Azərbaycan ədəbiyyatının səhnəsi: Şair və tale

Cavanşir YUSİFLİ

Azərbaycan poeziyasının son yüz ildə başına gələnləri bir yerə toplayıb onu kaleydoskop kimi fırlatsaq, çox-çox maraqlı hadisələrin şahidi ola bilərik. Əlbəttə, bildiyimiz şeylərin bu "dar macalda" görünməsi qəribə hisslər bəxş edəcək, hər gün gördüyümüz hadisələr bu təsadüfdə qəlbimizi həyəcanla dolduracaq, bizə elə gələcək ki, yol kənarında bitən çiçəklərin də baxışları var və onlar min illərdi üfüqlərin qaşını aşan ağ yola baxırlar. Yəni məlum bir mətndə deyildiyi kimi, biz taleyi seçə bilmirik, tale bizi ümidimiz gəlməyən bir yol kənarında qəddarcasına gözləyir. Onu qarşılamaqdan başqa çarən və əlacın qalmır. Bizim təsəvvürümüzə gətirdiyimiz damarında qanı daşan o gənc adam bu taleyin əllərini sıxır, amma təsəvvürünə gətirmir ki, yolun o biri ucunda bir qoca da var və o, zamanın içindən keçib bu günə gəlib çıxarkən hər yer adi bir hənirdən taxıl zəmisi kimi od tutub yanıb, külək əlindəki hər şeyi alıb aparıb. Həmin gənc bu qocanın taleyindəki uçqunlardan xəbərsizdir. Hadisələr necə olursa baş verir, kimsə kimisə atır, kimsə kiminsə umuduna qalır, bunlar hər gün baş verir, amma kimsə bu hadisələrin düyününü birdən dözülməz ağrı kimi yaşayır. Taleyi bu kor düyünə dönür. Ən çətini budu, etdiyin seçimi dərindən nəfəs alıb verirmiş kimi yaşamaq...

Şair və tale... Kim kimi seçir? Kim kimi atır? Kim kimi unudur və ... günlərin bir günü sən bütün bunları, bəlkə də kiminsə yuxuda gördüyü şeylər kimi yaşayırsan. Yuxudan silkinib durmaq mümkün olmadığı kimi (onun səni oyadan məqamını gözləməyə məhkumsan...) bu taledən çıxıb getmək də olmur.

Nüsrət Kəsəmənlinin  bir "Allaha şikayət" şeiri var: Ömrüm gedər-gəlməz yoldu // Acısı da məna baldı // Ətəyində əlim qaldı // Məni görmədin, Allahım. // Ömür verdin ölmək üçün // Kədər verdin bölmək üçün // Könül verdin sevmək üçün // Sevgi vermədin, Allahım. // Çox atdılar söz daşını // Hər kəs qoruyur başını // Axıtdılar göz yaşını // Sən də silmədin, Allahım. // Mən tutdum haqqın yolunu // Haqsızlar qırdı qolumu // Səni sevən bir qulunu // Niyə sevmədin, Allahım. // Ömrüm həsrət qaldı yaza // Sən yazanı de kim pozar // İmkan verdin insafsıza // İnsaf vermədin, Allahım. // İllərimi sərt göndərdin // Ağrılı həsrət göndərdin // Çəkilməyən dərd göndərdin // Dözüm vermədin, Allahım. "Könül verdin sevmək üçün // Sevgi vermədin, Allahım..." - qəribə deyilmi, halbuki şairin sevgi şeirləri dillər əzbəri idi, hamı bu şeirlərlə vurulur, hamı bu şeirlərlə ayrılırdı.

Həyatda və olsun ki, ədəbiyyatda Nüsrət bizim bilmədiyimiz bir adamdı. Bu tipli insanların taleyi daha çox yaratdıqları mətnin içində xarabazar kimi qalır. Ondan əvvəl, sanki kimsə gəlib bu məmləkəti yağmalamışdı. Onu bura susmaq və dərd çəkmək üçün göndərmişdilər. Təsəvvür edin, yağmalanmış, başdan-ayağa daranmış torpaqlara göndərilən şair o torpaqlara toxum kimi səpilən dərdləri içinə çəkməli, özündən sonra doğulacaq insanları dərd-bəladan xilas etməliydi. Bunu, bu qırıntıları indi uc-uca calayıb bərpa eləmək və nəsə demək qeyri-mümkündür.

