şeyin düzələcəyinə, bəşəriyyətin işığa doğru gedəcəyinə olan tükənməz bir inam... Onun bütün əsərlərini axtarsaz, neqativ, ümidsizlik, bədbinlik yüklənmiş bircə misra, bircə sətir də tapa bilməzsiniz...

Ən ağır situasiya, ən çətin durum da, insan üçün son deyil, əksinə, mübarizə üçün meydandı.

Yenə son onilliklərin ədəbiyyatına qayıdaraq qeyd etmək istəyirəm ki, neqativin, pessimizmin baş alıb getdiyi bir dönəmdə, onun əsərlərindəki inam okeanda ada kimi görünür. Lakin bir adada olsa belə, Nəriman müəllim bu işığı qoruyub saxlaya bilib.

Çünki bu işıq onun ruhunun ən dərin qatlarından gəlir... O işıq həm ona ən çətin ağır günlərdə yaşamağa, mübarizə aparmağa güc verib, həm də o işıqdan başqalarına pay verməyə çalışıb. Həm yaradıcılığında, həm də həyatında...

İşıqlı insan deyərkən, ilk olaraq yada düşən simalardan biri məhz Nəriman Həsənzadənin simasıdır.

Bu ay onun yubileyidi. Bütün bu onilliklər boyu o işığı sönməyə qoymamaq, gələcək nəsillərə ötürmək həqiqətən də böyük qəhrəmanlıqdı. Məhz buna görə də Nəriman Həsənzadəni bizim ədəbiyyatımızın ən böyük qəhrəmanlarından, fədakarlarından biri kimi hamı sevir, qiymətləndirir...

Mən də ustadın bu gözəl yubileyini təbrik edirəm. Əminəm ki, inşallah, yüz illik yubileyində də iştirak etmək bizə nəsib olacaq.

P.S. Nə vaxtsa onun şeirlərini oxuyanda, pyeslərinə baxanda ağlıma da gəlməzdi ki, illər sonra hətta oğlumun da müəllimi olacaq... Hərçənd ki, hələ üzbəüz görüşməyiblər, dərslər onlayn gedir... Ancaq əminəm ki, hər şey qaydasına düşəndən sonra, Nəriman müəllimin ən çox sevdiyi tələbələrindən biri olacaq və onun onilliklər boyu içində gətirdiyi işıqdan mənim oğlum da bəhrələnəcək.

İşığınız bol olsun, Nəriman müəllim. Yüz yaşayın...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!