...Hamı Nüsrətin sevgi şeirlərinə bənddir. Onun digər mövzularda hər bir kəsin taleyində səslənən və bilinən çox sərrast, çox mükəmməl mətnləri də var. Onun ürək ritmi bu mətnlərdə qüsursuz çarpırdı və hiss edilirdi. Siz onun istənilən şeirini götürün, oxuyan kimi onu nəfəsində hiss edəcəksən, bu şeir, onun misraları aramsız bir hadisə təsiri bağışlayır, nəfəs dərmirsən və qəribədir, nəfəsin də tıncıxmır, əksinə, daha da açılır, təkcə ona görə yox ki, bu şeirlərin poetikası millidir, daha çox ona görə ki, bunları taleyinə küsmüş, taleyin hansı kritik məqamındasa dərindən təlaş keçirmiş və taleyinin külünü ovcunun içində gəzdirən bir adam yazıb. Onun hər şeydən xəbəri var, keçmişdən gəlir, gələcəyi bilir, ancaq bu günə, onun ağrılarına dözə bilmir. Ona görə yaşamaq çox əzablı və məşəqqətlidir. Şeirlərinin intonasiyasında bu ağrılar hiss edilmir, ağrı sonra gəlir, kadr arxasında, ritm və intonasiya şairin ifadə etmək istədiyi kədərin, qüssənin havasına köklənib. Nüsrətin qəribə, insanı ovudan səsi vardı. Yalnız çox güclü adamlar belə astadan, ürək rahatlığı ilə danışa bilərdi. Həm də o vardı ki, sanki bir azdan sənə nəsə bir sirr açacaq. Ancaq o bu sirri dilinə gətirmirdi. Deyə bilmirdi, sadəcə səni səsi ilə ovutmağa çalışırdı. Nüsrət bir gün taleyinin içində gizlənən qəzanın üstünə getdi, indiyə qədər içinə yığılan tam sürətlə və...

O, əşyaları onların içinə gömülən sirlərin aynasından görürdü. Belə olduğu üçündür ki, məsələn, yağışın lalələri söndürməsi insanı heyrətə salmaqdan yana, həm də onun ürəyini qəribə təlaşla doldururdu. Daha bu yağışa otlar göyərməz // Daha bu yağışda lalələr sönməz // Bu yağış buludun yükü deyil ki // Bu yağış bir simurq tükü deyil ki // Yandırsan ömür-gün qayıda geri // İndi ürəyimiz - köhnə yurd yeri // Torpağı nəmlidir // Daşı nəmlidir // Sevgimi uçurub bir ümid kimi //

Torpağı qəmlidir // Daşı qəmlidir... // Sırsıra asılıb gül budağından // Baharı itirdin // Yayı ötürdün // Qış gəldi, yatmısan fil qulağında // Beləcə gün keçdi, zaman gecikdi // Gecikmiş istəyi nədi göylərin // İndicə buludlar töküləcəkdir // Ürəyi doludur xatirələrin // Dindirsən, təəssüf hönkürəcəkdir.

İndi belə gözəl şeirlər yazılmır, onlar Nüsrətlə getdi.

Nüsrət, hərdən mənə elə gəlir ki, heç nəyə fikir vermədən ürəyinə gələnləri yazan və ürəyindəki hər şeyi qarşısındakı adama etiraf edən şair obrazında yaşayıb ölürdü. Onun həyatının əsas məqamı ölüm idi. Bu ölüm onun bütün sevgi şeirlərinin içində bir uşaq kimi mışıl-mışıl yatırdı. Nüsrətin şeirlərində, xüsusən sevgi şeirlərində xüsusi bir hal var. Nədir o? Bizim poeziyada əksər sevgi şeirlərində yalnız keçmiş zaman var. Sən getdin, elə bil dünya boşaldı, yaz da köçüb keçdi, yeri boş qaldı... Nüsrətin şeirlərində həm də indiki zaman var. Daha doğrusu, hər ikisi bir yerdə.

 

Həsrətim qəlbimdə dinir tar kimi,

Nəğmələr dənizdir, vüsalın qayıq.

Sən də, ay sevgilim, getdin qar kimi

Qayıtsan, qar kimi ləkəsiz qayıt!..

 

Yaxud:

 

Sənə ümid dolu dikilən gözlər

Yenə xatirədə donub qalandır.

Əlim əsə-əsə yazdığım sözlər

O zaman düz idi, indi yalandır...

 

Nüsrət şeiri yazıb, çox rahat şəkildə çıxıb gedirdi, başqaları kimi şeirin yanında donub qalmırdı. Mən şeir yazmıram ki, ürəkdən yük atıram, // Tanış olaq, oxucum, tanış olaq, bu mənəm. Onun "Avtoportret" şeirindəndir. Məclislərdə, görüşlərdə estrada effekti doğuran, insanları həyəcanlandıra bilən şeirlərini oxuyardı. Amma, əslində, Nüsrət bu şeirlərin içində deyildi. Nüsrət, heç axıra qədər də açılmadı. Bir yandan ip-isti sevgi yazıları, digər yandan dramatizmlə dolu olan mətnləri, mürəkkəb kompozisiyaları çox asan formada təqdim etmək bacarığı... Triptixləri başqa bir poetika bəlirtisi idi. Poemanı fərqli yöndən yazırdı, onda epik təfəkkür axar-baxarlı idi. Nüsrət bu iki bir-birinə zidd şeylər arasında mürgüləyirdi, yaxud can verirdi. Başına gələcək qəzanı gözləyirdi. Onun mətnlərini təzad daşqınlarına bənzətmək olar. Köhnə qəbirlərdən təzə ot bitir... Yaxud: Paslı mismarlar vurdular ovcuma // Təbrizdə farslar // Dərbənddə ruslar // Sinəmə xəncər sapladılar Qarabağda // Çarmıxa çəkdilər Azərbaycanı // Alov kimi göyərtdilər // Yaramdan axan qanı // Çəkdilər qollarımı üzülənə qədər // Uzatdılar yollarımı // Məzarım qazılana qədər...//

Daha sonra:

 

Analar su səpdi siz gedən yola,

Bəlkə izləriniz göyərdi deyə...

 

Adi məntiqlə yanaşsaq, adi şeydi: kiminsə dalınca su atmağın bəlli mənası. Ancaq Nüsrət başqa bir şey deyirdi və bu, dəhşət idi. Müharibədə həlak olmuş bir adamın izlərinin göyərməsi... Bunu həsrətlə gözləmək nə deməkdir? Belədə, təsəvvür edin, həmin namərd güllələr oğulların getdikləri, vuruşduqları cəbhəyə dikilən gözlərə də dəyir, onların içində qəlpə kimi qalır, qövr edir və ağrıdır... Və bu güllənin yolu bitmir, bütün ömürlərdən keçir. Nüsrət, ümumiyyətlə, gəlişiylə poeziyaya çox maraqlı və orijinal deyimlər gətirdi. Təzə-tər. Bəlkə heç kəsin ağlına gəlməyən şeylər. Bunlar bəzən bir şeirdə sıx-sıx işlənirdi, onların ətrafa yaydıqları hənir isti və məhrəm idi. Həm də hadisənin ən ağrıyan yerindən göstərmək qüdrəti ilə aşılanmışdı. Məsələn, əllərin elə bil qar çiçəyidir...

Nüsrət bu dünyaya elə bur fərqi göstərmək üçün gəlmişdi. İmkanı olan kimi bunu etdi və çıxıb getdi. Amma burda qəribə və dəhşətli bir şey də var. Nazim Hikmət demişkən, səsimiz bu göy qübbəsinin altında qalmayacaq deyə, təsəllimiz yox... Onun taleyi şeirlərinə elə çəkilmişdi ki, bircə qatını qaldırmaq kifayət idi ki, ordakı faciələrin yanıq iyini hiss edəsən. Nüsrət niyə dalbadal sevgi şeirləri yazırdı. Və bu mövzu onda heç zaman təkrara çevrilmirdi, yazıdan-yazıya bu şövqün daha da gücləndiyinin şahidi olurdun? Bunun əsaslı və həm də bizim anlaya bilməyəcəyimiz səbəbləri olmamış deyildi. Zənnimcə, o, taleyində hər an qəza baş verə biləcək bir insan idi və buna görə şair idi. Yəni bizim hər gün tələffüz etdiyimiz sözün, "şair" sözünün mənası elə onun şəxsində daha dərindən açılırdı. Taleyində hər an qəza gözlənilə bildiyi üçün o, sevgi, məhəbbət daşqınları ilə dolu yazılar yazırdı, bu hissi bəlkə uzaqlaşdırmaq, yaxud kim bilir, daha da yaxınlaşdırmaq üçün. Bu hardasa ruhların çağırılmasına da bənzəyirdi. Yaxud qədim insanın yağış duasına.

 

Ayrılıb gedərəm,

tabutum altda

Dörd çiyin görüşər,

Dörd ürək vurar...

Mənim çarpayımda sükut uyuyar,

Artar bir sakini qəbiristanın da.

Bir çiçək kökünü sinəmə qoyar,

Rəngi ləçəklərə keçər qanın da.

Gəlib bu çiçəyi dərənim olmaz,

Bahar göyərdəcək,

Qış solduracaq.

Kiçik bir təpədə çiçəklər hər yaz

Yorulmuş çiynində qəm qaldıracaq.

Köçüb gedəcəyəm dünyadan bir gün,

Bəlkə yüz il sonra, bəlkə də sabah.

Bəlkə bir qu kimi çırpınıb bu gün

Nəğmə oxuyuram ölümdən qabaq...

 

Nüsrət bədii portret ustası idi. Bu janr ona aiddir. "Dəli Zəhra", "Çoxuşaqlı Aşır kişi" və s. Bu nümunələr bizim ədəbiyyatın mükəmməl nümunələridir. Orada şeirin dili ilə dramatik və həm də gündəlik faciələrin alt qatlarını açmaq cəhdləri var. Bu nümunələr mətndə mətləbi açmaq ustalığının bənzərsiz yollarını nişan verirdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!